Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Krımın azərbaycanlı prokuroru – Gündüz Məmmədov kimdir?

Krımın azərbaycanlı prokuroru – Gündüz Məmmədov kimdir?

Onun bu sahədəki təcrübəsi bizə Qarabağda lazım ola bilər…

Ukrayna prezidenti Pyotr Poroşenkonun kim olduğunu, hansı məzhəbə qulluq etdiyini öyrənmək istəyirsənsə, tələsmə. Əvvəlcə bu şəxsin kadr siyasətinə, təyinatlarına fikir ver. Öyrən, niyə görə o, ötən ilin avqustunda azərbaycanlı balası Gündüz Məmmədovu Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasının baş prokuroru təyin edib?

Bəli, Pyotr Poroşenkonun siyasi hədəfləri uzaqvuran topları xatırladır mənə. Misal üçün, o, Krım məsələsinə Qarabağ düyününün davamı kimi baxır. Siyasi nərdtaxta üzərində o, bu iki zəri çoxdan cütləyib. Fürsət gəzir indi bu zərləri nərdtaxta üzərinə vaxtlı-vaxtında atsın. O “şeş qoşa” istəyir özünə. Yaxşı bilir ki, hər iki zərin gələcək taleyi eynidir. Təcrübəli bir oyunçunun qupquru ovuclarına ciddi ehtiyac yaranıb indi.

Bu cür qupquru ovuc isə ancaq bircə prokurora-Gündüz Məmmədova məxsusdur uzaq Ukraynada.

***

2014-cü ilin ilıq baharı öz ətirli nəfəsini bütün Ukrayna ərazisinə yaymaqda bərk çətinlik çəkir, Ölkədə separatizm hərəkatları başlayır. Donbasda qardaş qanı tökülür. Xüsusən Odessada çox gərgin vəziyyət, qarşıdurma yaşanılır bu zaman. Şəhər stadionunda start götürən Xarkov-Odessa futbol komandaları arasındakı gərgin, amansız oyun axır siyasi məzmun qazanır özünə. Oyun, dönür yumruq davasına. Futbol azarkeşləri qarşılarına keçən hər bir maneəni anında adlayıb axır gəlib çıxırlar şəhər mərkəzindəki Həmkarlar İttifaqı sarayına. Binada gizlənmiş Putin tərəfdarlarına ultimatum göndərirlər ki, bəs binanı təcili boşaldıb eşiyə çıxsınlar.

Binadan xəbər çıxmır bu zaman. Bu vaxt kimsə əl atır kisəsindəki “Molotov kokteyli”nə. Yanğın nəticəsində 100-dən çox insan həyatını itirir. Ölkə batır qara yasa…

Poroşenko, hələ o vaxtlar bu qarşıdurmanı Qarabağ hadisələrinə oxşadır. Qərara gəlir azərbaycanlıların bu sahədəki zəngin təcrübəsindən istifadə etsin. Tezliklə belələrindən birinin-Gündüz Məmmədovun şəxsi iş qovluğu gəlib qonur Poroşenkonun mahud üzlüklü masası üzərinə.

Poroşenko diqqətlə bu dosyeni vərəqləyir.

DOSYE: GÜNDÜZ MƏMMƏDOV.

1974-cü ildə Gəncədə dünyaya göz açıb. Atası İlham Məmmədov “LUKoil-Ukrayna” şirkətinin baş direktoru işləyib bir vaxt. Vahid Ələkbərovla birgə tez-tez bahalı restoranlarda gözə dəyib.

Qardaşı Elçin Məmmədov “SOCAR”ın Ukrayna filialı rəhbəridir indi də. Ukraynada yüzə yaxın yanacaqdoldurma stansiyası zəncirini yaradıb. Sabiq Odessa meri Aleksey Kostusevlə ortaq maraqları var. Şayiələrə inansaq, Odessanın düz mərkəzində-Sofiyevskaya-1 ünvanında yerləşən yanacaqdoldurma stansiyasını o, məhz Kostusev ilə birgə idarə edib.

1996-cı ildə Odessada İ.İ Meçnikov adına Dövlət Universitetini əla qiymətlərlə bitirən Gündüz Məmmədov əvvəl hüquqşünas diplomu qazanır özünə. Sonra “iqtisadiyyatçı-borsa brokeri” diplomunu da qatır bunun gözünə. Təhsilini bitirincə taleyini birdəfəlik Ukrayna ilə birləşdirir. Evlənir burda. Oğul-uşaq yiyəsi olur. Odessa prokurorluğunda təcrübə stajı keçincə ildırım olub atılır meydana.

***

Pyotr Poroşenko bir müddət gözlərini bu son dərəcə maraqlı dosyedən aralaya bilmir. Dosyedəki bir qeyd Poroşenkonu lap sevindirir: “ SOCAR” yanacaqdoldurma stansiyaları zənciri, “SOCAR Energy Ukraine” şirkəti Donbasda vuruşan Ukrayna əsgərlərini pulsuz isti yeməklə təmin edir gör neçə vaxtdır. Döyüş iştirakçıları istənilən vaxt bu ünvanlara gəlib orda isti, dadlı xörək yeyə bilərlər. Misal üçün, sıravi əsgər Aleksandr Moiseyenko görün bu barədə nə deyir: “Əvvəlcə qulaqlarımıza inamırdıq. Bizdən tələb edilən hərbi biletimizin yalnız surəti idi, vəssalam. Oturursuz bu stansiyaların isti kafesində. Əl-ayağının yorğunluğunu çıxarırsan. Bir də görürsən, bıy, bu nədir belə? İsti xörəklər, şorbalar, ləzzətli salatlar… Gözəl qızlar gəlib bizimlə şəkil çəkdirir hətta. Şirkətin azərbaycanlı işçiləri bəzən bizim payımızı bağlamalara bükürdülər. Cəbhəyə gedənlərin çantasına yığırdılar bütün bu nemətləri”.

Dosyeni oxuyan Poroşenko sonra fikir verir Gündüz Məmmədovun vergi sənədlərinə. Görür dünya malından bu adamın ixtiyarında bircə biləyindəki “PATEK PHILIPPE 5980/1R” saatıdır. Dəyəri az deyil amma-72 min avro.

Sonra Poroşenko fikir verir Gündüz Məmmədovun arvadı Esmira xanımın gəlirlərinə. Görür həəə… bu qadının gəlir mənbələri ərindən dəfələrlə çoxdur.

Sonra Poroşenko əlinin bircə hərəkəti ilə açdığı qovluğu qapayır cəld. Qərar imzalayır ki, Gündüz Məmmədov Odessa şəhərinin baş prokuroru təyin edilsin.

***

2014-cü ilin may ayında Odessada yaşanan faciəli hadisələrə Sumqayıt hadisələrinin analoqu kimi baxan Gündüz Məmmədovun qəti mövqeyi sonralar da Pyot Poroşenkonu bərk sevindirir. O anlayır ki, öz seçimində yanılmayıb. Qərara gəlir ki, Gündüz Məmmədovu daha təhlükəli bir sahədə-Krım istiqamətində sınaqdan keçirsin. 2016-cı ilin 22 avqustunda Ukrayna baş prokurorunun 206 saylı qərarına əsasən, Gündüz Məmmədov Rusiya tərəfindən ilhaq edilmiş Krımın baş prokuroru təyin edilir. Tez bir zamanda Kiyevin mərkəzi küçələrindən birində-mərkəzi şəhər stadionu tərəfdə, Krım Prokurorluğu fəaliyyətə başlayıb çoxlarını təəccübləndirir.

Gündüz Məmmədovun sağ əli bizim qaçqın prokurorların başına. Öyrənin… öyrənin işğal edilmiş ərazilərdə beynəlxalq hüquq normalarını necə müdafiə etmək, bərpa etmək lazımdı. Köçəryanlar, Sərkisyanlar necə, hansı maddələrlə məsuliyyətə cəlb olunmalıdır.

Razıyam. Gündüz Məmmədovun bu sahədəki təcrübəsi bir gün Qarabağda da özünü tam doğruldacaq, görərsiz.
İndidən bu prokurora diqqətlə yanaşmalı, təcrübəsini Azərbaycanda təkrarlamalıyıq.

***

Gündüz Məmmədov bizim prokurorlardan fərqli olaraq mətbuat üçün tam açıqdır. Yaxınlarda Sergey Bosak adlı bir Ukrayna jurnalisti tənbəllik eləməyib, gedib müsahibə alıb Gündüz müəllimdən. Müsahibədən bəzi çıxarışları indi diqqətinizə çatdırıram:

– Krımda demoqrafik balansı pozmağa səy göstərilir. Xüsusən Krım tatarları bərk narahatdırlar.

– Bəli. Xalq deputatı Mustafa Cəmilov müvafiq sorğu ilə bizə müraciət edib. Tədqiqata başlamışıq. Ən adi qanunlar, beynəlxalq hüquq normaları bu sahədə kobudcasına pozulub. Sonradan biz Haaqadakı Beynəlxalq Məhkəməyə müraciət edəndə bu faktlar bizə hava-su qədər lazım olacaq.

Gunduz Mammedov (1).jpg (187 KB)

– Öz vəzifə öhdəliklərini yerinə yetirməyən, düşmən tərəfinə keçən hüquq-mühafizə işçiləri barədə nə deyərdiniz?

– Hamısı barədə cinayət işləri açılıb. Natalya Poklonskaya barəsində həmçinin.

– İnsan hüquqları Krımda çoxmu pozulur?

– Bəli. Bütün nöqsanlar biz tərəfimidən qeydə alınıb ayrıca reyestr dəftərində öz yerini tapır.

– Krımda müsadirə edilmiş dövlət mülkiyyəti barədə nə deyədiz?

– Krımda müsadirə edilmiş bu cür əmlaka biz həbs qadağası qoymuşuq. Söhbət dəyəri 340 milyon qrivnadan çox olan dövlət mülkiyyətindən gedir. Tələblərimiz həyata keçməsə, beynəlxalq instansiyalara müraciət edəcəyik.

– Ştatınızda nə qədər işçi var?

– Cəmi 35 nəfər. Azdı. Neynək. İmkanımız buna çatır.

– Rusiya Dumasının Krımda keçirdiyi seçkiyə münasibətiniz?

– Seçkilər qanunsuzdur. Bu barədə müvafiq qərarımız, iradlarımız lazımi beynəlxalq ünvanlara göndərilib.

***

Düzdü, Ukraynada Məmmədov qardaşlarının fəaliyyətinə tənqidlə yanaşanlar da az deyil. Belələri iddia edirlər ki, qardaşların Odessadakı “Yeni Arkadiya” yaşayış massivində öz maraqları var. Guya Məmmədov qardaşları əvvəlcə Kiyevdə, Xarkovda, nəhayət, Odessada öz iqtisadi maraqlarını güdüblər. Ukrayna mətbuatına verdiyi müsahibələrində Elçin Məmmədov deyib ki, yeni istirahət parklarının inşası, təmiri, istifadəsi düşür “SOCAR Energy Ukraine”nın boynuna. Bəs burda Ukrayna tərəfi bir dəfə də əlini cibinə atmayacaq.

Gunduz Mammedov.jpg (39 KB)

İnanaqmı bunlara? Bilmirəm. Şəxsən məni bu park söhbəti deyil, Gündüz Məmmədovun Krımdakı fəaliyyəti maraqlandırır. Misal üçün, Tallinin sabiq meri Tınıs Palts Krıma 11 milyondan çox yatırım edib. Köhnə atom sualtı qayıqlarının yerləşdiyi nadir bazanı özəlləşdirib. Ancaq indi-Krımın Rusiya tərəfindən ilhaqından sonra həmin eston biznesmeni müflis olub.
İndi onun taleyi bircə tükdən… üzr istəyirəm, Gündüz Məmmədovdan asılıdır.

Onun bu sahədəki təcrübəsi bizə Qarabağda da lazım ola bilər.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın