Ana səhifə / Gündəm / Sabiq nazir müşavirinin qızıl işi: narkotik ittihamı və Akif Çovdarova verilən 2 milyon

Sabiq nazir müşavirinin qızıl işi: narkotik ittihamı və Akif Çovdarova verilən 2 milyon

Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədov həbsdədir. O, uzun illər yanında işlədiyi qohumu Ç.Baxşıyevin 800 min manatdan artıq dəyəri olan qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinir. Sabiq nazir müşaviri Ç.Baxşıyev külli miqdarda qızılını, pulunu əmanət etdiyi qohumundan şikayətçi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətkər Məhkəməsində Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İlk şahid sabiq nazir müşavirinin kürəkəni Mübariz Ələkbərov olub. O, yoxa çıxdığı deyilən qızılların bir hissəsinin də ona məxsus olduğunu deyib: “Mənim 50 ədəd onluq, 10 ədəd isə beşliyim həmin qızılların içində olub. Xaricə tez-tez getdiyimiz üçün qızılları qayınatamgilə vermişdik. Qızılların harda olması, kimin kimə verməsini bilmirəm. Qayınatam Rövşənə çox etibar edirdi. Sonra dedilər ki, qızıllar yoxdur”.

Məhkəmədə Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova da ifadə verib.

O, ifadəsində bildirib ki, qohumları olan Çingiz Baxşıyevin külli miqdarda pulu və qızıl-zinət əşyaları daim onların evində olub.

“Sonuncu dəfə Rövşənə dedim ki, evdə olan qızılları aparıb qaytarsın. Qızımıza toy edəcəkdik. Rövşən də aparıb verdi. Toy günü də Çingiz Rövşənə zəng edib demişdi ki, yoldayıq, gəlirik. Restorana Çingizin kürəkəni Mübariz gəldi. Dedi ki, “Çingiz müəllimin vəziyyəti ağırlaşıb, mədəsindən qan açılıb”. Elə Rövşən ordan çıxıb getmək istədi. Mən də dedim ki, toydan sonra gedərsən. Bu hadisədən sonra bir neçə dəfə Rövşən Çingizin yanına getdi. Amma Çingizi görə bilməmişdi. “Yaxşıdır” deyib yoldan qaytarıblar. Sonra görüşdülər. Rövşən mənə dedi ki, Çingizin vəziyyəti yaxşıdır. Sonra Çingiz xaricə gedib-gəldi. Gələndən sonra aqressiv şəkildə Rövşəni yanına çağırdı”- deyə Xanım Əhmədova bildirib.

X.Əhmədova söyləyib ki, Çingiz Baxşıyev ərinə qızılların olmadığını deyib: “Rövşən evə qayıdanda qanıqara idi. Mənə dedi ki, Çingiz Baxşıyev qızılların olmadığını deyir. Çingiz Rövşənə deyib ki, qızılları mən götürmüşəm. Mən də onların evinə zəng elədim, soruçum ki, nə olub. Çingizin arvadı mənə dedi ki, “Rövşəni itirmək istəmirsənsə, qızılları gətirib qaytarın”. Rövşən demişdi ki, “arvadım belə etməz, ziyarət adamıdır”. Çingiz də, “bunlar boş şeydir” deyib”.

X.Əhmədova bu hadisədən sonra Çingiz Baxşıyev tərəfindən hədələndiklərini, təhdid edildiklərini söyləyib. O, bildirib ki, Ç.Baxşıyevin şikayəti əsasında həyat yoldaşını həbs ediblər: “Çingiz bizi oğlumuzla da hədələyirdi. Deyirdi ki, “oğlunuzu ön cəbhəyə göndərib öldürtdürəcəm”. Rövşən dedi ki, şikayət edəcəm. Elə Rövşənin həbs edilmə səbəbi də bu şikayət etmək istəməsi oldu”.

Prokurorun suallarını cavablandıran X.Əhmədova bildirib ki, heç vaxt ərinin evə gətirdiyi pul və qızılların miqdarından xəbəri olmayıb: “Nə gətirdiyi pulların miqdarımdan, nə də qızılların çəkisindən xəbərim olub. Sonuncu dəfə qızılları gətirəndə də baxmadım. Rövşən özü evə qoyurdu. Özü də aparırdı. Mən heç kimin əmlakını, pulunu saymaq istəmirəm. Marağında da olmamışam”.

X.Əhmədova onu da iddia edib ki, sabiq nazir müşaviri narkotik alveri ilə də məşğul olub: “Çingiz Rövşənə deyirdi ki, Qırğızıstandan satmaq üçün ət gətirəcək. Buna görə milyonlar qazanacağıq deyirdi. Bu qədər pulu ət sagmaqla qazanmaq olardı?”.

X.Əhmədova prokuror Fərid Nağıyevin “siz narkotiki görmüsünüzmü” sualına cavabına deyib: “Narkotiki görməmişəm. Mən belə qənaətə gəlmişəm ki, bu qədər pulu ancaq bu yolla qazanmaq olar”.

X.Əhmədova Çingiz Baxşıyevin hazırda həbsdə olan MTN generalı Akif Çovdarova külli miqdarda pul verdiyini də deyib. O, bu haqda həyat yoldaşı Rövşən Əhmədovdan eşitdiyini deyib.

Dövlət ittihamçısının sualına əsasən Rövşən Əhmədov Akif Çovdarova pul verilməsi epizodu üzrə danışıb.

“Çingiz gecə vaxtı zəng elədi. Dedi ki, pul gətir. Mən də bir qara çemodana yığdım. Dedim ki, gecədir. Bu vaxt necə gətirim. Çingiz qayıtdı ki, “elə bil ki, yanıram. Tez elə gətir”. Pul Çovdarova çatmalı idi. Mən də pulu Çingizin kürəkəni Mübarizə verdim. Pulu aparıb ona verdim”- deyə Rövşən Əhmədov söyləyib.

Çemodanda olan pulun məbləği 2 milyona yaxın olub.

Məhkəmə Çingiz Baxşıyevin həyat yoldaşı və digər kürəkəni Ayazın şahid ifadəsi verməkdən ötrü mhkəməyə gəlməsi üçün təxirə salınıb.

Növbəti məhkəmə prosesi martın 15-nə təyin edilib.

Ç.Baxşıyev ailəsinə ümumilikdə 800 min manatdan artıq ziyan dəydiyini deyir.

R.Əhmədov isə məhkəmə prosesləri zamanı ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib. O, Çingiz baxşıyevin həbs edilənə qədər milyonlarla manatını, dollarını, avrosunu, qızlllarını saxlasa da heç vaxt onlara əl vurmadığını söyləyib.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın