Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Nazir vəzifəsindən çıxarılan Əli Abbasovun həyat yolu

Nazir vəzifəsindən çıxarılan Əli Abbasovun həyat yolu

Bu gün prezident İlham Əliyev Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azinforum.az 11 ildir nazir postunda olan Əli Abbasovun həyat yolunu oxuculara təqdim edir.

Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsini alıb. 1994-cü ildə 05.13.14 – “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə dissertasiya müdafiə etmiş və texnika elmləri doktoru adını almışdır. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

Elmi karyerası

1982-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışmış, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir. 1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinə (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktor vəzifəsində 2000-ci ilə qədər çalışıb. Bu müddət ərzində “Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri” (RAİS-“Azərbaycan”) layihəsinin, milli əhəmiyyəti olan bir neçə xüsusi təyinatlı kompüter və informasiya sistemlərinin icraçısı və rəhbəri ol-muş¬dur. Azərbaycanda İnternet infrastrukturunun yaradılmasına rəhbərlik edib. EARN və İNTERNET şəbəkələrinin respublika üzrə koordinatoru, NATO-nun Elm komitəsində informasiya texnologiyaları sahəsində Azərbaycan üzrə əlaqələndirici, UNESCO-nun informasiya və telekommunikasiya üzrə eksperti olmuş və Azərbaycan Respublikasını Trans-Avropa Elmi-tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasında (TERENA) təmsil edib. Rus və ingilis dillərində sərbəst danışır.

Siyasi karyera

2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olmuşdur. AŞPA-da “Cənubi Qafqazda mədəni irsin qorunması” mövzusu üzrə geniş hesabatın müəllifidir.

2004-2014-cü illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, yeni texnologiyaların, e-hökümət həllərinin tətbiqində və genişzolaqlı şəbəkə xidmətlərinin və İKT üzrə insan resurslarının inkişafında xüsusi əməyi var. “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Regional İnnovasiya Zonası”, “Azərspace–Telekommunikasiya Peyki” və s. milli və regional layihələrin rəhbəridir.

27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Əli Məmməd oğlu Abbasovu “Şöhrət” ordeni ilə təltif edib.

Ailəlidir, iki övladı var.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın