Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Siqaret qaçaqmalçıları: “Çağırdılar şöbəyə, tutub 160 min manatımızı aldılar…”

Siqaret qaçaqmalçıları: “Çağırdılar şöbəyə, tutub 160 min manatımızı aldılar…”

Ləğv edilmiş MTN-nin keçmiş idarə rəisiləri, generallar Sübahir Qurbanovun, Teymur Quliyevin, Natəvan Mürvətovanın və digərlərinin işi üzrə istintaq materiallarında siqaret qaçaqmalçılarının tutulub “yolunması” epizodu da var.

Virtualaz.org xəbər verir ki, bunlar iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Qurbanov Sahib Kamal oğlu və Əzimov Zaur Siyavuş oğludur. Belə məlum olur ki, MTN qanqsterləri qaçaqmalçıları tutub barələrində qanuni təhqiqat aparmaq əvəzinə iki epizodda onlardan cəmi 160 min manat alıb buraxıblar.

Həmin Sahib Qurbanov dindirilərkən ifadəsində bildirib ki, Əzimov Zaur Siyaviş oğlu və Yusifov Amil Turab oğlu ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş siqaretlərin satışı ilə məşğul olurdurlar. Sitat: “ 2015-ci ilin yanvar ayında MTN əməkdaşları Amil Yusifova məxsus, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretləri saxladı. Mən onu qurtarmaq üçün (yəni barəsində cinayət işinin açılmamasına çalışmaq üçün) MTN-in Xəzər rayon idarəsinə danışıq aparmağa getdim. İdarənin əməkdaşı Heydər İslamovla görüşdüm, o, mənim özümün də cinayət məsuliyyətinə cəlb olunacağımı dedi, “40 min manat ver, işi bağlayaq” deyə bildirdi. Razılaşdım, ertəsi gün 40 min manatı aparıb Heydər İslamova verdim”.

Belə məlum olur ki, bu hadisədən bir qədər sonra MTN-nin Xəzər rayon idarəsinin sabiq rəisi Rafiq Səfərov MTN-nin Binəqədi rayon idarəsinin rəisi vəzifəsinə, Heydər İslamov isə onun müavini vəzifəsinə təyin olunur. Lakin Rafiq Səfərov Xəzər rayonundan Binəqədi rayonuna təyinat alsa da köhnə “müştərilərinin”, yəni siqaret qaçaqmalçılarının izini əldən vermək fikrində deyildi.

2015-ci ilin təxminən fevral ayında Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri nəticəsində Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret məhsulları saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinə aparılır. Bundan sonra həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı Sahib Qurbanova zəng vuraraq onda olan 60 qutu (söhbət siqaret bloklarının qablaşdırıldığı iri qutudan gedir) siqareti də qısa müddət ərzində MTN-nin Binəqədi rayon idarəsinə gətirərək onlara təhvil verməsini tələb edir, “yoxsa həbs olunacaqsan” deyir. Qurbanov isə qaçaqmal siqaretdən 55 qutusunu apararaq MTN-nin Binəqədi rayon idarəsində təhvil verir.

Bu arada haşiyə çıxaraq qeyd etmək lazımdır ki, MTN-çilərin həmin qaçaqmal siqaretləri necə istifadə etdikləri haqda heç nə deyilmir. Ancaq yəqindir ki, MTN-çilər həmin siqaretləri qaçaqmalçılardan alıb özləri satdırıblar.

Digər siqaret qaçaqmalçısı Zaur Əzimov isə ifadəsində göstərir ki, Amil Yusifovla birlikdə qaçaqmalçılıq yoluyla gətirilən siqaretlərin satışı ilə məşğul olub başlarını babat dolandırırdılar. Lakin 2015-ci ilin fevral ayında ilişiblər. Həmin vaxt  MTN-nin Binəqədi rayon idarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib, nəticədə onlara məxsus 100 qutu siqaret saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb. Ardınca Əzimov özü də həmin idarəyə çağırılıb, orada ona deyiblər ki, Amil Yusifovla birlikdə cinayət məsuliyyətinə cəlb olunacaq. Əgər bunu istəmirsə 120 min manat gətirib verməlidir. Siqaret qaçaqmalçıları razılaşır, Amil Yusifov məbləği düzəldib tanışı vasitəsilə MTN-in Binəqədi rayon şöbəsinin rəhbərliyinə çatdırır.

İstintaq materiallarından belə məlum olur ki, Əzimovun, Yusifovun və Səfərovun telefonları məhkəmə sanksiyası olmadan MTN tərəfindən dinlənilib. Telefonların dinlənilməsi barədə müraciət MTN-in Xəzər və Binəqədi rayon idarələrindən daxil olub. Dinləmənin təşkil edilməsi barədə göstərişi isə MTN-in Antiterror Mərkəzinin rəhbəri, general Elçin Quliyev verib. İş üzrə təqsirləndirilən statusunda olan Elçin Quliyev bu epizod üzrə dindirilib, dindirmə zamanı deyib ki, telefonların dinlənilməsi barədə müraciət MTN-in əvvəl Xəzər, sonra Binəqədi rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərov tərəfindən daxil olmuşdu. Telefonların dinlənilməsi nəticəsində əldə olunan materiallar da toplanaraq ona göndərilib.

Lakin çox qəribədir ki, MTN-in Binəqədi şöbəsinin sabiq rəisi olan və siqaret qaçaqmalçılarının qanunsuz dinlənilməsini təşkil edən, sonra onların mallarını müsadirə edib böyük məbləğdə pulunu alan həmin Rafuq Səfərov cinayət məsuliyyətinə cəlb edilməyib. Onun adı iş üzrə ancaq şahid qismində keçir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın