Ana səhifə / Gündəm / Tovuz gömrüyü inhisar altındadır

Tovuz gömrüyü inhisar altındadır

Son vaxtlar ölkə mətbuatında dərc olunan materiallarda respublikamızın gömrük keçid məntəqələrində yaşanan müxtəlif problemlərin, yer almış rüşvət və korrupsiya hallarının artdığı bildirilir. Redaksiyamıza daxil olan məlumatlarda bu kimi problemlərin daha çox müşahidə olunduğu qurumlardan birinin də Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin olduğu vurğulanır. Kütləvi informasiya vasitələrində mütəmadi olaraq yayımlanan məlumatlarda da Tovuz Gömrük İdarəsinin tabeliyində olan keçid məntəqələrində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir. Bu günlərdə aldığımız növbəti məlumatda isə, fəaliyyəti yeni bərpa olunmuş “Sadıxlı” gömrük-keçid məntəqəsinin də ətrafında artıq korrupsiya ab-havasının dolaşdığı bildirilir.

Məlum olduğu kimi, Ağstafa rayonu, Sadıxlı kəndi ərazisində əvvəllər fəaliyyət göstərən bu gömrük-keçid məntəqəsi, son vaxtlar yararsız vəziyyətə gəldiyindən istifadəsiz qalmışdı. Bu yaxınlarda isə, məntəqədə əsaslı təmir-bərpa işləri aparıldı və ölkəmizin Gürcüstan respublikası ilə sərhəddindəki bu gömrük-keçid məntəqəsi yenidən fəaliyyətə başlamışdı. Təbii ki, bu faktın özü təqdirəlayiq hal kimi qiymətləndirilə bilər.Artıq xəbər verildiyi kimi, iyul ayının 28-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşü keçirilib.

Komitənin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyətləri hər iki ölkənin gömrük orqanları rəhbərləri arasında “Sadıxlı” keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı görüşlərin keçirilməsinə dair əldə olunan razılıq çərçivəsində “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindəki vəziyyətlə tanış olublar.Lakin belə məlum olur ki, “Sadıxlı” gömrük-keçid məntəqəsində tətbiq olunacaq “rüsumlar” da öz yeniliyi ilə hələ çox diqqət cəlb edəcək. Bu günlərdə Ağstafa rayonu, Sadıxlı kənd sakini Asim İsmayılov redaksiyamıza, eyni zamanda ərizə ilə müraciət etmişdir. Öz ərizəsində Asim İsmayılov bildirir ki, o, qonşu Gürcüstandan ölkəmizə iri buynuzlu mal-qara gətirməklə məşğul olur. Bu yaxınlarda isə, növbəti dəfə bu məqsədlə Gürcüstana keçməzdən əvvəl Asim vəziyyətlə maraqlanmaq üçün yeni açılmış gömrük-keçid məntəqəsinə gəlir. Burada isə, onun Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun sürücüsü, cangüdəni və nəhayət doğma əmisi oğlu olan Yaşarla xoşagəlməz, eyni zamanda da maraqlı söhbəti olur. Asim İsmayılov bildirir ki, o, məntəqəyə gələrək öz niyyətini bildirib və xahiş edib ki, ən azından onun Qarabağ müharibəsi veteranı olduğu nəzərə alınaraq, gətirəcəyi mal-qaraya görə sadəcə dövlət rüsumu alınsın. Yəni əlavə rüşvət tələb olunmasın.

Bunun müqabilində isə, Yaşar təhqiramiz ifadələrlə ona cavab verib ki, biz maya qoyub məntəqəni sənin üçün açmamışıq. Şikayətçinin deməyinə görə, Yaşar bu zaman hidddətləndiyini nümayiş etdirmək üçün hətta vətəndaşı əli ilə itələyib və deyib ki, bizim arxamızda Kəmaləddin Heydərov durur, ona görə də heç kimdən qorxmuruq. Bundan sonra isə, Yaşar ağzından bəzi maraqlı ifadələr çıxarıb. Bildirib ki, məntəqə “Cahan Holding”in rəhbəri Vüqar Abbasovun maliyyə vəsaitləri hesabına təmir olunub. Bunun müqabilində isə, “Sadıxlı” gömrük-keçid məntəqəsinə onun bir qohumu rəis təyin olunacaq. Qeyd edək ki, Vüqar Abbasov həm də Mehman Sadıqovla kirvədirlər. Belə məlum olur ki, holdinq rəhbərliyi indi də öz biznes şəbəkəsinə dövlət strukturlarını “əlavə etmək” niyyətindədir.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın