Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Sarkisyan “Arsaxın” özü kimi cinayətkar “milli qəhrəmanını” əbədiləşdirdi…

Sarkisyan “Arsaxın” özü kimi cinayətkar “milli qəhrəmanını” əbədiləşdirdi…

“Bununla Sarkisyan sübut edir ki, onlar terroru dövlət səviyyəsində dəstəkləyirlər və ölkənin idarə olunmasında qadağan olunan ideologiyalar əsas kimi götürülür”

Əli Orucov: “Belə təbliğatı bütün dünya qadağan edir. Bu məlumatı, onun çıxışını geniş auditoriyalara təqdim etmək lazımdır”

Ermənistan mətbuatının verdiyi məlumata görə, həmin ölkənin prezidenti Serj Sakisyan Dağlıq Qarabağda gedən döyüşlərdə öldürülən məşhur terrorist Monte Melkomyanın 60 illiyi münasibətilə onun adını daşıyacaq hərbi-idman təmayüllü liseyin açılışında iştirak edib və orada geniş nitq söyləyib.
Sözügedən məktəb Ermənistanın Dilican rayonunda istifadəyə verilib. Sarkisyan çıxışında M.Melkomyanı tərif edib, onu azadlıq uğrunda cəfakeş mübariz və düzlük kriteriyasının mütləq daşıyıcısı kimi təqdim edib. Sarkisyan bildirib ki, Monte çox prestijli universitetlərdə dünyəvi təhsil alıb və 6-7 dildə sərbəst danışa bilirdi: “Yalnız Dağlıq Qarabağı azad görmək istəyi onu bura gətirdi”.
Sarkisyan Monteni öz yaxın silahdaşı və cəbhə yoldaşı adlandırıb və məktəbdə yetişəcək uşaqlardan ondan nümunə götürməyi istəyib. Ermənistan prezidenti deyib ki, Montenin öldürüldüyü günü yaxşı xatırlayır: “Onun həyat yoldaşı həmin vaxt dedi ki, Montenin ruhu o vaxt şad olar ki, onun gördüyü işlər davam etdirilsin. Bax, bu məktəbin açılışı da həmin işlərin davamıdır. Hesab edirəm ki, Montenin ruhu bununla şad olacaq”.
Göründüyü kimi, bütün dünyada terrorçu kimi tanınan bir adamı Sarkisyan öz gənclərinə qəhrəman kimi təqdim edir, hətta onun keçdiyi yolu onlar üçün örnək kimi göstərir, terrorçunun adına məktəb açır. Ermənistan prezidentinin bu addımlarını necə dəyərləndirmək olar?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə bildirdi ki, bununla Ermənistan öz iç üzünü bir daha ortaya qoymuş oldu: “Monte Melkomyanı yalnız biz terrorçu kimi qəbul etmirik. Belə olsaydı, ermənilərin başqa arqumentlərinə tuş gələ bilərdik. Onlar iddia edərdilər ki, adam gəlib öz millətinin apardığı işğalçı siyasətə dəstək verib. Ancaq bu belə deyil. Melkomyan bütün dünyanın terrorçu təşkilat kimi qəbul etdiyi ASALA-nın yetirməsidir. Dünyanın bir çox yerlərində terror törətdiyinə görə uzun müddət həbsdə saxlanıb. Görün Ermənistan prezidenti necə tərbiyədə olan adamdır ki, belə bir adama öz silahdaşı, əqidədaşı deyir. Ən başlıcası isə bir terrorçunun həyat və fəaliyyətini gənclərə nümunə kimi göstərir. Bununla Sarkisyan sübut edir ki, onlar terroru dövlət səviyyəsində dəstəkləyirlər və ölkənin idarə olunmasında qadağan olunan ideologiyalar əsas kimi götürülür. Belə təbliğatı bütün dünya qadağan edir. Bu məlumatı, onun çıxışını geniş auditoriyalara təqdim etmək lazımdır. Montenin keçdiyi həyat yolu ilə Sarkisyanın onu qəhrəman kimi təqdim etdiyi nitqi yanaşı qoyub müqayisə etmək lazımdır. Qoy bütün dünya Sarkisyanın özünün terrorçu olması ilə yanaşı, bu yolu gənclərə də tövsiyə etdiyini öyrənsin”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …