Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Məmurların gəlir deklarasiyası məsələsi yenidən aktuallaşır

Məmurların gəlir deklarasiyası məsələsi yenidən aktuallaşır

Ekspertlər bildirirlər ki, bu qayda tətbiq olunmayana qədər islahatlar, o cümlədən maliyyə amnistiyasının tətbiqi də mümkün deyil…

Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarəetmə forması dəyişib, şirkət prezidentinin səlahiyyətləri məhdudlaşdırılıb. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə dəyişikliklərdə maraqlı məqam isə SOCAR-da vəzifəli şəxslərin qohumları ilə bağlanan əqdlərə nəzarət forması sərtləşdirilib. 
Bundan sonra SOCAR-ın şurasının üzvləri, habelə komitələrinin və şirkətin strukturuna daxil olan qurumların rəhbərləri özlərinin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslərin, habelə qohumlarının (ərinin (arvadının), valideynlərinin, o cümlədən ərinin (arvadının) valideynlərinin, babalarının və nənələrinin, övladlarının, övladlığa götürənlərinin və ya götürülənlərinin, qardaşlarının və bacılarının) bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı şirkətin şurasına yazılı şəkildə təqdim etməlidirlər.
Ekspertlər bu məsələyə diqqət çəkərək bildirirlər ki, məmurların gəlir deklarasiyası məsələsi yenidən gündəmə gələ bilər. Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, “Gəlir deklarasiyası haqqında”Qanunun qəbul edilməsi və bu qərarın sonrakı dövrdə necə icra edilməsi kimi məsələlər var: “Qərar qəbul edənlərin özləri də zamanında qeyri-rəsmi yollarla kifayət qədər gəlir əldə ediblər. Bu proses bu gün də davam edir.
Eyni zamanda bu qərarı sabah icra edəcək insanlar da oxşar situasiyadadırlar. Onların da qeyri-rəsmi gəlirləri, dövlət vəsaitlərinin mənimsənilməsi, korrupsiya, rüşvət, qeyri-qanuni olmaq şərti ilə bizneslə məşğul olmaq və bu kimi hallardan əldə etdiyi kifayət qədər gəlirlər vardır. Və bu qərarın qəbul edilməsini əngəlləyən əsas amillərdən biri budur. Digər məsələ isə hökumətin şəffaflığına və hesabatlılığına ciddi ehtiyac yaranıb. Amma digər bir məsələ odur ki, Azərbaycanda bir maliyyə amnistiyasının həyata keçirilməsinə ehtiyac var. Amma düşünmürəm ki, bu gün bu məsələləri təmin edəcək, bu prosesləri kurasiya edəcək bir siyasi iradə var. Bu, olmadığı üçün də gəlir deklarasiyası məsələsi daimi olaraq Azərbaycan gündəmindən çıxarılan, kölgədə qalan bir problemdir”.
 
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, Azərbaycanda vəzifəli şəxslərin gəlir deklarasiyasının müəyən edilməsi ilə bağlı qanun var, amma təəssüf ki, qanun işləmir: “Əslində vəzifəli şəxslər öz gəlirlərini deklarasiya etməlidirlər. Azərbaycan Avropada yeganə ölkədir ki, vəzifəli şəxslər gəlirlərini bəyan etmirlər. Amma bu, vacibdir. Bununla bağlı ölkə prezidentinin 2013-cü ildə fərmanı, göstərişi də olmuşdu. Buna uyğun olaraq gəlirlərin deklarasiyası barədə mexanizmin işlənib hazırlanmasına ehtiyac var. Gəlirlər deklarasiya olunmayınca, növbəti islahatlar, o cümlədən maliyyə amnistiyasının tətbiqi də mümkün deyil. Çünki bütün bunlar gəlirlərin deklarasiyasını tələb edir. Bütün hallarda prosesin sürətləndirilməsinə ehtiyac var. İlk növbədə vəzifəli şəxslərin, ikinci növbədə isə ölkə vətəndaşlarının gəlirlərinin deklarasiyasının həyata keçirilməsinə ehtiyac var. Gəlirlərin deklarasiyası korrupsiyaya qarşı mübarizədə üsullardan biridir. Təbii ki, gəlirlər deklarasiya olunmalıdır ki, şəffaf şəkildə vəsaitlərin izlənməsi həyata keçirilsin. Korrupsiyaya qarşı mübarizə aparıla bilsin”.
Ekspert Natiq Cəfərli isə bildirib ki, məmurların gəlir deklarasiyasının qəbul olunması haqqında qərar çoxdan var: “Sadəcə, Azərbaycanda təəssüf ki, bu qərar işləmirdi. Dövlət qurumlarında çalışanlar, məmurlar öz gəlir deklarasiyalarını təqdim etməlidirlər. Bununla bağlı qərar çoxdan verilib. Sadəcə, bu qərarın işlək bir hala gətirilməsi mexanizmləri hazırlanmalıdır. Ən yaxşı yollarından biri ictimai nəzarətdir. İndi ümid etmək olar ki, bundan sonra dövlət büdcəsindən maliyyələşən məmurlar özləri və ailələri haqqında gəlir deklarasiyalarını təqdim edəcəklər, bu məsələ ictimailəşəcək. Hətta bu, Rusiyada çox kəskin qoyulub. Artıq üç ildir bütün məmurlar gəlir deklarasiyalarını hər il təqdim edirlər”.
Qeyd edək ki, Azərbaycanda 2005-ci ildə “Gəlir deklarasiyası haqqında” Qanun Milli Məclisdə qəbul edilib. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər və vergi ödəməlidirlər. Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verib. Amma bu müddətin bitməsindən aylar keçsə də, bu qurum həmin formanı hazırlayıb ortalığa çıxarmayıb. Qanunun tətbiq edilməməsini də bəyannamə formasının hazır olmaması ilə izah edirlər.
Ekspertlər bildirirlər ki, sözügedən qanunun tətbiq edilməməsi yüz milyonlarla manatın dövlət büdcəsindən kənarda məmurlarda qalmasına səbəb olur. Azərbaycanda gizli iqtisadiyyatın, qeyri-leqal gəlirlərin yüksək səviyyədə olması məmurları gəlirlərini deklarasiya etməkdən çəkindirir. Ona görə ki, məmurların əksəriyyətinin malik olduqları sərvətin və ya əmlakın dəyəri onların aldıqları əmək haqqı ilə mütənasib deyil. Belə bir vəziyyət isə  ölkədə korrupsiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi nadir ölkələrdəndir. Gəlirlər deklarasiya edilmədiyindən, pul dövriyyəsinə daxil olan vəsaitlərin həcmini tam olaraq proqnozlaşdırmaq mümkün deyil.
 
Bundan başqa, qeyri-rəsmi yolla əldə edilən vəsaitlər deklarasiya edilmədiyindən, asanlıqla dövriyyəyə daxil olur. Deklarasiya sisteminin olmaması qazancların necə və ya hansı yollarla əldə edildiyini müəyyənləşdirməyə imkan vermir. Ekspertlərin fikrincə, gəlirlərin deklarasiya edilməməsi çirkli pulların izlənməsini çətinləşdirir. Bu, həmçinin rəsmi qazanclarla qeyri-rəsmi qazanclar arasındakı fərqin itməsinə səbəb olur. Gəlirlərin qanuni və ya qeyri-qanunu yolla əldə edilməsini müəyyənləşdirmək mexanizmi normal işləmir. Əldə edilən vəsaitlərin də hansı istiqamətlərə xərclənməsinə nəzarət zəif təşkil edilib.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın