Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Mərkəzi Bank depozit hərraclarında niyə pul yığa bilmir

Mərkəzi Bank depozit hərraclarında niyə pul yığa bilmir

Ekspertlər bildirirlər ki, buna səbəb bankların Mərkəzi Banka güvənməməsi və devalvasiya qorxusudur

Mərkəzi Bank son vaxtlar keçirilən depozit hərraclarında kifayət qədər vəsait yığa bilmir. Son hərracda Mərkəzi Bank 50 milyon manat yığmağı proqnozlaşdırsa da, nəticə xeyli az olub. Oktyabrın 10-da keçirilən depozit hərracında tələb 39,5 milyon manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,66 faiz təşkil edib. Qeyd edək ki, Mərkəzi Bank bu hərrac vasitəsilə 50 milyon manat cəlb etməyi nəzərdə tuturdu.
Ekspert Fikrət Yusifov musavat.com-a bildirib ki, Mərkəzi Bankın depozit hərracları ilk növbədə banklara, onların mövcud durumunda dəstək xarakterli bir addımdır: “Digər tərəfdən, bu, Mərkəzi Bankın pul-kredit siyasətinə uyğun istifadə etdiyi sabitləşdirici bir alətdir. Mərkəzi Bank bu yolla bankların əlində manatla olan vəsaitlərdən daha səmərəli istifadə etmək üçün onlara şərait yaratmaqla yanaşı, bu vəsaitlərin valyuta bazarına təsirinin qarşısını da müəyyən qədər almış olur. Mərkəzi Bankın son hərracda az vəsait cəlb etdə bilməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, həmən vaxt bankların bu qədər vəsaitlərinin olmaması mümkündür. Başqa bir variant isə ondan ibarətdir ki, banklar əllərində olan sərbəst vəsaiti daha sərfəli şərtlərlə başqa müştərilərə kredit şəkilində verməyi daha münasib saya bilərlər. Bu hərraclar mütəmadi keçirilir və onların hər birində istənilən vəziyyət baş verə bilər. Ola bilər ki, növbəti hərracda təklif tələbi üstələsin. Yəni bir hərracda yaranmış vəziyyətlə ümumi duruma qiymət vermək olmaz”.
Ekspert Elşad Məmmədov isə musavat.com-a deyib ki, depozit  hərraclarında Mərkəzi Bankın kifayət qədər vəsait toplaya bilməməsinin bir neçə səbəbi var: “Səbəblərdən biri ölkədə milli valyutanın məzənnəsinin yüksək olmasına inamın xeyli dərəcədə azalmasıdır. Bunu elə kommersiya banklarının depozit bazasının struktur təhlilindən də rahatlıqla görmək olar. Belə ki, banklarda yerləşdirilən depozitlərin tam əksəriyyəti xarici valyutada ifadə olunur. Ümumiyyətlə, ölkədə devalvasiya prosesinin başlanmasından sonra, bank xidmətləri istehlakçıları nisbətən orta və uzun müddətli perspektivdə əmanətlərini milli valyutada saxlamaqdan çəkinirlər. Bunun daha bir göstəricisi SOCAR tərəfindən daxili bazarda istiqrazların xarici valyutada yerləşdirməsi məlum olduqdan sonra ölkədə həmin istiqrazlara  marağın Mərkəzi Bankın depozit hərraclarına olan maraqdan xeyli dərəcədə çox olmasıdır”.
Ekspertin sözlərinə görə, son aylarda banklar tərəfindən  milli valyutada yerləşdirilən depozitlərə görə ödənilən faizlərin ilin əvvəlinə və ilk devalvasiyaya qədərki dövrə nisbətən xeyli dərəcədə artırılması da səbəblərdən biridir: “Məlumdur ki, hazırda Əmanətlərin Sığortalanması Fondu tərəfindən  sığortalanan əmanətlərin maksimal faiz göstəricisi artıq 15-ə çatmışdır. Belə olan halda, Mərkəzi Bankın daha aşağı faizlərlə təşkil edilən depozit hərraclarına marağın azalması məntiqlidir. Həmçinin, ölkədə həyata keçirilən sərt monetar siyasət  nəticəsində pul kütləsinin həcmi kəskin şəkildə azaldılmış və  buna görə də hərraclara cəlb edilməsi mümkün olan pul bazasının da azalması müşahidə olunur. Belə vəziyyətdə artıq mövcud olan manat resurslarının əksər hissəsinin depozitlərə deyil, bilavasitə istehlaka yönəldilməsi təbiidir. Fikrimcə, iqtisadi bloka daxil olan qurumlar tərəfindən ölkədə sərt pul siyasətindən real sektorun inkişafına yönəlmiş siyasətə keçidlə bağlı tədbirlər qısa müddətdə işlənilib tətbiq olunmalıdır. Çünki  yalnız monetar alətlərin tətbiqi ilə mövcud iqtisadi problemlərin  həllinə nail olmaq mümkün deyil. Bu baxımdan, uçot dərəcəsinin artırılması, depozit hərraclarının təşkili və digər bu növ addımlar orta və uzun müddətli perspektiv üçün məqsədəuyğun deyil. Aydındır ki, bu tədbirlərin başlıca məqsədi manat resurslarına tələbatın artırılması yolu ilə həmin resursların dollara çevrilməsinin qarşısının alınmasıdır. Lakin buna manat kütləsinin iqtisadiyyatdan çəkməklə deyil, vəsaitin təyinatı üzrə istifadə ediıməsi mexanizmlərinin tətbiqi şərti ilə real sektora yönəldilməsi ilə nail olmaq lazımdır. Yalnız bu halda hər hansı  dayanıqlı makroiqtisadi effekt mümkün olacaq”.
Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında qeyd edib ki, depozit hərracları bankların sərəncamında olan milli valyutanın yığılmasına görə keçirilir: “Banklarda bu gün milli valyuta var. Mərkəzi Bank da qorxur ki, onlar həmin valyutanı dollara çevirmək istəyərlər. Bu da milli valyutaya təzyiqi artıra bilər, valyuta ehtiyatlarımızı azalda bilər və sair. Mərkəzi Bank da ona görə banklara təklif verir ki, artıq nə manatınız varsa, gəlin mənə verin, depozitə qoyun. Yəni əmanət qoyun və faiz, gəlir verəcəm. Prinsipcə, bankların bir sismi vəsaitlərini belə formada, depozitə qoyurlar. Banklar əllərində olan bütün pulları Mərkəzi Banka vermirlər. Çünki etibar etmirlər, növbəti devalvasiyadan qorxurlar. Buna görə depozit hərraclarında kifayət qədər pul yığılmır. Banklar Mərkəzi Banka pullarını aparıb qoyurlar, amma bu, Mərkəzi Bankın gözlədiyi qədər deyil. Bu, Mərkəzi Bankın qeyri-peşəkarlığıdır. Oturub düzgün hesablaya bilmirlər ki, bankların həqiqətən artıq pulu varmı və nə qədərdir”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın