Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Prezidentin yeni icra başçılarına verdiyi son tövsiyyələrdən sahibkarların pulunu ödəməyən Zakir Fərəcov hansı nəticələri çıxardı…

Prezidentin yeni icra başçılarına verdiyi son tövsiyyələrdən sahibkarların pulunu ödəməyən Zakir Fərəcov hansı nəticələri çıxardı…

Bildiyimiz kimi, Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin edib. Prezident hər iki icra başçılarını bu münasibətlə videoformatda qəbul edərkən onlara bir icra başçısında, bir rayon rəhbərində formalaşmalı olan işgüzar və mənəvi keyfiyyətlərin dəqiq yolunu göstərdi.

Prezident bildirdi ki, yeni təyin etdiyi icra başçıları mütəmadi olaraq kəndlərdə, qəsəbələrdə olmalı, burada olan problem və nöqsanların səbəbini kökündən araşdırmalı, insanları narahat edən problemləri aradan qaldırlmalı, kifayət qədər işgüzar olmalıdırlar. “Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik”.

Bundan əlavə, ölkə başçısı onlara tövsiyə etdi ki, öz fəaliyyətləri, işgüzarlıqları, davranışları ilə insanların hörmətini qazansınlar: “Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm”.

Prezidentin bu  çıxışından sonra Sumqayıt şəhərinin abadlaşmasında iştirak etmiş, lakin  4 ildir ki, gördükləri işin pulunu ala bilməyən bir qrup sahibkar yenidən redaksiyamızla əlaqə saxlayıb. Onlar bildirirlər ki, ölkə başçısının  icra başçısının necə olmalıdır  təlimatından ən böyük payı özü üçün hazırda Sumqayıta rəhbərlik edən Zakir Fərəcov götürməlidir:

 “ Ölkə başçısı deyir ki, icra başçıları insanları narahat edən problemlərlə maraqlanmalı, onların həlli yolunda vətəndaşlara köməkliklər etməlidir.  Bizim rastlaşdığımız situasiya isə tam fərqlidir. Zakir Fərəcov icra başçısı kimi nəinki bizim problemimizin həllinə köməklik edir, əksinə, bizə problem yaradıb. Bir neçə ildir ki, biz halal pulumuzu ondan ala bilmirik. Bütün bunlar o anlama gəlir ki, ölkə başçısının iradına tuş gələnlər məhz bu tip məmurlardır”.

Sahibkarların sözlərinə görə, haqqını tələb edən iş adamları həbs ediləcəkləri ilə hədələnir: “Hətta bu işə görə Zakir Fərəcovun tələbi əsasında həbs edilən iş adamı da olub. Ancaq bütün bunlar bizi qorxutmur. Biz sona qədər haqqımızı tələb edəcəyik.  Artıq ölkədə başqa reallıqlar hakimdir. Kiminsə vəzifədə olması onun günahlarının bağışlanacağı anlamına gəlmir.  Uzun müddət ölkənin yüksək idarəçiliyində yer almış, Zakir Fərəcovun da yaxın dostu olan Ramiz Mehdiyevin qanunları pozub öz nəvəsinə toy etməsilə bağlı əlaqədar qurumların hansı reaksiyanı verdiyinə şahidlik edirik. Zakir Fərəcov əmin olsun ki, gec-tez o da etdiklərinə görə qanun qarşısında cavab verəcək”.

Prezident son çıxışında icra başılarına özləri ilə yanaşı yaxın qohumlarının da hərəkətlərinə nəzarət etməli olduqlarını bildirir:  “Gəlin görək, bu xüsusda Zakir Fərəcov nə edir?  O, nəinki yaxın qohumlarının hərəkətlərinə nəzarət edir, əksinə, onlardan bəzilərini öz qaranlıq işlərinə şərik edir. İş burasındadır ki,

Zakir Fərəcov həmin şikayətçilərlə dil tapmağı  bir müddət əvvəl Sumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyinin rəisi olan bacıoğlusu Məcidov Hüseyn Valeh oğluna həvalə edibmiş.  Zakir Fərəcov hara gedirsə,  həmin bacıoğlusunu özü ilə yanına aparır. Abşeronda işləyəndə bu  bacoğlu oradakı MİS-lərdən birinə rəhbərlik edirdi. Dəfələrlə bizimlə görüşüb vəd versə də, dayısının borcunu ödəməkdən yayınır. Biz anlamırıq, bizə olan borcu niyə Fərəcov yox, Hüseyn ödəməlidir?”

Sahibkarlar deyir ki,  Zakir Fərəcov  səlahiyyətindən istifadə edərək, öz tabeçiliyində olan məmurları da bizimlə bağlı yuxarılara yalan informasiya verməyə vadar edir. Məsələn, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzası ilə güya bizə çatacaq pulların ödənildiyinə dair  saxta arayışlar təqdim olunur: “Hanı o pullar? Hansı hesaba ödənilib?  Niyə Sahib Quliyev verdiyi cavablarda bu barədə danışmır?”

Şikayətçilər deyir ki, Zakir Fərəcova yaxınlığı ilə seçilən digər məmur, Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil  Xudadatov isə haqqını tələb edən məmurları həbslə hədələyir:  “Görəsən, bu məmurların ölkədəki anti-korrupsiya tədbirlərindən xəbərləri varmı?  Yoxdursa bilsinlər ki, sabah qanun qarşısında cavab verəndə onlara  verilən şifahi göstərişlər  yox, etdikləri əməllər əsas götürülməyəcək.  Yaxşı olar ki, nəhayət Zakir Fərəcov bütün bu baş verənlərdən, xüsusilə də ölkə başçısının  məmurlara verdiyi tövsiyyələrdən  nəticə çıxarıb, bizə çatacaq vəsaitin  ödənişini həyat keçirsin”.

Səslənən fikirlərlə bağlı adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazırıq.

Böyükmillət.com

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …