Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Samir Şərifovun adamları niyə məsuliyyətə cəlb olunmurlar?” – Cahangir Hacıyevin bacısı…

“Samir Şərifovun adamları niyə məsuliyyətə cəlb olunmurlar?” – Cahangir Hacıyevin bacısı…

“Beynəlxalq Bankın batırılması məqsədyönlü və qəsdən yürüdülən siaysətdir. Məqsəd bütün məsuliyyəti Cahangir Hacıyevin üzərinə atmaqla Beynəlxalq Bankda indiyədək yoxa çıxarılan külli miqdarda maliyyə vəsaitini təmizləməyə, sudan quru çıxmağa xidmət edir”.
Azinforum.az  Ovqat.com-a istinadən xəbər verir ki, bunu Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Beynəlxalq Bank ətrafında son günlər yaranmış müzakirələri şərh edərkən deyib.
Xatırlaqdaq ki, bir neçə gün bundan öncə Amerikanın məşhur “Wall Street Journal” dərgisi Beynəlxalq Bankın 3,3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına (Kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) nail olmaq üçün Nyu-York məhkəməsinə müraciət etdiyini yazmış və bu xəbər istər dünyada, istərsə də ölkəmizdə ciddi rezonansa səbəb olmuşdu. Məlumata görə, artıq ABB-də vəsaiti olan bir çox ölkə və beynəlxalq şirkətlərdə bankın iflas edəcəyi və borcları qaytara bilməyəcəyi barədə əndişələr yaranıb.
Əminə xanım da bu faktlara söykənərək, bəzi məmurların öz şəxsi maraqları naminə təkcə ABB-nın deyil, həmçinin Azərbaycanın iqtisadi nüfuzuna, investisiya imkanlarına təminat verən etibarına kölgə saldıqlarını düşünür:
“Məlum olduğu kimi, ABB bir zamanlar beynəlxalq maliyyə qurumları tərəfindən Azərbaycanın suverenliyinə ekvivalent nüfuza malik qurum kimi tanınırdı. Cahangir Hacıyevin rəhbərlik etdiyi dövrlərdə Beynəlxalq Bank yüksək qazanc göstəricisiylə hər ili rentabelli başa vururdu. Onun Beynəlxalq Bankın sədri olduğu 14 il ərzində bu qurum nəinki ziyanla işləyir, əksinə hər ay öz maliyyə potensialını böyüdürdü. Hesabatlara nəzər salsaq görərik ki, bu 14 ilin ən zəif göstəricisi 2014-ci ildə qeydə alınıb. Həmin il belə, bankin xalis gəliri 25 milyon dollar həcmində olub. Qardaşım bankı bu cür işlək vəziyyətdə təhvil verib. 2015-ci ildən isə bankın fəaliyyətində ağır problemlər yaranıb, bu da Cahangirin yox, maliyyə siyasətini müəyyənləşdirən qurumların səhvi ucbatından olub. Ümumiyyətlə, 2015-ci ildə cəmi 2 ay yarım banka rəhbərlik edən birinin üzərinə iqtisadi tənəzzülün bütün məsuliyyətini yıxmaq, yumşaq desək, doğru deyil”.
Beynəlxalq Bankın 2015-ci ildən sonra başlayan tənəzzülünün əsas səbəbini ölkədə baş verən devalvasiya ilə əlaqələndirən Hacıyeva, artıq bunun bir çox iqtisadçı alimlər tərəfindən də etiraf olunduğu bildirdi:
“Dünən keçmiş Maliyyə naziri, iqtsadiyyat elmləri üzrə professor Saleh Məmmədovun bir yazısını oxudum. Hörmətli alim açıq şəkildə etiraf edirdi ki, Beynəlxalq Bankın 2015-ci ildən sonra başlayan bütün zərərlərinin başlıca səbəbi Maliyyə Nazirliyinin həyata keçirdiyi devalvasiya siyasəti ilə bağlı olub. Maliyyə naziri təcrübəsi olan alimin bu etirafları da Cahangir Hacıyevin başqalarının səhv siyasəti ucbatından məhbəslərdə yatdığını təsdiqləyir”.
Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka sağlamlaşdırma tədbirləri adı altında, az qala, Azərbaycanın dövlət büdcəsi qədər vəsait ayrıldığını xatırladan Əminə xanım bu vəsaitlərin də “buxarlandığını”, amma heç kimin məsuliyyət daşımadığnı bildirdi:
“Bilirsiniz ki, sağlamlaşdırma tədbirləri nəticəsində Beynəlxalq Banka Mərkəzi Bankdan, ən azı, 7 milyard manat, Neft Fondundan isə 1 milyard dollar ayırılıb. Bəzi məlumatlarda hətta 10 milyarddan yuxarı vəsaitdən söhbət gedir. Amma bu qədər böyük məbləğlə nəinki problemli kreditləri yoluna qoymaq mümkün olmayıb, əksinə, Beynəlxalq Bank məqsədli şəkildə iflasa sürüklənib. ABB-nin Nyu-York məhkəməsinə 3,3 mlrd. dollar borcun restrukturizasiyası ilə bağlı müraciət etməsi də fikirlərimi təsdiqləyir. Azərbaycan dövlətinin bu qədər fədakarlığı nəticəsində Maliyyə Nazirliyi niyə heç bir tədbir görə bilməyib? Bəs, bunun məsuliyyətini kim daşıyacaq?”
Uğursuz siyasətlə Azərbaycanı defolta sürükləyən qurumun Maliyyə Nazirliyi olduğunu bildirən Əminə Hacıyeva istər Beynəlxalq Bankın defolta sürüklənməsində, istərsə də problemli kreditlərin yaranmasında birbaşa Samir Şərifovun məsuliyyət daşıdığını dedi:
“Bilirsiniz ki, Cahangir Hacıyevin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə də, elə indi də 1 milyon dolları ötən kreditlərin verilməsinə bankın Müşahidə Şurası qərar verir. Müşahidə Şurasının üzvləri isə Maliyyə Nazirliyinin yüksək çinli məmurları idi. Onların arasında Samir Şərifovun ən yaxın adamları kimi tanınan Emil Mustafayev və Elmar Məmmədov da vardı. Hansı ki, Cahangir Hacıyev həbs olunduqdan sonra  Elmar Məmmədov Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə gətiriləcək, qısa müddət ərzində yarıtmaz fəaliyyətilə bankın indiki vəziyyətə düşməsinə yol açacaqdı. Maliyyə naziri Samir Şərifov isə, görünür, öz missiyasını yaxşı yerinə yetirən Elmar Məmmədovu sadəcə işdən azad etməklə kifayətlənəcəkdi. Halbuki, istər Cahangir Hacıyevin rəhbərliyi dövründə, istərsə də ondan sonra bütün böyük kreditlərin verilməsində bu iki şəxsin mütləq imzası olub. Onlar isə nazirlə razılaşdırılmamış heç bir külli miqdarda kreditin ayrılmasına imkan verməzdilər. Bəs, necə olur ki, icraçı rolunu oynayan Cahangir Haciyev bu gün məhbəs divarları arasında ədalətin bərqərar olacağı günü gözləyir, amma qərarvericilər əllərini-qollarını sallaya-sallaya gəzir, ən yüksək postlara gətirilir, öz zərərli missiyalarını tamamladıqdan sonra səssiz-səmirsiz yola salınırlar”.
Statistik məlumatlardan irihəcmli kreditlərin böyük hissəsinin dövlət təşkilatlarına və kooperasiyalarına verildiyini və bunların da bir başa nazirliyin təlimatı ilə həyata keçirildiyini deyən Əminə xanım həmin vəsaitlərin Cahangir Hacıyevin beynəlxalq maliyyə qurumlarındakı şəxsi nüfuzu hesabına Azərbaycana gətirildiyini bildirib:
“Qardaşım öz şəxsi nüfuzundan istifadə edərək, ölkə iqtisadiyyatının inkişafı üçün cəlb etdiyi xarici kapitallar məhz Maliyyə nazirinin razılığı, bəzən isə direktivləri nəticəsində öz ünvanlarına  çatdırılıb. İndisə məsuliyyəti təkcə Cahangir Hacıyev daşıyır. Bu da azmış kimi, Beynəlxalq Bank qəsdən defolta sürükləndirilərək Cahangir Hacıyevin “zərərli əməlləri” daha da böyüdülür. Məqsəd öz bacarıqsızlıqlarını başqasına yükləmək, peşəkarlığı şübhə doğurmayan savadlı və nüfuzlu kadrı zindanlarda çürütməkdir”.
Samir Şərifovun Cahangir Hacıyevə qarşı düşmənçiliyinin səbəbini də məhz bu nüfuzu çəkə bilməməyində görən həmsöhbətimiz ikili arasındakı ziddiyyətlərin əslində çoxdan başladığını, 2010-ci ildə isə açıq müstəviyə keçdiyini etiraf edib:
“Samir Şərifov Cahangir Hacıyevin istər beynəlxalq arenada, istərsə də ölkə rəhbərliyi nəzdində qazandığı nüfuzu qəbul edə bilmirdi. Görünür, öz qabiliyyətsizliyinə yaxşı bələd olduğundan, bir başqasında gördüyü parlaq zəkanı şəxsi karyerası üçün təhlükə kimi qəbul edir və əlinə fürsət düşən kimi təhlükəni sıradan çıxarmağa çalışırdı. 2010-ci ildən etibarən şiddətlənən bu düşmənçilik 2014-cü ildə beynəlxalq iqtisadi böhranın Azərbaycana təsiri ilə münbit zəmin əldə etdi və yanlış devalvasiya siyasətilə son zərbəsini endirdi”.
Bununla belə, xanım Hacıyeva ədalətin bir gün mütləq qələbə çalacağına inancını itirməyib:
“İnanıram ki, Azərbaycan siyasi iradəsi bu məkrli siyasətin qarşısını vaxtında alacaq, haqq-ədalət öz yerini tapacaq və ölkəmiz onun maliyyə təhlükəsizliyinə qarşı ən ciddi əngəl olanlardan xilas olunca, həqiqi inkişaf məhələsinə qədəm qoyacaq. Ən böyük cəzanı isə bütün varlıqların yaradıcısı, mütləq ədalətin mənbəyi Allahdan gözləyirik. Ulu Yaradan Haqqın qisasını nahaqda qoymayıb və qoymayacaq da”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın