Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Prezidentin və birinci Vitse-prezidentin şəhid portretləri ilə yürüşü – gənc nəslin güclü tərbiyə nümünəsi kimi…

Prezidentin və birinci Vitse-prezidentin şəhid portretləri ilə yürüşü – gənc nəslin güclü tərbiyə nümünəsi kimi…

Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. 

Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda da gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edib. Məhz bunun nəticəsidir Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində gedən döyüşlərdə gənclərimiz böyük fədakarlıq nümunələri ortaya qoydular. Onların bu rəşadətinə, qorxmazlığına ölkə rəhbərliyi tərəfindən böyük önəm verilir.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

  • Prezident və xanımı “Anım yürüşü”nün önündə…

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdiriblər. Dövlət başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparırdı. Müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti, baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub. O, Şuşa istiqamətində aparılmış döyüş əməliyyatlarında xüsusi tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil İbrahimlini “Vətən müharibəsi qəhrəmanı” adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edib.

Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi. Narin Xalıqova 2019-cu il dekabrın 17-də Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. Narin Xalıqova 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak olub. Nazirlər Kabinetinin qərarına əsasən Narin Teymur qızı Xalıqovaya şəhid statusu verilib.

  • Zəfər muzeyinədək davam edən yürüş…

Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinədək davam edib. Yürüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib. 

Vətən müharibəsində həlak olan şəxslərin xatirəsinə ölkə rəhbərliyi tərəfindən verilən bu önəm gənclərin vətənpərvərlik tərbiyyəsinə necə təsir edir?

Foto- Nərgiz Babayeva

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı xalqımız işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda dəmir yumruq kimi birləşərək dövlətimizin düşmənə layiqli cavab verməsinə nail oldu: “Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyin gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycana, onun xalqına layiqli övlad olmağa, daim Vətənin keşiyində cəsarətlə dayanmağa and içən gənc kursant və hərbçilər ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızı dərin ehtiramla anır, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi zəfərini şərəflə xatırlayırlar. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdiriblər.Vətən müharibəsi Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı Ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi. Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib”.

  • Məqsəd şanlı qələbədən istifadə edib, gənc nəslin vətənpərvərlik istiqamətində maariflənməsini təmin etmək olub

Nərgiz Babayevanın sözlərinə görə, Gənclər və İdman Nazirliyi nəzdində “Bakı Gənclər Evi” SXM və “Xəzər Gənclər Evi” SXM-nin birgə reallaşdırdığı 27 sentyabr 2021-ci il tarixində “Anım Günü”nə həsr edilmiş “Şanlı Tarixi Yazanlar və Yaşadanlar” adlı tədbir təşkil edilib: ”Tədbir 2020-ci sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsinə həsr olunub. Tədbirin keçirilməsində məqsəd 44 günlük Zəfər yürüşünün əbədi qəhrəmanları və onların​ ailə üzvləri ilə görüş, şanlı tarixə yeni baxış və şanlı qələbənin gənc nəslin vətənpərvərlik istiqamətində maariflənməsini təmin etmək  olub. Tədbirdə Nazirliyin rəhbərliyi, millət vəkilləri, milli qəhrəmanlar, qazilər, şəhid ailələri və gənclər iştirak ediblər.

II Qarabağ müharibəsində haqq səsimizin dünyaya çatdırılmasında xidmətləri olmuş tanınmış jurnalist Fulya Öztürk də video zəng vasitəsilə tədbirə qoşulub. Qardaş ölkənin media nümayəndəsi Azərbaycan xalqının parlaq qələbəsinə gedən yolda qarşılaşdığı çətinliklərdən, düşmənin mənfur cinayətlərindən danışıb. Ancaq hesab eddirəm ki, biz gənclərə ən böyük motivasiyanı Prezident və Birinci vitse-prezidentin şəxsən anım yürüşündə iştirak etməsi oldu. Bütün gənlər bir daha anladı ki, Vətən uğrunda göstərilən şücaət unudulmur. Bizim ölkə rəhbərliyi həmin şəxslərin xatirəsini daima uca tutur”.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …