Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / “Tələyə düşmüş təkər” – “təkərə düşən” sahibkarlar

“Tələyə düşmüş təkər” – “təkərə düşən” sahibkarlar

Yanvarın 12-də bir qrup şəxs Dövlət Gömürük Komitəsinin (DGK) qarşısında aksiya keçirib. Onlar işlənmiş təkərlərin ölkəyə gətirilməsinə yeni gömrük rüsumlarından narazılıq edib. Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Onların sözlərinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.

İşlənmiş şinlərə tələbat çoxdur

Təkər

Xatırladaq ki, sahikarlar işlənmiş şinləri əsasən Almaniyadan ixrac edir. Ölkədə Almaniyadan gətirilmiş işlənmiş şinlər bazarda geniş alıcıya malikdir. Belə ki, avtomobil sahibləri bu şinlərin Almaniya standartlarına uyğun hazırlandığına əmin olduğu üçün digər ölkələrdən gətirilən təzə şinlərin keyfiyyət standartlarına uyğun hazırlandığına şübhə ilə yanaşırlar. Həm də Almaniyadan gətirilmiş işlənmiş şinlər təzə şinlərdən azı iki dəfə ucuz satılır.

Dövlət Gömrük Komitəsi: Gömrük rüsumunu Nazirlər Kabineti qaldırıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi sahibkarla bildirib ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixliqərarına əsasən 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib. Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər.

Sahibkarlar etiraz edir

Sahibkarlar etiraz edir

Komitə bildirir ki, dəfələrlə Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri, şəxsən DGK sədri Aydın Əliyev, DGK sədrinin birinci müavini SəfərMehdiyev və digər məsul vəzifəli şəxslər yeni qərarla razılaşmayan sahibkarlarla dəfələrlə görüşüb, onlara qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

Nazirlər Kabinetinin qərarı

Nazirlər Kabineti

Nazirlər Kabineti

Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında qərar verib. Qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarla “Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”, “Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” və “Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” bu il yanvarın 1-dən ləğv edilib.

Eyni zamanda, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlənib.

Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu gömrük rüsunun qaldırlmasına münasibət bildirib. Onun facebook səhifəsində dərc etdiyi araşdırmasını təqdim edirik.

“Təkər gətirənlər tələyə düşüb”

Qubad İbadoğlu

Qubad İbadoğlu

Bu gün məlumat yayıldı ki, işlənmiş təkər idxalı ilə məşğul olan bir qrup şəxs Dövlət Gömürük Komitəsinin qarşısında aksiya keçirərək, gömrük rüsumlarının qaldırılmasından narazılıq ediblər. Belə ki, yanvarın 1-dən etibarən minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib, nəticədə köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Beləliklə də bir konteyner təkərin rüsumu 15 000 manatdan 45 000 manatadək bahalaşıb.

Sahibkar 1 təkəri 6 avroya alıb, 10 dollar gömrük ödəməlidir

Hesablamalara görə, 1 konteynerə maksimum 2000-dək təkər yerləşdirmək olur. Gəlin hesab edək ki, sahibkar Almaniyadan aldığı 1900 ədəd təkərin hər birinə orta hesabla 6 avro ödəyib, bu o deməkdir ki, 1 konteyner təkərin invoys qiyməti 23 000 manat təşkil edir. Həmin təkərləri Azərbaycana gətirəndə sahibkardan hər bir təkərə görə 10 dollar ödəmək tələb olunur. Bu halda da sahibkar 19000 dollar və ya 32 300 manat da rüsum ödəməlidir. Amma sahibkarın ödənişləri bununla bitmir. Çünki, gömrük rüsumundan sonra əsas xərc əlavə dəyər vergisi yaradır. Belə ki, konteynerin invoys dəyərini – 23 000 manatı, gömrük dəyəri kimi əsas götürüb onun üzərinə 32 300 manat əlavə ediləndən sonra cəmi 55 300 (23 000 + 32 300) manatdan sahibkar 9954 manat (55300 x 18 faiz ) ƏDV ödəməlidir. Hələ bu da son deyil, bundan əlavə sahibkar 250 manata qədər sair ödənişlər edir. Beləliklə də ölkəyə 1 konteyner (1900 ədəd) təkər gətirən sahibkar 32 300 manat gömrük rüsumu, 9 954 manat ƏDV və 250 manat digər ödənişlər etməlidir. Bütün bunların cəmi də 42 500 manat edir. Deməli, Almaniyada 1900 təkərə 23 000 manat ödəyən sahibkar, Azərbaycan gömrüyünə də 42 500 manat ödəməli və yol xərclərini, daşınma məsrəflərini də qarşılamalıdır. Hesab etsək ki, 1 konteynerin daşınma və sahibkarın əlavə məsrəfləri 2000 avro və ya 4000 manat edərsə, onda 1 konteyner təkərin Azərbaycana gətirilmə qiyməti 79 500 manata (23000 + 42500 + 4000) çatacaq. Amma bununla da xərclər bitmir. Çünki, təkər satan sahibkar onu satmaq üçün yer kirayələməli, işçı saxlamalı, işıq pulu, vergi və sair ödənişlər etməli və üstəlik də mənfəət qazanmalıdır. Bu isə o deməkdir ki, sahibkar işlənmiş hər təkəri ən azı 75 manata satmalıdır ki, yalnız xərclərini ödəsin. Bu da o halda mümkündür ki, gətirilmiş təkərlərin hamısı ən aşağı 75 manata satılsın.

“Görəsən, belə “müdrik” qərar kimin ağlının nəticəsidir?”

Nəzərə alsaq ki, sahibkarlar mənfəət üçün çalışır, onda işlənmiş təkərin satış qiyməti 100 manata qədər bahalaşa bilər. Belə olan halda təkər bazarında təzə təkərlərin də qiyməti adekvat olaraq artacaq. Onda da yaranmış vəziyyətdən çıxış yolu axtaran istehlakçıların böyük əksəriyyəti köhnə təkərli avtomobilləri ilə Gürcüstana səfər edib, orda təkərləri dəyişdirib Bakıya qayıdacaq. Nəticədə də avtomobil sahiblərinin işlənmiş təkərə tələbatını əsasən gürcülər ödəyəcək və qazanan da onlar olacaq.
Görəsən, belə “müdrik” qərar kimin ağlının nəticəsidir? (“Amerikanın səsi”).

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …