Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Vasif Talıbov ön cəbhədəki əskərləri ziyarət etdi – FOTOLAR

Vasif Talıbov ön cəbhədəki əskərləri ziyarət etdi – FOTOLAR

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan milli ordu quruculuğu prosesi bu gün Azərbaycanda uğurla davam etdirilir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz inkişaf edərək müstəqilliyimizin təminatçısına çevrilib. Naxçıvan Muxtar Respublikasının müdafiəsi də etibarlı təşkil olunub, dövlət-ordu-xalq birliyinin möhkəm təməli yaradılıb. Dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin döyüş ruhu isə günbəgün artır, sərhəd yaşayış məntəqələrimiz etibarlı müdafiə olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissənin əhatə etdiyi postda olub.

Əsgər və zabitlərlə görüşən Ali Məclisin Sədri deyib: Xidmətin nümunəvi təşkili bu ərazidə insanların rahat yaşayışını təmin edir. Vaxtilə bu ərazidə post yox idi. Lakin ölkəmiz inkişaf etdikcə ordumuz da qüdrətləndi, əsgər və zabitlər üçün hərtərəfli xidmət və yaşayış şəraiti yaradıldı. Bu sərhəd bölgəsində də yeni postlar yaradıldı, yol çəkildi, xidmət nümunəvi təşkil olundu.

Ali Məclisin Sədri sərhədlərimizi etibarı müdafiə etdiklərinə görə şəxsi heyətə təşəkkür edib, xidmətdə fərqlənənlərə hədiyyələr verib.

Əsgər Şükür Hüseynov minnətdarlıq edərək deyib: Göstərilən diqqət və qayğının nəticəsidir ki, ucqar sərhəd bölgəsində hərbi xidmət nümunəvi təşkil olunub. Xidmətimiz üçün yaradılan şərait və şəxsi heyətlə bu cür görüşlərin keçirilməsi mübarizə əzmimizi daha da artırır. Biz burada bir ailə kimi yaşayır, xidməti qarşılıqlı hörmət və hərbi nizamnamənin tələblərinə uyğun qururuq. Şəxsi heyət “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipinə əməl edir.

Sonra Ali Məclisin Sədri təmas xəttində xidmətin təşkili ilə maraqlanıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib. Qeyd olunub ki, ərazidə əlverişli hücum mövqeyi seçilib və möhkəm müdafiə potensialı yaradılıb, postlar müasir silah və texnika ilə təmin olunub, yeni səngər və əlaqə yolları çəkilərək əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş təmin edilib.

Həmin gün Ali Məclisin Sədri Gərməçataq kəndində yerləşən dayaq məntəqəsində də olub, şəxsi heyətlə görüşüb.

Əsgərləri salamlayan Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir silah-sursatla təminatına imkan verir. Vaxtilə bu ərazidə hərbi xidmət ağır şəraitdə həyata keçirilirdi. Lakin bu gün dayaq məntəqəsində və onun əhatə etdiyi postlarda nümunəvi xidmət şəraiti yaradılıb.

Ali Məclis Sədri deyib: Bu ərazidə yerləşən yaşayış məntəqələrində insanların rahat yaşayışının təmin olunması şəxsi heyətin xidmətinin təşkilindən asılıdır. Çünki ölkənin sərhədlərinin etibarlı qorunması vətəndaşların rahat yaşayışına və quruculuq işlərinin aparılmasına xidmət edir. Gərməçataq kəndində aparılan geniş quruculuq işləri və yaradılan müasir kənd infrastrukturu ona görə mümkün olmuşdur ki, Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, torpaqlarımız etibarlı müdafiə olunur.

Ali Məclisin Sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib, xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb.

Əsgər Abbas Cabbarlı şəxsi heyət adından minnətdarlıq edərək deyib: Dağ və sərhəd yaşayış məntəqəsində hərbi xidməti nümunəvi təşkil etmək üçün hər cür şərait yaradılıb. Müasir yaşayış və xidmət şəraiti hər bir əsgər və zabitin döyüş ruhunu daha da artırır. Fəxr edirik ki, Vətənimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızın müdafiəsində dayanmışıq. Yüksək döyüş ruhumuz vardır. Vətən sərhədində ayıq-sayıq dayanmışıq. Düşmənin istənilən təxribatının qarşısını almağa hazırıq.

Əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan “Bir nəfər hamı, hamı bir nəfər üçün” şüarını səsləndiriblər.

Ali Məclisin Sədri əsgərlərin məişət şəraiti ilə maraqlanıb.

Məlumat verilib ki, yüksək dağlıq şəraitdə yerləşən hərbi hissənin maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraiti müasir tələblər səviyyəsində qurulub. Günün nizam qaydalarına uyğun olaraq xidmətin təşkilinə, əsgərlərin normal qidalanması, fiziki hazırlığına və sağlamlıqlarının qorunmasına diqqət yetirilir.

Ali Məclisin Sədri müdafiə mövqeyinin möhkəmləndirilməsi və xidməti döyüş fəaliyyətinin təşkili barədə müvafiq tapşırıqlar verib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları və şirniyyatlar hərbi hissənin anbarına təhvil verilib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …