Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Nuşirəvan Məhərrəmlinin əmisi oğlanları 279 adamı aldadıblar-VİDEO

Nuşirəvan Məhərrəmlinin əmisi oğlanları 279 adamı aldadıblar-VİDEO

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Elman Tağıyev-Məhərrəm Məhərrəmov qardaşları ilə bacarmır…

Dünən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin binasının qarşısında “Birlik” MTK tərəfindən aldadılan vətəndaşlar tərəfindən etiraz aksiyası keçirildi. Bura “Birlik” MTK tərəfindən pulları əllərindən alınan, ancaq illərdir tikilib təhvil verilməyən mənzillərin sahibləri toplaşmışdılar. Xural.com-un çəkiliş qrupu da hadisə yerində idi. Əvvəlcə guya Korrupsiyaya qarşı fəaliyyət göstərən bu qurumun polisləri çəkiliş aparmağımıza mane olmaq istədilər, amma bizim və sakinlərin kəskin iradından sonra rəhbərliklərinə müraciət etdilər və bir daha bizə yaxınlaşmadılar.

İllərdir “Birlik” MTK vətəndaşları aldadır. Onlar haqqında açılan cinayət işlərinin də bir nəticəsi olmayıb. “Birlik” MTK işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılıb və səbəbkarlar 13-14 il cəzaya məhkum olublar. Amma kimlər? Elman Tağıyevin və onun qardaşı Məhərrəm Məhərrəmovun (soyadlarının fərqli olmasına baxmayın, bu adamlar doğmaca qardaşdırlar və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin doğmaca əmisi oğludurlar – Red.) yalanlarının qurbanı olan günahsız adamlar. Bu işdə rəhmətlik Eyvaz kişi var idi, Elmanın sürücüsü, həbs olundu və istintaq müddətində Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə öldü. Çingiz Əzimov var, “Birlik” MTK-nın mühazəçilərindən olmuşdu, 14 il iş alıb, indi 10 saylı CÇM-də cəza çəkir. Soltan Məhərrəmov da eləcə, ona da 14 il veriblər. Amma bu adamların günahı Elman Tağıyev və onun qardaşı Məhərrəm Məhərrəmov deyil axı. Hələ məhkəmənin gedişi sırasında Elman Tağıyevin həbs olunduğu, ancaq prokurorluq orqanları, o cümlədən KQMİ tərəfindən 2 milyon dollar rüşvət alınaraq, zaminə buraxıldığı haqqında məlumatlar dolaşdı. Elman Tağıyevi dərhal azad etdilər. Sonra yenə həbs etdilər və bir müddət keçdi ki, yenə azadlığa buraxdılar.

Tağıyev Elman Həsənqulu oğlunun rəhbərlik etdiyi “Birlik” MTK-nın zərərçəkənləri KQMİ-dən ədalət istəyirlər. Onlar 5-6 ildir süründürülürlər. Dünən də bu süründürməçiliyin nəticəsi idi ki, adamlar etirazlarını bildirirdilər. Maraqlıdır ki, bu qədər insanın etirazını eşitməyə, çəkməyə nə telekanallardan, nə də böyük media holdinqlərdən heç kim gəlməmişdi. Çünki telekanallar Nuşirəvandan çəkinirlər və onun əmisi oğlanlarının bu qədər cinayətlərinə göz yummağı daha üstün tuturlar. Media holdinqlər də eləcə. Onların hamısının sahibləri eynidir. Komanda da bir mərkəzdən gəlir. Ona görə də heç kim aldadılan sakinlərin dərdinə əlac tapa bilmir.

KQMİ isə problemi həll etməkdənsə, vətəndaşlara məsləhət görür ki, gedin, binanızı özünüz tikin. Söhbət isə 15 mərtəbəli binadan gedir.

Dünənki toplantının nəticəsi olaraq KQMİ-nin rəisi Kamran Əliyev “Birlik” MTK-dan zərər çəkən adamların nümayəndələrini qəbul edib. Qəbulda hazırkı iş icraçısı Nazim Ağayev də iştirak edib. Kamran Əliyev Nazim Ağayevə konkret tapşırıqlar verib ki, vətəndaşların şikayətlərini həll etsinlər, yoxsa pis olacaq. Nə olacaq, o haqda heç nə deməyib.

Güman ki, Nazim Ağayev tövsiyəni qulaqardına vursa, yenə Elman Tağıyevi bir neçə aylıq həbs edəcəklər və… sonra buraxacaqlar. Vətəndaşlar isə öz binalarını özləri tikməli olacaqlar.

İnanırıq ki, narazı və aldadılan sakinlərin işləri həll olunacaq. Biz isə bu işin təqibçisi olacağıq.

 

Xural.com

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın