Ana səhifə / Gündəm / Rövnəq Abdullayevin “yuxulu” mətbuat katibi… – Nizaməddin Quliyev niyə bir addım geridə qalır…

Rövnəq Abdullayevin “yuxulu” mətbuat katibi… – Nizaməddin Quliyev niyə bir addım geridə qalır…

Hər bir dövlət qurumunun mətbuat xidməti və onun rəhbəri həmin təşkilatın və rəhbərliyin imicinin formalaşmasına bilavasitə təsir göstərir. Odur ki, mətbuat katibləri bir qayda olaraq, aktiv olmalı və media ilə işləməyi bacaran şəxs olmalıdır. Təəssüf ki, hazırda bir sıra qurumların mətbuat xidmətlərinin rəhbərlərinin “fəaliyyəti” ancaq neqativlərə yol açır.

Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyevin də passivliyi ARDNŞ rəhbərliyi barəsində neqativ məlumatların yayılmasına zəmin yaradır.

Dövlət strukturlarının nəzdində fəaliyyət göstərən mətbuat xidmətləri bir növ tabe olduğu qurumun siması hesab olunur. Başqa sözlə desək, işini günün tələbləri səviyyəsində qurmağa çalışan idarə, müəssisə və təşkilatların ictimaiyyətlə əlaqələri də adekvat işləyir, fəaliyyəti də mətbuata açıq olur. Lakin kütləvi informasiya vasitələrinin sorğularına məhəl belə qoymayan, onları cavablandırmağa “macal tapmayan” mətbuat xidmətləri də az deyil.

Belə xidmətlərin passivliyi və qeyri-peşəkarlığı informasiya əldə edilməsi üçün edilən müraciətlərin cavablandırılmasında da özünü büruzə verir: “KİV haqqında” Qanunun tələbləri ya pozulur, ya da verilən suallar əhatəli şəkildə cavablandırılmır. Bu da bir yana, elə mühüm dövlət qurumları da var ki, onların ictimaiyyətlə əlaqələr qura bilməməsi nəinki cəmiyyətə, elə mətbuatın özünə də çox çətin başa gəlir.

Söhbətimizi elə bu əsnada, Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin fəaliyyətinə baxış üzərində qurmağa çalışacağıq. Dövlət Neft Şirkəti ölkənin zəngin tarixə malik ən nüfuzlu dövlət qurumlarından bəlkə də birincisidir. Təkcə onu söyləmək kifayətdir ki, dövlət büdcəsinin formalaşmasında ARDNŞ-nin payı 60 faizə yaxındır.

Dövlət Neft Fondunun və xarici neft şirkətlərinin dövlət büdcəsinə ödənişləri də nəzərə alınanda büdcənin formalaşmasında neft sektorunun payı təxminən 85-90%-ə çatır. Buna görə də Dövlət Neft Şirkətinin fəaliyyətinə ölkə ictimaiyyətinin marağı böyükdür. Şirkətdə gedən proseslərin maraqla izlənilməsinə də bu kontekstdən yanaşmalıyıq.

Düşünürük ki, şirkət rəhbərliyi də bunu təbii qəbul etməli, fəaliyyətinin bu və ya digər istiqamətləri barədə kütləvi informasiya vasitələrinə gərəkli və yetərli informasiyanın çatdırılmasında maraqlı olmalıdır. Lakin bu vəzifəni həyata keçirməli olan ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin fəaliyyəti demək olar ki, görünmür. Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin isə öz məhdud əhatə dairəsi var. Onun fikirləri ilə yalnız bir neçə qəzet və telekanalda tanış olmaq olar. Qalan hallarda mətbu orqanların suallarını Nizaməddin Quliyevin cavablandıracağına ümid etməyə dəyməz. Bu passivliyi sayğısızlıq da adlandırmaq olar.

Unutmaq lazım deyil ki, məhz mətbuat xidməti rəhbərinin passivliyi ARDNŞ rəhbərliyi barəsində neqativ məlumatların yayılmasına zəmin yaradır. Nizaməddin Quliyevin “bilmirəm”, “eşitməmişəm” və “məlumatlı deyiləm” kimi məmursayağı maraqsız açıqlamalarına alışmış mətbuata o qalır ki, ARDNŞ-nin rəhbərliyi ilə bağlı məlumatları ilkin mənbə ilə dəqiqləşdirmədən oxucunun ixtiyarına buraxsın.

Təəssüf ki, ictimaiyyətlə daha çox məmur kimi davranan Nizaməddin Quliyevin özünü də mətbuata bağlı persona kimi dəyərləndirmək zorundayıq. Amma onun barəsində xəbər qaynaqlarından kifayət qədər məlumat əldə edə bilmədik. Lakin eşitdiyimizə görə, neft sahəsində mütəxəssis hesab edilir. Görünür, bu hal Nizaməddin Quliyevin mətbuatla əlaqələrini günün tələblərinə uyğun şəkildə formalaşdırmağa bəs eləmir. Nizaməddin müəllim bilməlidir ki, yeniləşmə ARDNŞ-nin loqosunu mətbuata ingilis ladıyla çıxarmaqla bitmir. O həm də rəhbərlik etdiyi mətbuat xidmətinin əməkdaşları ilə bərabər cəmiyyətə açıq olmalısınız. Mətbuat işçisini məmurdan fərqləndirən əsas cəhət də bax budur…

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın