Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Kürəkənimi işə düzəltmək üçün 5 min verdim”- müəllimlər dələduzların qurbanı oldu

“Kürəkənimi işə düzəltmək üçün 5 min verdim”- müəllimlər dələduzların qurbanı oldu

Bakıda və bölgələrdə vətəndaşlardan işə düzəltmək adı ilə pul almaqda təqsirləndirilən dəstə üzvlərindən daha birinin məhkəməsi olub.

Onlar bir neçə şəxsdən Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmək adı ilə pul alıblar. Dəstə üzvlərindən biri 58 yaşlı Ruslan Quliyev 2014-cü ilin aprel ayında həbs edilib. O, ilk olaraq Südabə Qasımova adlı vətəndaşın şikayəti əsasında həbs edilmişdi.

Musavat.com xəbər verir ki, R.Quliyev Südabə Qasımovanı işə düzəltmək adı ilə aldadaraq 64 min 377 manat pulunu ələ keçirməkdə təqsirli bilinərək saxlanılmışdı. Bundan sonra Ruslan Quliyevin başqa şəxslərə qarşı da dələduzluq əməlləri törətdiyi üzə çıxmışdı. Ruslan Quliyev cinayət əməlləri araşdırılaraq barəsində məhkəmə tərəfindən hökm çıxarılıb. Ruslan Quliyev hazırda həbsdədir.

Dəstənin digər üzvü kimi isə 1963-cü il təvəllüdlü Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. O, hazırda ev dustaqlığındadır. Zərərçəkmiş Südabə Qasımova şikayətində Çingiz Mehdiyevin də adını çəkib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə Çingiz Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərdən ikisi ifadə verib.

İlk ifadə verən Tovuz rayon sakini Zirəddin Ələkbərov olub. Tovuzda riyaziyyat müəllimi işləyən Zirəddin Əkbərov bildirib ki, hazırda həbsdə olan Ruslan Quliyevə 5 min manat verib. Bunun qarşılığında Ruslan Quliyev onun oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəkmiş.
“Oğlumu rayonda FHN-ə yanğınsöndürən kimi işə düzəldəcəkdi. Amma pulu alandan sonra yoxa çıxdı. Mən pulu şəxsən Ruslana vermişəm. Ruslan isə indi həbsdədir. O, məhkəmədə dedi ki, pulun bir hissəsini Çingizə verib. Mən Çingizi axtarmaq üçün Siyəzəndəki evlərinə getdim. Ata evlərində yaşlı anasını gördüm. Pulumu almaq üçün Ruslanı axtarırdım. Sonradan Ruslanın qardaşını tapdım. O da mənə Çingizin nömrəsini verib dedi ki, bu adama zəng etsəm, problem həll ediləcək. Mən Çingizlə Bakıda görüşdüm. Məni əmin elədi ki, problem həll olunacaq. Yəni, oğlumu işə düzəldəcək. Pulun geri qaytarılmasından danışmadıq”- deyə zərərçəkmiş müəllim ifadəsində bildirib.
Çingiz Mehdiyev isə zərərçəkmişin yalan danışdığını deyib. O, bildirib ki, Zirəddin Ələkbərov adlı şəxsi tanımır və heç vaxt onunla görüşməyib. Ç.Mehdiyev heç kəsdən pul almadığını Ruslan Quliyevin məhkəmədə onun haqqında yalan ifadə verdiyini söyləyib.

Zirəddin Ələkbərov məhkəmədə onu da deyib ki, bir neçə tanışını və qohumunu Ruslan Quliyevlə tanış edib. R.Quliyev həmin şəxslərə də işə düzəltmək sözü verib və pullarını alıb.

Digər zərərçəkmiş şəxs Vidadi Bayramov da müəllimdir. O, dələduzluqda təqsirləndirilərək həbs edilən Ruslan Quliyevi iş yoldaşı olan Zirəddin Ələkbərov vasitəsi ilə tanıyıb.

“Mən də Ruslan Quliyevə 5 min manat vermişəm. Ruslanı iş yoldaşım Zirəddin vasitəsi ilə tanıdım. Kürəkənimi işə düzəltmək üçün həmin pulu Ruslana verdik. Amma Ruslan bizi aldatdı”- deyə zərərçəkmiş ifadəsinə əlavə edib.
Fizika müəllimi işləyən Vidadi Bayramov kürəkənini işə düzəltmək üçün Ruslan Quliyevə verdiyi pulu bankdan kredit götürdüyünü və hələ də faiz ödədiyini söyləyib.

Təqsirləndirilən şəxs Çingiz Mehdiyev isə zərərçəkmiş şəxslərin heç birini tanımadığını və özünü günahkar bilmədiyini deyib: “Mənim 72 yaşım var. Bu şəxsləri tanımıram. Heç kimdən də pul almamışam. Mən kiməm ki, kimlərisə də işə düzəldim?”.
Növbəti məhkəmə prosesinə hazırda həbsdə olan Rulsan Quliyev gətiriləcək. Məhkəmə R.Quliyevin şahid qismində dindirilməsi ilə bağlı qərar qəbul edib.

Növbəti məhkəmə prosesi martın 27-nə təyin edilib.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın