Ana səhifə / Gündəm / “Tərtər işi” ilə bağlı Nəcməddin Sadikov istintaqa cəlb ediləcək?

“Tərtər işi” ilə bağlı Nəcməddin Sadikov istintaqa cəlb ediləcək?

Son illər ölkə gündəminin ən çox müzakirə olunan məsələlərindən biri olan “Tərtər işi” ilə bağlı sensasion sayıla biləcək xəbər yayılıb. Məlumata görə “Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb və baş verənlər yenidən araşdırılacaq.

2017-ci ildən bu günə qədər “Tərtər işi” ilə əlaqədar həbs edilən hərbiçilərin yaxınlarının, işgəncələr nəticəsində dünyasını dəyişənlərin ailə üzvlərinin, təzyiqlərə məruz qalmış, ordudan qovulmuş hərbçilərin ifadələri mövzunu daim aktual saxlayırdı. “Tərtər işi”nin yenidən araşdırılması, həqiqi günahkarların ortaya çıxarılması ilə bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciətlər edilirdi.

Bu gün də ciddi müzakirə mövzusuna çevrilən yeni xəbərlə bağlı musavat.com-a danışan hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov maraqlı məlumatlar bölüşüb.

Ü.Cəfərov qeyd edib ki, “Tərtər işi” ilə bağlı çoxsaylı narazılıqlar olsa da bəzi maraqlı tərəflər bu işin ədalətli şəkildə aradırılmasına mane olub.

Polkovnik qeyd edib ki, bir qrup ehtiyatda olan yüksək rütbəli zabitlər, hərbiçilər ölkə başçısına müraciət edib: “Məndə olan məlumata görə həmin hərbiçilər öz imkanlarından istifadə edərək bu məsələni Ali Baş Komandana çatdırıblar. Ölkə başçısı səviyyəsində bu işin ciddi şəkildə yenidən araşdırılması barədə göstəriş verilib”.

Üzeyir Cəfərov bildirib ki, bu işlə bağlı nöqsanı olan şəxslər vəzifəsinə və bu günə qədərki xidmətlərinə baxmayaraq cəzalandırılmalıdır:

Mən həmin hadisələrin şahidi olmamışam, amma bu işə cəlb edilən bəzi şəxslərin bəraət aldığını, günahsız olduğunu gördük. İşin yenidən araşdırılması bir çox məsələlərə aydınlıq gətirəcək. Təəssüf ki, bəzi şəxslər şəxsi intriqalarını, məqsədlərini ortaya qoyurlar”.

Ü.Cəfərov “Tərtər işi”nin yenidən araşdırılması zamanı sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov və bu işdə adı çox hallanan general Hikmət Həsənovun istintaqa cəlb ediləcəyi fikirlərinə də münasibət bildirib.

Hərbi ekspert deyib ki, istintaq başa çatmadan əvvəl belə fikirlər səsləndirilməsi doğru olmaz:

“Bir daha onu qeyd edim ki, ortada bir cinayət, nöqsan varsa, əvvəlki xidmətlərinə, vəzifəsinə baxmayaraq həmin şəxslər mütləq şəkildə cəzalandırılmalıdır.

Mənim keçmiş hərbiçi kimi hazırda orduda olan, ordudan tərxis olmuş zabitlərlə əlaqələrim var. İndi kiminsə adını çəksəm düşünəcəklər ki, digərinin adını niyə çəkmir? Yəqin ki, adını çəkmədiyim şəxslə dost olduğumu deyəcəklər.

Adını çəkəcəyim şəxsdən də xoşum gəlmədiyi üçün adını çəkdiyimi düşünəcəklər. Bu işlə bağlı məndə bir çox məlumatlar var, amma hamı kimi mən də istintaqın nəticəsini gözləmək məcburiyyətindəyəm. Qəti şəkildə bir daha onu deməliyəm ki, “Tərtər işi”ndə zərrə qədər də olsa günahı olan şəxs mütləq şəkildə cəzasız qalmamalıdır”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …