Ana səhifə / Gündəm / Tağı Əhmədov 40 il yeməyib pul yığıbmış – nonses

Tağı Əhmədov 40 il yeməyib pul yığıbmış – nonses

Tanınmış hüquqşünas sabiq rəisin əmək haqqı yalanından danışdı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarov “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdan 3 milyon manat alıb. Bu haqda yayılan məlumatlardan belə aydın olur ki, hazırda həbsdə olan Akif Çovdarov vəzifədə olarkən Tağı Əhmədovdan 1 milyon manatlıq “hədiyyə” istəyib. 
 
O dövrdə “Bakı Metropoliteni”nin rəisi olan T.Əhmədov isə əzazil generalın sifarişini cavabsız buraxıb. Həngamə də bundan sonra başlayıb –  T.Əhmədov və ətrafı barədə araşdırmalara başlanılıb. T.Əhmədovun özünün, metroda işləyən qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyevin (Tağı Əhmədovun qardaşı oğlanları) istifadəsində olan telefon nömrələri qanunsuz olaraq dinlənilib. 
Bu işdə A.Çovdarovun tapşırıqlarını MTN-in Monitorinq Xidmətinin sabiq rəisi, general-mayor Teymur Quliyev, həmin xidmətin əməkdaşları Anar Şirəliyev və Fərhad Atayev yerinə yetirib. Dinləmələr zamanı lazımi məlumatlar əldə edildikdən sonra idarə rəisi Rəsul Rəsulov T.Əhmədovla görüşüb. Ona rəhbərliyin mesajını çatdırıb. R.Rəsulov metropoliten haqda MTN-ə daxil olan şikayətlər əsasında onu həbs edəcəkləri ilə hədələyib. Bunların baş verməməsi üçün isə T.Əhmədovun 3 milyon manat verməsini istəyib. Sabiq metropoliten rəisi bu tələbi də rədd edib. Bundan sonra T.Əhmədovun qohumları olan Elşən və Şövqi Akif Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub, döyərək işgəncələr verilib. Onlardan T.Əhmədovun əleyhinə ifadələr almağa çalışıblar. Elşən Tağıyev MTN-dən ağır kəllə-beyin travması diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.
Tağı Əhmədov və yaxınları Akif Çovdarovun MTN-dəki “təmizləmə”lərdən sonra qandallandığını öyrənib prokurorluğa yollanıblar. Onlar başlarına gətirilən müsibətlər haqda şikayətlərində geniş yazıblar. Maraqlı situasiya da bu şikayətlər əsasında başlanan araşdırmalar zamanı yaranıb. İstintaqda Tağı Əhmədov 3 milyon dolları haradan alması sualı ilə qarşılaşıb. Sabiq rəis deyib ki, həmin pulu 40 il işləyib və yığıb. Bilinən odur ki, Tağı Əhmədov 40 il yeyib-içməsə, toya-nişana getməsə idi belə, bu qədər pulu toplaya, yığa bilməzdi.
Qeyd edək ki, Tağı Əhmədov özü AzadlıqRadiosuna müsahibəsində maaşının 890 manat olduğunu deyib:“Ancaq 40 ildir metropolitendə işlədiyimə görə əlavələr var, onu alıram, ”Fəxri dəmiryolçu” kimi əlavələr var, bir də üstəliklər var, onu alıram. Yəni təkcə 890 manat deyil, bundan bir qədər artıq pul alıram. Amma sırf maaşım 890 manatdır”. Tağı Əhmədov həmin layihədə sualları cavablandırarkən metropoliten ərazisindəki ticarət obyektlərindən metronun hesabına ayda 70 min manat köçürüldüyünü, bundan “bir qəpik də” vergi vermədiyini və pulun hamısının metronun xərclərinə sərf olunduğunu deyib. Tağı Əhmədov ilk əmək fəaliyyətinə 1965-ci ildə “Badamlı” zavodunda fəhlə kimi başlayıb. 1970-1994-cü illərdə “Bakı Metropoliteni”nin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib. 1998-2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifələrində çalışıb.
Tanınmış hüquqşünas Aslan İsmayılov qaynarinfo.az-a bildirib ki, bizim ölkədə nəinki metropoliten rəisinin, prezidentin belə əmək haqqı ömür boyu yığılsa, 3 milyon etməz: “Bu, yalandı. Əmək haqqı ilə Azərbaycanda heç kim 3 milyon sərvət toplaya bilməz. Bunlar hamısı korrupsiya yolu ilə qazanılmış pullardır. İndi siz təsəvvür edin ki, Tağı Əhmədov bu ölkə məmurları içərisində dağıdanlar siyahısında deyil. Görün, dağıdanların nə qədər sərvəti var?”
Image result for Aslan İsmayılov
Aslan İsmayılov deyib ki, Tağı Əhmədovun Akif Çovdarova 3 milyon manat verməsi sübut olunsa, o, həbs edilə bilər: “Bunu sübut etmək üçün isə bütün Nazirlər Kabinetini həbs etmək lazımdır. Bu təsdiq edir ki, Azərbaycan məmurları korrupsiya yolu ilə milyonlar talayıb”.
Ümumiyyətlə, Tağı Əhmədovun “Bakı Metropoliteni”nə rəisliyi dövründə onun “yeraltı dünya”dakı qaranlıq işləri haqda çox yazılıb. Bu gün sədri olduğu Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının binasını da onun vəzifədə olarkən tikdirməsi haqda xəbərlər vardı. Bildilirdi ki, həmin binanın tikintisi üçün Tağı Əhmədov 2 milyon manat xərcləyib. Belə aydın olur ki, əksər məmurlar kimi Tağı Əhmədov da rəisliyi dövründə təkcə özünün deyil, Eldar Mahmudovun, onun komanda üzvlərinin də şəxsi kassasını doldurub. MTN-də məlum “təmizləmələr” başlayandan sonra isə istintaqa ifadə verən məmurlar sırasında Tağı Əhmədov tək deyil.
T.Əhmədov bu ilin mayında istintaqda ifadə verib və Akif Çovdarovla üzləşdirilib. Ondan əvvəl isə aprelin 22-də A.Çovdarov Səbayel rayonunun keçmiş icra hakimiyyəti başçısı Mübariz Məmmədovun qardaşı, Binəqədi bələdiyyəsinin keçmiş sədri, habelə Səbayel Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin indiki rəhbəri Hafiz Aberkatovla üzləşdirilib. Həmin şəxslərin adı Çovdarov və MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın işində zərərçəkən kimi keçir. Çünki Çovdarov onlardan hədə-qorxu və təhdid yolu ilə iri məbləğlərdə pul qoparıb.
Artıq A.Çovdarov və onun tabeçiliyində işləmiş 3 idarənin rəisinin işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Yaxınlarda bu iş üzrə məhkəmə araşdırması başlanacaq. Tağı Əhmədovla yanaşı digər məmurların da iş üzrə zərərçəkən kimi  ifadə verəcəkləri gözlənilir. 
musavat.com

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın