Ana səhifə / Gündəm / Daha çox yayılan xəstəlik – HƏKİM RƏYİ

Daha çox yayılan xəstəlik – HƏKİM RƏYİ

Hepatit C nədir? Bu virusa necə yoluxulur? Anada bu virus varsa, uşağına da keçə bilərmi? Bütün bu suallara Aile.lent.az-ın bu yazısında cavab tapa bilərsiz.

Elm adamları Hepatit C-ni 1970-ci ildə araşdırmağa başlasa da, bu virusun varlığı 1989-cu ildə təsdiqlənib. Dünyada təxminən 170 milyon Hepatit C viruslu insan var.

Hər il 1,4 milyon insan Hepatit A, 2 milyard Hepatit B, 150 milyon insan isə Hepatit C virusuna xroniki yoluxur. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təqribən 600 min insan bu virusun nəticələrindən həyatını itirir. Bundan başqa təqribən 150 milyon insanın HCV-yə xroniki yoluxduğu məlumdur. 350 mindən çox insan hər il Hepatit C ilə əlaqədar xəstəliklərdən ölür.

ÜST-in araşdırmaları onu da göstərir ki, Hepatit B və C virusuna xroniki yoluxma adi haldır, yalnız 5 nəfərdən 1-də kəskin simptomlar aşkar olunur. Hepatit B və C-nin Avropa regionunda əhalinin təqribən 2 faizinə təsir etdiyi ehtimal olunur. Yoluxmuş şəxslərin üçdə iki hissəsi Şərqi Avropada və Mərkəzi Asiyada yaşayır.

Yoluxma yolları

Hepatit C qan yolu ilə ən çox keçən virusdur. Hepatit C əsasən damardaxili dərman istifadəsi zamanı (istifadə edilmiş şprislə), steril olmayan tibbi alətlərlə, qan nəqli və qandan qana düşmə yolu ilə yayılır. Buna görə də qan nəqli və ya qan məhsulları əldə edildiyi zaman diqqətli olmaq lazımdır.

Hepatoloq Kamilə Əliyevanın sözlərinə görə, xəstəlik çox zaman akut (ani və qısa müddətdə) başlayır. Yüngül və orta dərəcədə keçdiyi üçün adam tərəfindən çox vaxt qəbul edilməz. Bu zaman qaraciyər fermentlərində yüngül yüksəlmə müşahidə edilir.  Akut dövrdə xəstəliyi keçirənlərin təxminən 85 faizində xəstəlik xronikiləşir. Bu, olduqca yüksək rəqəmdir. Və ən təhlükəlisi odur ki, bu insanların 20 faizində serroz yaranmağa başlayır.

Mütəxəsislərin fikrincə, Hepatit C çox yüngül əlamətlərlə və ya heç bir əlaməti olmadan  keçirilə bilər. Kiçik uşaqlarda ümumiyyətlə, heç bir əlamət müşahidə edilmir. Ancaq böyüklərdə və yeniyetmələrdə müəyyən əlamətlər görülə bilər: “Halsızlıq və əzələlərdə  zəiflik hissi, baş ağrıları, qarın ağrıları, ürək bulanma, sidiyin tündləşməsi (kola rəngi), arıqlama, yağlı yeməklərdən iyrənmə, çox az halda sarılıq, oynaq ağrıları müşahidə edilə bilər. Bəzən bu əlamətlər görünməyə də bilər. 6 aydan çox davam edən Hepatit C halı xronikiləşmiş Hepatit C deməkdir. Qeyd etdiyim kimi, kəskin Hepatit C-də olduğu kimi,  xronikiləşmiş Hepatitin də əlamətləri olmaya bilər. Böyüklərdə bu, özünü stabil halsızlıq və az qarın ağrıları ilə göstərə bilər”.

Kamilə Əliyevanın sözlərinə görə, hepatitin serroza çevrilməsi zamanı bədəndə qırmızı damar ləkələri, ovuc içində qızartılar, qarında, əl və ayaqlarda şiş və bir çox əlamətlər müşahidə edilə bilər.

Serrozu inkişaf etdirən, ağırlaşdıran bir sıra əlamətlər vardır ki, bunun ən birincisi yaş faktorudur. Yaşlı insanlarda, kişilərdə, spirtli içki aludəçilərində, siqaret və tütün məmulatları qəbul edənlərdə, AİDS xəstələrində serroz daha ağır olur.

Xroniki Hepatit C qaraciyər xərçənginə də yol açır. Bu, xəstə yaşlı, spirtli içkilərə meyilli, serroz ağırlıq dərəcəsi yüksək olduğu halda baş verir. Bu hal kişi xəstələrdə daha çox müşahidə edilir. Hepatit qaraciyər olmaqla yanaşı, dəriyə, böyrəklərə, tüpürcək vəzilərinə, göz xəstəliklərinə və revmatizmə yol aça bilər.

Həkim bildirir ki, hepatit C ən çox tatuaj və pirsinqlə yoluxa bilir. Bu yerlərə müxtəlif insanlar müraciət etdiyi üçün alətlərin steril olması mütləqdir: “Hepatit C qan yolu ilə, döymə-tatuaj, pirsinq istifadəsi zamanı, narkotik istifadəçilərində, səhiyyə ocaqlarında, gözəllik salonlarında, stomatoloqda və s. bu kimi yerlərdə yoluxa bilər. Təbii ki, alətlər steril olmazsa…”

Bəzən Hepatit C-yə cinsi yolla yoluxmanın mümkün olub-olmadığını soruşurlar. Hepatoloq deyir ki, Hepatit C-nin cinsi yolla yoluxma dərəcəsi çox aşağıdır. Bu, insanın immunitetindən və xəstəlikləri qəbul etmə dərəcəsindən çox asılıdr. Məsələn, şəxs AİDS xəstəsidirsə, Hepatit C-li xəstə ilə ilk cinsi əlaqədən hepatitə yoluxar.

Hepatit C-nin orqan nəqli zamanı yoluxma riski də çox yüksəkdir. Buna görə də qan və orqan nəqli zamanı qan və orqanın müayinə edilməsi vacibdir. Bir insanın həyatını qurtarmaq istəyərkən onu başqa bir virusa yoluxdurmaq tibb üçün utanılacaq bir vəziyyətdir.

Həkim bildirdi ki, qadının Hepatit olması onun şəxsi həyatına heç bir problem yaratmır. Yəni belə qadınlar hamilə qala bilər, normal cinsi həyat yaşaya bilərlər: “Bizdə o qədər hepatit B, C xəstələri olub ki, uşaq dünyaya gətiriblər. Hepatit xəstəsi də normal insandır. Sadəcə hamiləlik planlaşdırılmamışdan öncə həkimə müraciət etmək lazımdır. Hepatitin serroza çevrilib çevrilmədiyini öyrənmək lazımdır. Bunun üçün qan analizi, hepatitin titri və qaraciyərin enzimləri üzrə analizlər verilir. Dəyərlər aşağı olduğu, xəstəlik serroza çevrilmədiyi təqdirdə hamilə də qalmaq olar, uşaq dünyaya gətirmək də. Yox, əgər xəstəlik hepatit səviyyəsindən serroza keçibsə, təcili müalicəyə başlamaq lazımdır. Qeyd edim ki, Hepatit C-nin serroza çevrilməsi dövrü uzun illər tələb edir. Məsələn, 6 ay öncə xəstəlik keçirən Hepatit C xəstəsi serroz olub ölə bilməz. Hamilə qalmaq, cinsi həyat hepatitli qadının normal həyatına heç bir təsir etmir. Amma bu dövrdə alkoqollu içkilərdən, siqaretdən, yağlı qidalardan, “fast food”dan uzaq olmaq, pəhriz saxlamaq lazımdır. Bilirsiniz ki, onsuz da hamiləlik dövründə içkiyə, siqaretə icazə verilmir. Əgər hamilə qadın hepatitdirsə, daha diqqətli olmalıdır ki, qaraciyər dəyərləri qalxmasın. Hamiləlik dövründə hepatitin serroza çevrilməsi prosesi isə əlamətlərlə özünü biruzə verən bir prosesdir. Qısası, serroz xəstələrinə hamilə qalmaq olmaz”.

O ki qaldı Hepatit C-nin anadan uşağa keçmə ehtimalına, K. Əliyeva söyləyir ki, bu ehtimal 6 faizdir. Yəni 6 faiz xəstələrdə Hepatit C anadan uşağa keçə bilər. Ana Hepatit C-lidirsə və başqa infeksiyası yoxdursa, əmizdirmə zamanı da xəstəliyin uşağa keçmə riski yoxdur: “Doğuş prosesi uzun sürərsə, bu, uşağın Hepatit C-yə yoluxmasına yol aça bilər. Əgər ananın döşündə yara, qan verən yara, zədə yoxdursa, südlə xəstəlik keçməz. Ancaq ana övladının sağlam olması üçün bütün gigiyenik şərtlərə əməl etməlidir”.

Evdə Hepatit C-li xəstə varsa, eyni qab-qaşıq, dəsmal, diş fırçası istifadə edilməməlidir. Bu, yoluxma riskini artırır. Şəxsi əşyalar özəl olmalıdır. Yəni xəstənin dəsmalı, alt paltarları, yemək yediyi qab ayrı olarsa, bir evdə yaşamaqla xəstəlik yoluxmaz.

Mütəxəsislərin fikrinə görə, Hepatit C-nin 10 faiz yoluxma səbəbi bilinmir. Yəni xəstə ilə söhbət zamanı onun sadalanan səbəblərdən uzaq olduğu məlum olsa da, xəstəliyə necə yoluxduğu müəyyən edilmir.

Xəstəlik 2-6 həftə arasında inkişaf edir. Və bu dövr başqalarını yoluxdurmaq üçün aktiv dövr olur.

Qeyd edək ki, Çində 1,6, Amerika Birləşmiş Ştatlarında 1,5, Rusiyada 1,3 milyon Hepatit C xəstəsi vardır. Hepatitin cəmiyyətə və şəxslərə olan iqtisadi ölçüsü də əhəmiyyətli dərəcədədir. Belə ki, hesablamalara görə, ABŞ-da Hepatit C-li xəstənin həyatı boyu xəstəlik xərci 34 min dollar, qaraciyər nəqli isə 200 min dollara başa gəlir.

Xatırladaq ki, Dünya Hepatit Birliyi hər il 28 iyulu Dünya Hepatit günü kimi keçirir.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın