Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Suraxanının icra başçısının “Ölkə rəhbərliyi bilmir ki…” deməsi – Fotolarda

Suraxanının icra başçısının “Ölkə rəhbərliyi bilmir ki…” deməsi – Fotolarda

Paytaxtın Suraxanı rayon icra başçısı İlqar Abbasovun məclislərin birində “Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?!” deməsi ilə bağlı iddiaların ardınca araşdırmalar başlamışıq.

VİZUAL.az xəbər verir ki, araşdırmalar zamanı rayon rəhbərliyinin nə işlərlə məşğul olmasının hələ bir sahəsi üzrə məlumatları əldə olunub.

Yuxarı Mədən, 6-cı Köndələn və…

Belə ki, rayonun Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub. Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib.

Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir. Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev rayon icra başçısının torpaq biznesində mühüm kadrı hesab olunur.

Bakının bu qəsəbəsi sanki torpaq satışı üçün salınıb. Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb.

Məlumatda bildirilir ki, İ.Abbasov Suraxanı rayon İcra Hakimiyyətində torpaq alverini bir neçə şəxsə həvalə edib. Suraxanıda tikinti üçün verilən sərəncamlara görə qeyri-rəsmi ödənişlər 5000 manatdan yuxarıdır.

Başçının bələdiyyə komandası

Vizual.az xəbər verir ki, Qaraçuxur qəsəbəsi İlqar Abbasovun “qazanc mənbələri” siyahısında önəmli yerlərdən birini tutur. Bu qəsəbədə bələdiyyə sədri İxtiyar Nəcəfov torpağın 1 sotunu 10 və 12 min manat arasında satır. Son 2 ildə qəsəbənin mərkəzi parklarının ətrafında 50 dən çox sahibkar obyektləri tikilib. Bu obyektlərin tikliməsi üçün verilən torpağın 1 kvadratmetri isə 2000 manatdan aşağı olmayıb.

Bundan başqa Hövsan qəsəbəsində “koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək hazırda 2500-3000 manata satılır. Amma Hövsanda icra başçısının əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30 yaxın villa tipli evlərin tikilərək satılmasıdır.

Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 5 ildə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 80-dən çox ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir”.

Ümumiyyətlə, media üzərindən aparılan araşdırmalar zamanı da məlum olur ki, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayevin adı torpaq alverində hallanır.

“Kərpic zavod” da satıldı

Bu komanda İ.Abbasovun təkcə torpaq satışında gəlir gətirən heyətidir. Rayonda gəlirli digər sahələr barədə araşdırmalarımız da davam edir. Təkcə torpaq biznesindən əldə olunan vəsait isbat edir ki, İ.Abbasov “Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?!” deməyə yetərlidir. Bundan əlavə, icra başçısı və onun qəsəbələr üzrə köməkçiləri boş yaşıllıq əraziləri də ayrı-ayrı iş adamlarına müxtəlif məqsədlər üçün satır.

Yeni Günəşli qəsəbəsi isə bu baxımdan daha çox fərqlənir. “Kərpic zavod” kimi tanınan yerin ətrafı da torpaqlanaraq hansısa iş adamına satılıb.

Qartal heykəli kimi tanından ərazidən “Kərpic zavod” istiqamətində gedərkən yolun kənarında böyük bir ərazi torpaqlanaraq satılmaq vəziyyətinə gətirilib. Bəlkə də satılıb və yeni sahibi oranı hamarladıb. Bu haqda mətbuatda da xəbərlər yayılıb.

Bir çıxışın ajiotajı

Qeyd edək ki, Suraxanı rayon icra başçısının qeyri-rəsmi məclisdə etdiyi çıxış ona baha başa gəlib. İlqar Abbasovun “Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?!” deməsi ciddi şəkildə ajiotaj doğurub.

Məclislərin birində İ.Abbasovun qeyri-rəsmi söhbət zamanı dövlət rəhbərliyinə yönəlik bu emosional ifadəsi mətbuata sızdırılıb və tirajlanıb. Ardınca icra başçısının özünün də gözləmədiyi halda etdiyi çıxış mərkəzi dairələrə məruzə olunub.

Bildirilir ki, bu məsələnin belə böyüməsi və mediada rezonans doğurmasından sonra icra başçısına zəng olunub, xəbərdarlıq edilib. Təcrübəli icra hakiminin özünə yaxın adamlarla birgə iştirak etdiyi tədbirdə belə bir ifadə işlətməsi yuxarı eşelonda da təəccüblə qarşılanıb. Gunxeber.com yazıb ki, emosiyalarına hakim ola bilməyən İ.Abbasov həmkarlarına təsəlli verərək mətbuatın yazdıqlarına əhəmiyyət verməməyə çağırıb.

“Qoy nə yazırlar, yazsınlar”

Sayt başçının sözlərini yazıb: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq? Bilmirlər ki, söküb, dağıdırıq?”.

Təbii ki, bu çıxışın səs yazısı mətbuatda yayımlansa Quba hadisələrinin təkrarı da istisna deyil. Onsuz da Suraxanı sakinləri xirtdəyə qədər sosial problemlər girdabında çabalayır. Belə vaxtda başçının bu ismarıcı əhalini daha da hiddətləndirə bilər.

Sayt yazıb ki, İ.Abbasov bu çıxışı həmkarlarından birinin nəvəsinin doğum günü məclisində edib.

İcra başçısının da iştirak etdiyi komfort otaqlardan birində 8-10 nəfər yüksək vəzifəli şəxs olub. Məclis iştirakçıları xeyli yeyib-içdikdən sonra mətbuatın onlar haqda yazdıqlarını müzakirə ediblər.

Jurnalistləri “ağ yuyub qara sərən” məmurların bir çoxu medianın onlar üçün əsl başağrısına çevrildiyini, jurnalistlərin hər addımlarından xəbər tutduqlarını, evlərinin, maşınlarının şəkillərinin saytlarda yaydıqlarını deyiblər.

Söhbətin bu yerində İ.Abbasov məlum çıxışı edib. Mənbənin sözlərinə inansaq, İ.Abbasovun bu dedikləri məclisdəkilərə soyuq duş təsiri bağışlayıb və onlar tez söhbəti dəyişiblər. Hər halda bu iddialar mətbuatda səslənib və Vizual.az olaraq qarşı tərəfin mövqeyini də dərc etməyə hər zaman hazırıq.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın