Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Tanınmış azərbaycanlılar Qarabağ məsələsində niyə susdular…

Tanınmış azərbaycanlılar Qarabağ məsələsində niyə susdular…

Abbas Abbasov, Söyün Sadıqov, “AST Telman”, Rüstəm İbrahimbəyovun 4 günlük müharibədə səsləri çıxmadı

Cəbhədə 2-5 aprel tarixlərində baş verən müharibə zamanı əksər vətəndaşlarımız ordumuzun yanında olduğunu, torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün əlindən gələn hər bir şeyi etməyə hazır olmalarını nümayiş etdirdilər. Qələm əhli, bir çox ziyalılarımız informasiya savaşında, adi vətəndaşların böyük hissəsi sosial şəbəkələr vasitəsi ilə dövlətimizə dəstək olub, Qarabağ həqiqətlərini dünyaya yaydılar.
 
Bu ərəfədə xaricdə yaşayan bəzi tanınmış həmyerlilərimiz, ziyalılarmız da bu informasiya savaşında öz sözünü deyərək, düşmənin əsassız təxribatlarına qarşı öz fakta söykənən arqumentləri ilə cavab verdilər. Onlardan professor İlham Rəhimovun, Rusiya İslam Komitəsinin sədri Heydər Camalın adlarını qeyd edə bilərik. Lakin müxtəlif məqamlarda Azərbaycanla bağlı fikir söyləyən, dövlətimizə lazım gəldikdə hər cür dəstəyi verməyə hazır olduqlarını bildirən bir çox xaricdə yaşayan həmyerlilərimiz bu məsələdə susdular. Onlardan Abbas Abbasovun, Söyün Sadıqovun, AST Telmanın, Rüstəm İbrahimbəyovun və digərlərinin adlarını qeyd edə bilərik. Bu adamların susmasının səbəbi nədir?
Məsələ ilə bağlı musavat.com-a danışan politoloq Qabil Hüseynli bildirib ki, vətənini sevən, ərazi bütövlüyümüzün təmin olunmasını istəyən şəxs belə məqamda fikir bildirməli idi: “Belə bir məqamda vətən övladı kimi öz mövqeyini bildirməyən insanı deməli, bu vətənlə bağlayan heç bir tel yoxdur. Hazırda elə bir məqamdır ki, Azərbaycan ordusu güclənib və ermənini xeyli üstələyib. 
Bu cür şəraitdə  ziyalıların, Azərbaycanın Rusiyada yaşayan  adamlarının, bütövlükdə ictimai rəyə təsir imkanları olan şəxslərin danışması,  həm Azərbaycan xalqına ruh  yüksəlişi gətirərdi, həm də  onların özlərinin  mövqeyi bəlli olardı. Biz də bilərdik ki, bu adam kimdir və kimə qulluq edirlər. Mən susanları vətənpərvər hesab etmirəm. Hətta  bəzilərini azərbaycanlı kimi vətənimizin çörəyini yeyib, sonra bu çörəyin haqqını  itirən hesab edirəm. Daha sərt sözlər söyləmək istəmirəm. Çünki millətin parçalanmasının tərəfdarı deyiləm. Ancaq hər halda ziyalı  adamdan vətən,  torpaq bayraq  naminə fəal həyat mövqeyi tələb edirəm”.
Q.Hüseynli bildirib ki, xüsusilə belə bir məqamda “AzərRos” un üzvləri  aktiv olmalı idi: “Onlar ən azından bəyanat verə, Rusiyanın kütləvi informasiya vasitələrinə çıxa bilərdilər. Bundan başqa bizim xalqımızın ünvanına təhqiramiz ifadələr işlədin ermənilərin  cavabını verə bilərdilər. Böyük təşkilatdırlar. Erməni səfirliyinin qarşısında mitinq də edə bilərdilər. İçərilərində çox sayda intellektual şəxslər var. Həmin şəxslər  Rusiya qəzetlərinə məqalə yazıb, televiziyalarında çıxışlar edə bilərdilər. Azərbaycanlılar Rusiyada ermənilərdən 3 dəfə çoxdurlar. Ancaq  KİV-də ermənilərin hədsiz fəallığının şahidi olduq. Azərbaycandan yalnız bir nəfər “İhlas” xəbər agentliyinin müxbiri Fuad Abbasov var idi. Onu da fəallığına görə geri çağırdılar.  “AzərRos”un  sədri başqa vaxtlarda sinəsinə döyüb Azərbaycanı sevməkdən, vətənpərvərlikdən danışır. Belə bir gündə susan adam necə vətənpərvər ola bilər. Millətimizin öz vətəndaşına ehtiyac durduğu gün idi. Abbas Abbasova gəlincə isə ondan heç nə gözləməyə dəyməz.  Onun kimə qulluq etməsini hamı bilir”.
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da danışıb. O bildirib ki, baş verən hadisələrə müxtəlif cür qiymət vermək olar: “Ancaq bir fakt ortadadır ki, ordumuz öz gücünü düşmənə göstərdi. Bundan sonra da  beynəlxalq təşkilatların, böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini dəyişdikləri aydın şəkildə hiss olunur. Hələ ki qeyri-rəsmi  olaraq Rusiyadan da məlumatlar gəlir ki, artıq münaqişə ilə bağlı real danışıqlar gedəcək. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi gündəmdədir. Bu, Azərbaycan  üçün müsbət bir hadisədir. Belə bir məqamda bu hadisəyə münasibət bildirməmək, yaxud da mənfi rəy vermək hesab edirəm ki, Azərbaycanı sevən üçün qəbulolunmazdır. İndiki məqamda hər kəsin siması ortaya çıxdı. Kimlərsə Rusiyanın marağını düşünüb susurlar, kimlərsə  də Qərbdə hansısa dairələrin marağına görə danışmırlar. Düşünürəm ki, bu cür adamlar Azərbaycanın milli maraqlarından çox uzaq olan şəxslərdir. Bu cür münasibətlər bir müddət əvvəl Türkiyə tərəfindən Rusiyanın təyyarəsi vurulan zaman da ortaya çıxmışdı. Qəribə  bir halla rastlaşdıq ki, bu məsələdə tam açıq şəkildə Rusiyanı müdafiə edənlər də oldu. Kənardan baxanda görünür ki, Azərbaycanın milli maraqlarına yad olan insanlar  Qarabağ məsələsində də ya susdular, ya da mənfi münasibət bildirdilər”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın