Ana səhifə / Gündəm / “Sədərək” bazarında gərginlik – İcarə haqqlarının kəskin qaldırılması sahibkarların etirazına səbəb olub

“Sədərək” bazarında gərginlik – İcarə haqqlarının kəskin qaldırılması sahibkarların etirazına səbəb olub

Son üç gündə “Sədərək” kimi tanınan topdansatış bazarındakı sahibkarlarla ticarət obyektinin rəhbərliyi arasında ciddi narazılıq yaranıb. Bazarda alverlə məşğul olan şəxslərin Azinforum.az-a verdikləri məlumata görə, buna səbəb rəhbərliyin icarə haqlarını qaldırmaq istəməsidir. Bildirilir ki, bazar rəhbərliyi ilk belə addımı paltar satışı ilə məşğul olan 5 və 7-ci sıralarda tətbiq etmək istəyib. İcarənin hər kvadrat metrinə görə,  ödənişin az qala iki dəfə qaldırılması və yeni qiymətin  hər kvadrat üçün 19-20 manat müəyyən edilməsi sahibkarların etirazına səbəb olub. Üç gün əvvəl həmin sıradakı sahibkarlar etiraz əlaməti olaraq mağazalarını bağlayıblar. Sonra bazar rəhbərliyilə sırada alver edən sahibkarlar arasında kompromis variant tapılıb və qiymət artımının dozası bir qədər aşağı salınıb.  Ancaq görünür ki, bazar rəhbərliyi geriyə addım atmaq fikirində deyil və  bu qərarında israrlıdır. Çünki  artıq “Xalca bazarı” kimi tanınan hissəsədə sahibkarlara bildirilib ki, gələn aydan icarə haqqları yeni qiymətlə ödəniləcək. Sahibkarlar hesab edir ki, rəhbərliyin bu addımı ( icarə haqlarını az qala 2 dəfə qaldırması-red) onsuz da tənəzül dövrünü yaşayan bazardakı vəziyyəti daha da acınacaqlı duruma salmış  olacaq. Bazar rəhbərliyi icarə qiymətinin artırılmasını vergi ödənişlərinin artması ilə izah edir.

Mövzu ilə bağlı “Sədərək” bazarı ilə əlaqə saxladıq. Lakin  onlar bizim bu mövzuda verdiyimiz suallar cavablandırmaq istəmədilər.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …