Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Rəsulzadə və inqilabçı sosializm haqqında düşüncələr – ARAŞDIRMA

Rəsulzadə və inqilabçı sosializm haqqında düşüncələr – ARAŞDIRMA

Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan siyasəti ilə yanaşı Azərbaycan düşüncə tarixində də önəmli bir yerə sahibdir. Vaxtı ilə yazdığı sosioloji-fəlsəfi məzmunlu yazılar, həmin illərdə Avropa ziyalıları də fikrini məşğul edən mövzulardan olduğunu görmək mümkündür.

Bu mövzulardan biri də Rəsulzadənin haqqında risalə yazdığı “Devrimçi Sosializm”dir (İnqilabi sosializmdir).

Rəsulzadənin “Devrimçi Sosializm” haqqında fikirləri 1926-cı ildə qələmə alınsa da, bu risalə, “Demokrasinin Gələcəyi” adlı risalə ilə birgə 1928-ci ildə İstanbulda Orxaniyyə Mətbəəsi tərəfindən nəşr edilmişdir. Rəsulzadənin inqilabi sosializm haqqında yazdıqları daha çox Marx-ın “İnqilabi nəzəriyyə”sinə olan tənqidlərindən ibarətdir.

Bu tənqidlərin bir sırası, bu gün də sosioloqlar tərəfindən əsaslı tənqidlər kimi qəbul edilir. Bu risalədə, Rəsulzadə arqumentlərində Almanya, Fransa, İngiltərə kimi sənayeləşmiş kapitalist ölkələrə işarə etsə də, bu yazı daha çox Rəsulzadənin nəzəriyyə çərçivəsinə həsr edilmişdir.

Orta sinif

Marx, tarixi mərhələlər olaraq görürdü. Onun fikrinə görə, feodalizm mərhələsindən kapitalizm mərhələsinə keçmiş Avropa sənayeləşmiş ölkələrində proletar və burjua arasındakı sinfi mübarizə bir inqilabla kommunizm mərhələsinə keçidə səbəb olacaq. Marx-a görə bu devrim qaçılmazdır, çünki kapitalist sistemi öz qəbrini qazmaqdadır.

Kapitalist sistemində, proletar sinfi getdikcə böyüdüyü halda, burjua sinfi kiçilməyə davam edəcək deyən Marx bu məsələni devrimə şərait yaradan bir faktor kimi dəyərləndirirdi.

O, proletar sinfin böyüməsinin bir səbəbi olaraq da orta sinfin get-gedə yoxsullaşaraq proletar sinfə çevrilməsini irəli sürürdü. Bütün bunlar fəhlələrin oyanması və devrim etməsinə zəmin yaradacaqdır deyə düşündürdü.

Rəsulzadəyə görə Marx-ın vəd etdiyi inqilab baş verə bilməzdi, çünki o siniflər məsələsində yanılırdı. Rəsulzadəyə görə siniflər Marx-ın düşündüyü kimi formalaşmadı.

Bir tərəfdən, “kooperativlər, sendikalar və ictimai reformlar sayəsində fəhlələr Marx-ın düşündüyü qədər səfalət içində olmadılar. Başqa tərəfdən, kiçik sərmayə sahiblərinin sayı qətiyyən azalmadı və orta sinif heç də bulunmaz hala gəlmədi” (s. 18).

Bütün bunlara görə bir çox sonrakı sosialistlər Marx və Engelsin söylədiyi proletar inqilabı düşüncəsini yenidən gözdən keçirməyə başlamışlar. Bu da inqilab fikrindən vaz keçən islahatçı sosialistlərin artmasına səbəb oldu.

Söndürülmüş Toqquşma

Rəsulzadənin fikrinə görə Avropa kapitalist ölkələrinin müstəmləkəçi siyasəti onlara ciddi gəlir gətirdi. Başqa ölkələrin hesabına ciddi gəlir əldə edən bu ölklələrin burjua sinfi daha da varlandı, amma məsələ bununla bitmədi. Müstəmləkəçilikdən əldə edilən gəlir əsasən burjua sinfi tərəfindən mənimsənilsə da, qismən də proletar sinfi ilə bölüşüldü. Bu üzdən proletar sinfi artıq müstəmləkəçi öncəki proletar sinfi deyildi.

Çünki, müstəmləkəçilik nəticəsində kapitalist ölkələrdə fəhlələrin sosial vəziyyəti də müsbət anlamda dəyişmiş oldu və bu məsələ iqtisadi siniflər arasında baş verə biləcək möhtəməl toqquşmanın söndürülməsinə səbəb oldu.

MarxFotonun müəllifiHENRY GUTTMANN/GETTY IMAGES
Image captionRəsulzadəyə görə Marx-ın vəd etdiyi devrim baş verə bilməzdi, çünki o siniflər məsələsində yanılırdı.

Max Weber izi…

Rəsulzadəyə görə Marx həm də cəmiyyətdəki digər kimlikləri – özəlliklə milli kimliyi – görməzdən gəldiyi üçün yanılır, çünki bu kimliklər insanların davranışlarına təsir buraxır. Marx-ın inqilab nəzəriyyəsi sırf iqtisadi amil üzərində qurulmuş nəzəriyyə olduğu üçün onu təkyönlü nəzəriyyə kimi görən Rəsulzadə, risaləsində sinfi mücadilə əsasında olan inqilab anlayışının çökdüyünü iddia edir və bu iddiasını Birinci Dünya Müharibəsi əsnasında baş verənlərlə isbatlamağa çalışır.

Rəsulzadə sadəcə bu tənqidlə də qalmır, onun fikrinə görə hətta sosialist nəzəriyyəçilər belə müharibə əsnasında milli mənafe və proletar sinfin mənafeyi arasında seçim etmək məcburiyyətində qalanda milli mənafeyə üstünlük verirlər.

Birinci Dünya Müharibəsi zamanı fərqli Avropa ölkələrində fəaliyyət göstərən sosialistlərin siyasi davranışlarını da bu məqsədlə analiz edir. Marx-a görə dövlətlər burjua sinfinin təmsilçisi və kapitalist sistemin qoruqçusudurlar. Bu perspektivdən baxılarsa, Birinci Dünya Müharibə kimi dövlətlərarası münaqişələr fərqli ölkələrin burjua siniflərinin bir-biri ilə didişməsindən ibarət olmalıydı.

Bu üzdən proletar sinfin müdafiəçisi olan sosialist partiyaların bu müharibədə tutduqları mövqe önəmli idi. Rəsulzadə bu kritik tarixi dönəmi beynəlmiləlçi və inqilabçı sosializmin iddialarını sınaqdan keçirmək məqsədi ilə istifadə edir.

Rəsulzadəyə görə hətta sosialistlər də müharibə əsnasında dünyadakı proletar birləşməsi fikrindən vaz keçdilər. Alman Sosial-Demokrat partiyası, alman proletar ilə Fransız proletar sinfinin birləşmə vacibliyindən deyil, Alman dövləti və ölkədə digər sinflər ilə birgə vətənin qorunmasına üstünlük verdilər. Milli dövlətin qorunmasında israrlı olan sosialistlər, dövləti burjua sinifinin təmsilçisi və kapitalizmin müdafiəçisi kimi deyil, ölkədəki sinifləri birləşdirən bir quruluş kimi görməyə başladılar. Onlara görə dövlət bütün sinifləri təmsil edən bir strukturdur.

Bu yanaşma artıq inqilab arzusunda olan inqilabçı sosialistlərin yanaşması deyil, əksinə proletar sinfin vəziyyətini yaxşılaşdırmaq üçün islahatları gərəkli bilən reformist bir sosialist yanaşmadır.

Rəsulzadə risaləsində 1864-1920 illərində yaşamış alman sosioloq Max Weber haqqında yazmasa da, Rəsulzadənin Karl Marx-a olan tənqidi bir anlamda da Weberçi yanaşmadır. Max Weberin fikrinə görə Karl Marx-ın və Engelsin iqtisadiyyata əsaslanan sosial təbəqələşdirmə (Social Stratification) modeli təkyönlüdür. Weberin neçəyönlü sosial təbəqələşdirmə modelində isə siniflə (class) birgə başqa kateqoriyalar – o cümlədən status qruplar və güc qruplar- da önəmlidirlər.

Weberin sinif anlayışı Marx-la bəlli dərəcədə fərqli olsa da, sinfi toqquşmanın varlığına inanır. Bununla belə cəmiyyətdəki toqquşmanın daha mürəkkəb olduğunu irəli sürür. Mücadilənin sadəcə siniflər arasında deyil, status qruplar və güc qrupları kimi kateqoriyasında də baş verməsi, bu mürəkkəbləşmədə əsas rol oynayır. Onun fikrinə görə, hər bir qrupun fərqli marağı olduğu üçün toqquşmalar da qaçılmaz olur.

Sinfi mücadilə

Misal üçün, cəmiyyətdə sinfi toqquşma ilə bərabər güc qrupları və ya rəqib siyasi partiyalar arasında da mücadilələr olur. Hətta eyni partiya içində siyasətçilərin arasında da mücadilənin baş verdiyini, maraqların toqquşmasını görmək mümkündür. Belə bir mənzərə hər şeyi sinfi mücadiə əsasında təhlil etmək çox da geniş bir baxış sayılmazdı.

Rəsulzadənin risaləsində işarə etdiyi milli kimlik və patriotizm daha çox Weberin “status qruplar” kateqoriyasına aiddir. Əgər sinif, iqtisadiyyata əsaslanaraq təriflənirsə, status qruplar daha çox mədəniyyətlə bağlıdır.

Eyni həyat tərzi və dünya görüşü olan cəmiyyətlər bu status qrupları təşkil edirlər. İnsanların ölkə, millət, etnik, din və ya genderə mənsub olmaları, bir anlamda da onların status qruplara mənsub olduqlarını bəlli edir. Ölkəyə mənsubiyyət özü də millət adlı bir status qrupu formalaşdırır.

Fərqli ölkələrin maraqları üst-üstə düşmədiyi halda toqquşma və mücadilə də gözləniləndir. Rəsulzadənin işarə etdiyi Birinci Dünya Müharibəsi həm də bu status qruplar arasında olan mücadilədir.

Əgər Rəsulzadənin də qeyd etdiyi kimi sosialist liderlər üçün milli maraqlar, sinfi maraqlarla müqayisədə daha çox önəm daşıyırsa demək onlar status qruplarının maraqlarını qorumaq istəmişlər. Əslində Rəsulzadə millət adlı status qrupun önəmini vurğularayraq Marx-ın sinfi mücadiləyə əsaslanan inqilab nəzəriyyəsini tənqid etməyə çalışmışdır.

Maraqlı burasıdır ki, hətta indiki kapitalist ölkələrdə də sinfi mücadilə əsasında formalaşmış ciddi bir siyasi və ya ictimai hərəkatın şahidi deyilik. Başqa tərəfdən isə dünyada gündəmdə olan əsas siyasi və ictimai hərəkatlar, status qruplarla bağlı olan feminizm, millətçilik, multikulturalizm və ya dini cərəyanlara bağlı hərəkatlar get-gedə yayğınlaşmaqdır. (BBC)

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın