Ana səhifə / Gündəm / Qəddafini kim yıxdı? – ARAŞDIRMA

Qəddafini kim yıxdı? – ARAŞDIRMA

Əsasən, ABŞ-ın hərbi-siyasi, maliyyə gücü ilə dünyadakı iqtisadi-siyasi prosesləri yönəldən müasir “demokratik” idarəçilik sistemi nəhəng bir teatra bənzəyir. Çox vaxt səhnədə baş rolda oynayanların müstəqil qərar verdikləri təəssüratı yaranır. Amma pərdələr azca aralananda görürsən ki, hər şeyi orta əsrlərdən bəri sələm-kredit əməliyyatları, cürbəcür maxinasiyalar, korrupsiya və s. sayəsində əllərində nəhəng maliyyə resursları cəmləmiş “pərdəarxası” güclər həll edir. Kimin hansı rol oynayacağına onlar qərar verirlər. Öz ssenarilərinə uyğun gəlməyənləri isə bu və ya digər formada zərərsizləşdirirlər.
XVIII əsrdən başlayaraq Şərqdə qondarma dini və sosial ideyalar əsasında qurulan diktatura quruluşlarının formalaşmasında Qərb, xüsusən Britaniya və Fransanın, böyük rolu olub. Böyük Britaniya Krallığının İslam Dünyasını, Osmanlını çökdürmək üçün 1710-cu illərdən xəfiyyə şəbəkəsi və emissarlar vasitəsilə tətbiq etdiyi 1000 səhifəlik planında müsəlman ölkələrində əsli-nəcabəti bəlli olmayan şəxslərin və hərbi komandirlərin hakimiyyətə gətirilməsi maddəsinin olduğunu əvvəlki yazılarda da qeyd etmişdik. Ölkələrin sərvətlərini talamaq, xalqları zülm altında əzdirmək, sonra isə insanları iqtidarlara qarşı radikallaşdırmaqla diktatorları devirmək və nəticədə, cəmiyyətləri xaos girdabına yuvarlatmaq XX əsrin sonlarından bəri dünyanı yönəltməyə çalışan bəzi güclərin mənfur planlarının tərkib hissəsidir.
Bu yazımızda İslamla sosializm və millətçilik dəyərlərinin sintezindən yaradılmış unikal bir ideologiya əsasında 42 il hökm sürmüş Liviya Cəmahirriyyəsi və onun faciəvi lideri Müəmmar Qəddafidən bəhs edəcəyik. 5 il öncə Liviyanın və Qəddafinin başına gətirilənlərin səbəblərini araşdırdıqda, əslində, bütün planetdə baş verən proseslərin əsas mahiyyəti aydın olur….

Uşaq yaşlarından Quranı əzbər bilirdi

Qəddafinin tərcümeyi-halı barədə çox yazılıb. Kiçik yaşlarından Quranı əzbər bilən bədəvi oğlu 1966-cı ildə İngiltərədə hərbi təcrübə keçib. Siyasi düşüncələri Misir lideri Əbdül Nasirin təsiri ilə formalaşıb, 1959-cu ildə «Müstəqil hərbçilər hərəkatı» adlı gizli hərbi birlik yaradıb. Məqsəd Liviyanı Krallıqdan qurtarmaq və Nasirin yolu ilə getmək olub. 1969-cu il sentyabrın 1-də Kral I İdrisin Türkiyədə müalicədə olmasından istifadə edən yüzbaşı Qəddafi ölkədə hərbi çevriliş edir. 1970-ci il yanvarın 15-də o, Liviya lideri elan edilir…
Qəddafinin üç ideyanın sintezindən yararlanmaqla qurduğu özünəməxsus sistemin formalaşmasında özünün təvazökarlığı bir kənara qoyub, «Müasir dövrün İncili» adlandırdığı «Yaşıl kitab»ı da böyük rol oynayıb. “Üçüncü dünya nəzəriyyəsi”ni irəli sürdüyü bu kitab Liviya lideri dünyanı nizama salmaq üçün nazil edilmiş Haqq kəlamı kimi oxumaq və qiymətləndirmək gərək olduğunu məsləhət görürdü. Qəddafini bəzi din xadimləri və radikal qrupların hədəfinə gətirən amillərdən biri də məhz “Yaşıl kitab” idi…

Yəhudi və italyanları ölkədən qovdu…

Qəddafi hakimiyyətə gəldiyi ilk günlərdən Qərbi qıcıqlandırmağa başladı. İngiltərə və ABŞ hərbi hissələrini ölkədən çıxardı, İtaliya və İsrailə qarşı kəskin mövqe tutdu. İtalyan və yəhudiəsilli vətəndaşların var-dövlətlərini əlindən aldı, onları ölkədən getməyə məcbur etdi, xarici neft şirkətlərini «milliləşdirmək» adı ilə hədələdi və onları çıxardıqları sərvətdən ölkə büdcəsinə daha çox gəlir verməyə məcbur etdi. Nəticədə, böyük layihələrlə evsizlərə ev tikildi, ən ucqar kəndlərdə belə yüksək səviyyəli məktəb, xəstəxana istifadəyə verildi, yol çəkildi, infrastruktur tamamilə yenidən quruldu. Ölkədə işsizliyin olmadığı da statistik məlumatlar sırasındadır. 2011-ci ilədək Liviya Afrika qitəsinin ən inkişaf etmiş ölkəsi sayılırdı. Burada maaş minimum 6 min funt-sterlinqdən başlayır və 30 min funt-sterlinqədək yüksəlirdi.

Saxta dərman satana ölüm hökmü kəsirdi…

Maraqlıdır ki, dünyaya ən qatı diktator kimi təbliğ edilən Qəddafinin ölkəsində vətəndaşların sosial müdafiəsi dünya üzrə ən yüksək səviyyədə idi. Neft gəlirlərinin xalq kütlələri arasında ədalətli paylanmasına əsaslanan sosial güzəştlərə aşağıdakılar daxil idi:
– dövlət hər bir ailə üzvünə ildə 1 000 $ dotasiya verirdi;
– işsizlik müavinəti ayda 730 $ olub;
– tibbi basısının maaşı 1000 $ olub;
– hər bir yeni doğulmuş körpəyə 7000 $ verilirdi;
– yeni evlənənlərə mənzil almaq üçün 64 000 $ hədiyyə edilirdi;
– Liviya əhalisi üçün elektrik enerjisi pulsuz idi;
– şəxsi biznesin açılmasına birdəfəlik 20 000 $ maddi yardım edilirdi;
– çoxuşaqlı ailələr üçün simvolik qiymətlərlə əsas ərzaq məhsulları satan mağazalar şəbəkəsi təşkil edilmişdi;
– təhsil və tibb pulsuz olub; həmçinin tibb işçilərindən heç kim əlavə haqq barədə bir kəlmə belə kəsə bilmirmiş.
– apteklərin bir hissəsi xəstələrə dərmanı pulsuz verirmiş;
– xarisdə təhsil və ya təsrübə keçmək Liviya dövləti hesabına ödənilirmiş və s.
Lakin Liviyada sərt qadağalar da olub:
– vaxtıkeçmiş ərzaq satanlara qarşı böyük sərimələr kəsilirmiş və ya xüsusi polis tərəfindən həbs edilirmişlər;
– saxta dərman satışına görə ölüm hökmü kəsilirmiş.
– əmlakçı xidmətləri qadağan idi;
– spirtli içki satışı və istifadəsi qadağan olub.
40 ildən çox eyni simanı görmək ikrah hissi yaradırdı…
Bütün bu uğurlara rəğmən, 4 onillik ərzində eyni sifəti görməkdən, eyni sözləri eşitməkdən, bəzi məsələlərdə ifrat məhdudiyyyətlərlə üzləşən xalq kütlələrində Qəddafi rejiminə qarşı ikrah hissi də yaranırdı. Bundan və Qərblə yanaşı, bir sıra müsəlman ərəb ölkələri ilə ziddiyyətlərdən yararlanan tayfa başçıları da hakimiyyətə və daha da varlanmağa can atırdılar. Buna görə də bəzi təhlilçilər hesab edir ki, artıq Liviya cəmiyyəti özü sosial partlayışa hami¬lə idi. Doğrusunu Allah bilər… Amma görünür, Qəddafinin təkəbbürü və özündənmüştəbehliyi də onun gözünə pərdə çəkir, düzgün adekvat islahatlar aparmağa və iqtidardan bir az uzaqlaşmağa imkan vermirdi. Fransa və İtaliya liderləri Sarkozi və Berluskoninin bir sıra paxırlarını ifşa etməsi Liviya liderinin sonuna təkan verən faktorlardan oldu.

SSRİ ilə yaxınlaşdı, amma…

Qəddafinin SSRİ ilə yaxınlığı onu Qərbin hədəfinə gətirən amillərdən hesab edilir. Misirin 1979-cu ildə İsraillə münasibətlərini normallaşdırmasından sonra təklənən Liviya SSRİ-nin hərbi dəstəyi ilə “Afrikanın Kubası”na çevrildi. Amma SSRİ dağıldıqdan sonra meydanda tək qaldığını hiss edən Qəddafi hakimiyyətinin ömrünü uzatmaq üçün yenidən bu transmilli şirkətlər şəbəkəsinə daxil olan qruplarla işbirliyinə başlayır….
Qəddafinin devrilməsində məhz neft amilini önə çəkənlər var. Ən azı ona görə ki, dünya neft ehtiyatlarının 3 faizi Liviyadadır.
Bütün hallarda Qəddafi rejiminin çökməsinin əsas səbəbi kimi, onun müstəqil siyasət yürütməyə, nəinki ölkəsinin, bütövlükdə Şimali Afrika regionunun iqtisadi inkişafı üçün əlindən gələni etməyə, bir sözlə, müsəlman-ərəb xalqlarını ABŞ və Avropanın asılılığından qurtarmağa çalışması göstərilir. Bu sırada Liviya liderinin beynəlxalq maliyyə klanlarının planlarına əngəl olan, Avropa bank sistemini sarsıdan İslam bankçılığının inkişafına böyük dəstək verməsi, hətta Afrika ölkələrinin ümumi pul vahidi –qızıl dinarın da buraxmaq planları da xüsusi vurğulanır. Müsəlman bankının halal və dürüst şərtləri gündən-günə nəinki Asiya, Avropa və Amerikada da özünə böyük müştəri kütləsi cəlb edirdi…

Qəddafinin İslam bankı Rotşildləri qorxutdu

2011-ci ilin ilk aylarına olan məlumata görə, Yaxın Şərqdə 30-35 il əvvəl yaranmış İslam banklarının bütövlükdə dünyanın müxtəlif ölkələrinə qoyduğu investisiyaların həcmi 400 mlrd. dollara çatırdı. Hələ 2011-ci ilin aprelində Liviyada Qəddafi tərəfdarlarının üsyançılara qarşı uğurlar qazandığı dönəmdə PuppetWorld internet-resursu ərəb baharının səbəbləri barədə çox maraqlı bir material dərc etmişdi. Həmin yazıda Şimali Afrikadakı təlatümlərin arxasında Rotşildlərin nəhəng maliyyə klanının durduğu göstərilirdi. Klanın əsas mərkəzləri London və Honkonqdadır. Avropa elitalarına güvənən bu şəbəkə Nyu-Yorkda arxasında Rokfellerin dayandığı “Çeylz-Manxetten Bank”la rəqabət aparır. “Ərəb baharı”nın koordinasiyası Rotşildlərin Beynəlxalq Krizis Qrupu (International Crisis Group) tərəfindən həyata keçirilir. Həmin qrupun məşhur üzvlərindən Z.Bjezinski, C.Soros və M.Baradeyi göstərilir. Rotşildlərin ərəb ölkələrindəki mübarizəsinin əsas motivi öz rəqibi olan İslam bank sistemini çökdürmək olub. Həmin planın “mədəni” mərhələsi məhz Soros fondları tərəfindən həyata keçirilməyə başlandı. 2008-ci ildən bu yana həmin fondlar vasitəsilə qərbyönümlü vəkil, müəlllim, həkim və mühəndislər yetişdirilməyə başlanmışdı. Məqalədən aydın olur ki, Rotşildlərin Avropa elitasına söykənməsi səbəbindən, başda Fransa və İtaliya olmaqla, Avropa ölkələri Liviyaya qoşun yeridilməsinin qatı tərəfdarı idilər. ABŞ isə ilk vaxtlar tərəddüd edirdi.

Rokfellerlər Liviyada niyə uduzdu?..

Beləliklə, ilk vaxtlar Rokfellerlərin dəstəyi ilə üsyançılara qarşı uğur qazanan Qəddafi ABŞ-ın hərbi əməliyyatlara fəal dəstəyindən sonra tədricən geri çəkilməyə başladı. Və 2011-ci ilin payızında Qəddafinin devrilib qətlə yetirilməsi ilə tamamilə uduzdu. Bəs nə əcəb Rokfeller Qəddafini dəstəkləyirdi? Məsələ ondadır ki, Rokfellerlər Vahid Dünya Dövlətinin dolların və Amerika hegemonluğunun xətti ilə, Rotşildlər isə beynəlmiləl qlobalizm və avronun hökmranlığı xətti ilə qurulmasının tərəfdarıdır. Dünyada, xüsusən müsəlman və Avropa ölkələrində baş verən proseslər məhz bu iki nəhəngin maraqlarının toqquşmasından qaynaqlanır.
Azərbaycanəsilli tanınmış Rusiya politoloqu Heydər Camal 2011-ci ildə Liviyadakı proseslərdə hər iki məşhur klanın rolundan bəhs edərkən yazırdı: “Rokfellerlər iqtisadi səfərbərlik prinsipinə əsaslanırlar. Bu klanın “oynadığı” ölkələrdə milli dəyərlərə bağlılıq, sənayeınin inkişafı, əmtəə istehsalı və s. üstünlük təşkil edir. Rotşildlər isə iqtisadi tənəzzül prinsipinə bağlıdırlar. Bu istiqamətin agentlərinin hakim olduğu ölkələrdə maliyyə spekulyasiyası, dələduz sxemlərin, rüşvətxorluğun təntənəsi, inflyasiyanın güclənməsi, iş yerlərinin itirilməsi və s. mənfi proseslər meydan sulayır”. Buradan belə nəticəyə gəlmək olur ki, Yer üzündəki müxtəlif “rəngli” inqilabı prosesləri, o cümlədən “ərəb baharı”nın, eləcə də Qəddafi rejiminn amansızcasına məhvinin arxasında da Rotşildlər dayanır…

Qəddafinin türk sevgisi diqqət mərkəzində idi…

Yəqin ki, Qəddafinin türkləri çox sevməsi İslam-Türk Dünyası düşmənlərinin diqqətindən yayınmayıb. 1974-cü ildə Türkiyə Quzey Kıprısa qoşun çıxaranda Qərbin və ABŞ-ın iqtisadi-siyasi sanksiyaları ilə üzləşib. Həmin vaxt 32 yaşlı Qəddafi 3 bəndlik qərarla Türkiyəyə dəstək verən yeganə ölkə kimi, Liviyanın adını tarixə yazıb…

 Sultan Laçın

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın