Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Suraxanı Rayon Məhkəməsində rəzalət – FAKT

Suraxanı Rayon Məhkəməsində rəzalət – FAKT

Hakim Gülsarə İmanovanın çıxardığı ədalətsiz qərarlar vətəndaşların məhkəmə sisteminə olan inamını azaldıb Uzun müddət Türkmənistanda işləmiş bu xanım qanunlarımızı saymır Ölkəmizdə məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçməsində Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli fərmanının müstəsna əhəmiyyəti var. Fərmanın icrası məqsədilə regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional məhkəmələr yaradılıb, vətəndaşların narazılığına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, vətəndaşların məhkəmələrə inamının təmin edilməsi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin maddi-texniki təminatının gücləndirilməsi, məhkəmə aparatlarının strukturunun və işinin təkmilləşdirilməsi üzrə mühüm işlər görülmüşdür.

Ədalət mühakiməsinin çatımlılığı zəruriliyini nəzərə alaraq son illər ərzində ölkə ərazisində geniş regional məhkəmə şəbəkəsinin, o cümlədən, vahid apelyasiya məhkəməsini əvəz edən regional apelyasiya məhkəmələrinin, həmçinin ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələrin yaradılması regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir. Ümumiyyətlə, son illərdə Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında 20-dək yeni məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılmış, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılaraq, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Qeyd edək ki, məhkəmə hakimi ədalətli olmalı, icraatında olan işə baxarkən tərəflərdən birinin fəhlə, digərinin isə məmur, vəzifə sahibi olmasına önəm verməməlidir. Yəni hakim adını daşıyan şəxs nə cavabdehin, nə iddiaçı tərəfin vəkili rolunda çıxış etməməlidir. Hakimin gözündə hər kəs eyni statusa sahib olmalıdır. Əgər bu baş verməzsə, o zaman ədalət bərqərar olmaz, femidanın tərəzisi əyilər, sonda isə haqlı haqsız, haqsız isə haqlı çıxa bilər. Odur ki, hər bir hakim, məhkəmə sədri hər şeydən öncə Azərbaycan Respublikasının adından qərar çıxardığının fərqinə varıb haqqı nahaqqa qurban verməməlidir. Əfsus, bu gün bu cür hakimlərin sayı barmaqla sayılacaq qədərdir. Çünki hakimlərin bir çoxu müəyyən maraqların təmin olunması və ya verilən sifarişi “layiqincə” icra etmək naminə ədalətsiz qərar çıxarırlar. Gundelik-baku.com-un apardığı araşdırma nəticəsində məlum olub ki, Suraxanı Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovnanın çıxardığı məhkəmə qərarları böyük etirazla qarşılanır, bu xanım qərar çıxararkən qanunvericiliyin tələblərini kobud surətdə pozur. Mətləbə keçid almazdan öncə qısaca vurğulayaq ki, Gülsarə İmanova 1962-ci ildə anadan olub. 1984-cü ildə Türkmənistan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1984-1986 Çarcov Vilayəti Təmir Tikinti trestinin hüquqşünası, 1986-1992-ci illərdə Çarcov Vilayəti Darqanata rayon hüquq məsləhətxanasının vəkili, 1992-1994-cü illərdə Darqanata rayon Qaraçak qəsəbə notariat kontorunun notariusu işləyib. 1994-1996-cı illərdə fərdi vəkillik fəaliyyəti ilə məşğul olub. 2007-2013-cü illərdə Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasının vəkili işləyib. 2013-cü ildən isə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimidir. Apardığımız araşdırmalar göstərir ki, hakim kimi ilk iş yeri Suraxanı Rayon Məhkəməsi olan Gülsarə İmanova ədaləti istənilən səviyyədə bərqərar edə bilmir: «Bu xanım icraatına daxil olan işlərin ədalətli şəkildə araşdırılmasını təmin etməkdə maraqlı görünmür. Elə buna görədir ki, Gülsarə xanım vətəndaşlara onların hüquqlarını izah etmədən, inzibati icraat qaydalarına zidd olaraq, inzibati işlərə baxarkən onları vəkillə təmin etməməsindən, haqqını tələb edən vətəndaşlara, ondan şikayət edən insanlara istədiyi vaxt bir bəhanə ilə inzibati qaydada protokol tərtib etdirərək barəsində digər tədbir seçməsindən və s. şikayətlər diqqəti cəlb edir. O “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərini pozaraq icraatında olan mülki, eləcə də cinayət işləri ilə əlaqədar proses iştirakçılarını və ya onların qohumlarını öz iş otağında qəbul edir və bu «görüş”ün nəticəsindən asılı olaraq bəzi işlərə darhal baxıb həll edir, digərləri isə əsassız yerə yubadılır». Xatırladaq ki, bir neçə ay öncə Gülsarə İmanovanın adı qalmaqallı hadisədə hallandırılıb. Belə ki, Qarabağ əlili Xaliq Abbaszadənin qanpulunun məhkəmə tərəfindən yeyildiyini vurğulayıb: «3 il öncə başqa əlilə verilən reabilitasiya vasitəsini – 90-HX-384 saylı “əlil” avtomobilini dayandığı yerdə arxadan vurub metallomluq edən 10-CK-200 saylı “Nissan X-Trail”in sürücüsü Fərid Hüseynov əlillərin qəza yerinə çağırdığı Suraxanı yol polisinin əməkdaşı Tahir İsgəndərovu necə sehrləyibsə, qəzaya və maşına aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadə alkohol testindən keçirilib, amma qəzanı törədən Fərid Hüseynov “yaddan çıxıb”. Yol polisi “Nissan”ın sığortalı olduğunu deyib, protokol tərtib etməyərək əlil maşınına dəyən ziyanın da ödəniləcəyinə söz verib. Amma hadisədən 8 gün sonra Suraxanı məhkəməsinin hakimi Gülsarə İmanova inzibati xətalarla bağlı işlərdə vəkilin iştirakı məcburi olduğu halda, vəkil ayırmadan Qarabağ əlilinə “güzəşt” edərək həbs yox, 400 manat cərimə tətbiq edib ki, sürücülük vəsiqəsi yoxdur». Təcrübəsiz hakimin səhvi bununla da bitmir. Əldə etdiyimiz məlumatlara görə, bir müddət əvvəl çalışdığı orta məktəbdə döyülən 69 yaşlı Müəllimə Yusifova iddia edir ki, onun işinə düzgün baxmırlar: «45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbdə tarix müəllimi işləyir. Xəsarət alandan sonra səhhətimdə ciddi xəstəliklər yaranıb. Sizcə, ahıl yaşlı qadına qarşı bu cür cinayət edən Quliyev Yaşar Ağa oğlu müəllim kimi fəaliyyət göstərib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilərmi? Məncə, təhsil işçiləri sırasında bu cür şəxsin fəaliyyət göstərməsi onun dərs dediyi uşaqlar üçün də təhlükəlidir. Hazırda hadisə ilə bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində Gülsarə İmanovanın hakimliyi ilə baxılır.

Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb. Xahiş edirəm, məsələ ilə bağlı jurnalist araşdırması aparasınız. Məsələni ictimailəşdirməkdə məqsədim cinayətkarın ədalətli cəza almasıdır». Bu faktlar onu göstərir ki, Gülsarə İmanovanın icraatında olan işlərlə bağlı vətəndaşlar böyük narahatlıq hissi keçirir, ondan ədalətli qərar çıxaracağını gözləmirlər. Biz ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovdan xahiş edirik ki, Gülsarə İmanovanın fəaliyyətini şəxsən öz nəzarətinə götürsün, onun barəsində zəruri tədbirlər həyata keçirsin. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləyə bilərik.

Gundelik-baku.com

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın