Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Sahibkarın “Sədərək” bazarında üzləşdiyi problem həllini tapmır – “Türkiyə səfirliyində oldum…”

Sahibkarın “Sədərək” bazarında üzləşdiyi problem həllini tapmır – “Türkiyə səfirliyində oldum…”

Azərbaycan ictimaiyyətinə “Prostoy çelovek” kimi tanış olan iş adamı, ictimai -siyasi fəal Akif Məmmədov bir neçə gün əvvəl Azinforum.az-a açıqlamasında ciddi problemlə üzləşdiyini bildirmişdi. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz .  Nəzərinizə çatdırmaq istəyirik ki, Akif Məmmədov əslən Qərbi Azərbaycanın Şirazlı kəndindəndir. Onun ailəsi 1988-ci ildə qaçqın kimi Azərbaycana pənah gətirib. A. Məmmədov uzun müddət Avropada yaşayıb. İnternet üzərindən aparılan araşdırmalar zamanı məlum olur ki, sözügedən şəxs Azərbaycanla bağlı xaricdə keçirilən bütün aksiyalrda xüsusi fəallığı ilə seçilib. O, həmçinin müxalifətin şəhərin mərkəzində keçirdiyi aksiyalar zamanı da, təkbaşına onların qarşısına çıxaraq hakimiyyətin mövqeyini müdafiə edib. Bununla bağlı internetdə kifayət qədər materiallar var. Məhz həmin aksiyalar zamanı jurnalistlər ondan özünü təqdim etməyi soruşanda o, “prastoy çelovek”əm deyərək cavab verib. Elə həmin zamandan da, Akif Məmmədovla bağlı təqdim edilən kadrlarda onun adı özünün təqdim etdiyi formada çəkilməyə başlayıb. Maraqlıdır ki, hakimiyyətin mövqeyini ciddi cəhdlə müdafiə edən bu adam hazırda böyük haqsızlıqla üzləşib. Onun saytımıza verdiyi açıqlamadan məlum olur ki, Akif Məmmədov bir neçə il əvvəl Avropadan Azərbaycana gəlib və burada kiçik biznes qurub. Dediyinə görə, onun “Sədərək” bazarından icarəyə götürdüyü mağazanı hansısa işbazlar əlindən almaq istəyir. A. Məmmədov deyir ki, xarici ölkələrdən uşaq paltarları gətirib satır: “Qonşuluğumuzda olan “Bakı-Bursa” adlı mağaza da bu profil üzrə ixtisaslaşıb. Onlar da uşaq paltarı satır. Mağazanın sahibi Vüqar və Etiram adlı şəxslərdi. Onlar bazarın sahibləri ilə əlaqəyə girib pul gücünə mənim mağazamı əlimdən almaq istəyirlər. Mənimlə eyni dərddə olan bir neçə belə mağaza da var. Bizə mağazanı tərk etmək üçün gələn ayın birinə kimi vaxt veriblər. Xaricdən gətirdiyimiz malı realizə etmək üçün bizə heç bir alternativ də təklif etmirlər. Mən çıxılmaz durumda qaldığım üçün, “Sədərək” bazarının rəhbərliyi və Vüqar, Etiram adlı şəxslərin əməlindən cənab İlham Əliyevə şikayət edirəm. Sizdən xahiş edirəm ki, saytınız vasitəsilə mənim səsimi ölkə rəhbərliyinə və ictimiayyətə çatdırasınız”.

Azinforum.az olaraq bildirmək istəyirik ki, şikayətin dərci böyük rezonansa səbəb olub və ölkənin bir çox tanınmış saytları tərəfindən tirajlanıb. Akif Məmmədov yenidən redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, onun üzləşdiyi problem hələ də həllini tapmayıb: “Sizə çox minnətdaram ki, mənim haqlı şikayətimi əlaqədar qurumların diqqətinə çatdırdınız. Həmin yazını bazarda çox adamlar oxuyub və onlar mənim haqq uğrunda apardığım mübarizəni təqdir edirlər. Davranışlarından görürəm ki, bazar rəhbərliyi də KİV-də gedən şikayətimlə tanışdı və ciddi narahatçılıq keçirir. Onlar mənimlə görüşəndə dedilər ki, şikayəti etməkdə yanlışlığa yol vermişəm. Mən isə haqqı tələb etdiyimi onların nəzərlərinə çatdırdım.  Maraqlıdır ki, bazar rəhbərliyi tələblərində israrılı görünür və nəyin bahasına olursa-olsun “Bakı-Bursa” mağazasınının genişləndirilməsində maraqlıdırlar. Mən isə onlara görə mənim hüquqlarımın niyə tapdandığını soruşdum. Elə bu zaman  bazar rəhbərliyini təmsil edən nümayəndənin maraqlı izahı ilə rastlaşdım. Mənə dedi ki, həmin dükanın şərikləri Türkiyə vətəndaşlarıdır və oranın genişləndirilməsini ölkəmizdə olan Türkiyənin səfirliyi bazar rəhbərliyindən xahiş edib. Doğrusu mən buna inanmadım. Elə bu səbəbdən də yollandım Türkiyə səfirliyinə. Orda məni ticarət işlərinə baxan məsul şəxs qəbul etdi və dedi ki, səfirlik belə xırda məsələlərlə məşğul olmur. Səfirlikdə mənə bildirdilər ki, bu məsələdə kimsə onların adından sui-istifadə edir.  Mən yaranmış vəziyyətlə bağlı rəsmi orqanlara ünvanladığım şikayətlə yanaşı, Türkiy prezidenti cənab Ərdoğana da məktub ünvanlamışam.  Ümidvaram ki,  rastlaşdığım haqsızlıqla bağlı  əlaqədar qurumlar lazımi reaksiya verəcək”.

 

Aşağıdakı videolarda Akif Məmmədovun müxalifətin aksiyalarının önünə tək çıxdığı əks olunur.

https://www.youtube.com/watch?v=Lt2QpcQ3O_M

 

https://www.youtube.com/watch?v=oEbriycaJlA

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …