Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Qan donduran qətllər – toplumda aqressiya niyə artıb?

Qan donduran qətllər – toplumda aqressiya niyə artıb?

Mahmud Hacıyev: “Arvadını və iki azyaşlı övladını qətlə yetirən şəxs demək ki, islah olunmayıb”; Əhməd Qəşəmoğlu: “Cəmiyyətimizi bu vəziyyətdə təkbaşına qoymamalıyıq”

Son zamanlar Azərbaycanda amansız qətllərin sayının durmadan artdığı müşahidə olunur. Demək olar ki, vaxtaşırı bu cür qətllər ölkədə şok effekt yaradır. Gah övlad valideyn və ya valideynlərini amansızlıqla qətlə yetirir, gah da valideyn əksini edir. Hələ azyaşlı uşaqların qətllərini demirik.

Son günlərdəki iki dəhşətli qətl hadisəsi isə az qala, ölkəni silkələdi. Əvvəlcə Masallıda 1989-cu il təvəllüdlü Ağayev Azər həyat yoldaşı Asudə Ağayeva birlikdə ailə münaqişəsi zəminində 1962-ci il təvəllüdlü atası Ağayev Etibar və anası Ağayeva Rəfiqəni öldürərək həyətlərindəki tövlədə basdırıb, üzərini betonla örtüb.

Başqa bir qan donduran hadisə Mingəçevirdə qeydə alındı. Belə ki, şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Ağa oğlu Hüseynov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Aynurə Abbasovanı və iki azyaşlı övladını – 2010-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı qətlə yetirib. Qatil arvadı və iki azyaşlı övladının başını bədənlərindən ayırıb.

Qeyd edək ki, L.Hüseynov əvvəllər adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün iki dəfə həbs edilib. O, ümumilikdə 17 il məhkumluq həyatı yaşayıb. Bu qətlin ardından dərhal cəmiyyət daxilində aqressiyanın getdikcə artması və bundan doğan bu cür hadisələr geniş müzakirələrə səbəb oldu. Bu istiqamətdə ən müxtəlif fikirlər var. Xüsusilə, uzun müddət həbs cəzası alan şəxslərin sonradan məhkumluq həyatı bitdikdən sonra onlarla necə davranılması barədə müzakirələr açılıb. Belə şəxslərin uzun müddət reabilitasiya olunmamalarına səbəb kimi müxtəlif fikirlər səslənir. Çoxları düşünür ki, belə şəxslər azad olunduqdan sonra xüsusi nəzarət altında olmalıdır.

Keçmiş polis rəisi Mahmud Hacıyev bu tipli şəxslərin islah olunmadığını qeyd etdi: “İslah olunmuş şəxs İslah Əmək Koloniyasında islah olunur. Hər hansı şəxs uzun müddət həbs cəzası alır və sonradan azadlığa çıxır. Onun məhkumluq dərəcəsi durur. Məhkum olduğu 17 il ərzində o heç bir cinayət əməli törətməyəndə o məhkumluğu ödənilmiş şəxs sayılır. Azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı ”kolon”lar onların islah olunması üçündür. Belə yerlərin yazılmamış və yazılmış qanunları var – istər dustaqlar arasında, istərsə də, dustaqlarla rəhbərlik arasında. Bu qanunlarla məhbuslar islah olunmur. El arasında belə deyilir ki, bu bədbəxt oğlu tutuldu, çıxdı yenə cinayət törədəcək. Son məhkəmə statiskasına baxın, əgər cinayətləri törətmiş şəxslərin bir çoxları əvvəllər məhkumluq həyatı yaşayan insanlardısa, o zaman niyə islah olunmayıblar? Demək, cəza çəkdiyi “kolon” onu islah edə bilmir. Yazılan və yazılmamış qanunlar imkan vermir ki, məhbus orada islah olunsun. Məhkumluğu ödənilmiş şəxslə islah olunmuş şəxs ayrı-ayrı anlayışlardır. SSRİ dövründə həbsdən çıxan şəxsin qeydiyyatı hansı ərazi idisə, o əraziyə baxan əməliyyat müvəkkili, sahə inspektoru tərəfindən həmin şəxs qeydə alınır, nəzarət işi açılırdı. Həmin şəxsin mütəmadi olaraq əmək davranışı, həyatı, özünü necə aparmağı nəzarət altında olurdu, qeydlər aparılırdı. O şəxslərlə söhbətlər aparılır, işlə təmin olunurdular. İndi isə belə deyil. Məhkum olanlar azad edildikdən sonra işsiz olurlar, əvvəllər cinayət törətdiklərinə görə psixoloji durumları da yerində olmur. İnsanlar ən çox o hallarda cinayət törədirlər ki, psixoloji durumları yerində olmur. Nəticədə belə dəhşətli qətllərin şahidi oluruq. Belə şəxslərin psixoloji durumları da daim yoxladılmalıdır. Əgər bəzi hallar meydana çıxsa, icra strukturlarına müraciət olunmalı, o şəxslər aidiyyəti yerlərə yerləşdirilməlidir. Buna da cinayətlərin qarşısını almaq üçün önləyici tədbirlər deyilir. Bunların qaydası belədir. Arvadını və iki azyaşlı övladını qətlə yetirən şəxs demək ki, islah olunmayıb, azadlığa çıxdıqdan sonra nəzarətdə olmayıb, psixoloji durumu isə zəif olub. İstintaq vaxtı bunlar üzə çıxacaq. İstintaq səhv etsə də, məhkəmə bunu üzə çıxaracaq. Son 4-5 ildə bu tipli qətllər ölkədə tez-tez baş verir. Sovetləri tərifləmək üçün demirəm. Reallığı demək lazımdır. SSRİ dövrünün 10 ili ilə son 10 ilin təcrübəsini götürün. Görün o zaman cinayətlər daha çox olub, yoxsa indi. O dövrdə belə qətlləri barmaqla saymaq olardı. Belə hadisənin hansı respublikada baş verməsindən asılı olmayaraq, bütün SSRİ ayağa qalxırdı. Aidiyyəti şəxslər ifadə verirdilər, cinayətin səbəbləri, səbəb olacaq amillər ciddi şəkildə araşdırılırdı. Amma indi bunların heç biri yoxdur”.

Sosioloq Əhməd Qəşəmoğlu hazırda bütün dünyada gedən qloballaşma ilə bu tipli hadisələrin baş verdiyini düşünür: “Hər yerdə vəziyyət mürəkkəbləşir. Bu zaman həmin cəmiyyətin dəyərləri getdikcə itir. Bu dəyərlər təəssüf ki, indiki vaxtda maddi faktorda çox mühüm rol oynamağa başlayır. Çox yaxşı olardı ki, bu proseslərdə mənəvi amillər öndə olardı. Qloballaşma mənəvi amillərin təsiri altında baş versəydi, daha müsbət olardı. Yer üzü səhv yoldadır. Bunu o amillər əlaqələndirirlər ki, getdikcə gərginlik artır. Bu hal cəmiyyətimizə də təsir edir. Belə məsələləri daim diqqət mərkəzində saxlamalıyıq. Önləyici tədbirlər görməliyik ki, qorxunc nəticələrinin şahidi olmayaq. Təəssüf ki, bu sahədə lazımı işlər görülmür. İnsanlarımızın bir çoxunda sabaha ümidin azalması, psixoloji gərginliyin yaranması kimi hallar baş verir. İnsanlar normal tarazlıq halından çıxıb, elə hallar yaşayır ki, onu normal təfəkkürlə izah etmək mümkün deyil. Ölkəmizdə də belə gərginliklər getdikcə artır. İnsanların borcları, ehtiyacları çoxalır, digər tərəfdən mənəvi dəyərlərdə elə dəyişikliklər baş verir ki, indiki vaxtda insanlar buna hazır olmurlar. Adətən konfliktlər o cür baş verir ki, qadınlar daha dünyada dəyişikliklərin baş verdiyini düşünüb, müasir yöndən dəyişməyə daha çox meyl edirlər. Kişilər isə qədim adət-ənənələrə daha çox meyl edirlər. Nəticədə ortaya ciddi münaqişələr çıxır. Bu dəqiqə cəmiyyətimizi bu vəziyyətdə təkbaşına qoymamalıyıq. İndiki vaxtda çox ciddi humanitar siyasətimiz olmalıdır”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın