Ana səhifə / Gündəm / “Quş qripi” monitorinqi zamanı xəstəlik törədiciləri aşkarlanmayıb

“Quş qripi” monitorinqi zamanı xəstəlik törədiciləri aşkarlanmayıb

Noyabrın 2-dən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə “quş qripi” xəstəliyinə görə ölkə ərazisində növbəti monitorinq başlanıb.

DBNX-nın mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan nümunələr götürülüb.

“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 20 baş çöl quşunun patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1835 baş ev quşunun qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib. DBNX bununla əlaqədar bildirir ki, müayinələr noyabrın 13-də başa çatıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı kəskin infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.

DBNX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası və havaların getdikcə soyuması ilə əlaqədar ev və sənaye quşları baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.

“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlardan keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan DBNX respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqə dekabrın 7-də start veriləcək.

Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın