Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Rusiya Baş Prokurorluğu Qorbaçov, Mütəllibov və digərlərinin işini araşdırmağa başladı

Rusiya Baş Prokurorluğu Qorbaçov, Mütəllibov və digərlərinin işini araşdırmağa başladı

Rusiyanın Baş Prokurorluğu Dövlət Dumasının hakim “Vahid Rusiya” fraksiyasından olan üzvlərinin SSRİ Dövlət Şurasının Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair qərarının “vətənə xəyanət” kimi qiymətləndirilməsinə dair müraciəti əsasında araşdırma başladıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə prokurorluqdakı mənbə “İnterfaks”a bildirib.

Xəbər verdiyimiz kimi, “Vahid Rusiya” fraksiyasından olan deputatlar bir neçə həftə əvvəl baş prokuror Yuri Çaykaya müraciət edərək 1991-ci ildə SSRİ Dövlət Şurasının yaradılmasına və legitimliyinə hüquqi qiymət verməyə çağırıblar.

Müraciətə əsasən Mixail Qorbaçovun başçılığı ilə yaradılan qeyri-konstitusion hakimiyyət orqanı ölkənin suverenliyinə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə dağıdıcı zərbə vurub.

Yuri Çaykaya göndərilən müraciətdə bildirilir ki, 1991-ci ildə o vaxtkı SSRİ konstitusiyasına müvafiq dəyişikliklər edilmədən yeni dövlət orqanı – Dövlət Şurası yaradılıb. Həmin orqanın qərarı əsasında Litva, Latviya və Estoniyanın müstəqilliyi tanınıb.

“Bu qərar SSRİ-nin strateji əhəmiyyətli ərazisinin ondan ayrılmasına, dəniz limanlarının və akvatoriyasının itirilməsinə, ölkənin vahid müdafiə məkanının dağıdılmasına, Baltikyanı respublikalarla iqtisadi əlaqələrin pozulmasına səbəb olub” – deyə müraciətdə bildirilir.

Deputatlar bildirir ki, SSRİ Dövlət Şurasının bir sıra addımları və hərəkətləri ölkənin suverenliyinə, ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə sarsıdıcı zərbə vurub. Bu səbəbdən şuraya daxil olan şəxslərin əməlləri vətənə xəyanət kimi qiymətləndirilməli və onların barəsində cinayət işi qaldırılmalıdır. Çünki bu cür cinayətlərdə vaxt məhdudiyyəti yoxdur.

SSRİ Dövlət Şurası SSRİ-nin “Keçid dövründə SSRİ-nin idarə edilməsi və dövlət hakimiyyəti orqanları” haqda 1991-ci il, sentyabrın 5-də qəbul edilmiş qanunu əsasında yaradılıb. Bu orqan SSRİ Konstitusiyasında nəzərdə tutulmamışdı. Qanuna əsasən Dövlət Şurası ittifaqa daxil olan respublikaların ümumi maraqlarına aid olan, onların xarici və daxili siyasi məsələlərini əhatə edən qərarlar qəbul etməli idi.

Dövlət Şurasının son tərkibi aşağıdakı kimi olub:

Şuranın sədri – Qorbaçov Mixail Sergeyeviç (SSRİ prezidenti)

Yeltsin Boris Nikolayeviç – (Rusiya prezidenti)

Kravçuk Leonid Makaroviç – Belarus Ali Sovetinin sədri

Akayev Əsgər Akayeviç – Qırğızıstan prezidenti

Nazarbayev Nursultan Abışoviç – Qazaxıstan prezidenti

Kərimov İslam Abduqaniyeviç – Özbəkistan prezidenti

Niyazov Saparmurat Atayeviç – Türkmənistan prezidenti

Ter-Petrosyan Levon Akopoviç – Ermənistan prezidenti

Nabiyev Rahmon Nabiyeviç – Tacikistan prezidenti

Mütəllibov Ayaz Niyazi oğlu – Azərbaycan prezidenti.

Rusiya Baş Prokurorluğundakı mənbə deyib ki, deputatların müraciətində göstərildiyi kimi, Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair qərar qeyri-konstitusion hakimiyyət orqanı tərəfindən qəbul edilib.

Mənbənin bildirdiyinə görə, prokurorluğun bu müraciətə cavabı Krımın Ukraynanın tərkibinə verilməsinə dair 1954-cü ildə qəbul edilmiş qərarın qanuniliyinin yoxlanılmasına dair sorğuya verilmiş cavab kimi olacaq.

Rusiya Baş Prokurorluğu artıq Krımın Ukraynaya birləşdirilməsinə dair Xruşşovun qərarını qeyri-qanuni elan edib.

Bununla belə mənbə deyib ki, Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair SSRİ Dövlət Şurasının qərarına dair sorğuya “ölçülüb-biçilmiş” cavab verilməlidir. Çünki qaldırılan məsələlərin təkcə hüquqi yox, siyasi aspektlərinə də nəzər salmaq lazımdır.

“Bu və ya digər taleyüklü qərarın qanunsuz olduğunu tanımaq həddən artıq uzağa gedə bilər, o cümlədən SSRİ-nin və digər dövlətlərin yaradılmasının legitimliyi probleminə” – mənbə deyib.

Qeyd edək ki, Putinin partiyasının bu müraciəti Rusiyanın Ukraynadan sonra Baltikyanı respublikaları işğal edə biləcəyinə dair Qərbdə yaranmış xof fonunda edilir.

Rusiya donanması, quru və raket qoşunları, aviasiyası müntəzəmolaraq Baltik dənizində, Kalininqrad vilayətində manevrlər keçirir. Litva, Latviya və Estoniyada rusdilli əhali arasında təbliğat gücləndirilib, separatçı meyllərin baş qaldırdığına dair məlumatlar var.

Baltik dənizində manevrlər keçirən NATO gəmilərinə və regionun hava məkanına daxil olan Amerika təyyarələrinə qarşı Rusiya qırıcıları bir-birinin ardınca tarana gedir.

Habelə Rusiya Kalininqrad vilayətində nüvə başlıqları daşıya bilən kiçik mənzilli “İsgəndər-M” ballistik raketlərini yerləşdirib.

Belə bir vaxtda Rusiya Baş Prokurorluğuna göndərilən müraciət Baltikyanı respublikalarda və NATO-da narahatlıqları daha da artırıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın