Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Qorbaçovla Reyqanın tarixi görüşündən 30 il ötür – ARAŞDIRMA

Qorbaçovla Reyqanın tarixi görüşündən 30 il ötür – ARAŞDIRMA

1985-ci il noyabrın 19-da Cenevrədə bəşəriyyətin taleyində böyük rol oynamış tarixi bir görüş keçirildi – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovla ABŞ Prezidenti Ronald Reyqanın görüşü…

Bu, o günlər idi ki, keçmiş SSRİ-nin əksər böyük şəhərlərində, o cümlədən, Bakıda adambaşına hər ay 1 kq-dan olmaqla ət, yağ və şəkər kimi gündəlik ərzaq məhsulları talonla verilirdı. Özü də sovet adamlarına talonla verilən ət təzə kəsilmiş, mənşəyi məlum olan məhsul deyildi. Bəlkə də 50 il anbarlarda qalıb, dondurulmuş naməlum heyvan əti idi. O vaxt təzə və təmiz əti yalnız rayonlarda və ya Bakı kəndlərində tapmaq olardı. Paytaxtın mərkəzində indiki kimi hər tinbaşı bir qəssabxana yox idi. Bu sətirlərin müəllifinə də tələbəikən talonla verilən sovet ətindən dadmaq nəsib olmuşdu. Onda da, indiki kimi, işlətdiyimiz sovet rublu, tədricən, dəyərdən düşür, neft ucuzlaşırdı; iki gündən bir Amerika ilə nüvə müharibəsinin olacağı, III Dünya Savaşının başlanacağından danışılırdı… Bunların hamısı ABŞ-ın hiyləgər gedişləri nəticəsində, Kommunist Partiyası rəhbərliyinin nəhəng sovet dövlətinin gəlirlərinin bəlkə də 90 faizini sürətlə silahlanmaya xərcləməsinin, ardınca isə Mixail Qorbaçovun üzümlüklərin məhvi, alkoqollu içki satışına kütləvi məhdudiyyət qoyulması və s. ilə müşayiət olunan anormal yenidənqurma siyasətinin ucbatından idi…
O illərdə sovet lideri ilə bağlı ibrətamiz lətifələr də yaranırdı. Reyqana uzun illər tərcüməçilik etmiş Dmitri Zareçnyak bir vaxtlar Ağ ev başçısının M. Qorbaçovla görüşlərinə dair xatirələrində söhbətlərin birində özünün ABŞ prezidentinə belə lətifələrdən birini danışmasından da bəhs edir: “Birdən elə bir vəziyyət yarandı ki, Qorbaçov Reyqanın xanımı Nensi ilə danışmağa başladı və Reyqan həmsöhbətsiz qaldı. Onda mən ona Qorbaçov haqqında yayılmış lətifəni danışdım: “Bilirsiniz, Qorbaçov SSRİ-də spirtli içkilərə məhdudiyyət qoyulmasına çalışırdı. Deməli, Moskvada içki almaq üçün uzun növbə yaranır, birdən kiminsə növbədə səbri tükənir və deyir: “Bu Qorbaçova baxın, bizi nə günə qoyub, gedib onu öldürəcəyəm!”. Amma az sonra həmin adam yenidən növbəyə qayıdır və yanında dayanan başqa birisi ondan soruşur ki, “Nə oldu, öldürdün?“. O da deyir ki, “Yox, orada növbə bundan da uzundur”…
SSRİ-nin və onu çökdürən güclərin siyasətlərinin fiziki, mənəvi və iqtisadi acılarını bizlər hələ 1990-cı illərin ortalarınadək yaşayacaqdıq… Həm də ona görə ki, ABŞ-SSRİ danışıqları sonda sürətlə silahlanmanı dayandırsa da, bunun nəticəsi olaraq, SSRİ iqtisadiyyatı dirçəlmədi, əksinə, dünyanın 1/6-ni tutan əjdaha ölkə çökərək parçalandı. Onun parçalanmasında böyük rolu olan millətlərarası münaqişələr isə bugünədək davam etməkdədir. Qarabağ, Osetiya, Abxaziya, Moldova və s. kimi…

Keşmiş ABŞ səfiri Cenevrə görüşünün hansı iki mühüm nəticəsini görür?

Bütün bunlara rəğmən həm xarici, həm də keçmiş sovet, o cümlədən Azərbaycan siyasət adamları “yenidənqurma” illərindəki SSRİ-ABŞ danışıqlarını, eləcə də Qorbaçovla Reyqanın 30 il öncəki ilk görüşünü bəşəriyyəti nüvə savaşı təhlükəsindən qurtarmış mühüm bir hadisə kimi dəyərləndirirlər. “Reyqan və Qorbaçov: “soyuq müharibə” necə bitdi?” kitabının müəllifi, 1987-1991-ci illərdə ABŞ-ın SSRİ-dəki səfiri olmuş Cek Metlok noyabrın 12-də today.duke. edu saytına verdiyi müsahibəsində Cenevrə görüşünü kütləvi qırğın silahlarının ixtisarına başlanması və “soyuq müharibə”nin başa çatması yolunda uğurlu bir addım kimi qiymətləndirərək deyir: “Mən indi də bu görüşün iki vacib nəticəsini görürəm: müharibəyə yol verilməməsi barədə birgə bəyanat və qarşılıqlı tələbə mübadiləsi haqqında razılıq. Tələbə mübadiləsi barədə razılığı bəlkə də kimsə publikaya hesablanmış oyun hesab edirdi. Amma mən bunu çox vacib sayırdım. Həmin razılaşmanın gerçəkləşdirilməsinin “dəmir pərdə”də (SSRİ nəzərdə tutulur – S.L.) boşluqların aşkar edilməsi və onun tam dağıdılması üçün çox faydası oldu…”.

“Hətta xarici işlər nazirləri də qapı arxasında qalmışdı”

Tanınmış siyasi icmalçı, BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru, beynəlxalq münasibətlər tarixi üzrə mütəxəssis Musa Qasımov “XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində dünyada baş verən geosiyasi dəyişikliklər” adlı məqaləsində 1985-ci ildə Cenevrədə baş tutmuş Qorbaçov-Reyqan görüşünü belə xarakterizə edır: ”1985-ci ilin sentyabrında SSRİ xarici işlər naziri E.Şevardnadzenin Nyu-Yorkda ABŞ dövlət katibi Corc Şults və prezident R.Reyqan ilə görüşündə silahlara nəzarət, regional və ikitərəfli məsələlərə yanaşmada tərəflər arasında dərin fikir ayrılıqlarının olduğu üzə çıxdı. Buna baxmayaraq, yüksək səviyyəli SSRİ – ABŞ görüşünə hazırlığa başlandı. SSRİ XİN, SSRİ DTK və SSRİ MN-in keçirilməsi nəzərdə tutulan Qorbaçov – Reyqan görüşü ilə bağlı hazırladığı arayışda başlıca tezis ABŞ prezidenti ilə ümumi dil tapmaq, bərabər münasibətlər qurmaq, beynəlxalq münasibətlərə ideoloji fərqləri gətirməmək idi. Keçiriləcək görüş haqqında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də R.Reyqan üçün müvafiq məruzə hazırlamışdı. Məruzədə M.Qorbaçovun Cenevrə görüşünə ümidlərinin az olduğu qeyd edilirdi. Geniş hazırlıq tədbirlərindən sonra, nəhayət, 1985-ci ilin noyabrın 19-20-də Cenevrədə M.Qorbaçov ilə R.Reyqan arasında görüş baş tutdu. Həmin görüşdə yalnız tərcüməçilər iştirak edirdilər. Hətta xarici işlər nazirləri də bağlı qapılar arxasında görüşün nəticəsini gözləyirdilər. M.Qorbaçov və R.Reyqan qarşılıqlı münasibətlərdə mövcud olan etimadsızlığı və şübhələri aradan qaldırmaq zərurətindən danışdılar. M.Qorbaçov sürətlə silahlanmanın dayandırılmasının vacibliyindən, R.Reyqan isə SSRİ-nin üçüncü dünya ölkələrində nüfuzunu yaymaq cəhdlərindən danışaraq, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasını qəti surətdə tələb etdi. Görüş nəticəsiz başa çatdı. Bununla belə, Cenevrə danışıqlarında müsbət meyllər də müşahidə edildi. Ən başlıcası, ölkə rəhbərləri hərbi üstünlüyə çalışmamaq barədə razılığa gəldilər. Cenevrə görüşündən sonra sovet rəhbərliyi Əfqanıstan siyasətinin dəyişdirilməsinin zəruriliyini başa düşdü və bundan ötrü müvafiq addımlar atdı”.

Reyqan Ağ evdə yadplanetlilər haqqında film nümayiş etdirib?

“1 nömrəli kommunist”lə “1 nömrəli kapitalist”in Cenevrə görüşündə maraqlı “pərdəarxası” nüanslar da olub. Onlardan biri də keçmiş ABŞ prezidentinin aktyorluq bacarığından üzə çıxıb. Məlumdur ki, Ronald Reyqan gəncliyində radioaparıcı, həm də kinoaktyor olub. O, 54 kinofilmdə çəkilib. Hollivudda çalışan gələcək prezident elmi fantastikanın böyük fanatına çevrilib. Tanınmış Amerika yazıçısı doktor Devid Klarkın 2015-ci ilin mayında çapdan çıxmış “How UFOs Conquered The World” (“Yadplanetlilər dünyanı necə fəth etdilər”) adlı kitabında Reyqanın bu marağı barədə ətraflı yazır: “O, etiraf edirdi ki, ən çox xoşladığı ssenari “ Yer sakinlərinin bütün milli mübahisələri kənara qoyub kosmosdan yadplanetlilərin hücumuna qarşı birləşməyə məcbur olmaları”dır. O, hətta prezident olduğu 1982-ci ildə Ağ evdə S.Spilberqin “Üçüncü dərəcəli yaxın əlaqələr” adlı flminin qapalı nümayişini təşkil edib. Və oraya yalnız baş hakimləri, astronavtları və digər vacib şəxsləri buraxıb. Hələ filmin titrləri yazılmağa başlananda Reyqan tamaşaçılara tərəf dönərək “Bu zalda çox adamlar var ki, ekranda göstərilənlərin hamısının həqiqət olduğunu bilirlər”…

ABŞ prezidenti Qorbaçova yadplanetlilərin hücumu barədə nə deyib?

Və nəhayət, 1985-ci ildə Qorbaçovla Cenevrə görüşündə Reyqan daha irəli gedib. “ABŞ prezidenti əgər Yer yadplanetlilərin hücumu təhlükəsi qarşısında qalarsa, iki superdövlətin əməkdaşlıq edəcəyinə inamını ciddi şəkildə ifadə etməklə Qorbini (Qorbaçov – S.L.) təəccübləndirməyi bacarıb. Və özünü itirmiş sovet lideri nəzakətlə mövzunu dəyişib”. Bu minvalla Reyqan həm də yüksək aktyorluq bacarığı nümayiş etdirərək Qorbaçovu tədricən güzəştlərə getməyin və ABŞ-la əməkdaşlığın vacibliyinə inandıra bilib. O zaman prezidentin milli təhlükəsizlik üzrə müşaviri olan keçmiş Pentaqon rəhbəri Kolin Pauel Cenevrə danışıqlarından döndükdən sonra Merilenddə məktəblilərlə görüşündə bu əhvalatı danışmasından dəhşətə gəlib.

Planetlərarası sülhməramlı qüvvələr yerə enir?

Pauel Reyqanın hakimiyyətdə olduğu son illərədək onun çıxışlarından “planetlərarası münasibətlər” kimi ifadələri çıxırmış. Reyqan yadplanetlilərin hücum təhlükəsi barədə danışmağa davam etdiyi zaman Pauel başını yellədərək əməkdaşlarına deyirmiş: ”Buna bax, yenə balaca yaşıl adamlardan danışmağa başladı”. D.Klerk hesab edir ki, Qorbaçovla söhbətdə yadplanetlilərdən bəhs etməsinə Reyqanın tez-tez baxdığı 1951-ci ildə çəkilmiş “Yerin dayandığı gün” filmi səbəb olub. Həmin filmdə nəhəng robot vasitəsilə Yerə enən planetlərarası sülhmərmlı qüvvələrin müharibə edən nüvə dövlətlərini barışa məcbur etməsindən bəhs edilir.

Reyqan özü də gerçək təhlükənin SSRİ-dn gəlmədiyinə inanırmış?

“Ronald Reyqan inadkar xristian inancına malik idi. Və o, öz dini ilə yadplanetlilərin varlığına inam arasında ziddiyyət görmürdü. Kosmik tapmacalar üzrə mütəxəssis Şeffild Klarkın qiymətləndirməsinə görə, prezident Amerika ictimaiyyətinin ümumi rəyini ifadə etdiyinə inanırdı. O zaman keçirilən sorğular amerikanların 57 faizinin yadplanetlilərin varlığına inandığını göstərirdi”.
Sonda yenidən Cenevrə danışıqlarına toxunan doktor Klark əlavə edir: “Reyqanın 1985-ci il sammitində Qorbaçova açıqlaması onun gerçək təhlükənin SSRİ-dən deyil, düşmən münasibətli yadplanetlilərdn gəldiyinə inandığını göstərir”.

 Sultan Laçın

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın