Ana səhifə / Gündəm / Sevdiyi qızı qaçırdıqları üçün ölənə qədər evlənməyən bakılı rəssam –ARAŞDIRMA

Sevdiyi qızı qaçırdıqları üçün ölənə qədər evlənməyən bakılı rəssam –ARAŞDIRMA

1950-ci illərin Bakısı… Şəhər müharibə xofundan yeni ayılır. İnsanlar təzə-təzə özlərinə gəlməyə başlayırlar. Bu onilliyin sonunda Bakının qədim küçələrində bir qrup rəssamın doluşduğu “Mersedes” markalı maşın o yandan bu yana şütüyürdü. Maşındakı rəssamların daxili azadlığı, gəncliklərini biruzə verən şıltaqlıqları hamını maraqlandırırdı. Uşaqlar hər dəfə öz küçələrindən bu maşının keçməsini arzulayardılar. Böyükləri isə maşından daha çox onun qəribə sahibi maraqlandırırdı. Bu, özünün xüsusi saç düzümü və fizionomiyası ilə seçilən rəssam Əşrəf Muradoğlu idi. O vaxt hamı ona həsədlə baxırdı. Sank-Peterburqda Repin adına Memarlıq, Heykəltərşlıq və Rəssamlıq İnsitutunu bititən Əşrəf Muradoğlu dövrünün qayğısız gənclik simvoluna çevrilmişdi. Lakin heç kim bilmirdi ki, bu qayğısız modern gənclik simvolu olan, ən yeni kostyumları geyib, ən bahalı maşında gəzən rəssamı gələcəkdə hansı acı tale gözləyir..
Moderator.az-ın da təqdim edəcəyi yazıda Əşrəf Muradoğlunun acı taleyi haqda oxuya bilərsiniz:
Sevdiyi qızı qaçırdılar, və o ölənə qədər evlənmədi…
Hər şey də elə burdan başladı. Rəssam köhnə Bakının o vaxtkı gənc qızlarının hamısının diqqətini cəlb etmişdi. O, həm hamıdan fərqli vizual görünüşü, həm əsil-nəcabəti, həm də qeyri-adiliyi ilə əksər xanımların diqqətini özünə çəkirdi. Qərb modernliyini köhnə Şərq şəhərinə calaq edən rəssamın qeyri-adiliyi də xanımların diqqətindən yayınmazdı. Ancaq o, yalnız bir xanımı sevdi. Sevil adlı bu xanım rəssamın yeganə sevgi mənbəyi oldu. İmkanlı ailənin oğlu olmasına baxmayaraq, başqa
xanımlara maraq göstəmir və bu sevgisini də ürəyində gəzdirirdi. Nəhayət, yalnız 4 ildən sonra Sevilə məktub yazır: “Dörd il bundan qabaq mən sizi ilk dəfə gördüm, sizə uzaqdan baxdım, yaxınlaşmağa ürək etmədim. Sizinlə danışmağa cəsarətim çatmadı”.
Amma tele öz işini görür. Əşrəf Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən sevdiyi xanımı qaçırırlar. Bu olay onu psixoloji cəhətdən çox sarsıdır. Rəssam ömrünün sonuna qədər evlənmir.
Bahalı kostyumdan dərviş qiyafəsinə…
Əşrəf Muradoğlu 1925-ci ildə Bakıda anadan olub. Ailəsi imkanına görə seçilən ailələrdən idi. Uşaqlığı və yeniyetməliyi qayğılardan kənar keçib. Hətta o tələbə vaxtı fırça ilə işləyərkən həmin fırçanı öz bahalı kostyumlarının qolu ilə silərdi. Bu da uşaqlığından miras qalan şıltaqlıqdan irəli gəlirdi. Amma zaman keçdikcə Əşrəfin həyatı da dəyişir, qiyafələri də… 1947-54-cü illərdə Rusiyada tələbə ikən tətillərdə Bakıya gəlir və sifarişlər qəbul edir. Dostlarının xatirələrinə görə, o, ən çox sifariş alan rəssam idi. Sifarişlərinə də əyləncə naminə yanaşar, çox enerji sərf etmədən gözəl rəsmlər çəkirdi. Qazandığı pulları isə o zaman artıq kasıblamış ailəsinə və rənglərə sərf edərdi. O istəsəydi, varlı ola bilərdi. Artıq şəhərdə tanınır və sifarişləri artırdı. Amma o artıq imkanlı ailənin şıltaq oğlu deyildi. Öz yolunu, özünü tapmaq istəyən kamilliyə gedən dərviş libaslı bir insan idi.
 
Rənglərin içində ev…. Yandırılmış tablolar və polis dəyənəyi…
1960-70-ci illərin ən önəmli rəssamlarından olan avanqard sənətkar Əşrəf Muradoğlu bu ərəfələrdə hamıdan qaçaraq, öz rəng dünyasında yaşayırdı. Tərkidünya bir insan idi. Heç kim tərəfindən nə özü, nə də əsərləri qəbul olunurdu. Çoxusu tam
fərqli üslubda, ayrı dünyagörüşün, ayrı fantaziyanın məhsulu olan bu əsərləri anlamırdı və elə buna görə də rəssam demək olar ki, bütün sənət olaylarından təcrid olunmuşdu. Amma o öz yolundan dönmürdü. Sanki onu anlamayanların acığına əsərlərini bir az da mücərrədləşdirirdi. Əsərlərinin hamısında tablonun yuxarı hissəsində boşluqlar saxlayırdı. Əvvəlcə, ilk nəzər salanda bu anlaşılmır, amma sonradan başa düşürdün ki, rəssam burda məhz sonsuzluğu əks etdirib. Əsərin kompozisiyası məhz kosmosa gedib dirənir. Onun “Ata və oğul”, “Şeypurçalan” tablolarında bu daha qabarıq əks olunur. Amma bu təbii ki, bəzi insanlar tərəfindən anlaşılmırdı. O öz emalatxanasında rəngləri ilə bərabər yaşayırdı. Heç kimin diqqətini çəkməyən, qazanc gətirməyən avanqard portretlər isə rəssamın yaxın adamlarını qıcıqlandırırdı. Bu qıcıqlanma onun digər sənət yoldaşlarında da o qədər çox idi ki, rəssamın hər əsərini gülünclə qarşılayarlar. 1997-cu ildə rəssam öz emalatxana-evində tək-tənha öləndən sonra qonşusu ora köçdü, evin içində nə var idisə, hamısını çölə atdı, tabloları isə yandırdı.
Əslində onu tərkidünya edən bir səbəb də var. Küçələrin birində polis tərəfindən döyüləndən sonra xəstəxanaya düşür. Xəstəxanadan qayıdır və artıq həminki rəssam olmur. Tərkidünyalığa varır. Elə bu tərkidünyalıq içində öz yolunu tapır. Kiçik həcmli emalatxanada ömrünün sonuna qədər yaşayır.
 
Yoxa çıxan rəsmlər barədə…
Bakı İncəsənət Mərkəzində rəssamın iki əsəri “Tehran konfransı” (kətan, yağlı boya, 107×140 sm) və “Lenin Smolnıda” (kətan, yağlı boya, 130×117 sm) yoxa çıxıb. Bu əsərlər rəssamın şedevr əsərlərindən sayılır. Belə ki, bu iki portretdə digərlərindən fərqli olaraq ictimai- sosial və siyasi mesajlar da ötürülür. Təbii ki, bu rənglərin gizli dili ilə təsvir olunur. Rəssamın bacarığı onda idi ki, o kiçik bir detalda böyük
siyasi durumu təsvir edə bilib. Məsələn, “Tehran konfransı”nda totalitar dövrün 3 diktatoru Çörçill, Ruzvelt və Stalin xüsisi boyakarləqla əks olunub. Rəsm elə çəkilib ki, burda bütün diqqət Stalinə yönəlir. Dəstənin başında Stalin gəlir, o amiranə şəkildə əlini “Belamor” qutusuna tərəf uzadıb. Bilirik ki, Stalin “Kazbek” qutusunda saxlanılan “Hersoqovina Fler” siqareti çəkirdi. Amma rəssam “Belamor”u təsvir etməklə Belamor kanalının tikintisiylə təməli qoyulan düşərgələr sisteminə işarə edir və o dövrün acı reallıqlarını uzaqgörənliklə təsvir edir.
“Lenin Smolnı”da əsəri isə sxematik, cansız bir model – Lenin obrazıyla dərin psixoloji ovqat yaradır. Qan çanağına çalan tablonun qırmızı yerliyi şüuraltı hislərə təcavüz edib insanın narahatlığını, həyacanını artırır. Lenin isə dərkolunmaz, qapalı bir obraz kimi canlanır. Əllərindən qan daman bu obrazla tamaşaçı arasında heç bir əlaqə yaranmır. Bunun özündə də bir siyasi əlamət var. Belə ki, Lenin ideyalarının ancaq fövqəlbəşər bir hadisə olduğunu, onun real insanla heç bir əlaqəyə varmadığını göstərir.
Onun daha bir əsəri də vardı… Amma harda?
Rəssamın bir əsərinin taleyi isə onun öz taleyi ilə çox oxşardı. Belə ki, öləndən sonra ata evinin divarlarından asılan bu portreti evin təmiri zamanı hətta çıxarmağa belə layiq bilmir, birbaşa şəkilin üstünü hörürlər. Beləliklə, iki divarın arasında qalan şəkil rəssamın ruhunun əsl ifadəçisinə çevrilir. Beləliklə, “Kosmonavt”, “Sağıcılar”, “Yemişlər”, “Abşeronda axşam çağı” və s. kimi fərqli üsluba malik portretlərin sahibini divar arxasında qalan bu portret çox gözəl ifadə edir. Çünki o özü də həyatı boyu divar arxasında qaldı. Heç kim onu görmək istəmədi. Tərkidünya rəssam öləndə belə yanında kimsə olmadı. Bir doğma rənglərindən və bir də onu bu pilləyə çatdıran, həyatında yeganə sevdiyi qadın Sevilin xəyalından başqa onu kimsə o dünyaya yola salmadı… Gözlərinin önündə isə bir rənglər axırdı, bir də gecikmiş məktubda yazılan sözlər…..
“Dörd il bundan qabaq mən sizi ilk dəfə gördüm, sizə uzaqdan baxdım, yaxınlaşmağa ürək etmədim. Sizinlə danışmağa cəsarətim çatmadı”.
Qeyd: Əşrəf Muradoğlu haqqında yazılan yazıda mərhum kulturoloqlar Tofiq Abdin və Sara Nəzirovanın müəllifə danışdıqları bilgilərdən istifadə edilib.
Moderator.az kollektivi hər üç şəxsə Allahdan rəhmət diləyir.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın