Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / “Namaz öz dilimizdə qılınmalıdır”– Nəriman Qasımoğlundan çağırış

“Namaz öz dilimizdə qılınmalıdır”– Nəriman Qasımoğlundan çağırış

«Çağıran çağırsa Məni, cavablaram çağrısını. Qoy onlar da cavablasınlar Məni, inansınlar Mənə, bəlkə doğru yolu tutub gedələr» (2, 186) – buyurur Rəbbimiz. Və anladır ki, Ona deyilən duaları cavabsız qoymur. Ancaq bundan ötrü dualar da müəyyən keyfiyyətdə olmalı. Məsələn, belə: “Ürəkdən, gizlicə yalvarın Rəbbinizə. Həddini aşanları sevməz Allah” (7, 55). Yəni başlıcası səmimiyyət ki, bundan kənar bir şey “həddini aşmaq” anlamına gəlir.
Dualarda səmimiyyəti təmin edən bir məsələ də Tanrıya yalvarışlı müraciətlərin anlaşıqlı və ana dilində olmasıdır. İmanlı şəxs bilməlidir ki, bilmədiyi ərəbcədə dua etmək Tanrıya milliyyət isnadı kimi yozula bilər. Bu da günaha tay tutulan bir şey. Axırı da, şübhəsiz, “həddini aşmağa”, Tanrıdan uzaqlaşmağa gətirib çıxarmalıdır.
İlahiyə məhz ana dilində müraciətlər, İlahinin məhz ana dili vasitəsilə dərki cəhdləri iman duyğusunu həssas saxlayan amillərdəndir. Bu barədə Məmməd Əmin Rəsulzadənin də müqəddəs Oxu məntiqilə səsləşən fikirlərini diqqətə almaq yerinə düşərdi: “Əsasati-diniyyə (din əsasları) ərəb olmayanlar üçün yabançı qalmamalıdır. Əvvəla Quran, sonra da ayin və dualar türkcəyə tərcümə edilməlidir ki, ruha və qəlbə lazım gələn hərarət və nuru bəxş edə bilsin. Yoxsa ayini-diniyyə quru bir hərf və cansız bir kəlmədən ibarət olub qalar ki, faydasız olan hər şey əbəsdir”.
Həqiqətən də, anlaşıqsız bir dildə “ruha və qəlbə lazım gələn hərarət və nur” hasil olmursa, din də dinliyindən çıxaraq saxtalaşır. Bu zaman din dəllalları tərəfindən inhisara alınır. Saxtalaşdırılan din öz növbəsində başlayır mövhumat dəyərlərinin istehsalına. Mövhumat istehlakçılarının duaları isə Tanrıya çatacaq mahiyyətdə olmadığından bu biçarələr öz bədbəxtliklərini sadəcə yaşamağa məhrum bir durumda ömür sürürlər.
Tanrı qatında hər hansı ayrıca bir dilin üstünlüyü, müqəddəsliyi məsələsi yoxdur. Müqəddəs Oxudan öyrənirik ki, İslamın, bu təslimolma dininin yayılmasına ən çox dirənişi məhz ərəblər göstərmişlər. Onların öz ana dilində nazil olan ayələrə sayğısızlığını, küfrünü qınayan Rəbbimiz anladır ki, imansızların problemi dil məsələsilə əlaqəli deyil. Belələrinin psixoloji baxımdan bir problemi də odur ki, onlar üçün adidən adi görünən doğma dillərində qeyri-adi, İlahidən gəlmə həqiqətlər necə nazil ola bilər.
Müqəddəs Müjdə də imansızların həmin psixoloji ovqatına diqqət çəkərək qeyd edir: “…Rəbb deyir ki, əcnəbilərin dilləri və yadların ağzı ilə bu xalqa xitab edəcəyəm, o zaman da Məni dinləməyəcəklər… Dillər imanlılar üçün deyil, imansızlar üçün əlamətdir. Peyğəmbərlik isə imansızlar üçün deyil, imanlılar üçündür” (Korinflilərə l məktub, 14:21-22).
Sonuncu ifadənin müqəddəs Müjdədə dilə münasibət səpkisində izahı belədir ki, din təbliği peyğəmbərlik işi olduğundan və xalqa ünvanlandığından ana dilində aparılmalıdır. Oxuyuruq: “Kim naməlum dildə danışırsa, adamlara deyil, Allaha xitab edir. Onu heç kim başa düşmür, o, sirləri ruhu ilə söyləyir. Peyğəmbərlik edən isə, adamlara inkişaf, təşviq və təsəlli naminə xitab edir. Naməlum dildə danışan özünü, peyğəmbərlik edən isə cəmiyyəti inkişaf etdirir”.
Bu yazının əvvəlində dualarda səmimiyyət ölçüsünün ana diliylə əlaqəsinə toxunduq. Əlavə edək ki, deyilən kontekstdə səmimiyyət əsasən duaların predmetilə müəyyənləşir. Tanrı-insan dialoqu mücərrəd deyil. Tanrı xitablarında insana yönəlik hikmətlər nə qədər sərhədsizdirsə, insanın öz Yaradanından umacaqları yerinə yetsin deyə bir o qədər də konkret olmalıdır. İnsan bilməlidir ki, Tanrıdan nə istəyir. Və insan Tanrıdan nə istədiyini o zaman dəqiq bilir ki, anlaşıqsız və yad dildə deyil də öz ana dilində dua edir.
Duaların ən gözəl örnəkləri peyğəmbərlərin dilindən səsləndirilir müqəddəs Oxuda. Məsələn, Zəkəriyyə peyğəmbər Tanrıya yalvarışda bulunur ki, ona “təmiz bir soy” bəxş eləsin (3, 38). İbrahim peyğəmbər dua edir ki, Tanrı onun nəslindən olacaq insanları doğru yolda tutsun, bütlərə tapınmaqdan çəkindirsin (14, 35) və s. Şübhəsiz ki, nə Zəkəriyyənin, nə İbrahimin, nə də sitat gətirmədiyimiz Nuh, Lut, Musa və başqa peyğəmbərlərin duaları müqəddəs Oxuda yer alıb deyə qeyri-ərəb elçilərin sağlıqlarındakı dualarının da ərəbcə olduğunu düşünmək absurd olardı. Müqəddəs Oxu ayələrinin ilk öncə bütpərəst ərəblərə, sonra bütün bəşəriyyətə ünvanlanmış olduğunu nəzərə alsaq qəbul etməliyik ki, həmin dualar da ilk dinləyicilərindən ötrü örnək olaraq müqəddəs Kitabımızın orijinalında ərəbcəyə tərcümə variantında çatdırılır. Dua örnəklərindən isə əsas məqsəd Tanrıya yalvarışların, çağırışların insan ağlının süzgəcindən keçirilərək konkret və anlaşıqlı məzmunda İlahiyə çatdırılmasıdır ki, burada vacib ruhi titrəyiş durumu yalnız anadilli düşüncə impulsları ilə hasil ola bilir.
Müqəddəs Müjdədə oxuyuruq: “…Naməlum dildə dua edirəmsə, ruhum dua edir, ağlım bəhrəsiz qalır… Bəs nə etməli? Həm ruhən, həm də əqlən dua edəcəyəm…” (Korinflilərə l məktub, 14:15-16). Ağıl bəhrəsiz qaldıqca, ruhu da həssaslığını itirmək, küfrə bulaşmaq perspektivini gözlədiyini düşünmək ilahi məntiq dışında deyil.
İlahi dil, cənnət dili anlayışlarına müqəddəs Kitablarda yer yox. Çünki Tanrıya yaxınlıq milli, irqi, cinsi, yaxud dil əlamətinə görə müəyyənləşmir. Ancaq hər bir dindar fərd, imanlı şəxsiyyət üçün Tanrı dərkinə aparan yollardan biri də onun mənsub olduğu millətin dilindən keçir. Və hər milli dil öz-özlüyündə bir ayədir. Necə ki, Rəbbimiz buyurur: “Onun ayələrindəndi ki, göyləri, yeri yaratmış, dillərinizi, rənglərinizi fərqli eləmiş. Şübhəsiz, bunlarda ayələr var bilənlər üçün” (30, 22).
x x x
Dinimizdə milli dil amilinin milli inkişaf, dövlət maraqları və milli mənafelərlə əlaqəsi də araşdırılmalıdır. Bu barədə konkret təfərrüatlara varmadan ümumən onu deyim ki, söhbət geniş anlamda millətin öz dininə sahib çıxması problemi və perspektivindən gedir. Dinimizin öz mahiyyətinə uyğun yayılışına əngəl törədən səbəblərdən biri bu dil məsələsilə əlaqədardır. Yetər ki, yas məclislərini xatırlayaq. Dinimizin hazırda fəaliyyət sahəsi əsasən bu məclislərdə müəyyənləşir.
Belə təsəvvür yaranır ki, camaatın böyük əksəriyyəti ulu Rəbbimizi yalnız yasdan yasa anmalı olur. Və kimsə öz dünyasını dəyişəndə yada düşür ulu Yaradan. Bu da zatən allahsızlığa yaxın bir şey. Nə yazıq ki, heç yaslılarda da Tanrını gerçək anlamda zikr-anma feyzi camaatımıza nəsib olmur. Gördüyümüz odur ki, rəğbət oyatmayan bir görünüşdə molla dediyimiz “din” xadimi gəlib keçir məclisin yuxarı başına. Başlayır bilmədiyi, yaxud zəif bildiyi ərəbcədə öncədən əzbərlədiyi ifadələri sükunətə qərq olmuş camaata teatral qaydada deklamasiya etməyə. Bir şey anlamayanlar da Allah kəlamına, yaxud da mərhumun ruhuna sayğıdan dolayı məcburdurlar öz aləmlərinə qapılıb gözləməyə ki, bu molla avazı nə zaman bitəcək.
Bu adamların ilahi hikmətlərdən konkret situasiyada barına bilməmələrinin günahı özlərində deyil, şübhəsiz. Günah həmin o “din” xadimindədir ki, bilmədiyi, mahiyyətindən xəbərsiz olduğu ifadələrdən, sadəcə yaddilli söz örtüyü olaraq yararlanır. Və görünür, din zümrəsinin maddi qazanc əldə etməsi üçün o da vacibdir ki, camaat din dəyərlərindən qəflətdə ola və bunları yas qaydaları və atributları, molla ifadələri və s. – dən ibarət bilə.
Yas protokolu qaydalarından biri Fatihə surəsinin İxlas surəsilə birləşdirilərək oxunmasıdır. Molla ərəbcə deyir ki, “İlahi, bu mübarək Fatihə surəsinin hörmətinə inanan kişilərin, qadınların, ölülərin, dirilərin, o cümlədən bu mərhumun günahlarını bağışla”. Yaxud da məclisə gələnlər və məclisdən getməyə hazırlaşanlar üçün qısaca olaraq yenə də ərəbcə buyurur ki, “Fatihə surəsini oxuyanlara mərhəmət etsin Allah”. Və hər bu deyilənlərdən sonra həmin surənin ardınca da İxlas surəsini oxuyur, axırda da ana dilində “Allah rəhmət eləsin” deyirlər. Fatihə öncəsi səslənən duaları camaat anlamır. Yalnız mollanın Fatihə sözünü ucadan və xüsusi vurğuyla deməsindən anlaşılır ki, indi bu surə, ardınca da adı çəkilməyən o birisi oxunmalıdır. Düşünürsən ki, adidən adi həmin dualar niyə də öz dilimizdə səsləndirilməsin. O da anlaşılmır ki, elan olunan Fatihədir, ancaq İxlas da buna birləşdirilərək oxunur. Birləşdirilirsə, niyə bu sonuncunun adı çəkilmir.
Ümumiyyətlə, Fatihənin özü bütövlükdə bir duadır və daha gözəl olmazdımı ana dilində oxuna. Bunun bir örnəyinə peyğəmbərimiz Məhəmməd Seçilmişin zamanında da rast gəlinmişdir. Məsləkdaşı Salman Farisidən soydaşları Fatihə surəsinin anlamını çatdırmağı istəyərkən peyğəmbər bunu təşviq etmişdi. Və ilk dövrlərdə İslama yenicə girmiş farslar həmin surənin açıqlamasını öz dillərində oxuyaraq namaz da qılmışlar.
Dinimiz yas içində. Birbaşa və məcazi mənada belədir. İnanıram ki, onu yasdan çıxarmaq işində də Tanrı izniylə doğma dilimiz önəmli rol oynaya bilər. İlk növbədə elə yas məclislərinin özündəncə başlamaq gərək.
Dünyasını dəyişmişlərin qırxında və ilində Quran xətmi deyilən bir adətə riayət olunur. Bunun Oxu məntiqinə hansı ölçüdə uyarlığı alayı bir mövzu. Hər halda adətdir. Və bu adətə görə, mərhumun ruhuna tapşırılan müqəddəs Oxunun qiraəti həmin məclislərdə xətm olunur, başa çatdırılır. Son qısa surələr oxunur, xətm duası səsləndirilir. Bu duanın da yalnız və yalnız doğma dilimizdə oxunması həmin o vərdişin yaranmasına təkan olardı.
Ənənəvi xətm duasının ən çeşidli variantlarından birini dilimizə çevirib dindarlarımızın istifadəsinə verirəm və onu da qeyd etməyi lazım bilirəm ki, dualar əslində fərdi, intim mahiyyət, yaxud konkret məhəlli, milli situasiyaya uyğun məzmun daşıdığından aşağıdakı nümunə üzərində də ruhi ehtiyacların doğurduğu müəyyən improvizələr aparmaq mümkün və arzuolunandır.
Xətm duası
Rəhman Rəhim Allahın adıyla
İlahi, qəbul buyur bu oxumuş olduğumuz yazını. Təkcə Sənsən hər şeyi eşidən, hər şeyi bilən, təkcə Sən! Qəbul buyur tövbəmizi. Təkcə Sənsən tövbələri qəbul eləyən, Rəhim olan, təkcə Sən! Ulu Oxu xətminin bərəkəti, sevimli bəndənin – kəramətli elçinin hörmətinə doğru yola – haqq yoluna yönəlt bizi. Əfv et bizi, ey Rəhim! Lütfünlə, kərəminlə keç bizim suçumuzdan, ey səxavətlilər səxavətlisi, rəhimlilər rəhimlisi! Oxu xətmi ziynətilə süslə bizi, Oxu xətmi kəramətilə möhtərəm kimsələrdən qıl bizi, Oxu xətmi şərafətilə şərəfləndir bizi, Oxu xətmi libasını geyindir bizə, Oxu şəfaətilə cənnətə sal bizi. Oxu hörmətinə qurtar bizi dünyanın hər bəlasından, axirət əzabından. Oxu hörmətinə yurdumuzu, ölkəmizi hifz elə, İlahi! İlahi, bu Oxunu bizdən ötrü bu dünyada dost elə, qəbirdə munis elə, qiyamətdə iltimasçı, yolumuzda nur elə, bütün xeyir işləri nişan verən öndər elə! Bu Oxunun hər hərfinə bir şirinlik ruzisi, hər sözünə bir kəramət, hər ayəsinə bir səadət payı, hər surəsinə bir salamatlıq yazısı, hər cüzünə bir mükafat yaz, İlahi! İlahi, bu Oxuya görə yazacağın savabı, aydınlıq payını bizlərdən bir hədiyyə olaraq yetir peyğəmbərimiz Məhəmmədin ruhuna – xeyir-dua versin ona ucalardan uca Allah, ata-analarımızın, oğul-qızlarımızın, qardaş-bacılarımızın, dostlarımızın, yaxınlarımızın, şəhidlərimizin, alimlərimizin, ustadlarımızın ruhlarına, üstümüzdə haqqı olan hər bir kəsin ruhuna, inanan kişilərin, qadınların ruhlarına, dirilərin, ölülərin ruhlarına. Böyükdür mərhəmətin, ey rəhimlilər rəhimlisi! Ucalardan ucadır ulu Rəbbimiz! Salam olsun göndərilmiş elçilərə! Alqış Allaha, aləmlərin Rəbbinə!
x x x
Rəbbimiz din dəyərlərinin yayılışında zora arxalanmanı məqbul saymır. Peyğəmbərimizə ilahi müraciətlərdə də aydın şəkildə ifadə olunan hikmət budur ki, dində məcburiyyət yox, yalnız və yalnız bir təbliğ məsələsi var (16, 35; 5, 39; 29, 18 və s.).
Din təbliği çağdaş anlamda elmi əsaslara, yəni müqəddəs Oxu hikmətlərinə söykənən din maarifçiliyidir. Şübhə etmirəm ki, məhz bu cür maarifçilik işi xalqımızın öz müqəddəs dinilə təkamüldə bütövləşməsi yolunda maddi-psixoloji maneələri də aradan qaldıra bilər ki, bunlardan biri ərəb dili amilidir. Müsəlmanların zehnində “islam” örtüklü bütpərəstliyin qalasına çevrilmiş bir dil. Allahın izniylə və Quranın gücüylə nə zamansa biz həmin o qalanı da fəth edib doğma dilimizin istifadəsinə verəcəyik.
Bəziləri deyir “formalaşmış münasibətlərə, qaydalara toxunmaq olmaz”. Bu qadağa sırf bütpərəst hökmüdür. Əlbəttə ki, söhbət İlahinin deyil də ata-babalarımızın formalaşdırdığı münasibətlərdən, qaydalardan gedir. İslam, yəni Təslimolma ata-baba dini deyil, irsən ötürülən din deyil, imamların, övliyyaların, seyidlərin, pirlərin, mollaların, partiyaların dini deyil, 1400 ilin dini deyil, deyil, əzizlərim. Təslimolma – ucalardan uca Allahın dinidir. Tarixə sığmazdır, əbədidir. Və Məhəmmədə qədərki bütün təslimolma elçiləri – kiminin atasının, kiminin oğlunun kafir olduğu təslimolma elçiləri namazlarını öz doğma dillərindəcə qılmışlar. Nuh öz dilində, İbrahim öz dilində, Yaqub öz dilində… Və müqəddəs Oxu bu elçilərin duası onların ana dilində deyil,
Təktanrılıq çağırışlarına bütpərəstlik dirənişinin əsas məntiqi bundan ibarət olmuş ki, bəs biz müqəddəs ata-babalarımızın qoyduğu qaydaları necə dəyişə bilərik, dəyişsək günaha batmarıqmı və s. Ənənəpərəstlərin bu cür suallarını Rəbbimiz belə bir sualla cavablamağı tövsiyə edir: “Ataları işlətmirdilərsə ağıllarını, azırdılarsa yollarını, bəs onda necə?” (2, 170).
Din xadimlərinin də dilindən səslənən etirazlar var. Təxminən bu qəbildən: “İslamın gözəlliyi ondadır ki, milyarddan çox insan eyni dildə ibadət edir”; “Əgər namaz və dini ayinlər hər millətin öz dilində icra edilsəydi, İslam öz orijinallığını qoruyub saxlaya bilməzdi, müxtəlif dini qruplaşmalar və təriqətlər meydana çıxardı” və s.
Qeyd edim ki, namaz ibadəti ümumilikdə bir dua növü. Bütün dualar kimi bunun da ana dilimizdə icrası gözəl olardı. Söhbət yenə də iman duyğusuna gerçək məzmun vermək, iman kamilliyinə çalışmaq zərurətindən gedir.
Hələliksə eşidək Rəbbimiz nə deyir: “Namaz qıldığın zaman nə çox ucadan, nə də çox pəsdən oxu, bunların arasında orta bir səsdə oxu. Və de: “TəkcəAllaha alqış, bir övladı olmamış, hakimlikdə bir şəriki olmamış, zillətdən bir hamisi olmamış. Uludan ulu de, təriflə Onu” (17, 110-111).
Ərəb olmayan müsəlmanınkı əsrlərdən bəri belə gətirib, gərək namazını hökmən ərəbcə qıla. Təsəvvür eləyirəm bu, müsəlman şüurunu necə zədələyir. Şəksiz ki, anlaşıqsız bir dildə ibadət ilahi məntiqlə vacib görülən ağıl-duyğu tarazlığını pozur və dindar düşüncəsini bütpərəstlik məzmunlu təqlidçilik mərəzinə yoluxduraraq onu gerçək iman feyzindən məhrum edir. İbadət dönüb olur sadəcə bir din vərdişi, vəssalam. Bu vərdiş yiyəsi üçün namaz Tanrıya vaxtaşırı formal bədən təzimləri aktından başqabir şey deyil. Arxayınlıqla Tanrı qarşısında borcunu yerinə yetirmiş olduğunu düşünür. Düşünmür və bəzən də mövhumatçılığının təsirilə ehtiyat edir düşünə ki, əzbərləyib dodaqaltı söylədiyi ifadələrin ərəbcə səsləndirilməsinin mətləbə, yəni İlahilə təmasına nə dəxli. Təbii ki, özgələrinin deyil də məhz Rəbbimizin dediklərini oxusaydı, dinləsəydi, bilərdi bir önəm daşımır bilmədiyi, ancaq əzbərlədiyi ərəbcəsi.
Rəbbimizin sözləridir oxuyuruq: “Ey iman gətirənlər! Yaxın gəlməyin namaza sərxoş ola-ola, bilənə qədər ki nə deyirsiniz… (4, 43). Ayədə sərxoş adamın itaəti konkret halda ona görə məsləhət görülmür ki, beləsinin namazda dedikləri heç özü üçün də anlaşıqlı olmur. Rəbbimiz vurğulamaq istəyir ki, ibadət edən nə dediyini ilk növbədə özü üçün aydınlaşdırıb bilməlidir. Mövhumatçı şəxs də adətən, namazda nə dediyinin fərqində olmur. Və məlum ənənəvi dindarlıq əlamətləri kontekstində spirtli içkilərə nifrət edən mövhumat azarlısı pis olmazdı bunu da bilə ki, onun ibadət zamanı durumu sərxoş adamınkına bənzər bir şey. Fərqindəyəm ki, müqəddəs Oxudan güc alaraq apardığım bu müqayisə etik baxımdan bir qədər qüsurlu görünə bilər. Ancaq bütün kəskinliyilə onu da anlamağa borcluyuq ki, xurafatçılıq da sərxoşluğa məcazi mənada bir yoldaşdır, bunun milli inkişafımız əleyhinə fəsadları fiziki sərxoşluğn doğurduğu suçlarla hər halda müqayisəyə gələndir.
Ən yaxşısı ana dilinə sarılmaqdır. Ərəb olmayan müsəlmanları mövhumat qaranlığından ayə aydınlığına çıxara biləcək nəsnələrdən biri də milli dildir. Müqəddəs Oxuda Tanrı dərki üçün vacib bilinən, ayə adlandırılan, müqəddəslik statusu qazanan ana dili (30, 22)!
Qeyd etdim ki, anlaşılmayan dildə ibadətin özü bütpərəstlik məzmunundan xali deyil. Ərəbcəni bütləşdirməkdə, ona Tanrı dili isnadında küfrə yuvarlanmaq potensialı var. Təbii ki, mömin bəndə bunun fərqində olmur, əsrlərdən bəri gələn, nəsildən-nəslə keçən ənənəni davam etdirmək ona müqəddəs bir iş kimi görünür. Və şübhəsiz, din elə bir sahədir ki, burada yüz illərlə gəlişmiş xurafatçılıq ənənələrini qısa zamanda tarixin arxivinə vermək mümkün deyil. Bu mənada subyektiv inzibati tənzimləmə cəhdlərindən danışmaq ümumiyyətlə yersizdir. Cəmiyyətimizdə gerçək İslam dini maarifçiliyi işi əsaslı şəkildə qurulmadıqca dindar idrakı mövhumat girovluğunda hələ uzun müddət qalacaq. Bizim öhdəmizə düşən sadəcə dinimizin mahiyyətə uyğun təbliği missiyasıdır. Və dindarlarımıza belə bir tövsiyəni İlahi məntiqə tamamilə uyğun sayıram ki, bütün din ayinlərində, eləcə də namazda tədricən də olsa, doğma dilimizin iştirakına səy göstərsinlər.
İslamın “orijinallığı” din xadimlərinə görə ərəb dili vasitəsilə qorunmalıdırsa, deməli, dinimizi təəssüf ki, 1400 ilin tarixi içində görür və böyük bir teoloji səhvə yol verirlər. Ayinlərdə milli dillərin işlənməsi səbəbilə qruplaşmaların və təriqətlərin meydana çıxa biləcəyi ehtimalından doğan “narahatçılığın” ifadəsi də olduqca absurd görünən fikir kimi səslənir. Hazırda bir-birinə qarşı dözümsüzlük, qəbuledilməzlik sindromu ilə fərqlənən mövcud təriqətlər, məzhəblər, qrupların təmsilçiləri ibadətlərini ərəbcə icra edirlər. Bir şiə tədris ocağı Qumda, digəri Nəcəfdə olan İranla İraqın savaşında milyona yaxın müsəlmanın qanını ibadətlərini ərəbcə edənlər axıtmamışmı? İndiki ISID-cilərin – körpələri, qadınları, qocaları qətlə yetirən “islamçıların” da “namazlari” ərəbcədir. Milyarddan çox müsəlmanın təxminən 150 milyonu ərəb ola, ya olmaya.
Yeri gəlmişkən deyim, çoxluq ərəbcədəki səsləri düzgün tələffüz etmək imkanından məhrumdur. Bu dilin qaydası belədir, azacıq yanlış tələffüz məna yanlışlığıyla “mükafatlanır”. Ərəb olmayan müsəlman hər namazında, yaxud bir başqa münasibətlə “Fatihə ” oxuyanda” nə”budu” sözündəki “ayn” boğaz samitini “həmzə” hərfi kimi tələffüz edir. Və mənası “ibadət edirik” olan həmin söz “vəhşiləşirik” anlamında səslənir. Bu və başqa surələrdə, eləcə də dualarda qeyri-ərəbin dilə gətirdiyi məna yanlışlıqlarına dair xeyli sayda nümunə göstərmək olar. O fikirlə razıyam ki, başlıcası bu məna eybəcərlikləri deyil, nəzərdə tutulan niyyətlərin saflığıdır. Ancaq bu fikirlə də razılaşsınlar ki, ifadə olunan niyyətlər ana dilində də saf ola bilər. Və əgər ibadətdə doğrudan-doğruya niyyət saflığı, səmimiyyət əsas götürülürsə, onda ana dili məsələsinə də gərək hər hansı etiraz bildirilməyə. Və anlaşılmayan, ərəbcə əcaib mənalar verən təhrifli sözləri gücənərək ucadan, yaxud dodaqaltı pəsdən tələffüz etməkdənsə, yaxşı olmazdımı İlahilə daha səmimi olasan, doğma dilin aydınlığında nə istədiyini, nə dediyini biləsən.
Hər milli dil Tanrını dərk vasitələrindən biridir, Tanrı yaranmışı olduğundan öz-özlüyündə bir ayədir, müqəddəsdir Rəbbimizin ifadəsində. Yuxarıda eşitdik, bir daha qulaq kəsilək Rəbbimiz nə deyir: “Onun ayələrindəndi ki, göyləri, yeri yaratmış, dillərinizi, rənglərinizi fərqli eləmiş. Şübhəsiz, bunlarda ayələr var bilənlər üçün” (30, 22). Rəbbimiz “bilənlər üçün” deyir. Bilməyənlərə isə mən deyirəm ki, bizim ana dili ayəmizə də hörmət qoysalar savabı var. Və savabı daha artıq olar ki, “bilənlərdən” olalar, bilələr ki, bu dil ayəmizdə ibadətlər elə Tanrının Öz istəyidir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın