Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / «Şəki Bazar» ASC Cahangir Hacıyevə məxsusdur

«Şəki Bazar» ASC Cahangir Hacıyevə məxsusdur

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Şəkidəki ən gəlirli müəssisələri yaxın adamlarının adına keçirməyə müvəffəq olub Hazırda həbsdə olan bankiri Şəkinin keçmiş icra başçısı Nazim İbrahimov və onun qardaşı Urfət İbrahimovla nə birləşdirir? Bildiyiniz kimi, bu günlərdə, daha dəqiq desək, oktyabr ayının 12-də səhər saatlarında Şəkinin bazarında güclü yanğın baş verib. Nəticədə, ümumi sahəsi 2 hektar olan, Şəki şəhəri, S.Rəhman küçəsi 1 ünvanında yerləşən «Şəki Bazar» ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Bununla bağlı verilən məlumatlarda deyilir ki, saat 06:30 radələrində Şəki bazarının xırdavat və geyim əşyaları satılan hissəsində başlayan yanğın qısa müddət ərzində geniş bir ərazini öz cənginə alıb. Hadisə nəticəsində yüzlərlə Şəki sakininə maddi ziyan dəyib.

Yanğının genişliyi ilə əlaqədar olaraq Şəki yanğından mühafizə hissəsinin əməkdaşları ilə yanaşı əraziyə Qax, Yevlax və Oğuzdan texnika və canlı qüvvə cəlb olunub. Sahibkarlar isə yanğın təşvişində ərazidən mallarını çıxartmağa cəhd göstərib. Barəsində söhbət gedən «Şəki Bazar» ASC-nin Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin adı ilə bağlı olduğunu iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgilərdə deyilir ki, adıçəkilən bazar məhz Cahangir Hacıyevin yaxın adamlarının nəzarətində olub: «Deyilənlərə görə, Cahangir Hacıyevə məxsus olan «Şəki Bazar» ASC uzun illər müxtəlif yollara baş vuraraq vergidən yayınıb. Külli miqdarda yeyintiyə yol verib. Hələ bu azmış kimi, ASC-nin səhmdarlarına çatmalı olan dividentlər də mənimsənilib. Deyilənlərə görə, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri vaxtilə Şəki rayonundakı ən gəlirli müəssisələri müxtəlif yollara baş vuraraq yaxın adamlarının adına keçirməyə müvəffəq olub. «Şəki Bazar» ASC də həmin müəssisələrdən biridir. Bildirilir ki, bu işdə ona 2004-2010-cu illərdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Nazim İbrahimov yaxından köməklik göstərib». Əldə etdiyimiz informasiyalarda həmçinin, o da qeyd olunur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən bir müddət əvvəl «Şəki Bazar» ASC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Yoxlama zamanı məlum olub ki, məhsulların satış sahəsində aşkar edilən 800 qr-lıq 10 ədəd barama şirni, 500 qr-lıq 5 ədəd südlü şirni, 400 qr.lıq 11 ədəd tel halva, 15 kq Şəki halvası, 4.5 kq paxlava, 8 kq bamiyə, 19 kq pryanik, 700 qr-lıq 6 ədəd noğul, 500 qr-lıq 5 ədəd qurabiyə, 150 qr-lıq 17 ədəd korjik, 150 qr.lıq 12 ədəd külçə məhsulları təhlükəsizlik və keyfiyyət göstəricilərinə zəmanət verən gigiyenik və uyğunluq sertifikatları, toyuq məhsullarının baytarlıq şahədətnamələri olmadan satılır. O cümlədən, aşkar edilib ki, «Şəki Bazar»ASC tərəfindən bağlanmış müqavilələrdə məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarının və qanunvericiliyin tələblərinə uyğunluğu barədə müvafiq şərtlər daxil edilməyib, istifadə olunan 91 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçirilməyib və məhsulların sınaqlarının aparılması barədə sınaq protokolları və hər hansı akkreditasiya olunmuş laboiratoriya ilə müqavilə mövcud deyil. Həmçinin bazar ərazisində satılan məhsulların saxlanması və markalanması standartların tələblərinə uyğun olmadığı müəyyənləşib. Belə ki, şirniyyat məhsulları və toyuq məhsullarının çox hissəsi ümumiyyətlə markalanmır və yaxud markalanma aparılmış məhsulların üzərindəki etiketlərdə standartların tələblərinə uyğun zəruri məlumatlar mövcud deyil. Bu arada, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin «Şəki Bazar» ASC-ni Tehran Lətifovun əlindən aldığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, bankir həmin vaxt xaricdə yaşayan qohumu Urfət Əsabəli oğlu İbrahimovu Şəki bazarına sahib çıxmağa dəvət edib: «Deyilənlərə görə, şəkili iş adamı Tehran Lətifov 2000-ci ilin 20 noyabr tarixində Şəkidə baş vermiş etiraz aksiyaları zamanı həbs olunduqdan sonra Cahangir Hacıyev o vaxta qədər xaricdə yaşayan qohumlarından biri Urfət Əsabəli oğlu İbrahimovu Şəki bazarına sahib çıxmağa dəvət etdi.

Bununla da Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri «Şəki Bazar» ASC-ni Tehran Lətifovun əlindən alaraq qohumunun ixtiyarına verib. Nəzərinizə çatdırım ki, Urfət İbrahimovun məhz Cahangir Hacıyevin dəstəyilə «Şəki Bazar» ASC-nin rəhbərliyinə gətirilməsindən qısa müddət sonra onun qardaşı Nazim İbrahimov Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Məsələnin maraqlı tərəfi ondadır ki, Nazim İbrahimov Şəkinin icra başçısı vəzifəsindən kənarlaşdırıqdıqdan sonra onun qardaşı da «Şəki Bazar» ASC-nin sədri postundan uzaqlaşdırılıb, yerinə isə həmin vaxta qədər «İnter Security» adlanan özəl mühafizə şirkətinin Şəki-Zaqatala bölgəsi üzrə mühafizə rəisi olan Vahid Abdullayev təyin olunub. Deyilənlərə görə, bütün bunlar məhz Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin nəzarəti altında baş verib. Bütün bunlar bir daha onu təsdiqləyir ki, bu günlərdə alışıb-yanan «Şəki Bazar» ASC hazırda məhbus həyatı yaşayan bankirə məxsusdur». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın