Ana səhifə / Gündəm / Prezidenti qəzəbləndirən şirkətin sahibi deputat Adəm İsmayılovdur – Deputatlara ev tikirmiş

Prezidenti qəzəbləndirən şirkətin sahibi deputat Adəm İsmayılovdur – Deputatlara ev tikirmiş

Bakının Mətbuat prospektində, “Ovçular evi”nin ərazisində çoxsaylı şam ağaclarınının məhv edilməsi ilə müşaiyət olunan tikinti planının hansı şirkətə məxsus olduğu açıqlanıb.

Virtualaz.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Raqub Mirzəyev həmin şirkətin “A-3 Sənaye Tikinti Korporasiyası” MMC olduğunu, “Ovçular evi”nin ərazisində tikinti icazəsini Bakı şəhər İcra Hakimiyyətindən aldığını açıqlayıb. Mirzəyev Report-a açıqlamasında şirkətin mülkiyyətçilərinin adını çəkməyib.

Xatırladaq ki, ağacların kütləvi məhv edilməsinə dair videokadrların yayılmasından sonra prezident İlham Əliyev məsələyə müdaxilə edib, onun göstərişi ilə tikinti dayandırılıb. Ağacları məhv edən şirkət barədə cinayət işi qaldırılıb.

O deyib ki, “Ovçular evi” İctimai Birliyinin ərazisində hazırda qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb.

“Mətbuat prospekti-29 ünvanında “Ovçular evi” İctimai Birliyinin ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı ETSN-in “qaynar xətti”nə aprel ayının 13-də məlumat daxil olub. Məlumat əməkdaşlarımız tərəfindən dərhal yerindəcə araşdırılıb. Belə ki, Mətbuat prospektində “Ovçular və Balıqçılar Cəmiyyəti”nin ərazisinə keçirilən baxış nəticəsində 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirildiyi müəyyən edilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 54 ədəd ağacın məhv edildiyi aşkarlanıb”, – o, əlavə edib.

R.Mirzəyevin sözlərinə, araşdırma zamanı müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və “A-3 Sənaye Tikinti Korporasiyası” MMC tərəfindən orada tikinti işlərinə başlanılıb: “Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib. Bu səbəbdən də “A-3 Sənaye Tikinti Korporasiyası” MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 760 manat cərimə kəsilib”.

“A-3 Sənaye Tikinti Korporasiyası” MMC barədə internet mənbələrində hər hansı məlumata rastgəlinmir. Belə görünür ki, bu,məhz “Ovçular evi”inin ərazisində tikinti aparmaq üçün yaradılan MMC-dir.Bu arada “Qafazinfo” saytı öz mənbələrinə istinad edərək həmin şirkətin maliyyə naziri Samir Şərifova məxsusluğu barədə yazıb. İddia olunur ki, o, nazirin şəxsi şirkətidir. Sənədlərdə şirkətin direktoru Dilşad İsmayılova göstərilsə də, bütün fəaliyyəti nazirə məxsusdur.

Virtualaz.org məsələ ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevə zəng vurub. Piriyev yayılan informasiyadan təəcübləndiyini bildirib: “Hamıya yaxşı məlumdur ki, Samir Şərifov heç bir bizneslə məşğul deyil, onun tikinti biznesinə heç bir aidiyyatı yoxdur”.

Hökumətə yaxın qaynaqlar isə təsdiqləyir ki, ərazidə həqiqətən Milli Məclisin deputatları üçün “Böyük Plaza” adlı yaşayış kompleksi, o cümlədən biznes-ticarət mərkəzi inşa edilməliydi. Adı çəkilən şirkət isə deputat Adəm İsmayılova məxsusdur. Həmin şirkətə tikinti üçün sifariş Milli Məclisin işlər idarəsindən daxil olub. Deputatlardan bir neçəsi saytımıza yaşayış kompleksinin Milli Məclisin üzvləri üçün nəzərdə tutulduğunu təsdiqləyiblər.

Beləliklə, hazırda məsələ açıq qalır. Bakı şəhər İcra Hakimiyyətinin ərazidə tikinti ilə bağlı verdiyi sərəncam qüvvədən salınmayıb. Ərazi “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin nəzarətində qalmaqdadır, ancaq Milli Məclisin mühafizə xidməti də ora nəzarət edir. Ola bilsin ki, qalmaqal sakitləşəndən sonra həmin şirkət tikintini başlayacaq…

Virtualaz.org

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın