Ana səhifə / Gündəm / Şirvanda «Səmədağa bank» fəaliyyət göstərir

Şirvanda «Səmədağa bank» fəaliyyət göstərir

İkinci devalvasiyadan sonra ölkədə fəaliyyət göstərən bir sıra banklar fəaliyyətini dayandırdı, digərləri isə kredit verməkdən əl çəkdilər.

Çünki vətəndaşlarda pul kütləsinin azlıq təşkil etməsi onlara krediti qaytarmaqda çətinlik yaratdı. Bu baxımdan da problemli kreditlərin miqdarı 1 milyarda yaxındır. Amma deyəsən, bir il müddəttində baş verən iki devalvasiya bəzi şəxslərə heç bir təsir göstərməyib.

Hətta bankların krediti dayandırması belə şəxslər üçün göydən düşmə olub. Söhbəti Şirvan şəhərində sələmçiliklə məşğul olan Hacı Səmədağadan gedir. Bəli, hacı olan bir şəxsin sələmə pul verməsi haram sayılır. Bu məsələnin bir tərəfi. Heç bu mövzuya toxunmaq belə istəmirik. Amma məsələ ondadır ki, Şirvan və ətraf rayonların ərazisində kimin pula ehtiyacı yaranırsa, o dəqiqə Səmədağaya müraciət edir. Bu isə onun daha böyük gəlir əldə etməsinə şərait yaradır. Elə bankların son durumu da onun işinə yarayıb.

Gundelik-baku.com-un əldə etdiyi məlumata görə, «Nur» Ailəvi İstirahət Mərkəzinin rəhbəri Müşviq Əsgərov Hacı Səmədağadan 19000 manat sələm götürüb. Bu pulun 9 minini qaytarsa da, sələb faizinin çoxluğu üzündən götürülən pul azalmaq əvəzinə günü gündən artır. Belə ki, Səmədağa ona bildirib ki, bəs 40 000 verəcəyin var. Bu isə ciddi narazılığa səbəb olub. Bundan başqa onun faizə pul verdiyi şəxslər arasında Fərid adlı şəxs də var. Deyilənə görə 36 min manat faizə pul götürən Fərid bunu qaytara bilməyəcəyini görüb ölkədən qaçıb. Hikmət adlı şəxs isə, 200 min manat pulu faizə götürüb, amma sonradan qaytarmaqdan imtina edib. Bu isə narazılığa səbəb olub. Bir sözlə, Hacı Səmədağa Şirvanda səyyari bank fəaliyyəti ilə məşğuldur. Amma banklardan fərqli olaraq faizə verdiyi pullardan əldə etdiyi gəlirə görə dövlət büdcəsinə pul köçürməkdə xəsislik göstərir. Qanunda göstərilir ki, fiziki və hüquqi şəxslər əldə etdiyi gəlirin faizini büdcəyə ödəməlidir. Lakin bu məsələ Hacı Səmədağa üçün keçərli deyil. Maraqlıdır ki, yerli hüquq-mühafizə orqanları bu hala göz yummaqla məşğuldur. Olmaya Hacı Səmədağa onlarla dil tapmağı bacarır? Bu barədə bir söz deyə bilmərik, amma fakt odur ki, Şirvanda «Səmədağa bank» öz fəaliyyətini genişləndirməkdədir. Hətta bir müddət öncə Şirvan şəhər sakinləri Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinə də bu barədə müraciət etmişdilər: «Hacı Səmədağa adlı şəxs illərdir ki, insanlara sələmə pul verib onları zəlil edib. Bu şəxsə sələmlə pul verdiyinə görə əhali arasında artıq Hacı Faiz adı ilə məşhurlaşıb. Bu şəxsin çox maraqlı iş üslubu var. Ticarət mərkəzində bir ağ stol qoyub. Hər gün səhər evindən bazara gələn Hacı Səmədağa başında araqçın, əlində qara portfel ağ stolun arxasında əyləşib sələmçiliklə məşğul olur. Dilindən müqəddəs yerləri ziyarət etməsi düşmür, hər sözünün əvvəlində ”hacı”yam deyib faizləri vaxtı-vaxtında ödənilməsini istəyir. Bazarda alver edən ticarətçilərin əksəriyyətinin ona borcu var. Alver edib pul qazanan ticarətçilər ancaq Hacının faizlərini verməyi düşünürlər. Faizləri verə bilməyən şəxsin evini, əmlakını satdırır. Hacı Səmədağa çarəsiz insanlara sələmlə pulu öz yazdığı qanunlar çərçivəsində verir. Ondan 100 manat ya 1000 manat alanda hər günə 5 manat əlavə pul hesablayır. Tutaq ki, 1000 manat götürmüsənsə, ayın sonunda 150 manat ödəməlisən. Hər adama pul vermədiyi üçün Hacı Faizin maklerləri də var. Onların əli ilə pul götürəndə gündəlik 5 manat 10 manat olur. Sələm ayın sonunda 1000 manata qarşı 150 əvəzinə 300 manat olur».

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın