Ana səhifə / Gündəm / “Təmiz Binəqədi”nin böyük pullar hesabına tikilən “təpəsi” sökülür – FOTO

“Təmiz Binəqədi”nin böyük pullar hesabına tikilən “təpəsi” sökülür – FOTO

“Təmiz Binəqədi” layihəsi çərçivəsində tikilən növbəti süni təpə də sökülür. 
2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanıldı. Bunun üçün büdcədən xeyli miqdarda vəsait də ayrıldı. Vəsaitin bir qismi Binəqədi rayonunda Sumqayıt istiqamətinə gedən magistral yolun kənarında ucaldılan süni təpələrə xərcləndi. Bu təpələrin üzərində güllərdən buta rəsmi, “Binəqədi rayonu”  kimi sözlər yazılmışdı. Bu ilin fevral ayında isə həmin təpələrdən biri söküldü. Səbəb kimi əsas gətirildi ki, təpə yolda avtomobillərin hərəkətinə mane olur.
 İndi isə üzərinə “Binəqədi rayonu” yazılan təpənin söküntüsünə başlanılıb.
Musavat.com-un məlumatına görə, artıq təpə demək olar ki, tam şəkildə sökülüb. Ərazidə qoyulan xəbərdarlıq lövhəsinə görə, söküntü işləri Nəqliyyat Nazirliyi və Azəryolservis Açıq Səhimdar Cəmiyyəti (ASC) tərəfindən aparılır. Orada işləyən fəhlələr bildirdilər ki, hazırda söküntüdə fasilə yaranıb və bunun səbəbi təpələrin altından su və kanalizasiya xətlərinin keçməsidir.
Binəqədi sakinləri bildirirlər ki, onsuz da “Təmiz Binəqədi” layihəsi çərçivəsində qurulan bu təpələrin onlar üçün heç bir əhəmiyyəti yox idi. Çünki təpələr kənardan gözəl görünsə də, arxasında natəmizlik, zibillik var idi. Hazırda sökülən təpənin tam arxasında zibil qutuları qoyulub. Əhali isə zibilləri qutuya deyil, ətrafa atır, bu səbəbdən oradakı zibillikdən ətrafa üfunət iyi yayılır.
 Məsələdə maraqlı hal isə budur ki, təpələr tikilən zaman buna heç bir reaksiya verməyən “Azəryolservis” ASC, indi hesab edir ki, bu tikililər magistral yolun daralmasına səbəb olur və sökülməlidir.
Bununla bağlı musavat.com-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli danışıb. O təpələrin sökülməsi səbəbini və bundan sonra hansı yollarda genişlənmə işlərinin aparılacağını açıqlayıb. Qurum rəsmisinin sözlərinə görə, təpələrin tikintisini onlar aparmayıblar:
“Bilirsiniz ki, Bakı şəhəri üzrə hazırda tıxacların aradan qaldırılması istiqamətində ayrı-ayrı qurumlar tərəfindən müəyyən addımlar atılır. O cümlədən Nəqliyyat Nazirliyi “Azəryoslervis” ASC tərəfindən  bu kimi tədbirlər həyata keçirilməkdədir. Nəzərdə tutulan  söküntü işi həmin istiqamətdə yaranan tıxacların qarşısını almağa yönəlib. Orada təxminən 100 metr uzunluğunda təpə sökülür. Söküntü nəticəsində yol təxminən 4 metr genişlənəcək. Qeyd edim ki,  bundan öncə  tıxacın qarşısını almaq üçün Sulutəpə dairəsində nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib”. 
A.Nəcəflinin sözlərinə görə, nəqliyyatın sıxlığını aradan qaldırmaq məqsədilə Nəqliyyat Nazirliyi “Azəryoslervis” ASC tərəfindən bu istiqmətdə işlər davam etdiriləcək. Eyni zamanda onun sözlərindən belə aydın olur ki, təpələrin söküldüyü yerdə dayanacaqların da qoyulması nəzərdə tutulub. Onu da qeyd edək ki, ərazidə piyada keçidi olsa da, heç bir dayanacaq mövcud deyil. İnsanlar oradan keçən avtobuslara minmək üçün, avtomobillərin sürətlə keçdiyi yolun kənarında dayanırlar, bu isə təhlükəsizlik baxımından doğru hal hesab olunmur.
Əli Rais, musavat.com






Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın