Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Nadir Qocabəyli SOCAR- əlillər qarşıdurmasından yazdı…

Nadir Qocabəyli SOCAR- əlillər qarşıdurmasından yazdı…

Həqiqətən çox həssas mövzudur. Bir tərəfdə Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş, əlil olmuş insanlar, digər tərəfdə dövlət. Bəlkə də, ilk baxışda belə görünür və əslində heç də belə deyil, amma bir məsələ dəqiqdir ki, bu cür göstərməyə, təqdim etməyə çalışanların sayı da az deyil…

Qarabağ qaziləri olduqları söylənən bir qrup şəxslə SOCAR Təhlükəsizlik İdarəsi əməkdaşları arasında yaşanan insident hər kəsi narahat edir və maraqlı burasıdır ki, hadisənin detalları haqda yayılan məlumatlardan  SOCAR əməkdaşları üzərinə hücum çəkənlərin heç də hamısının Qarabağ qaziləri olmadığı aydın olur…

Maraqlıdır, deyilmi? Və nə qədər qəribə olsa da tanış mənzərədir. Vətənin, vətənpərvərliyin möhtəkirlik, spekulyasiya predmetinə çevrilməsi ilk dəfə deyil və bütün dünyada geniş yayılmış üsullardandır. Ancaq söhbət sadəcə möhtəkirlikdən, hansısa sosial, məişət məsələlərinin həlli ilə bağlı narazılıq və anlaşılmazlıqlardan getsəydi, dərd yarıydı. Ortada məkrli siyasi məqsəd və planların olmasına dair həyəcanlı xəbərlər dolaşmaqdadır.

Qarabağ kartından siyasi hakimiyyətə qarşı istifadə olunması halı Azərbaycanda ilk dəfə deyil. Gəncə qiyamını xatırlayaq. Surət Hüseynov Qarabağ döyüşlərində milli qəhrəman adı almış bir şəxs idi və bundan istifadə edərək, dövlətə qarşı qiyam qaldırdı. Rövşən Cavadovun rəhbərlik etdiyi OMON-nun da Qarabağ savaşında şücaətlər göstərdiyi söylənirdi. Ancaq təəssüf ki, Bakının ortasında özlərinə hərbi düşərgə yaratdılar, hökümətə ultimatum verdilər. Acınacaqlı nəticə hamımıza bəllidir və dövlətə qarşı çıxmağın sonunun necə olduğunu hamımız təəssüflə xatırlayırıq.

Daha sonra Qarabağ qazisi Etimad Əsədovun başçılıq etdiyi döyüşçülər dövlətdən öz xidmətlərinə görə qeyri-qanuni pay istədilər. Yəni ultimativ tələb təxminən beləydi: şəhər nəqliyyatı sektorunu bizə verin, onu istədiyimiz şəkildə idarə edək, əhalini sınıq-salxaq Qazellərdə daşıyaq, kobud sürücülər kimi istəsələr təhqir etsinlər və hər kəs də sussun. Ona görə ki, biz Qarabağda vuruşmuşuq…

Əlbəttə, Qarabağda döyüşmək, yaralanmaq böyük qəhrəmanlıqdır, şücaətdir, ərdəmdir. Amma qəhrəman özünü belə apararmı? Var-dövlət, pul qazanmaq üçün qanunları pozarmı, dövlətə ultimatum verərmi, vətəndaşların rahatlığını pozmağa qalxarmı? Əgər Qarabağ uğrunda savaş dövlətimizin güclənməsinə, bütün vətəndaşlarımızın rifahına və əmin-amanlığına xidmət etmirsə, kimə lazımdır orada göstərilən şücaət, qoçaqlıq?! Vətən uğrunda savaş müqəddəs bir şeydir, Vətən torpağı uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıq da təkcə qoluzorluluq, zorbalıq, çeviklik, fiziki güc deyil, ilk növbədə yüksək mənəvi duyğudur, nümunəvi vətəndaşlıqdır, alicənablıq və nəciblikdir, cənagəvərlik və rıtsarlıqdır.

Siz heç Böyük vətən müharibəsində həlak olmuş qəhrəmanlarımız – Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Qafur Məmmədovun, İsrafil Məmmədovun güzəran, dolanışıq, ev-eşik davası döydüyünü təsəvvür edirsiniz? Bu qəhrəmana yaraşarmı? Məncə, Qarabağ uğrunda qəhrəmancasına şəhid olmuş Ramiz Qənbərov, Şirin Mirzəyev, Mübariz İbrahimov da belə şeylər etməzdilər. Bunu qətiyyən mənliklərinə sığışdırmazdılar.

Zənnimcə, bu gün də Qarabağ qaziləri baş rolda deyillər və aparılan araşdırmalar həqiqəti yavaş-yavaş gün işığına çıxarır. Qarabağ qazisi ev-eşiyə görə yaxasını cırmaz. Ev-eşik, dolanışıq, güzəran, məişət hamıya lazımdır, amma onu əldə etmək yaxa cırmaqdan, dövlət məmurlarına əl qaldırmaqdan, ara qarışdırmaqdan keçmir və inanıram ki, bunu edənlər Qarabağ qaziləri deyil, ola da bilməzlər.

Baş verən hadisədə dövlət qulluqçularına qarşı zorakılıq, polis əməkdaşlarının təqib olunması, dövlətə qarşı qanunsuz çağırışlar səsləndirilməsi insidentin arxasında məkrli planların olması haqda düşünməyə əsas verir və aparılan araşdırmalar doğrudan belə olduğunu isbatlamaqdadır.

Verilən məlumatlara görə, əslində bu insidenti yaradanlar gerçək qazilər deyil və həmin torpaq sahəsi də hansısa Qarabağ qazisinə aid deyil. Bəli, hadisədə iştirak edənlər arasında 4 Qarabağ əlili də var, ancaq torpaq sahəsi faktiki olaraq onların heç birinə aid deyil. İşə rəhbərlik edən əslən Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğludur. O, Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib və əldə etdiyi saxta vəsiqə də ləğv edilib. Bu adam daim belə işlərlə məşğul olub və indi də əlilləri əraziyə o cəlb edib. Torpaq faktiki olaraq heç bir Qarabağ əlilinin adına deyil. Sadəcə, Məmmədəli ev tikib satır və əldə etdiyi puldan əlillərə də müəyyən qədər verir. Oradakı qazilərin evi var, olmayanlar da növbədədir. “Mamed” kimi tanınan Məmmədəli əvvəllər Mehdi Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü olub. Sonradan Mehdi Mehdiyev onu üzvlükdən çıxarıb və nazirliyə də onun Qarabağ uğrunda döyüşlərdə iştirak etməməsi haqda məlumat verib. Bu müraciət əsasında onun əlilliyi ləğv edilib.

Hadisələrin arxasında çox güman ki, əvvəlki illərdə olduğu kimi, ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələr dayanır və təəssüflər olsun ki, bir sıra siyasi qüvvələr də bilərəkdən onlara dəstək verir, sosial şəbəkələrdəki tərəfdarlarını, eyni zamanda, hadisələrin mahiyyətini anlamayan kütləni bu istiqamətə yönəltməyə çalışırlar.

Qarabağ müqəddəsdir, orada şəhid olan, sağlamlığını itirən oğullarımız da başımızın tacıdır. Ancaq güclü, qanunlarla idarə olunan Azərbaycan dövləti olmasa, bütün bunlar heç bir məna kəsb etmir.

Nadir Qocabəyli

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …