Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Apellyasiya Məhkəməsi Azinforum.az-ın yazısına rəsmi cavab verdi -“Bizim işçi deyil” (Yenilənib)

Apellyasiya Məhkəməsi Azinforum.az-ın yazısına rəsmi cavab verdi -“Bizim işçi deyil” (Yenilənib)

Özünü  Bakı Apellyasiya Məhkəməsinin Orxan adlı işçisi kimi təqdim edən şəxs Azinforum.az İnformasiya Portalına zəng edərək,  2016-cı ilin dekabr ayının 31-də  saytımızda Avtosfer.az saytına istinadən dərc edilən bir yazını hədə-qorxu yolu ilə sildirmək istəyir. Həmin şəxs 055-539-69-03 nömrəsindən redaksiyamızla əlaqə saxlayaraq bildirib ki,  bir neçə gün əvvəl, məlum yazını Avtosfer.az saytı öz arxivindən silibsə, biz də mütləq silməliyik. Doğrusu, sözügedən  yazının dərc edilməsi tarixindən xeyli vaxt keçdiyindən, biz  ilk anda söhbətin hansı məqalədən  getdiyini anlamaqda çətinlik çəkdik. Zəng edən şəxs isə məsələnin məğzini bizə ətraflı izah etmək əvəzinə, tez-tez  işlədiyi yerin adını  dilə gətirərək, yazının mütləq saytdan çıxarmalı olduğumuza dair bizimlə diqtə tonunda danışmağa üstünlük verdi. Öz növbəmizdə həmin şəxsi nəzakətli davranışa dəvət etməklə yanaşı,  ona izah  etməyə çalışdıq ki, hansısa saytın bizə məlum olmayan səbəblərə görə, yazını öz arxivindən silməsi heç də üzərimizə  məqaləni arxivdən silmək kimi  öhdəlik qoymuş olmur.

Bununla yanaşı, biz həmin şəxsə məsələni aydınlaşdırdıqdan sonra cavab verəcəyimizi bildirdik. Özünü Orxan kimi təqdim edən şəxs isə birmənalı şəkildə bizi hədələyərək, dərhal yazını saytdan çıxarmalı olduğumuzu söylədi.  Biz araşdırdıqdan sonra məlum oldu ki,  deyilən məzmunda yazı həqiqətən Avtosfer.az saytında dərc edilib və həmin məqalə bizimlə yanaşı, bir neçə sayt tərəfindən də, ilkin mənbəyə istinadən tirajlanıb. O da məlum oldu ki, məqaləni ilkin mənbə kimi dərc edən Avtosfer.az saytı məlum yazını həqiqətən  arxivindən silib. Ancaq hazırda məlum yazı bir çox digər saytların arxivində qalmaqdadır. Ən maraqlısı isə budur ki, məlum yazıda Orxan adlı şəxsin adı ümumiyyətlə çəkilmir.  Orxan bizə həmçinin bildirib ki, bu yazı Avtosfer.az-dan silinibsə,  biz gələcəkdə  elə bir  yazının sözügedən saytda dərc edildiyini  heç cür sübut edə bilməyəcəyik. Məhz bu səbəbdən də, onun diqqətinə həmin yazının Avtosfer.az saytında dərc edilən fotosunu təqdim edirik.

Foto – Avtosfer.az saytında dərc edilən yazının fotosu

Azinforum.az olaraq bildiririk ki, hansısa sayta istinadən məqalə yerləşdirməyimiz KİV haqqında qanunvericiliyin tələblərinə tam uyğundur. Yazıda adları çəkilən istənilən şəxsin mövqeyinə yer verməyə hazırıq. Mübahisə predmeti olan yazının Avtosfer.az saytından silinməsi ilə bağlı məhkəmə qərarı varsa, ona biz də əməl etməyə hazırıq.  Hüquqi dövlətdə yaşadığımız üçün, hədə, şantajla KİV-in işinə müdaxiləni yolverilməz sayırıq. Bizə zəng edən Orxan adlı şəxs həqiqətən Məhkəmədə işləyirsə( bunu mütləq  dəqiqləşdirəcəyik-Azinforum.az) onun qanunazidd davranışları bizdə təəssüf hissi yaradır.

Məlum yazı ilə bağlı axtarış verdikdə məlum oldu ki, məqalə Avtosfer.az saytına istinadən bir çox saytların arxivində hələ də qalmaqdadır. Həmin linkləri təqdim edirik:

https://oxu.az/auto-moto/168586

https://aznews.info/social/28732-bakda-srclri-rlyn-frldaq-peyda-olub.html

Azinforum.az


Bakı Apelliyasiya Məhkəməsi tərəfindən təqdim olunan məqaləyə reaksiya verilib. Məhkəmənin adından yayılan  cavabda bildirilir ki,  yazıda barəsində bəhs olunan Orxan adlı şəxs onların əməkdaşı deyil. Qurum adından verilən cavabı olduğu kimi təqdim edirik:

“Bakı Apellyasiya Məhkəməsinin məlumatı

“Azinforum.az” internet İnformasiya Portalında “Özünü Apellyasiya Məhkəməsinin Orxan adlı işçisi kimi təqdim edən şəxs saytdan yazını necə sildirmək istəyir?” –başlığı altında informasiya dərc edilmişdir.

Məlumat həqiqəti əks etdirmədiyindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən təkzib olunur.

Belə ki, özünü  “Azinforum.az” internet İnformasiya Portalının nümayəndəsinə Bakı Apellyasiya Məhkəməsinin işçisi olaraq təqdim edən və İnformasiya Portalına zəng edərək, 2016-cı ilin dekabr ayının 31-də  Avtosfer.az saytına istinadən dərc edilmiş məqaləni sildirmək istəyən Orxan adlı şəxs  Bakı Apellyasiya Məhkəməsinin işçisi deyildir”.

Verdikləri operativ reaksiyaya görə, Bakı Apellyasiya Məhkəməsinə təşəkkür edirik. Araşdırmamız davam edir…

Azinforum.az

 

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …