Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Fazil Ələkbərov əsgər və zabitləri bayram münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar arzulayıb.

Əsgərlərlə səmimi söhbət edən Fazil Ələkbərov deyib: “Siz əsgərlər şərəfli bir vəzifəni yerinə yetirirsiniz. Xalqımız da daim sizinlə həmrəydir. Hər bir Azərbaycan vətəndaşı əsgərlərimizlə fəxr edir. Birlik və həmrəylik hərbi xidmətin əsasını təşkil edir. Düşmən qarşısında güclü olmaq üçün, ilk növbədə, şəxsi heyət arasında birlik yaradılmalıdır”.

Əsgər və zabitlərimizdə bu birliyin daha da güclü olduğunu qeyd edən nazir “hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə xidmət aparan hərbiçiləri bayram münasibətilə bir daha təbrik edib, onlara şərəfli xidməti vəzifələrində uğurlar arzulayıb.

Bildirilib ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası dövlətimizin yüksək diqqət və qayğısı ilə mühüm təşkilatlanma və inkişaf yolu keçib, onun maddi-texniki bazası xeyli gücləndirilib.

Hərbi hissənin əsgər və zabitləri qonaqlara minnətdarlıqlarını bildiriblər. Gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilib.

Görüşdən sonra 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında konsert proqramı təşkil olunub. Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri, Şaxta baba və Qar qızın gəlişi konsertə xüsusi ab-hava qatıb. Şərur yallısı və digər musiqi nömrələri əsgər və zabitlər tərəfindən hərarətlə qarşılanıb.

Tədbir bayram süfrəsi arxasında davam etdirilib.

Azinforum.az