Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Övladların sənə qayıdır, qarşıla!

Övladların sənə qayıdır, qarşıla!

                                                 

Son döyüşdən, son savaşdan

Oddan, sudan, dağdan, daşdan

Qandan keçib, candan keçib

Qələbəyə gedən yollar!

 Qələbə – arxasında dərin mənalar, böyük əziyyətlər, itkilər, qazanclar daşıyan bir məfhumdur. Qələbə bir-biri ilə müharibə edən iki dövlətdən birinin qalib gəlməsi ola bilər. Lakin bizim çaldığımız bu Qələbə – haqqımızın səsidir, Xocalıda ayaqları soyuqdan donan balanın ürək sızıltısının, oğlu gözü önündə öldürülən ananın fəryadının, qızının namusuna xələl gələn atanın acı nərəsinin, işgəncələrə məruz qalmış nənə-babaların ağrı-acısının, qəlb yaramıza çevrılən Şuşamızın, azansız qalan minarələrimizin qisasıdır. Bu Qələbə – qisasdır, namusdur, balanı anaya qaytarmaq ədalətidir.

 Ədalət topaldır deyirlər, getdiyi yerə büdrəyə-büdrəyə gedər, amma gec-tez çatar. Bizim ədalətimizin ünvana çatması üçün 28 il gözləmək lazım gəldi. Azərbaycan gözlədi, dirçəldi, gücləndi və həsrətinə – Qarabağına zəfərlə qovuşdu. Alnı açıq, başı dik, mərdi-mərdanə, qəhrəman əcdadlarımıza layiq bir nəsil olaraq. Bir yumruq altında, hər kəs özü bacardığı kimi vuruşdu Vətənin haqqını almaq uğrunda. Sərkərdə siyasi alanda iti sözüylə, əsgər cəbhədə silahıyla, xalq dualarıyla savaşdı düşmənə qarşı. Azərbaycan bu 44 gün ərzində 10 milyonluq ordu oldu. Qoca-cavan, oğlan-qız demədən hər bir Azərbaycanlı Vətən yoluna canlarını sərməyə hazır və razı oldu. Hər kəs cəbhəyə getmədi bəlkə, amma ölənlə öldü, üşüyənlə üşüdü, çörəyi, yuxunu özünə haram bildi bu xalq. Bir evə gedən şəhid xəbəri, on minlərlə evdə ürək dağladı.

  Düşmən tək əsgərimizin silahından deyil, Ali Baş Komandanıniradəli duruşundan, qətiyyətindən, bütün xalqın əzmindən, qəzəbindən, üçrəngli müqəddəs bayrağımızın əzəmətlə dalğalanmasından vahimə yaşadı. Bu bizdən faciələrlə, zorla qoparılanı geri almaq hayqırtısı idi. Bu içimizdəki Vətən sevgisinin nəriltisi idi.

 İgid oğullar Tanrı köməyini, Ana duasını qalxan, Vətən sevdasını güc mənbəyi, Ali Baş Komandanın “irəli” əmrini əzm-iradə bilib, namərd tapdağında olan yurd naminə döyüşərək dastan yazdılar. Vətən sevdası gözündə qisas atəşi, sinəsində aslan ürəyi, qollarında cəngavər qüvvəsi oldu igidlərimizin. Və bu da nəticə… Bu da uzun yol gələn zəfərimiz… Zəfər dastanımızı şanlı ordumuz İlham Əliyevin müəllifliyi altında yazdı. Vətən torpağının, Azərbaycan xalqının səsi oldu Ulu Öndərin layiqli varisi. Bütün dünyaya millətinin haqqını fakt və sübutlarla isbat etdi. Xocalıya, Gəncəyə, Bərdəyə göz yumub susanların başlarına “dəmir yumruğu” ilə vura-vura gözlərini həqiqətlərə açdı.

 Artıq bu varis tək Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan ordusunun Ali Baş Komandanı deyil, o, həm də 10 milyonun yeni doğulmuş körpəsindən tutmuş, ən yaşlı vətəndaşına kimi hər kəsin Atası oldu. 10 milyonun Atası. 10 milyonun ümid yeri. 10 milyonun haqq səsi. Qarabağı Azərbaycana qovuşduran Sərkərdə.

Artıq gözü kölgəli deyilik! Bütün dünyaya gücümüzü, əzmimizi, Vətən sevdamızı göstərib gəlirik. Artıq bayrağımız daha məğrurlu dalğalanır, “Sarı gəlin” qaliblərin nəğməsi, “Yallı” qaliblərin rəqsidir. Biz qalib olaraq qayıdırıq. Minarələrinin azan həsrətinə son qoymağa gəlirik. Günəş doğsun artıq səmana, ağacların, güllərin başqa qoxusun. Dağın, daşın, meşələrin doğma ayaq səslərini duysun deyə, küçə vəparklarında doğma ana dilin eşidilsin deyə gəlirik. İllərdir yad əlində olan ürəyin döyünsün yenə ana Qarabağ! Sənin yolunda qan tökərək, can verərək, sənə can olmağa, qan olmağa gəlirik!

Biz gəlirik Vətən! Bilirsən, nə qədər sayla gəlirik? Sən tək qarabağlıları gözləmə. Çünki bakılılar gəlir, qəbələli, qubalı, lənkəranlı, şəkili və digərləri də – bütün Azərbaycan əhalisi qəlbində illərin həsrətiylə gəlir.

Önümüzdə dahi Sərkərdəmiz, arxasınca bir yumruq kimi bu Vətənin əzəli övladları, gəlirik Qarabağ!

Azərbaycanın and yeri Qarabağ!

Xalqın döyünən ürəyi Şuşa!

Övladların sənə qayıdır! Qarşıla!

Aysel Dadaşova

Bakı sakini

Bakı Slavyan Universitetinin

Filologiya fakültəsinin məzunu )

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …