Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Qanında, canında, ailəsində ermənilik olan(lar)ın diaspor rəhbərliyində nə işi?

Qanında, canında, ailəsində ermənilik olan(lar)ın diaspor rəhbərliyində nə işi?

Artıq bir neçə gündür gündəmi Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib. Diaspor sədri faktı təsdiqləyib və hətta bildirib ki, o, qızını erməniyə verməkdə heç də peşman deyil: “Qızımın erməni oğlanla ailə həyatı qurması doğrudur. Bunu bütün dost-tanışlar illərdir bilirlər. Bu, normal hadisədir. Həyat yoldaşım da milliyyətcə ermənidir”.
Xatırladaq ki, azərbaycanlı xanımla erməni bəyin nikahı Moskvada yerləşən, azərbaycanlılara məxsus restoranların birində baş tutub. Toyda azərbaycanlılarla yanaşı, ermənilər də iştirak ediblər.
Araşdırmamız zamanı Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri, qızını erməniyə ərə verən Ağadadaş Kərimovun əsl ermənipərəst olduğunu sübut edən digər faktları da üzə çıxara bildik. Hələ 2016-cı ildə Azərbaycan KİV-lərində onunla bağlı yazı gedib. Məqalədən məlum olur ki, A.Kərimov “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılmasına etiraz etməyib. Həmçinin, o və Rostovdakı diaspor lideri Vaqif Mustafayev Narışkinə müraciət etməkdən də imtina ediblər. Buna səbəb isə hər iki diaspor liderinin həyat yoldaşının erməni olması faktıdır.
Belə müəmmalı reputasiyaya malik olan bir adamın diaspora rəhbərlik etməsi necə mümkün olub və yaranmış halla bağlı hansı addımlar atılmalıdır?
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, bu informasiya onları dərindən hiddətləndirib: “Danışmağa da çətinlik çəkirəm. Erməninin yaxşı nəyisə yoxdur. İstər diasporu, istərsə də ziyalılarını bura aid edə bilərik. Çünki onların hər birinin amalında erməni lobbiçilyi var. Onların da başlıca məqsədi Azərbaycan xalqına və bütövlükdə Türk dünyasına düşmən olmaqdan ibarətdir. Özünü diaspor fəalı adlandıran bu adamın qızını erməniyə verməsi və sonra da öz mövqeyini həyasızcasına müdafiə etməsi bizim əsəblərimizi tarıma çəkib. Onunla bağlı ciddi tədqiqat işləri aparılmalıdır. Onun Azərbaycana girişi əngəllənməlidir. Doğulduğu yer, kimliyi, sosial mənsubiyyəti və Diaspor Komitəsi ilə olan əlaqələri ciddi təftiş olunmalıdır. Xüsusilə də onun təmsil olunduğu milli muxtariyyətin rəhbərliyi bu adamı qurumun başına necə gətirdiyinə aydınlıq gətirməlidir. Azərbaycanın Rusiyadakı Səfirliyi bu məsələyə münasibətini ortaya qoymalıdır. Belə adamlar bizim gördüyümüz müsbət işlərə də xələl gətirir. Çünki hamımızın adı diaspor fəalı gedir. Sevgini diaspor siyasətinə qatmaq olmaz. O bəlkə də sadə vətəndaş olsaydı, əməlinə bu dərəcədə kəskin reaksiya verilməzdi. Amma, istənilən halda, biz ermənilərin millətimizin başına açdığı faciələri unutmamalıyıq. Bir milyondan artıq qaçqınımız var. Bizim onlarla dostluğumuz tutmaz. Biz belə yad elementlərin diasporumuzdan qovulmasına birgə səylərimizlə nail olmalıyıq. Əminəm ki, belə xislətdə olan bir çox şəxs diasporumuzun içinə soxulub. Siz jurnalistlərdən xahiş edirəm, xalqının qədrini bilməyən belə adamları cəmiyyətə daha yaxşı tanıdın. Elə vəziyyətə salınmalıdırlar ki, gələcəkdə bu addımı atmaq istəyənlər utansın. Diaspor fəallarımız bizim sadə vətəndaşlarımıza öz əməlləri ilə örnək olmalıdırlar. Onda biz bazarda alver edənlərdən nə gözləyək? Əlavə olaraq nəzərinizə çatdırım ki, Diaspor Komitəsinin özünün nəzdində xarici əlaqələr şöbəsi var. Həmin şöbənin işi çox gücləndirilməlidir. Əvvəlki iş rejimindən imtina olunmalıdır. Xarici ölkələrdə olan bütün diaspor fəallarımızla bağlı ciddi araşdırma aparılmalıdır. Ermənistanda hakimiyyətə gələn Paşinyan daha şovinist, daha radikaldır. Əminəm ki, bundan sonra onların diaspor fəallıqları da güclənəcək. Biz fəal rejimə keçməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …