Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Suriya münaqişənin tarixçəsi – ARAŞDIRMA

Suriya münaqişənin tarixçəsi – ARAŞDIRMA

Davam etdiyi dörd il yarımda 250 min insanın ölümünə bais olmuş münaqişə antihökumət etirazları ilə başlanmışdısa da, sonunda tammiqyaslı vətəndaş müharibəsinə çevrilib. Daha 11 milyon insan prezident Bəşər əl-Əsədə sadiq qüvvələrlə, rejimə qarşı olan qruplaşmalar və özünü İslam Dövləti adlandıran (İD) cihadçılar arasında gedən döyüşlərdən qaçaraq didərginə çevrilib. BBC bu faciəli müharibənin hekayətini səkkiz fəsildə sizə təqdim edir.

1. Etirazlar zorakılığa çevrilir

Image copyrightGetty

Demokratiya çağırışlı etirazlar 2011-ci ilin martında Dera şəhərində qopmuşdu. Buna səbəb məktəbin divarlarına inqilabi şüarlar yazmış bir neçə yeniyetmənin həbsi və onlara işgəncə verilməsi idi. Təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açdıqdan sonra küçələrə daha çox insan çıxmağa başladı.

Bu üsyan prezident Bəşər Əsədin istefasını tələb edən ümumölkə etirazlarına təkan verdi. Hökumətin etirazları yatırmaq üçün zora əl atması, əksinə üsyançıların əzmini artırırdı. 2011-ci ilin iyulunda ölkə şəhərlərinin küçələrinə yüz minlərlə etirazçı çıxırdı.

Müxalifət tərəfdarları tədricən silahlanmağa başlamışdılar. Onlar əvvəlcə özlərini müdaiə etməyi düşünürdülər, lakin sonradan bu silahlarla təhlükəsizlik qüvvələrini yaşadıqları yerlərdən çıxardılar.

__________________________________________________________

2. Vətəndaş müharibəsinə yuvarlanma

Image copyrightGetty

Zorakılıqlar artır, şəhər, qəsəbə və kəndlərə nəzarəti ələ almaq məqsədilə hökumət qüvvələri ilə döyüşmək üçün qiyamçı briqadaların yaradılması ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. 2012-ci ildə döyüşlər artıq paytaxt Dəməşqə və ölkənin ikinci şəhəri Hələbə çatmışdı.

BMT-nin məlumatına görə, 2013-cü ilin iyununadək münaqişədə həlak olanların sayı artıq 90 minə çatmışdı. Fəalların və BMT-nin başqa bir məlumatında isə deyilirdi ki, 2015-ci ilin avqustunadək artıq 250 min insan öldürülüb.

İndi bu münaqişə sadəcə olaraq Əsədə qarşı və onunla birlikdə olanlar arasında getmir. Münaqişə getdikcə daha çox məzhəb çalarları alır. İndi ölkənin sünni çoxluğu prezidentin şiə ələvi təriqətinin davamçıları ilə döyüşür. Bu toqquşmaya regional dünya gücləri də cəlb olunmuşlar. İslam Dövləti adlandırılan təşkilatın yüksəlişi isə haçalanmanı daha da artırıb.

__________________________________________________________

3. Hərbi cinayətlər

Image copyrightGetty

BMT komissiyasının araşdırması belə bir nəticəyə gəlib ki, münaqişənin bütün tərəfləri qətllər, işgəncə, zorlama və zorla itkinliyə salınma da daxil müharibə cinayətləri törədiblər. Tərəflər həmçinin mülkilərə iztirab gətirməkdə və onların ərzaqdan, sudan və səhiyyə xidmətindən məhrum edilməsindən müharibə metodu kimi istifadə etməkdə günahlandırılırlar.

BMT Təhlükəszilik Şurası bütün tərəfləri məskun ərazilərdə silahlardan nizamsız istifadədən çəkinməyə çağırıb. Buna baxmayaraq minlərlə insan həlak olmaqda davam edir. Çoxları hökumət təyyarələrinin qiyamçıların nəzarətində olan sahələrə atdığı çəllək bombalarının partlayışlarından həlak olur. BMT bu sayaq hücumları qətliam hesab edir.

Eyni zamanda BMT İD-i terror kampaniyası aparmaqda ittiham edir. Bu təşkilat onun qaydalarını pozanları qəddarlıqla cəzalandırır. İnsanlara qarşı ictimai edam və bədən ətraflarının kəsilməsi kimi cəzalar tətbiq edilir. İD döyüşçüləri həmçinin rəqib qruplaşmaların, dini azlıqların qətliamlarını, qərblilər də daxil girovların başlarının kəsilməsi ilə edamlarını həyata keçirib.

__________________________________________________________

4. Kimyəvi silahlar

Image copyrightGetty

2013-cü ilin avqustunda Dəməşqin bir neçə ətraf rayonuna zarin əsəb-iflic qazı ilə doldurulmuş raketlər atıldıqdan sonra yüzlərlə insan həlak olmuşdu. Qərb güclər deyirdilər ki, belə bir əməliyyat yalnız Suriya hökuməti tərəfindən həyata keçirlə bilərdi. Öz növbəsində hökumət hücuma görə qiyamçı qüvvələri məsul sayırdı.

ABŞ-ın hərbi müdaxilə təhlükəsi ilə üzləşən prezident Əsəd ölkənin kimyəvi silah cəbbəxanasının ləğvinə icazə verdi. Arsenalın məhv edilməsi üzrə proses növbəti il başa çatdırıldı, lakin Kimyəvi Silahların Qadağanı Təşkilatı (Organisation for the Prohibition of Chemical Weapons – OPCW) münaqişədə toksik qazlardan istifadə hallarını sənədləşdirməkdə davam edirdi. Təşkilat 2014-cü ilin aprel və iyul ayları arasında qiyamçıların nəzarətində olan ərazilərə hücumlarda “xlorin” maddəsindən dəfələrlə istifadə olunduğunu aşkar etmişdi.

İD də əldəqayırma iprit də daxil, kimyəvi silahlardan istifadədə ittiham olunurdu. OPCW bildirmişdi ki, bu yandırıcı agentdən 2015-ci ilin avqustunda şimaldakı Marea şəhərinə hücumda istifadə edilib. Həmin hücum zamanı körpə oğlan uşağı həlak olmuşdu.

__________________________________________________________

5. Humanitar böhran

Münaqişənin başlanğıcından bəri 4, 5 milyon insan Suriyanı tərk edib. Bunların əksəriyyəti qadınlar və uşaqlardır. Qonşu İordaniya, Livan və Türkiyə yeni tarixin ən böyük insan axınının öhdəsindən gəlmək üçün çarpışırlar. Suriya qaçqınlarının 10 faizi Avropa ölkələrinə sığına bilib. Onların axını Avropa İttifaqı ölkələri arasında miqrant böhranı ilə bağlı ixtilafı daha da artırıb.

Daha 6, 5 milyon nəfər Suriyanın özündə müvəqqəyti köçkün vəziyyətinə düşüb. Onlardan 1, 2 milyon nəfəri öz evlərindən təkcə 2015-ci ildə məhrum edilib.

BMT bildirir ki, 13, 5 milyon insana yardım göstərməsi üçün ona 3, 2 milyard dollar vəsait lazımdır. Bunlardan 6 milyonunu Suriyanın öz daxilində olan uşaqlar təşkil edirlər. Hazırda əhalinin 70 faizinin içməli suya çıxışı yoxdur. Hər üç nəfərdən biri gündəlik qidalanmasını əldə edə bilmir. 2 milyon uşaq məktəbsiz qalıb, hər beş nəfərdən dördü yoxsulluq içində yaşayır.

Müharibə edən tərəflər humanitar təşkilatların mülki əhaliyə yardımının qarşısını almaqla vəziyyəti daha da gərginləşdirirlər. Suriyada əhalinin 4, 5 milyonu çətin əlçatan ucqarlarda yaşayır. Bunlara 15-dək blokadaya alınmış və həyati yardıma ehtiyacı olan 400 min nəfər də daxildir.

__________________________________________________________

6. Qiyamçılar və cihadçıların yüksəlişi

Image copyrightGetty

Silahlı qiyam, qalxdığı gündən bir sıra dəyişikliklərə məruz qalıb. Hazırda dünyəvi mötədillər qlobal hiddətə səbəb olan islamçılar və cihadçılardan sayca qat-qat azdırlar.

İslam Dövləti qruplaşması ümumi xaosdan istifadə edərək Suriya və İraqda geniş əraziləri zəbt edə bilib. Təşkilat 2014-cü ilin iyununda bu ərazilərdə “xilafət” elan edib. Onun bir çox döyüşçüləri Suriyada “müharibə içində müharibə” aparırlar. Onlar həm qiyamçılara və əl-Qaedaya bağlı Nüsrə cəbhəsindən olan rəqib cihadçılara, həm də hökumət və kürd qüvvələrinə qarşı vuruşurlar.

2014-cü ilin sentyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya İD-in “gücdən salınması və məhv edilməsi” üçün Suriyada hava zərbələrinə başlayıb. Lakin eyni zamanda koalisiya Əsəd qüvvələrini gücləndirə biləcək zərbələrdən çəkinir. Ötən ildən Rusiya Suriyada “terrorçuları” hədəfləyən hava kampaniyasına başlayıb. Lakin Suriya müxalifəti iddia edir ki, Rusiya raket zərbələrinin hədəfi əsas etibarilə Qərb tərəfindən dəstəklənən qiyamçılar və mülkilərdir.

Müxalifət qrupları siyasi meydanda da dərin parçalanma vəziyyətindədir. Rəqib alyanslar hegemonluq uğrunda bir biri ilə mübarizə aparırlar. Bunların arasında ən çox tanınanı Qərb və Körfəz ölkələri tərəfindən dəstəklənən İnqilab və Müxalifət Qüvvələrinin Milli Koalisiyasıdır. Lakin bu mühacirət qrupu bilavasitə Suriya ərazisində çox az təsirə malikdir və cənab Əsədə müxalif olanların əksəriyyəti onları qəbul etmir.

__________________________________________________________

7. Sülh səyləri

Image copyrightGetty

Heç bir tərəfin digər tərəf üzərində tam qələbə əldə edə bilməməsi beynəlxalq icmanı belə bir nəticəyə gətirmişdi ki, Suriyadakı münaqişəyə yalnız siyasi yollarla son qoymaq olar.

BMT-nin Təhlükəsizlik Şurası 2012-ci il Cenevrə Bəyannaməsinin tətbiqinə çağırırdı. Bu bəyannamədə “qarşılıqlı razılıq əsasında” tam icra gücü olan keçid hökumətinin yaradılması nəzərdə tutulurdu. Cenevrə-2 kimi tanınan danışıqlar iki dövrədən sonra, 2014-cü ilin əvvəllərində pozuldu. BMT-nin xüsusi nümayəndəsi Laxdar Brahimi buna görə müxalifətin tələblərini rədd edən Suriya hökumətini ittiham edirdi.

Brahiminin xələfi Staffan de Mistura əsas diqqətini sislsilə lokal atəşkəslərə yönəltmişdi. Hələbdə “dondurulmuş ərazinin” yaradılması ideyası uğursuzluğa düçar oldu, lakin Homs şəhərinin əl-Veyr qəsəbəsinin üç illik mühasirəsinə 2015-ci ilin dekabrında uğurla son qoyuldu. Eyi zamanda İD-lə münaqişə Suriyada siyasi həllin tapılması səylərinə yeni təkan vermişdi.

ABŞ və Rusiya müxalifəti və hökuməti 2016-cı ilin yanvarında Cenevrədə keçirilən “təmsili danışıqlara” gətirməyə yönəlmiş cəhdlərə başçılıq edirdilər. Bu danışıqlarda Təhlükəsizlik Şurasının qəbul etdiyi sülhün yol xərtiəsi müzakirə olunmalı, atəşəkəs və keçid dövrü seçkilərlə başa çatmalı idi.

__________________________________________________________

8. Təmsili müharibə

Image copyrightGetty

Ərəb baharı silsiləsindən avtoritar liderə qarşı növbəti etiraz kimi başlanan bu üsyan sonradan regional və dünya güclərini öz burulğanına çəkən qəddar təmsili müharibəyə çevrildi. İran və Rusiya prezident Əsədin ələvi çoxluğuna malik hökumətini dəstəklədilər və bu dəstəyin miqyası getdikcə daha da böyüdü. Bəzi məlumatlara görə, Tehran cənab Əsədi gücləndirmək üçün hər il milyardlarla dollar pul xərcləyir, Suriyaya hərbi müşavirlər, silah-sursat, eləcə də maliyyə və neft göndərirdi. Daha sonra isə Rusiya Suriyada Əsədin opponentlərini hədəfləyən hava zərbələrinə başladı.

Suriya hökumətinə, həmçinin Livanın şiə Hizbullah təşkilatı dəstək verirdi. Bu qruplaşma 2013-cü ildən bəri Suriya hökumətinə öz döyüşçüləri ilə dəstək verməyə başladı. Digər tərəfdən əksəriyyəti sünni müsəlman olan müxalifət özünə Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, habelə ABŞ, Birləşmiş Krallıq və Fransanın simasında beynəlxalq dəstəkçilər cəlb etdi.

2015-ci ilin sonlarınadək qiyamçıların hökumətin dağıdıcı hava zərbələrinə qarşı havadan müdafiə silahları üçün etdikləri müraciətlər ABŞ və onun müttəfiqləri tərəfindən rədd edilirdi. Narahatlıq bundan idi kİ, bu silahlar cihadçıların əlinə keçə bilərdi. ABŞ-ın İD-ə qarşı 5 min qiyamçının təlimləndirilməsi proqramı da bir neçə dəfə uğursuzluqla nəticələndi və dayandırıldı. BBC

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın