Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Salyan qruplaşması” hakimiyyətdəki bütün rıçaqlarını itirir

“Salyan qruplaşması” hakimiyyətdəki bütün rıçaqlarını itirir

Ziya Məmmədovun qudası general Əliağa Hüseynov mandatsız qala bilər; iqtidarın “qara siyahısı”nda olan Abbas Abbasov oğlunu Bakıdan çıxarır; YAP-ın namizədliyindən imtina edən Leyla Abdullayeva Müəllimlər İnstitutuna rəhbər gəlir?..

1 noyabr parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliklərini verən şəxslərin seçici imzalarının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün müəyyən etdiyi müddət bir sıra sürprizlərlə başa çatıb.

 
41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi, deputat Leyla Abdullayevanın seçkilərdən qəfil geri çəkilməsi bir sıra fərqli reaksiyalar doğurub.  Xəbərlərə görə, buna səbəb onun Sumqayıt Təhsil Şöbəsinə müdir təyin ediləcəyidir.  Bəzilərinin rektor kürsüsünü qoyub deputatlığı seçdiyi halda, L.Abdullayevanın mandatdan təhsil şöbəsinin müdiri vəzifəsinə görə imtinası o qədər də inandırıcı görünmür. 
“Yeni Müsavat”a daxil olan xəbərə görə, Leyla Abdullayevanın  Müəllimlər İnstitutunun rektoru təyin ediləcəyi gözlənilir. Məlumdur ki, uzun illərdir Müəllimlər İnstitutuna rəhbərlik edən Aqiyə Naxçıvanlı seçkiyə qatılıb və rektor yerini boşaldıb. İddialara görə, YAP namizədi məhz razılaşma nəticəsində mandat yarışından imtina edib.  Sumqayıt şəhər 18 saylı orta məktəbin direktoru işləyən Leyla Abdullayevanın bu şəhərin  keçmiş icra başçısı, hazırda mədəniyyət və turizm nazirinin birinci müavini olan Vaqif Əliyevlə qohumluq münasibətlərinin olduğu da iddia edilir.
Zakir Fərəcov Sumqayıta icra başçısı təyin edildikdən sonra o, özünə yaxın kadrları başına toplayır. Leyla Abdullayeva isə artıq Sumqayıtda “yad” hesab olunur. Məlumata görə, təkcə Aqiyə Naxçıvanlının yeri üçün deyil, boşalmış bütün rektor postları uğrunda hakimiyyətdə ciddi mübarizə gedir. 
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun deputatlığa namizəd olmaqdan son anda imtina etməsinin də özəl səbəbləri var. Aldığımız məlumatlarda deyilir ki, Abbas Abbasov oğlunun mandatını və biznesini xilas etmək üçün “AzerRos”dan  getsə də, iqtidar bu jestə əhəmiyyət verməyib. Bu yöndə danışıqlara hətta Abbas Abbasovun yaxın dostu, Dağıstan prezidenti Ramazan Abdulatipovun vasitəçiliyi də heç nəyi dəyişməyib. Abbas Abbasov bir neçə dəfə hakimiyyətin onu “əfv” etməsi üçün Rusiyadakı səfir Polad Bülbüloğlunu elçi salsa da, “yox” cavabı aldığı deyilir. Abbas Abbasovun oğluna hakimiyyətdə münasibət həmişə normal olsa da, xahişlərə rəğmən, onu deputatlığa namizəd siyahısına salmayıblar. Xəbərlər var ki, mandat verilmədiyi üçün Aydın Abbasov yaxın gələcəkdə faktiki işsiz qalacaq.
A.Abbasov özü də dolayısı ilə təsdiq edib ki, faktiki heç bir işi qalmayıb: “Çin dilini və Çinin yeni iqtisadi modelini öyrənmək lap çoxdankı arzum olub. Eyni zamanda, alman dilini də öyrənməyə böyük həvəsim olub. Sadəcə, işlərim çox olduğundan arzularımı gerçəkləşdirə bilməmişəm. Qismət olsa, bu arzularımı həyata keçirməyə çalışacam”.
 
“Azərbaycanı tərk edib hansısa xarici ölkəyə üz tutmaq fikriniz ola bilərmi” sualına isə Aydın Abbasov belə cavab verib: “Xarici şirkətlər arzulayırlar ki, Azərbaycanda işləsinlər. Düşünürəm ki, sualınıza cavab verə bildim”.
Xəbərlərə görə isə A.Abbasov oğlunun Bakıdan köçməsində israr edir. Sabiq deputatın Moskvaya yox, Türkiyəyə köçəcəyi də iddialar sırasındadır. Çünki Abbasovların əsas biznesi Türkiyədən idarə olunur. Sabiq vitse-primyerin bir oğlu da çoxdandır ki, Türkiyədə yaşayır.
Deputatlıq müddəti başa çatan Etibar Hüseynov isə son açıqlamasında tikanlı və küskün danışıb. Bir neçə dəfə danışdıqlarına görə spiker Oqtay Əsədovdan sərt qınaqlar alan E. Hüseynov “qələminin qırılması” ilə heç cür barışa bilmir:  “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi”,  deyən E.Hüseynov mandat yarışından uzaqlaşdırılmasına qəribə izahat verib: “Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də qarşıdan gələn parlament seçkilərinə qatılmamaq qərarı verdim”. 2010-cu ildə İsa Qəmbərə alternativ kimi namizəd olan E.Hüseynov açıq etiraf edib ki,  “arxasında ciddi siyasi qüvvə və maliyyə rıçaqları” daha yoxdur.
Seçkinin arxada qalmış ilk mərhələsinin  daha bir mühüm nəticəsi nəqliyyat naziri Ziya Məmmədovun da  parlamentdəki adamlarının “vurulması”dır. Məlumdur ki, nazirin qardaşı Elton Məmmədov seçkiyə qatılmadı və bunun da heç bir real izahatı verilmədi. 
Nazirin qızının qayınatası, Salyanın keçmiş icra başçısı Əliağa Hüseynov isə yenidən namizədliyini irəli sürsə də, onun mandat alacağına ümid çox azdır. Çünki  generalın dairəsində “namizədlər sıxlığı” yaradılıb və YAP-ın namizədinin daha çox şansı var.  Qeyd edək ki, general mətbuatda “Salyan qruplaşması” adlandırılan  qrupun  seçkidə yeganə namizədi hesab olunur. 
 

Vaxtilə “ qüdrətli üçbucaq” adlandırılan qruplaşmada Rail Rzayev, Səfər Əbiyev və Ziya Məmmədov yer alırdı. Rail Rzayevin qətli rəhmətlik generalın iki qızını qardaşı oğlanlarına alan general Əliağa Hüseynovu zəiflətdi və o,  Respublika Hərbi Komissarı postunu itirdi. Sonra sıra Səfər Əbiyevə çatdı. İndi isə belə görünür ki, növbədə  Ziya Məmmədov və onun yaxın çevrəsidir.
 
Yeri gəlmişkən, istiqlal.az saytı belə bir məlumat yayıb ki, Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib. Maraqlıdır ki, nazirin qardaşının yaxın qohumları sayılan Rüstəmxanlılara da seçki prosesində ciddi təzyiqlər var ki,  Vətəndaş Həmrəyliyi Partiyası bununla bağlı  bəyanat da yayıb…
“Yeni Müsavat”

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın