Ana səhifə / Gündəm / Türk fraksiyası İranın Qarabağ siyasətinə təsir edə bilərmi? –ARAŞDIRMA

Türk fraksiyası İranın Qarabağ siyasətinə təsir edə bilərmi? –ARAŞDIRMA

Hartlənd-Azərbaycan

Geopolitika nəzəriyyələrində Yer kürəsi geostrateji, geoiqtisadi, geokültürəl və sivilizasiya ənənələrinə görə, dörd məkana – hissəyə bölünür. Dövlətlərin xarakteri, gücü, sivilizasiya ənənələri və kürəsəl siyasətdə izlədikləri geostrateji mövqelər, yerləşdikləri məkan amilinə sıx bağlıdır və məkanın özəlliklərini əks etdirir. Dövlətlərin, xalqların tarixi-siyasi müqəddəratı  geosiyasətdə qəbul olunmuş ənənəvi “Coğrafi relyef tale kimidir” qanunu əsasında müəyyənləşir. Coğrafiyanın  xüsusiyyətləri xalqların xüsusiyyətlərində və siyasi tarixinin formalaşmasında əks olunur. Hər hansı bir sivilizasiyanı, mədəniyyəti meydana gətirən dəyərlərin, ünsürlərin doğulmasında cografi məkan amili böyük rol oynayır. Etnik kimliyin formalaşması və inkişafında cografi məkanın və landşaftın böyük rol oynaması haqqında bir çox sosial-fəlsəfi və kulturoloji konseptlər vardır. Cografi məkan ölkənin və xalqın tarixi müqəddəratını, potensial imkanlarını müəyyənləşdirir.

Cənub-Qərbi Avropanın və Mərkəzi Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan cografi determinizm nəzəriyyəsinə görə, Asiya-Avropa, sivilizasion yanaşmaya görə isə Şərq-Qərb dualizminin mərkəzində yer almaqla bu dualizmi – yerləşdiyi cografi məkanın tələblərinə uygun olaraq – tarix boyu vəhdətə çevirmə missiyası daşımaqdadır.

Geosiyasətin əsas qanunlarından biri olan “Fundamental dualizm” nəzəriyyəsinə  görə, dövlətlər və xalqlar öz cografi ərazi xarakteristikasına görə iki qrupa – Quru (“tellurokratiya” – yunanca “torpaq vasitəsilə hökmranlıq” və ya “qurunun qüdrəti” deməkdir) və Dənizə (“talassokratiya” – yunanca “dəniz vasitəsilə hökmranlıq” və ya “dəniz qüdrəti” deməkdir) bölünür.

Talassokratiya tarixən Qərblə və Atlantik okeanı ilə, tellurokratiya isə Şərqlə, Avrasiya qitəsi ilə bağlıdır. Quru və Dəniz qüdrətləri (imperiyaları) ənənəvi Şərq-Qərb sivilizasiyalarını təmsil edir. Sivilizasiya təmsilçiləri olan İmperiyalar ya talassokratik, ya da tellurokratik olur.  (Dəniz gücünü – ABŞ, Avropa, Quru Gücünü – Çingiz, Teymur türk imperiyaları, Rusiya təmsil edir. Bu güclər  soyuq savaş dönəmlərində  kapitalizm-sosializm, SSRİ-nin çöküşündən sonra isə Atlantizm və Avrasiyaçılıq adı altında qərarlaşmışlar).

Beləliklə, dünya xəritəsi mədəniyyətlərin və sivilizasiyaların tipologiyasının formalaşmasında və müəyyənləşməsində əsas təyinedici faktor rolu oynayan cografi məkan (ərazi) amili əsasında siyasi baxımdan qütbləşir və  ya qruplaşır. Bu zaman Quru məkanın mərkəzi – Hartlənd (Yerin Mərkəzi), Dəniz və okean sahil zonaları – Rimlənd (Sahil zolagı) adlandırılır.

Şərq-Qərb Sivilizasiya dəyərləri əsasında formalaşan Avropa-Asiya dövlətlərinin siyasi cografiyalarının şəkillənməsinə tellurokrtiya və talassokratiya dualizmi tarix boyu öz təsirini göstərmişdir. Bu dualizm içində HARTLƏND-i təmsil edən Azərbaycanın geosiyasi mənsubiyyəti və mövqeyi geosiyasi nəzəriyyələrdə dəqiq müəyyənləşdirilmişdir. Məsələn, H.Makinderin 1904-cü ildə yaratdıgı konsepsiyaya görə, Azərbaycanın yerləşdiyi ərazi “tarixin cografi oxu” adlanan mərkəzin geosiyasi məkanına aiddir. Makinderin “Hartlənd” adlandırdıgı “Şərqi Avropadan tutmuş Çinə qədər uzanan Avrasiyanın mərkəzi torpagı” olan bu geniş ərazinin tam ortası Azərbaycandır. (Geosiyasətdə  ənənəvi bir baxış formalaşmışdır. Kim Hartləndə sahibdirsə, dünyaya sahibdir).

 

İran daxilində çatışan Fars-Türk maraqları

 

Azərbaycanın yerləşdiyi geostrateji mövqeyə istinad edərək deyə bilərik ki, Azərbaycan Milli Hərəkatı, Bütöv Azərbaycan hərəkatı həm Orta Doğuda, həm Avrasiyada geopolitik, geostratejik, geokültürəl, etno-demoqrafik dəngələri dəyişəcəkdir. Azərbaycanın daxil olduğu İran coğrafiyası isə Avrasiyanın tən ortasıdır və bütün Avrasiyanın siyasi-kültürəl gələcəyinə təsiretmə, yönvermə avantajına sahibdir və bu üstünlüyü ilə də hətta Yer kürəsinin siyasi dəngələrini belə bəlirləmək iqtidarındadır.

İran şərqdə  Xəzər dənizi vasitəsilə Qafqaza və Mərkəzi Asiyaya (Türküstana, bütünlükdə  Xorasana), Kəngər (Bəsrə) körfəzi vasitəsilə Ərəbistan Yarımadasına, Hörmüz boğazı, Ümman Dənizi də daxil olmqla Hind okeanına və bu  yolla Hindistan yarımadasına, qərbdə quru sərhədləri ilə Anadoluya, Türkiyəyə təsir etmək və buradakı siyasətlərə və tarixi oluşumlara yön vermək gücünə malikdir.

İran Türk-Fars dualizmini təmsil edən bir ölkədir. İran mədəniyyəti Türklər və İrandilli qruplar – Farslar tərəfindən formalaşdırıldığı üçün, dualistik xarakterlidir və bu dualizmi ilə – Qafqaz, Anadolu, Türküstan Türklüyünün kültür və tarixinə və Tacikistan, Əfqanıstan, Hindistan, Pakistan-Hind-Fars-Ari kültür və tarixinə, islam dininə sahib olduğu üçün Ərəb-islam kültür və tarixinə təsir etmək, inkişaflarını və siyasi qədərlərini bəlirləmək gücündədir və tarixən də belə olmuşdur. İran adlanan coğrafiya Şumer-Elam-Aratta-Manna kültürlərinin və dövlətlərinin geokültür, geopolitik arealı olmuşdur və bu coğrafiyada türk tarixinin 7 min illik, fars tarixinin 2500 illik tarixi var (bax, Məhəmməd Tağı Zehtabi, “İran Türkləri”).

İran coğrafiyası Avrasiyanın cənubu boyunca uzanan Türk dünyasının, Turanın  onurğa sütunudur və Türk Milləti bu coğrafiyada güclü olduqca bütün Türklük, Türküstan (həm də Əfqanıstan adlanan Cənubi Türküstan-Azərbaycan-Anadolu-Hindistan-Çin türkləri) güclənir. Türk kültürü və dili güc qazanır, şahlanır, pöhrələnir. İran adlanan coğrafiyada yaşayan türklərin gücləndirilməsi, qorunması Türk millətinin XXI yüzil stratejisini təşkil etməlidir.

1925-ci ilə qədər İran, min il davam edən bir müddətdə Türk-İslam-Azərbaycan mərkəzli dövlət və kültürə sahib olub. 1925-ci ilə qədər İran bir Turan dövləti idi. 1925-ci ildən sonra Türk-Qacar sülaləsinin hakimiyyətdən düşürülməsi ilə İranda türk idarəetməsi sona çatdı. İngilislərin Fars kimliyinə əsaslanan Yeni İran inşa etmək projesi gerçəkləşməyə başladı. Bu prosesin alt yapısını İrandakı Məşrutə-modernizm hərəkatı hazırlamışdı. Fars kimliyinə və dilinə əsaslanan Yeni İran inşa etmək siyasətinin nəzəri əsaslarını da İngilislərin dəstəyi ilə Türk teorisyenlər (Mahmud Avşar, Kəsrəvi,  Tağı Arani, Seyid Həsən Tagızadə və b.) formulə etdilər. Etnik kökəncə Türk olan Rza xan müəllimi və məsləhətçisi yəhudi kökənli Əli Füruğinin məsləhəti ilə Pəhləvi soyadını qəbul etdi və başda Əli Füruği ilə İngilis səfirliyinin təmsilçisi Ser Reporter öndərliyində yeni Fars İranı İnşa edildi. İranda Turan-Türk dəyərlərini təmsil edən bütün ünsürlər İran tarixindən silinməyə, məhv edilməyə başlanıldı. Azərbaycan mərkəzli Turan-Türk dövləti (Səfəvi-Avşar-Qacar) Farsistan mərkəzli İran-Fars dövlətinə çevrildi. Bu tarixdən etibarən iki  fars kimliyi oluşturuldu.

1. İran-Fars (Şüubiyyə), Şahnamə-Zərdüşt-Avropa-modernizm dəyərlərinin sintezinə əsaslanan fars kimliyi. Bu kimlik inşası anti islami xarakter daşımışdır və islam öncəsi hind-ari dəyərlərini əsas alırdı. Bu kimlikdə İslam-ərəb və Türk inkar olunurdu və İslam-ərəb, Türk kültüründən arınma hərəkatını ifadə edirdi. Əski Əhəməni və sasanlı dəyərlərini, ehtişamını bərpa etmək əsas məqsəd idi. Bu kimlik hərəkatının lideri və təmsilçisi Rza xan Pəhləvidir. 1925-ci ildən etibarən davam edən  Rza xan sülaləsi dövründə, bu siyasət izlənilmişdir.

İkinci fars kimliyi isə İran-Fars-şiə ünsürlərinin sintezindən ibarətdir. Bu kimliyin əsas teorisyenləri Salman Farsi və Əli Şəriətidir. Bu Şiə kimliyi Salman Farsinin mənəvi öndərliyi və Sasanlıların son şahı Yəzdigərdin qızı Şəhrəbanunun Hz.Hüseynlə evliliyindən doğulmuş Zeynalabidinin oğullarına sitayiş edən İslam modeli (İmamət sistemi –  tarix boyu 5 imama əsaslanan Zeydilik, 7 imama əsaslanan İsmaililik, 12 imama əsaslanan cəfərilik və ya isna-əşərilik kimi qollara bölünmüşdür) əsasında yaranmış qan bağı əfsanələri ilə süslənən Əhli Beyt inancını əsas alaraq,  sasanlıların Ərəblər tərəfindən işğalından sonra, Əməvilərə qarşı Xorasanda başlmış Əbu Müslim hərəkatının ideyalarından, X əsrdən etibarən Xorasanda qurulmuş  kiçik fars dövlətləri olan samanilər saffarilər, tahirilərin iştirakı və öndərliyi ilə şəkillənən fars ədəbiyyatı və dilinə əsaslanmaqla, Fars-İran dünyagörüşlərini İslama yükləyən Xəvaricilik, Qərmətilik, İsmaililik kimi batini Sufi Hərəkatlarından qidalanan dünyagörüşlərin cəmini ehtiva etməkdədir. İran-Fars-Şiə kimliyi, Hind-İran dəyərləri ilə sami dəyərlərinin sintezidir. Zərdüştlə-Hz.Əlinin təmsil etdikləri mənəviyyatın və sivilizasiya dəyərlərinin barışdırılmasına əsaslanır ki, 1979-cu ildən etibarən, İran İslam inqilabı nəticəsində İran siyasi və kültür həyatında hakim dünyagörüşü rolu oynayır. İran-Fars-Avropa kimliyinin hakim olduğu Rza xan Pəhləvi dönəmində İran geosiyasətdə Qərb blokunun tərəfdarı idi və öncə İngiltərənin, sonra isə ABŞ-ın əsas müttəfiqi olmuşdur.

İran-Fars-Şiə kimliyinin lideri Xomeyni nə Şərq (Rusiya – kommunizm), nə Qərb(Avropa- liberalizm) şüarını İnqilabın əsas prinsipi elan etsə də, İnqilab dövründən günümüzəcən İran, Geosiyasətdə və sivilizasiyalar qarşıdurmasında Şərq blokunu təmsil edir və Rusiyanın müttəfiqidir. Bu kimliyin əsasında Əli Şəriətinin formulə etdiyi anti Qərb, anti Amerika dünyagörüşü durmaqdadır. Lakin bununla yanaşı, Rza xan Pəhləvi Atlantizmin, Xomeyni isə Şarl de Qol Kontinentalizminin təmsilçiləri idilər.

İran coğrafiyasında yaşayan türklər Anadolu, Suriya (Səfəvi dövlətini quran Şamlu tayfaları Hələb türkləridir), Azərbaycan və Xorasan türklərinin cəmidir. Tarix boyu İran türk dövlətləri Azərbaycan mərkəzli dövlətlər olmuşlar və məhz buna görə də Azərbaycan  daim dinamik bir bölgə kimi, İran siyasi taleyində baş aktyor rolu oynamışdır. Azərbaycan Xorasan-Anadolu-Qafqaz-İraq kültürlərinin qarşılıqlı etkiləşim mərkəzi olduğu üçün  tarix boyu bu bölgələrdə gedən  kültürəl-siyasi dəyişikliklərin katalizatoru olmuşdur. Son yüz ildə İran daxilində Azərbaycan mərkəzli siyasi-inqilabi hərəkatlar-qismən İrançı, federalist, modernist, sol hərəkatlar olmuşlar. Son yüz ildə Azərbaycan siyasi hərəkatları siyasi-ideoloji, Kültürəl təsirlənmələr və meyllər əsasında Şərq (Rusiya) blokundan təsirlənməkdə idi. Azərbaycan hərəkatları – iranlılıq-Azərbaycanlılıq-federalçı inqilabçı-Rusiya mərkəzli sol – Şərq bloku ideyalarını təmsil edirdi. Məşrutə hərəkatı liderləri – Mərkəzi Qeyb Təşkilatı, Əli Müsyö, Heydər Əmoğlu, Xiyabani, Pişəvəri kimi liderlər Rusiyadan qaynaqlanan sol (marksizm, sosial demokratizm) – dünyagörüşün və hərəkatların təmsilçiləri idilər. 1979-cu il inqilabına qədər Azərbaycan Hərəkatı Quzey Azərbaycanın da təsiri ilə Şərq blokunun, Fars Milli hərəkatı isə Qərb blokunun tərəfdarı olmuşlar. 1979-cu ildən sonra isə Fars milli hərəkatı Şərq (Rusiya) müttəfiqi, Azərbaycan Milli  Hərəkatı Qərb blokunun müttəfiqi olmuşdur. Doktor Cavad Heyətin “Varlıq” Dərgisi ilə Milli hərəkat Türk-milli kimliyinə və türk maraqlarına söykənən platformaya sahiblənmişdir və SSRİ-nin də çökməsi ilə, sol dünyagörüşdən vaz keçərək sağ dünyagörüşü (liberal-demokratiya) mənimsəmişdir. Cavad Heyət öndərliyində Milli Hərəkat Fars Milli hərəkatına qarşı alternativ Türk Milli hərəkatı konsepsiyasına sahiblənmişdir. SSRİ içərisində Türk-İslam-Şərq kültürünün və sivilizasiya dəyərlərinin təmsilçisi olan Quzey Azərbaycan SSRİ-nin dağıdılmasında baş aktyor rolu oynamışdır və bundan təsirlənən Güney Azərbaycan milli hərəkatı  istiqlal hərəkatı mərhələsinə qədəm qoymuşdur. Hər iki Azərbaycanın iştirak etdiyi yeni Milli hərəkat (Bütöv Azərbaycan Hərəkatı)  “İstiqlalçı (Güney Azərbaycanın istiqlalı), Bütöv Azərbaycançı, Türkçü-Turançı, Sekulyar, liberal-demokratik ideyaları əsas alan sivil bir hərəkatdır”. (Nazim Cəfərsoy. Türkiye-İran İlişkilerinde Şia ve Güney Azerbaycan Meseleleri. http://www.kafkassam.com/turkiye-iran-iliskilerinde-sia-ve-guney-azerbaycan-meseleleri.html.)

Nazim Cəfərsoy).  Türk milləti, Azərbaycanın güneyində, Güney Azərbaycanın istiqlalını və Güney Azərbaycan Türk Cümhuriyyətinin yaranmasını  qarşısına məqsəd qoymuşdur və bu yolda bugün ağır mücadilə yürütməkdədir. (http://daim.az/view.php?lang=az&menu=38&id=27719. Ataxan A, Türkdilli Fraksiya” Azərbaycan Milli Hərəkatına qarşı qurulan oyun içində oyun). Türk Milli Hərəkatı gücləndikcə İran içərisində Türk və fars etnoslarının bir-biri ilə ziddiyyət təşkil edən fərqli geopolitik, geostratejik, geokültürəl maraqları formalaşır. Hələlik İran xarici siyasəti fars milli maraqlarını əks etdirir, lakin gələcəkdə bu türk basqısı ilə dəyişə bilər. İranda yaşayan fars etnik qrupu; 1) Ermənistanın və Rusiyanın müttəfiqidir. Qarabağın Ermənistanın işğalı altında qalmasına, Ermənistanın güclənməsinə çalışır.2) Fars etnik siyasəti orta doğuda savaş elan etmiş Kürd milli Hərəkatının müttəfiqidir. 3) Kürd hərəkatına, PKK terrorizminə dəstək verməklə Türkiyənin bölünməsinə, Dövlət bütünlüyünün dağılmasına çalışmaqdadır. Güney Azərbaycanın Türkiyə ilə sərhəd bölgəsində – Urmiya vilayətinin kürdləşdirilməsi də İran hökümətinin rəhbərliyi ilə həyata keçirilməkdədir.

İran coğrafiyasındakı Türk hərəkatı və bu hərəkatın bir parçası olan Güney Azərbaycan Hərəkatı Quzey Azərbaycanla, Türkiyə  və Türküstanla sıx bağlı olan və bu ölkələrin iç toplumsal dinamiklərini etkiləyən bir hərəkatdır. Bütöv Azərbaycan Milli Hərəkatının bir parçası olan Güney Azərbaycan hərəkatı İran içərisində də sentralizasiya hərəkatıdır. Bu hərəkat Türkiyənin və Quzey Azərbaycanın müttəfiqidir. Türk milli hərəkatı; 1)Qafqazın siyasi gələcəyinə, siyasi dəngələrinə təsir edəcək faktorlardan biridir. 2) İranın Ermənistan siyasətinə və Qarabağ müharibəsinin nəticələrinə təsir etmək potensialına malikdir. 3) Orta Doğuda faktiki olaraq qarşılıqlı savaş aparan Türkiyə və İran müharibələrinin nəticələrinin Türkiyənin xeyrinə dəyişməsi potensialına malikdir. Beləliklə, qarşımızda İran içərisində çat yarada bilən, bir-biri ilə qarşılıqlı savaşan etno-politik hərəkatlar var: Türk hərəkatı, Fars Hərəkatı. Fars Hərəkatı güclü olduqca Ermənistan güclü olacaq, Qarabağ işğal altında qalacaq, Azərbaycan Rusiynın forpostu olacaq, Türkiyə, Türk milləti Orta Doğuda məğlub olacaq, Suriya Türklərinə, İraq Türklərinə, Əfqanıstan (Cənubi Türküstan) türklərinə qarşı soyqırım davam edəcək, Türkiyə Şiə geopolitikası ilə Orta Doğudan çıxarılıb təcrid ediləcək. Orta Doğudakı  Amerika-Qərb-İsrail-Kürd və Ərəb-İslam savaşları, tezliklə İran-Fars-Ermənistan-Kürd-Şiə və İranTürkləri-Türkiyə-Güney-Quzey Azərbaycan-sünni savaşlarına çevrilmə potensialına malikdir. Əslində, bu savaş başlamışdır belə. Suriyada, Kərkükdə, Qarabağda davam etməkdədir.

Orta Doğuda, Qafqazlarda Türkiyə ilə savaşa girən İran rəhbərliyi, Türkiyəni təkləmək, məğlub etmək məqsədi ilə, hazırda müttəfiq olan Türkiyə-Quzey Azərbaycan-Güney Azərbaycan türk milli hərəkatını Türkiyədən təcrid etmək məqsədi ilə, İran  daxilində çatışan Türk-fars maraqlarının İranın geopolitik, geostratejik maraqlarını zədələməsinin önlənməsi, Azərbaycan Türklərinin de sentralizasiya hərəkatının qarşısının alınması və onları Mərkəzi hakimiyyətə, iranlılıq dəyərlərinə bağlamaqla İranın de-fakto bölünməsinin qarşısını almaq məqsədi ilə 1925-ci ildən etibarən Türklərə qarşı həyata keçirilən diskriminasiya, assimilyasiya siyasətini dəyişərək, Konsolidsiya siyasətinə önəm verməyə başlamışdır. İran İslam Şura məclisində Həsən Ruhaninin əmri ilə Türk  Fraksiyasının yaradılması bu məqsədə xidmət etməkdədir. İran hökümətinin konsolidasiya siyasəti İranda yaşayan Türklərlə farsların  paylaşdıqları Şiə məzhəbi, eyni coğrafiya, eyni dövlət çatısı, İran kültürü kimi Ortaq Dəyərləri qabartmaqla həyata keçirilir. Həsən Ruhaninin memarı olduğu, İran daxili etno-politik hərəkatları Konsolidasiya ilə boğmaq siyasəti Qacarlar dövründə Məhəmməd Əmin Rəsulzadənin və Seyid Həsən Tağızadənin “İrani nov” qəzetində və İran Demokrat Partiyasında teorizə etdikləri üst kimlik olan İran Millətçiliyi siyasətini gündəmə gətirməkdədir. İran Millətçiliyi bütün etno-politik hərəkatların fövqündə duran territorial Dövlət millətçiliyidir, üst kimlikdir. Fars kimlikli İran ulus dövlət modelinin, çoxmillətli İran dövlət modeli ilə əvəz olunmasıdır. Konsolidasiya paradiqması “Vahid Plüralist İran” siyasəti formalaşdırmağı hədəf alır. Yəni İran Konstitusiyasında təsbit olunduğu kimi, İranın çoxmillətli ölkə olması etiraf olunur, bununla yanaşı, bütün İran xalqları arasında vahid İran millətçiliyinin formalaşdırılması planlaşdırılır. İranın çoxmillətli dövlət olması ilə bərabər, “Çox Millət, Tək Dövlət” siyasəti gerçəkləşdirilir, eyni coğrafiya, eyni tarix, eyni din, eyni kültür dəyərləri ətrafında İran xalqlarının birləşdirilməsi hədəf alınır. İran Parlamentində Türk Fraksiyasının yaradılmasına da Həsən Ruhani hökuməti bu şərtlər daxilində icazə vermişdir.

İranın iki seçimi var idi. Ya İranı daxildən sosio-politik, sosio-kültürəl dəyişimlərə sövq etməklə gücləndirmək – çoxmillətli İranın daxilində etnopolitik problemlərin həllinə yönəlik dəyişikliklərə səbəb olacaq reformlara getməklə İranın bütünlüyünü qorumaq, ya da Fars Kimlikli İran Dövlət siyasətinə qarşı mübarizə aparan Türklərin Desentrelizasiya hərəkatları ilə İranın parçalanması faktoru ilə üz-üzə qalmaq. İran birinci yolu seçdi. Konsolidasiya projesi ilə İran Türklərini “İran içinə qapamaq”siyasəti izləməklə İran rəhbərləri  Orta Doğuda Türkiyə ilə aparılan savaşı qazanmaq məqsədilə Türkiyə-Quzey Azərbaycan-İran coğrafiyasında yaşayan türklər arasında çat yaratmaq, siyasi həmrəyliyi, birliyi pozmaq məqsədi güdür. Bütün bu siyasi prosesləri  Güney Azərbaycan stratejisti Məhbub Əmrahi hələ 2015-ci ildə təhlil edərək yazmışdı.

Görəlim Məhbub Əmrahi nə yazır: “Putin iqtidarı ilə birlikdə yüksəlişə keçən Rusiyanın özünü SSRİ-nin kölgəsi elan etməsi və xarici siyasətdə aktivləşməsi ilə birlikdə, İran rejiminin “İnqilab ixracı” siyasətinin praktikada Şiə bölgələrində gövdə göstərməsi, təkrar Rusiya və İranın Orta Doğu siyasətini paralel şəkildə biçimləndirmişdir… Orta Doğunun İran tərəfindən toxumları atılan məzhəb savaşı, klassik soyuq savaş dövrü bloklaşması ilə oxşar vəziyyətə düşdü və bu məsələ bölgədəki etnik hərəkatların yenidən şəkillənməsini tamamlamaq üzrədir. Bu yenidən şəkillənişdə Kürd qruplar  (Bərzani qrupu xaric) klassik şərq blokunda  özlərini ifadə etmək durumunda qaldılar, ancaq Kürd hərəkatındakı bu parçalanma – Liberallarlamı davam etmək, yoxsa sosialistlərləmi davam etmək seçimi onları siyasi olaraq bölmüş vəziyyətdədir. İrana gəlincə, bu vəziyyət çox ilginc bir hal almışdır. 1945-ci ildə SSRİ tərəfdarı Hərəkata sahib olan İran türkləri bu səfər tamamən liberal blokda tanımlanmaya başlamışdır. İran Türk Hərəkatı (Güney Azərbycan Milli Hərəkatı) müxtəlif səbəblərdən dolayı Qərb blokunun içərisində ortaya çıxmışdır. Bu hərəkat öz keçmişi ilə tamamən qopuqdur və qopuqluğun səbəbi 1946-cı ildə milli hökümətin yıxılması ilə bütün türk aydınlarının qaçmaq və qətliama uğramaq vəziyyətində qalmasıdır. Bu səbəbdən o sosialist keçmiş tamamilə gözardı edilmişdir… Sosializmin çöküşü də  buna əsas yaratmışdır. Quzey Azərbaycandakı milliyətçi və qərbçi Elçibəy liderliyində yaranan Azərbaycan Xalq Cəbhəsi hərəkatı, Güney Azərbaycandakı oyanışın ilkin siyasi qığılcımı olmuşdur. Elçibəyin liberal və milliyətçi xarakteri Güney Azərbaycan  Milli Hərəkatına yansımış və hətta miras  qalmışdır. İranın mərkəzi dövlətinin şərq blokuna yönəlməsi, təbii olaraq mərkəzdən qaçan qüvvələrin qərb blokuna doğru meyl etməsi ilə nəticələnməkdədir.

Türkiyənin Qərbin bir parçası olması və Güney Azərbaycanın kültürəl olaraq şiddətlə Türkiyə türklüyü təsiri altında qalması, Quzey Azərbaycan ərazisinin Rusiya  nəzarətindəki Ermənistanın işğalı altında qalması kimi məsələlər Güney Azərbaycan Hərəkatının Rusiya tərəfdarlığına əngəl yaratmaqdadır. Eyni zamanda İranın Ermənistanla müttəfiqliyi də bu vəziyyəti körükləməkdədir. Türkiyənin xarici siyasətində dəyişiklik və Orta Doğuya girişi, bölgədəki Türkmanlar mövzusunda etnik məsələlərin bir vasitə kimi istifadə edilə biləcəyini göstərmişdir. İranda Qərbi Azərbaycan vilayətindəki siyasi-silahlı Kürd hərəkatı PJAK-ın aktivləşməsi, İrandakı Türklər üçün torpaq itkisi və qətliamı qorxusu qayğılarını doğurması və bu səbəbdən Türkiyəyə meylliliyin yaranması,

Türkiyə-İran əlaqələrindəki qopma nöqtəsində Türkiyənin İrandakı Türklərə dəstək verə biləcəyinin getdikcə bir ehtimal olması. Əslində bu, ehtimaldan çox Türkiyə xarici siyasəti üçün “qaçılmaz bir zərurət” olmuşdur. Zira Türkiyə Orta Doğuda olacaqsa, İranla qarşı-qarşıya gəlmək məcburiyyətindədir. İranın PKK-nı dəstəkləməsi, Türkiyənin İran Türkləri mövzusunu gündəmə gətirməsinə səbəb olmuşdur.

Türkiyənin enerji sıxıntısının olması. Türkiyə, enerji ehtiyaclarını həll etmək üçün Xəzər ilə öz sərhədləri arasında təhlükəsizliyi təmin etmək və bir koridor yaratmaq məcburiyyətindədir. Bu koridor isə Güney Azərbaycandır. Quzey Azərbaycanda İranın Şiə qarğaşası yaratmaq istəyi. Bu məsələ Türkiyə üçün yeni bir təhdit mövzusudur. İranın Türkiyə ətrafında yaratdığı “Şiə Kəməri” qırılmadığı təqdirdə Türkiyə Orta Doğuya girə bilməyəcəkdir. Bu məsələ hər iki ölkə üçün də son dərəcə kritik bir önəmə sahibdir, bu səbəblə də mövcud qarşı-qarşıya gəlmənin yaxın zamanda bitməsi ehtimalı görünməməklə birlikdə, qarşı-qarşıya gələnlərdən birinin bölgədən qazınıb çıxarılacağı mənasına gələcəkdir. Buradakı Türkiyə-İran qarşıdurması nəticəsində İrandakı Türk Milli Hərəkatının Türkiyəyə yaxınlaşması qaçılmaz bir sonucdur və İran Türklərinin bütünlüklə mənfəətləri doğrultusundadır. Bu mənada Türkiyə-İran arasındakı gərginlik istər-istəməz Türk-Fars ayrışmasına və Orta Doğuda “məzhəb savaşı” qlobal çapda Şərq-Qərb blokları savaşı kimi alqılanan vəziyyətin İranın içinə girməsi təqdirdə bir etnik çəkişməyə və qütbləşməyə dönüşəcəkdir. İrandakı Türklər isə milli haqlarını müdafiə etmək məsələsində İran-Türkiyə qarşıdurmasından yararlanmalı və tamamilə Türkiyə cəbhəsinə sığınmalıdırlar. İstər-istəməz Quzey Azərbaycanın müstəqilliyi də bu səhnədə təmin olunacaq və qorunacaqdır. (Yeni Stratejimiz : ‘Güney Azerbaycan’ , ‘Doğu Türkiye’ Olacaktır-Mahboub MRAHYhttps://www.gunaz.tv/az/meqaleler/yeni-stratejimiz-guney-azerbaycan-dogu-turkiye-olacaktir-mahboub-amrahy-m9011)

 

Yeni “Türk açılımı” siyasəti – İran parlamentində Türk Fraksiyası

 

Beləliklə, aydın olur ki, Güney Azərbaycan Milli Hərəkatının de sentrelizasiya hərəkatını önləmək məqsədilə İran rəhbərləri türklərə qarşı 90 ildir həyata keçirilən etnik diskriminasiya və assimilyasiya siyasətini dəyişməklə, yeni siyasi proje olan konsolidasiya platformunu qəbul etmişdir və bu məqsədlə “Türk açılımı” siyasəti izlənməkdədir və İran parlamentində “Türk fraksiyası”nın yaradılması bu siyasətin tərkib hissəsidir. İran İslam Şurası məclisində Türk Fraksiyaının yaradılması nəticəsində 1925-ci ildən etibarən yeridilən Fars kimliyinə əsaslanan “Tək millət, tək dövlət” ideyası iflasa uğramışdır. Dolayısıyla rəsmi şəkildə İranın çoxmillətli dövlət olduğu etiraf edilmişdir. Eyni zamanda 90 ildir İran-Fars stratejistlərinin Türk Milli kimliyində kimlik bunalımı yaratmaq məqsədilə ortalığa atdığı saxta Azəri kimliyi də artıq fiaskoya uğramışdır.

 

Orta doğuda çatışan Türk-Fars maraqları – Türkiyə-İran qarşıdurması

 

“Azəri kimliyi” və “Tək millət, tək dövlət “siyasətində uğursuzluğa düçar olan İran-Fars dövləti Türkiyə,Türküstan, Güney Azərbaycan, Quzey Azərbaycan türkləri arasında bölücülük aparmaq məqsədilə yeni siyasi problemlər yaradırlar ki, bunlardan biri də Sünni türklər-Şiə türklər məsələsini gündəmə gətirmək, Orta Doğuda Türkiyəyə qarşı mübarizədə məzhəb savaşından istifadə etməkdir. İnqilab mühafizəçisi komandiri Cavad Cəfərinin öndərliyində Suriyanın Hələb şəhərində İranınTürkmanlara qarşı apardığı soyqırımda “Sünniləri qırın” əmri verməsi bu siyasətin bəlirtiləridir. Mənbələrə görə, Hələbdə sivil vətəndaşların azad edilməsini sabotaj edən Cəfəri, İranın yaratdığı Şiə terror təşkilatına müraciət edərək “Şərqi Hələbdə tutduğunuz hər kəsi öldürün” deyərək qətliam əmri verdi. (İranlı Generaldan Katliam Əmri: “Bütün Sünniləri Öldürün”. http://transqafqaz.com/iranli-generaldan-katliam-%C9%99mri-butun-sunnil%C9%99ri-oldurun/) və bu, gələcəyə hesablanmış siyasətdir, məqsəd İran türkləri ilə Türkiyə-Azərbaycan türkləri arasında məzhəb savaşı açmaq və beləliklə, Milli Hərəkatımıza zərbə vurmaqdır. İran İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin  də Sünni qırğınları həyata keçirdiyi barədə mətbuatda informasiyalar yayılmışdır.(Əfsanəvi General Qasim Süleymani Hələbdə belə görüntüləndi .  http://sizinyol.com/2016/12/%C9%99fsan%C9%99vi-general-qasim-suleymani-h%C9%99l%C9%99bd%C9%99-bel%C9%99-goruntul%C9%99ndi-video-izl%C9%99/) Bir çox hərəkat fəallarına görə, Türkiyə-İran arasında gedən məzhəb qarşıdurmaları Suriya və İraqda  özünü göstərməkdədir. Bu iki ölkə Suriyada və İraqda qarşıdurma vəziyyətindədir. İran İraq və Suriya vasitəsilə Aralıq dənizinə qədər uzanan dəhliz yaratmaq siyasəti yeridir. İran bu “dəhliz”ə daxil olan Sincar bölgəsində öz təsirini gücləndirməyə çalışır. İranın Aralıq dənizinə doğru yaratmağa səy göstərdiyi zonanın digər istiqaməti isə Sincardan Suriya sərhəddindəki Rabiə keçidinə qədər uzanaraq, Suriyanın şimalında PKK/PYD-nin nəzarətində olan Kamışlı, Kobani və Afrin xəttinə birləşir. İran bu məqsədinin reallaşması üçün və Sincara nəzarəti əlinə keçirmək üçün terrorçu PKK ilə əməkdaşlıq etməkdədir. PKK-nın İran tərəfindən dəstəklənən Cəlal Tələbaninin Kürdüstan Vətənpərvərlər Partiyası (PUK) ilə Celevlə bölgəsində əməkdaşlığı genişləndirməkdədir. PKK Hamrin dağı və İran sərhəddindəki Hanekin bölgəsi arasında yerləşən Celevləyə nəzarəti ələ keçirtmək üçün PUK-la birlikdə hərəkət edir. Tərəflər Hanekin-Celevlə yolu ilə şimal-qərbdəki Mahmura, oradan da Sincar bölgəsinə çıxış əldə edərək, İraq Kürdüstanı sərhədlərinə paralel zonada PKK-PUK dəhlizi yaratmaq niyyətindədirlər. İranın bu dəhliz vasitəsilə Suriyanın şimalındakı PKK/PYD nəzarətində olan Rojovaya uzanan xətt üzrə PKK-nın İrandan Suriyaya maneəsiz hərəkətini təmin edəcəyi bildirilir. (https://yenicag.az/iranla-pkk-nin-sincar-emekdasligi-bolgede-yeni-kirli-ittifaq/ İranla PKK-nın “Sincar əməkdaşlığı” – Bölgədə yeni kirli ittifaq)

Hazırda İran Bəşər Əsəd rejimini dəstəkləyir, Türkiyə isə müxalifləri. Türkiyənin bağladığı atəşkəs məhz İranın dəstəyi ilə Əsəd tərəfindən pozuldu. Hələbdən təxliyə prosesində təxliyəni həyata keçirən maşın karvanlarına hücum da məhz İranın Suriyadakı qüvvələri və Əsəd ordusu tərəfindən edildi.

Türkiyə və İranın digər qarşıdurma məkanı İraqdır. Bu, Mosul əməliyyatında açıq şəkildə ortaya çıxdı. İran Haşdi-Şabi şiə qruplarını dəstəkləyir, Türkiyə isə Haşdi Vətən sünni qrupunu. İki ölkə faktiki olaraq məzhəb qarşıdurmasına sürüklənməkdədir. Məhz buna görə də Orta Doğuda Türkiyə ilə qarşıdurma vəziyyətində olan İran höküməti İran Türklərinin Türkiyəyə dəstəklərini önləmək  və təcrid etmək məqsədilə “Türk açılımı” etdiyini ehtimal edirlər.

 

Milli Fəalların Türk Fraksiyası ilə bağlı düşüncələri

 

Bütün bu proseslərin təhlili nəticəsində Milli hərəkatımızda Türk fraksiyası ilə bağlı birmənalı olmayan mövqe formalaşmışdır. Bir çox fəallar Türk fraksiyasının Milli Hərəkata qarşı alternativ siyasət formalaşdırmaq məqsədilə yaradıldığı mülahizəsini irəli sürürlər. Hollandiyadan Ataxan A. adlı milli fəalımız yazır ki, bu fraksiyada olan nümayəndələr illlərdir rejimdə ayrı-ayrı postlarda qulluq edən, İran və irançılıq ideyasını candan qəbul edənlər, İran cinayətçi və işğalçı rejimin legitimliyini tanıyanlar və hətta bəziləri o cinayətlərdə iştirak edənlərdir. Üstəgəl bunlar rejimə bağlı olmaqları ilə yanaşı, Məclisə girmək üçün təkrar-təkrar rejimin öz filtirindən (Şura-ye negəhban) geçib və buna səlahiyyət alanlardır. Azərbaycan Milli Hərkatına uzaqdan-yaxından heç ilgiləri olmayan şəxslərdir. Bu fraksiyada olan nümayəndələr İran işğalçılıq rejiminin legitimliyinə və İran ərazi bütövlüyünə və İranın dövlətçilik əsaslarına inanmış insanlardır.  Halbuki Azərbaycan Milli hərəkatının, hətta ibtidai siyasi-milli istəkləri belə, İran dövlətçilik əsaslarını laxladacaq, İran qondarma kimliyini siləcək, irançılıq ideyası və tarixini və yapısını etibarsızlaşdıracaq və hətta İranı kökündən yox edəcək gücə və etkiyə sahibdir. İranın var oluşu, Azərbaycan türklərinin (və digər qeyri-fars millətlərinin) inkarı və yox oluşu üzərində qurulmuşdur!

 

Azərbaycan (və digər qeyri-fars millətlər) varsa, İran yox olmalıdır və bu halda  İranın siyasi və kimliksəl anlamı qalmır!

 

İran və irançılıq var olmaq istəyirsə, Azərbaycan Vətən anlayışı və Türk milləti yox olmalıdır. İranın varlığı bizim varlığımız və əzilmiş haqlarımız üzərində qurulmuşdur. Çünki 90 il öncədən (1925-ci ildən) İran dövlətçiliyi və iranlı kimlik (Milliyət+Vətən) anlayışı Azərbaycan türkllərinin və digər qeyri-fars millətlərin inkarı və yox olması üzərində yaranıb və bu gün də həmin irançılıq prinsipləri və ideyası üzərində İran dövləti və iranlı kimliyi yaşayır.
Buna görə də qeyri-fars millətlərin, özəlliklə də azərbaycanlıların, hər hansi bir ibtidai milli haqlarının tələb olunması irançılıq əsaslarını və ideologiyasını yerindən oynadır. Bunu yaxşı dərk edən “rejim Azərbaycan Milli Hərəkatını (AMH) “kontrol-e bohran” (böhrana nəzarət) adlı siyasətilə parçalayıb, yön verir.  
Azərbaycan Milli Hərəkati son zamanlarda gücləndikcə, rejimin “İttilaat” oraqni (Təhlükəsizlik və əmniyət və istihbarat nazirliyi) və “Əmniyət-e Milli” adlı təşkilatı dəhşətə düşmüşdür. Milli hərəkatımızın irəliləməsini zindanlar, işgəncələr, təzyiqlər və sürgünlərlə yox edə bilməyəcəyini anlayan rejim, artıq yeni siyasəti ilə Azərbaycanla savaşmağa gəlir və ilk addımda öz ifadəsi ilə ”Kontrol-e Bohran” adlı əski keçid siyasətinə əl atır. “İttilaat”ın adlandırdığı “Kontrol-e bohran” bir keçid siyasətidir ki, İranın daxili və təhlükəsizliyi sorunları üçün bu ad altında siyasi oyunlar planlaşdırılır və zaman-zaman bu siyasəti müxtəlif taktikalarla və üsullarla işə salır.

İran rejimi get-gedə güclənən Azərbaycan Milli Hərəkatına qarşı basqıların yanı sırasında, Azərbaycan Milli Hərəkatına bənzər paralel yeni hərəkətlər, ya bəzən süni liderlər,  süni medialar yaradır və onları Azərbaycan Milli Hərəkatınının ədəbiyyatı və deyimlərilə bəzəyir və onun şüarları və rəftarlari ilə süni hərəkatı, lideri, mediani kamuflaj edir (maskalayır, malalayır). Beləliklə, “İttilaat” Azərbaycan Milli Hərəkatının üzvlərini rejimin yaratdığı süni hərəkatın arxasınca getməyə sövq edir, əsil Azərbaycan Milli Hərəkatını öz içindən 2-3 yerə parçalamaqla rejimə və ya irançılığa bağlayıb məhv etmək istəyir. Bu üsulla milli hərəkat həm öz içində çatışma və parçalanma yaşayır, həm də rejim öz süni hərəkatı ilə millətçiləri özünə bağlayır, istədiyı yerə çəkir və deşifrə edir.
Ataxan A-nın yazdığına görə, “Son zamanlarda “İran türkü”, “ Torkzəban fraksiyası” adları da bu iyrənc oyunların nəticəsində ortaya çıxıb. Farksiya adında rejimin Azərbaycana qarşı qurduğu “Oyunun İçində Oyun” siyasəti sərgilənməkdədir.  Yeni “Modern assimilyasiya” siyasətində işğalçı rejim özünün irqçı siyasətlərindən geri çəkilməsini göstərir, millətlərin kimlik parametrlərinin yalnız bəzilərini qəbul etmiş kimi göstərir və artıq onların milli varlığını inkar etməkdən və ya qondarma kimliklər adı altında tanıtmaqdan (“Azəri kimi”) əl çəkir, işğalında olan millətlərin milli hərəkatlarına “siz qazandınız, mən uduzdum” kimi bir imic və alqı yaradır.  Rejim Azərbaycan Milli Hərəkatının kimlik və milliyyət həssasiyyətini gözəl başa düşür və bu məsələdən Azərbaycana qarşı gözəl faydalanır. Bu qondarma Fraksiya özünü, Azərbaycan Milli Hərəkatının bir parçası kimi kamuflaj edib və Azərbaycan Milli Hərkatının ən önəmli deyimlərini (goftar siyasi ) və ona aid siyasi şüarları istifadə edir və hərəkatın həssas olduğu siyasi-milli məsələləri və özəlliklə azərbaycanlının kimlik parametrlərində yer alan Milliyyət və “Türk” sözlərini təhrif edərək işlədir. Rejim bu fraksiyada azərbaycanlıların milliyyətini (türklüyü) qəbullanmış kimi göstərir. Baxmayaraq ki, hər millətin kimlik parametrlərində onun “milliyyəti” qədər “Vətən” anlayışı da önəmlidir və kimlik və höviyyət dediyimiz (yəni milli kimlik) Vətən+Milliyyət ilə anlam tapır. Ancaq rejim azərbaycanlıların yalnız Milliyyət parametrində olan “Türk” sözünü alıb, ona irançılıq bəzəyi vurub, sonra da qabağımza qoyur. Beləliklə, azərbaycanlı kimliyinin əsas parametri olan “Vətən” anlayışını “İran və irançılıq” içində əritmək istəyir. Azərbaycanlıların “Azərbaycan Vətən anlayışı” “İran vətən anlayışı” ilə dəyişib və bu oyuna gələnlər nəticədə öz milli hakimiyyət istəklərini, İran rejiminin reform və sözdə türkləşdırmə kimi xəyalları ilə dəyişib, yerbəyer edəcək. Bəzi soydaşlar rejimin “türk” sözünü işlətməsini bir oyun deyil, bəlkə Azərbaycan Milli Hərəkatının bir başarısı və qazancı olaraq görürlər ki, bu da böyük yanlışdır. Son 37 ildə (hətta şah zamanı belə), İran rejimi başı dara düşdüyündə millətləri olduğu kimi qəbul etdiyini göstərmişdir, farslar öz hakmiyyətlərini təhlükədə görəndə bizi “türk” olaraq səsləndirib, türkləri rahatlamaq və kullanmaq üçün “Azərbaycan” və “türk” sözlərini işlədən bu rejim, nə zaman ki, dərdi sovuşub, türkləri “azəri”, “mühacir”, “türkdilli”, “türk olmuş” olaraq adlandırıb. Məsələn, illərdir İran rejiminin Məclis ya prezident seçkilərində azərbaycanlıları seçki qutularına çəkmək üçün rəsmi olaraq “türk” sözü, “Azərbaycan” sözü işlədiblər, ya İran-İraq savaşında “türklər qoşunu”, “türklərin səngərləri” adını dəfələrlə işlədən elə bu rejimdir. Rejim yeri gələndə bizə “azəri”, yeri gələndə “türk qəhrəmanı”, yeri gələndə də elə “türki xər” (eşşək türk) deyib. Rejim həmən rejimdir.  Azərbaycan millətinin milliyyəti türk millətinin bir qolu olaraq tanınır və türkdür. Azərbaycanlının tarixi, mədəniyyəti, dünyaya və yaşama baxışı, türklüyün tam özüdür. Amma azərbaycanlılar “tükdilli millət” deyildir. Bilirik ki, İranda fars rejimi öz siyasəti və farsların mənfəətləri üçün bütün kimlikləri inkar edir və onlar üçün yalan kimlik yaratmaqla yanaşı, dünyada mövcüd olan gerçək milli terminləri də öz mənfəətləri xatirinə qadağan ediblər. Necə ki, “azəri” sözü beynəlxalq bir sözdür və demək olar, bütün ölkələrin dil sözlüklərində “azəri “sözü mövcuddur və bütün dünyada “azəri” sözü “azərbaycanlı” sözünün qısaldılmış forması (“Azərbaycandan olan birisi” mənasında) kimi başa düşülür və həmin söz milliyət olaraq “türk” və kimlik olaraq “Azərbaycan türkü” mənasında anılır. Amma fars rejimi onu İranda yaşayan Azərbaycan türkünün kimliyi və milliyyəti olaraq tanıdır, Azərbaycandan gələn, ya azərbaycanlı olan türk kimi tanıtmır. Azəri kimliyini fars-ari millətinin digər qolu kimi təqdim edir. İranda “azəri” sözü kimi “türkdilli” sözü də elə tərs məna verir.
Bu gün İranda “türkdillilər” deməyin, “türk milləti” anlamında olmadığını hər kəs bilir. İranda türkdillilər demək, yəni kökənləri iranlı olub, amma dilləri türk soylarının İrana hücümları nəticəsində assimilyasiya olub, türkçəyə dəyişilmiş deməkdir. İranın 90 illik yalan tarixi, eyni zamanda bu əsasda yazılan yalan tarix və anlamlar İran məktəblərində uşaqlara tədris edilir (Osmanlı, Çingiz xan, Səlcuqlarin ,..hücümları nəticəsində İranın quzey bölgəsində yaşayan iranlıların dili dəyişdi, onlar azəridirlər, azərilər aryaidirlər…)
Çağdaş Azərbaycan milli hərəkatının ən önəmli və qurucu şüarı “Haray, haray, mən türkəm” şüarıdır. Milli hərəkat heç vaxt “Haray, haray, mən türkdilliyəm”, “Mən İran türküyəm” şüarını verməyib və ya siyasi istəklərdə belə bir şey görünməyib. Əksinə, milli hərəkat çox şəffaf və aydın şəkildə öz istəklərində və şüarlarında Azərbaycanı Vətən və milliyyətini türk olaraq tanıdır və kimlik parametrlərinin əsas faktlarını özü ortaya qoyur və qoruyur. Ataxan A-ya görə İran Parlamentində “türkdilli” qondarma kimliyi ilə yeni bir kimlik bunalımı yaradılmaqdadır. “İranlı” qondarma kimliyi, “iran milli dili” kimi təbliğ olan fars dili və eləcə də yalan İran tarixi çöpə getməlidir… əzilmiş və sömürülmüş haqlarımızın verilməsi İranda və irançılıq ideyasının içində mümkün deyildir. Ataxan A-ya görə, İranın 70% əhalisini təşkil edən qeyri-fars millətlərin azadlığı və özgürlüyü İranın quruluş fəlsəfəsini dağıdır.

Ataxan A-ya görə, bəzi soydaşlar belə düşünürlər ki, fraksiya nəticəsində milli hərəkat bir ayrı qazanc`da əldə etmişdir! Guya fraksiya yaranandan sonra bir universitetdə türk dili və ədəbiyyatının öyrətimi azad dərs kimi öyrəncilərə verilib! Bumu hərəkatın illərdir mübarizəsinin başarısı və dediyiniz böyük qazancı? Nə zmandan Azərbaycan Milli Hərəkatı ideya və kimlik dəyişikliyınə gedib və ya haçandan “türkdilli, azəri, iran türkü..!” kimi qondarma kimliklərə Azərbaycan Milli Hərəkatı baş əyib ki, bu fraksiyanın adını belə başarı və bir qazanc sayaq? “Türk dilində mədrəsə” bütün azərbaycanlılara və digər əsir türklərə türk dilində birinci klasdan ali təhsilə qədər, bütün dərslər və elmlər ana dilində eyitim və təhsil deməkdir. Azərbaycan Milli Hərəkatının illərdir uğrunda canlar verdiyi, zindanlar və işgəncələr gördüyü, uğrunda usanmadan mücadilə etdıyı “Ana dilində təhsil” istəyi nə zamandan rejimin kontrolunda “türk dilində vahid bir dərslik” anlamında oldu ki, bunu da hərəkatın başarısı sayırsız? Ataxan A-ya görə Milli fəallar İran İslam rejiminin 37 illik mahiyyətini, İranın 80 il öncə yaranış fəlsəfəsini, İranın millətlərə qarşı idarəetmə metodlarını və daha önəmlisi, Azərbaycan Milli Hərəkatının son 100 ildə siyasi tarixini yaxşı bilmədikləri üçün belə xətaya düşürlər.
Bəzi soydaşlar belə düşünə bilər ki, bu rejimin oyunu da olsa, biz onu öz mənfəətimizə işlətməliyik. Qoyalım 1% ehtimalı ilə hərəkat bu oyundan faydalansın, İran kimi rejim buna izin verərmi? Örnək olaraq, 4 il öncə Ruhani prezidentliyə seçki kampaniyasında milli hərəkatın birinci və önəmli tələbi olan “Türk dilində mədrəsə” istəyini və şüarını kullanaraq, onu “Türk dilində kültür evi” (Fərhəngistan) olaraq bəzəyib və Azərbaycanda milllətimizin önünə qoydu. Ruhani Türk adını “Fərhəngistan-e Azəri”yə dəyişib, sonra da yavaş-yavaş gündəmdən qaldırdı. Urmu gölü üçün də verdiyi 3 aylıq vədlər artıq 4 il olub ki, sözdə qalıb və gölü qurtarmağa cəhd göstərməyib. İranın keçən Məclis seçkilərində İran rejimi çox yaxşı bilirdi ki, Azərbaycan Milli Hərəkətının kürd köçərilərinə və erməni işğalçılarına Azərbaycana ərazi iddialarından dolayı həssasiyyəti var. Rejim də bu həssasiyyətdən gözəl faydalandı, Urmiyada kürd və Qaradağda erməni kökənli millət vəkilləri adayı siyahısını hazırlayıb millətin qabağına qoydu, beləliklə, o həssasiyyətlər nəticəsində azərbaycanlıları seçki qutusu başına çəkib, hətta o həssasiyyətləri özü qabardaraq özünün sunduğu adaylardan suni qəhrəmanlar belə yaratdı (Həzrətpur-Qazipur-Şikak). Daha sonra Ataxan A. yazır. Kürdləri Batı Azərbaycana köçürən və orda istifadə edən İrandır, Azərbaycana qarşı düşmanlıq etmək üçün Ermənistana dəstək veren də İrandır. (http://daim.az/view.php?lang=az&menu=38&id=27719 Ataxan A. Türkdilli Fraksiya” Azərbaycan Milli Hərəkatına qarşı qurulan oyun içində oyun)
Türk Fraksiyası Milli hərəkatın hansı tələblərini yerinə yetirməlidir?

 

Lakin bizim fikrimizcə, Milli hərəkatımızın da Türk Fraksiyasından yararlanma siyasəti formalaşmalıdır. Türk dilinin dövlət dillərindən biri olması, Urmiya bölgəsinin kürdləşdirilməsinin qarşısının alınması, İranın Ermənistanı dəstəkləməsinin qarşısının alınması, Qarabağ müharibəsində İranın Ermənipərəst siyasətinin önlənməsi kimi məsələlərdə Türk fraksiyası böyük rol oynaya bilər. Buna görə də Milli Hərəkat bu Fraksiyanın varlığından maksimum yararlanmağa çalışmalı, fraksiya əməkdaşları ilə sıx əməkdaşlıq edilməlidir. Milli Hərəkat 28 may 2006-cı il tarixində İslam Şura Məclisi qarşısındakı Mitinqdə bir sıra tələblər irəli sürmüşdü ki, bu tələblərin yerinə yetirilməsində Türk Fraksiyası böyük rol oynaya bilər. Türk dilinin rəsmən tanınması; qurama “Azəri dilinin” [anlayış olaraq] dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında işlədilməsinin qarşısının alınması; uşaq baxçasından tutmuş universitetədək ölkənin Türklər yaşayan bölgələrində ana dilində təhsil; Türkcə verilişlər verən ölkəmiqyaslı radio-televiziya mərkəzinin yaranması; Türk dil və ədəbiyyat qurumunun [“fərhəngistanın”], ölkə universitetlərində Türk dili kafedralarının yaradılması;

Ana yasanın 15, 19 və 20-ci maddələrinin icra edilməsi və bu qanunların Azərbaycan milləti və dilinin, İranın başqa millətlərinin tanınması yönündə dəyişdirilməsi; Azərbaycan iqtisadiyyatının geriliyini aradan qaldırmaq, Tehran-Təbriz avtobanı, Urmu gölü körpüsü, Miyanə-Təbriz dəmiryol xətti, Quzey-Güney koridoru layihələrinin təkmilləşdirilməsi üçün vəsait ayrılması; Türkofobiyaya qarşı ciddi mübarizə; qövmi, irqi, dil sahəsində aparteyid əlamətlərinin ləğvi;  Pəhləvi rejiminə aid irqçi fikirlərin işlədilməsinin qarşısının alınması; İran millətlərini təhqir edənlərin cəzalandırılması və bu sahədə qanunların qəbul edilməsi; Azərbaycan coğrafiyasında bütün tarixi adların geri qaytarılması; özəlliklə son bölgüyə görə Azərbaycan tarixi adlarının Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Ərak ostanlarında bərpa edilməsi; bu şəhər və ostanlardan ibarət olan Azərbaycan əyalətinin rəsmən tanınması; Sunqur, Qurvə, Bicar, Astara və başqalarının Azərbaycana qaytarılması; Türkcə adların qoyulmasına mane olmamaq; İslam Şura Məclisinin nümayəndələrindən, hərəkat fəalları və uyğun orqanların nümayəndələrindən ibarət “Azərbaycan Millətinin Haqlarını Müdafiə Şurası” adlı komitənin təşkil edilməsi; Azərbaycan siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi; Novruz bayramı münasibətilə yalnız Farsdilliləri təbrik edib, İranın başqa millət və qövmlərini görməməzliyə vurulmasına son qoyulması.

Azərbaycanın qərbində və Azərbaycanın başqa sərhəd şəhərlərində yerli əhalinin [milli] tərkibinin dəyişməsinə səbəb ola biləcək hər cür siyasətin ləğv edilməsi; Fars şovinizmi ilə ciddi mübarizənin başlanması simvolu kimi İran qəzetinin çapının tamamilə dayandırılması; İranda milli və qövmi aparteidin tamamilə dayandırılması; Ermənistanla siyasi, ticari və mədəni əlaqələrin tamamilə kəsilməsi; Pan-Farsizm siyasətinin (Əfqanıstan, Tacikistan və İranın birliyi) tamamilə dayandırılması; İranı Fars dövləti və “Persia” kimi təqdim etməkdən əl çəkilməsi; İranın çoxmillətli ölkə kimi təqdim edilməsi və ana yasada İran millətləri və qövmlərinin hamısının rəsmən tanınması; Azərbaycanın iki tayı arasında mədəni sərhədlərin götürülməsi və Araz çayı üzərində dostluq və barış körpülərinin tikilməsi; Xəzər dənizinə “Mazandaran” adının qoyulmasının qarşısının alınması; Fars dilində əskinaslarla yanaşı, ölkədə Azərbaycan Türkcəsində də əskinasların çap edilməsi; Azərbaycanın əski və milli abidələrinin təmiri və onların dağıdılmasının önlənməsi; özəlliklə Təbriz Ərk qalası və ətrafında səliqə-sahmanın yaradılması; Təbriz Ərkinin yanında Azərbaycan Türk Dili və Ədəbiyyatı Qurumunun qurulması; Azərbaycanda turistik imkanların yaradılması; Təbrizdə Azərbaycan ilə dostluq evinin, Urmuda Türkiyə ilə dostluq evinin yaradılması; Azərbaycanda, özəlliklə Muğan çölü və Qoşaçayda (Miyandabda) moderm əkinçilik imkanlarının yaradılması; Azərbaycanın tarixi abidələrinin səd sularının altında qalmasının önlənməsi və bu iş üçün xüsusi büdcənin ayrılması; Azərbaycanın tarixi abidələrinin Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan və Zəncan muzeylərinə geri qaytarılması; Azərbaycan Türkcəsində kitabların çapına yardım etmək, Azərbaycan tarixi və ədəbi kitablarının araşdırılması və siyahıyaalınması məqsədilə Azərbaycan Nəşr Fondunun yaradılması; Azərbaycanın bütün şəhərləri arasında sürətli qatar yollarının çəkilməsi və hava limanlarının tikilməsi, eləcə də Azərbaycan tranzit yollarının genişləndirilməsi; İpək Yoluna diqqətin yetirilməsi; Türkmən, Qaşqay, Xorasan Türkləri, Xələc Türkləri adı ilə İrandakı Türk millətlərinin rəsmən tanınması; Azərbaycanda sərmayə qoyuluşunun qarşısında duran hüquqi və başqa maneələrin ləğv edilməsi; Azərbaycanın milli mütəfəkkirlərinin, böyüklərinin, qəhrəmanlarının və başqalarının Azərbaycanın və İranın bütün şəhərlərində heykəllərinin qoyulması; Milli Sərdar Səttar Xanın və Milli Savunar Səfər Xanın şərəfli məzarlarının Təbrizə gətirilməsi; Ölkənin rəsmi təqviminə Azərbaycanın milli böyüklərinin doğum və ölüm günlərinin, tarixi dövrlərinin daxil edilməsi kimi məsələlərin həllində Türk fraksiyası ilə sıx iş birliyi quraraq,  Türklərin maraqları və mənfəətləri doğrultusunda mümkün ola bilən bütün işlər həyata keçirilməlidir. Fikrimizcə, Türk Fraksiyası türk maraqlarını və mənfəətlərini təmsil etməlidir və Fars iranının Türk-Turanına keçişinə zəmin hazırlayan ortam yaratmalı, bu tarixi görəvi yerinə yetirməlidir. Türk Fraksiyası İranın Ermənistan və Qarabağ siyasətinin dəyişilməsinə nail olmalı, İranın Fars Mərkəzli siyasət yeritməsinin qarşısını almalıdır. (Strateq.az)

Yasəmən Qaraqoyunlu, AMEA Fəlsəfə İnstitutu 

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın