Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Mikayıl Cabbarov bunları bilsə yaxşıdır… – İTTİHAM VAR

Mikayıl Cabbarov bunları bilsə yaxşıdır… – İTTİHAM VAR

Artıq xəbər verildiyi kimi, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planları təsdiq edilib. Yeni təsdiq edilən tədris planlarına əsasən, növbəti tədris ili ərzində dərs məşğələlərinin vaxtı açıqlanıb. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır.

Beləliklə, yeni dərs ilinin başlanmasına artıq sayılı günlər qalıb. Bu isə, həm də yeni qayğılar, həyəcan və sevinc dolu günlər deməkdir. Digər tərəfdən isə, yeni tədris ilinin başlanması ilə meydana gələn qayğılar heç də bütün valideynlər üçün hər zaman xoş ovqatlı olmur. Əlbəttə bu, ilk növbədə uşağınızın hansı məktəbdə təhsil almasına bağlıdır. Məsələn, əgər sizin də övladınız Bakının Sabunçu rayonunda yerləşən 80 saylı orta məktəbin şagirdidirsə, bu zaman pozitiv xarakterli həyəcandan danışmağa belə dəyməz. Çünki, Əlislam Abbasquliyevin direktor olduğu bu məktəbdə təhsil alan uşaqların valideynləri hələ bir müddət də bundan əvvəldən, onları qarşıda gözləyən müxtəlif pul yığımlarına hazırlıq işlərinə başlayıblar. Redaksiyamlza daxil olan məlumatlara görə, bu gün 80 saylı orta məktəbdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında həyata keçirilən rüşvət yığımları hələ də Əlislam Abbasquliyev tərəfindən israrla davam etdirilir.

Məlumatlarda öz əksini tapmış faktlar belə deməyə əsas verir ki, 80 saylı məktəbdə rüşvət yığımları mütəmadi olaraq həyata keçirilir. Maraqlıdır ki, iddialara görə bu orta təhsil müəssisəsində məktəbin şagirdlərindən başqa, müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən kifayət qədər rüşvət yığılır. Məsələn, növbəti dərs ilində yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu məbləğ 500 manat civarında müəyyənləşdirilib. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə isə, il ərzndə hər bir müəllimin ödədiyi məbləğ bir neçə min manata çatdırılacaq. Bundan başqa, müasir təhsilimizin əsas bəlalarından biri sayılan reprtitorluq fəaliyyətinin də 80 saylı məktəbdə geniş yer aldığı məlumatlarda öz əksini tapır. Bu xüsusda aldığımız açıqlamalarda qeyd olunur ki, başa çatmaqda olan yay tətili dövründə Əlislam Abbasquliyev repetitor məşğələlərinə gedən şagirdlərin digər məktəblərdən 80 saylı məktəbə “transfer” edilməsi üçün əlindən gələni edib. Məlumdur ki, repetitor məşğələləri şagirdi təhsilindən yayındırır. Bu isə, həmin şagird üçün təhsil aldığı məktəbdə müəyyən problemlər yaradır. Amma Əlislam müəllim bu problemin orijinal həlli üsulunu təklif edir. Belə ki, ətraf ərazilərdə repetitor məşğələlərinə getmək arzusunda olan şagirdlər 80 saylı məktəbə keçirilmək təklifi alırlar. Burada isə, artıq onlara dərslərə tam sərbəst davamiyyət, hətta ümumiyyətlə məktəbə gəlməmək imtiyazı verilir. Sadəcə olaraq bu imtiyazın müqabilində həmin şagirdin valideynləri direktora 1 tədris ilinə görə min manat ödəməlidirlər.
Qeyd etməliyik ki, bütün bu yuxarıda təqdim olunan faktlar, 80 saylı məktəbin fəaliyyətində müşahidə olunan qanun pozuntularını heç də tam həcmdə əks etdirmir. Belə ki, aldığımız məlumatlarda həmçinin bu təhsil müəssisəsində məktəbin təsərrüfat ehtiyacları üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsindən, bəzi müəllimlərin peşə yönümlü ixtisaslara malik olmamalarından və bir çox digər neqativ hallardan da ətraflı bəhs edilir. Yəqin ki, növbəti saylarımızda bütün bu mövzular barədə də maraqlı açıqlamalar təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

dia.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın