Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Kredit bataqlığında boğulan jurnalistlər…

Kredit bataqlığında boğulan jurnalistlər…

Banklara borclu olan media təmsilçilərinə güzəşt edilə bilərmi? 
Hazırda Azərbaycanda problemli kreditlərin ümumi məbləği 1,4 milyard manatdan çoxdur. Bəzi Ekspertlər problemdən çıxış yolu kimi gecikdirilən kreditlərdən bəzilərinə güzəştlər tətbiq edilməsini təklif edir. Belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da çıxış edib. Millət vəkili bildirib ki, problemli kreditlərin azalması üçün kreditlərin strukturuna baxılmalı, lazım gələrsə bəzi güzəştlərə gedilməlidir:
“Əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun heç bir mülkü yoxdursa, ona güzəştə getmək lazımdır. Siyahını artırmaqla Azərbaycan üçün heç bir müsbət nəticə əldə etməyəcəyik. Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlarda 1,4 mlrd. kredit olduğunu bildirmək Azərbaycanın maliyyə imici üçün də mənfi haldır. İlbəil problemli kreditləri artıra-artıra hara gedirik? Bunun qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır”.
Qeyd edək ki, kredit borclarını qaytarmaqda çətinlik çəkənlərə jurnalist zümrəsi də aiddir. Bir çox həmkarlarımız ipoteka krediti və ya eləcə istehlak krediti götürsə də, hazırkı inflyasiya şəraitində bunu ödəməyə çətinlik çəkirlər. Vətəndaşların ödəyə bilmədiyi kredit borclarının silinməsi müzakirə edildiyi vaxtda jurnalistlərə də müəyyən güzəştlərin edilməsi, kredit borclarının bağışlanması, yaxud Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun köməkliyi ilə ödənməsi təklifi də gündəmə gəlib. Xatırladaq ki, Azərbaycan təcrübəsində qəzetlərin borclarının bağışlanması olub. Bəs görəsən, bu güzəşt maddi durumu aşağı olan jurnalistlərin kredit borclarına da şamil edilə bilərmi?
Media mənsublarına kredit borcları ilə bağlı  güzəşt edilməsi məsələsinə jurnalistlərin, redaktorların rəyini öyrənməyə çalışdıq.
 
AzNews.az saytının baş redaktoru Elçin Məlikli dövlət büdcəsinin gəlirlərinin belə kəskin azaldığı bir vaxtda problemli kreditlərin bağışlanmasını düzgün hesab etmədiyini, əvəzində müəyyən güzəştlər edilməsinin vacib olduğunu bildirdi: “Bağışlanmaq yox, müəyyən güzəştlərin edilməsini vacib hesab edirəm. Məsələn, dollarla kredit götürən şəxslərə mütləq güzəştlər olmalıdır. Çünki devalvasiya vətəndaşın günahı deyil. Aztəminatlı ailələrin manatla götürdükləri və ödəyə bilmədiyi kreditlərlə bağlı isə hər hansı yumşaldıcı qərarlar vermək olar. Məsələn, vaxtın uzadılması – ödənişlərin məbləğinin kiçildilməsi və ya gecikməyə görə faizlərin ləğv edilməsi və s. Dövlət büdcəsinin gəlirlərinin belə kəskin azaldığı bir vaxtda problemli kreditlərin bağışlanması, məncə, düzgün deyil. Hər kəs kredit götürəndə təxmini gəlirlərini hesablayır, sonra götürür.
Manatla xırda kreditlər götürənlər onu maaşları hesabına ödəməyi planlaşdıran şəxslərdir. Əgər maaşlarda azalma olmayıbsa, hər hansı fövqəladə hadisə baş verməyibsə, dövlət niyə bu yükün altına girməlidir? Amma bankların hesabına güzəştlər mütləq şəkildə olmalıdır. Çünki kredit borclarına görə intiharların artması, cinayətlərin çoxalması məsələnin nə qədər kritikləşdiyini açıq şəkildə göstərir. Qaldı ki, jurnalistlərə güzəşt məsələsinə, onsuz da jurnalistlərin çoxu kredit götürə bilmir. Bankların tələb etdiyi iş yerindən arayış məsələlərində media nümayəndələri çətinliklərlə üzləşirlər. Jurnalistlərə kredit borclarını bağışlatdırmaq istiqamətində yox, onların rahat kredit götürmələri üçün nəsə etmək lazımdır. Banklara kredit borcum yoxdur”.
“Yeni Müsavat” qəzetinin müxbiri Aygün Muradxanlı  hansısa peşə sahiblərinin deyil, ümumilikdə aztəminatlı ailələrin kredit borclarının bağışlanmasını, həmçinin kredit faizlərinə yenidən baxılmasını təklif etdi: “Əslində cəmiyyətin ümumi problemi ilə bağlı hansısa peşə sahiblərinə özəl münasibəti o qədər də doğru yanaşma saymıram. Problemin əsas səbəbi odur ki,  Azərbaycanda bank faizləri həddən artıq yüksəkdir. İnsanlar bir kreditin faizindən qurtulmaq üçün daha az faiz təklif edən banklardan kredit alırlar. Sonra hansısa səbəbdən proses uzanır, zəncir davam edir. Ölkə əhalisinin çoxu aşağı-yuxarı eyni durumdadır. O sıradan da qəzetçilər. Mənim də 2 bankda 3 kreditim var. Onlardan biri dollarla idi və mən devalvasiyadan sonra 2500 dollar kreditə görə 400 manatdan artıq ziyana düşdüm. Bu isə mənim büdcəm üçün böyük məbləğdir. Milli Bankın açıqlamalarında problemli kreditlərin faizinin durmadan yüksəldiyi deyilir. Əhalinin gəlirləri sürətlə azaldığından, paralel olaraq bahalaşma prosesi sürətləndiyindən insanların ödəmə qabiliyyəti aşağı düşməkdədir. Ona görə də düşünürəm ki, hökumət bu məsələyə hər hansı şəkildə müdaxilə etməlidir.
Hətta verilmiş kreditlərin faizləri aşağı salınmalı, kiçik kreditlər isə vətəndaşlara bağışlanmalıdır. Aydındır ki, banklardan 2-3 min kredit götürən şəxslər aztəminatlı ailələrdir. Onların çoxunun iş yerləri bağlanıb. Məncə, Azərbaycan hökuməti xırda kreditləri vətəndaşlara bağışlaya bilməyəcək qədər kasıb deyil”.
Jurnalist İlham Tumas isə peşə məxsusluğuna görə hansısa qrupa xüsusi imtiyazlar tanınmasını düzgün hesab etmədiyini vurğuladı: “Əgər jurnalistlərə hansısa imtiyaz tanınarsa, nəyə görə, məsələn, müəllimlərə, yaxud teatr aktyorlarına tanınmasın? Bu baxımdan hörmətli millət vəkilinin fikri ilə razı deyiləm. Nəyə görə dövlət vətəndaşın kreditini ödəməlidir? Bunun əvəzində dövlət kredit şərtlərini yumşaltmalı, ipoteka məsələlərinə yenidən baxmalı, sosialyönümlü proqramlara daha çox diqqət yetirməlidir. O zaman nə kiminsə əvəzindən kredit ödəyər, nə də problemli kreditlərlə üzləşər. Mənə gəldikdə, özümü elə bir kreditlə çətinə salmamışam, illər əvvəl vardı, bağladım, indi isə ev kirayəsi ödəyirəm”.
APA TV-nin əməkdaşı Natiq Qədimov da jurnalistlərə kredit güzəştlərinin edilməsini maraqlı təklif kimi qiymətləndirdi: “Maraqlı təklifdir. Reallaşsa daha yaxşı olar. Hesab edirəm ki, dövlət üçün xırda bir məbləği ödəmək elə də çətin olmaz. Jurnalistlərin borcu 5-10 min civarında dəyişir və bu rəqəmdən artıq olduğunu zənn etmirəm.  Mən də daxil olmaqla, həmkarlarımın borcu əsasən 2000 manat təşkil edir.  İnflyasiyadan sonra, yəni dolların qalxdığı müddətdən bəri olan borclar hesablansa yaxşı olar.  Jurnalist həmkarlarımdan kreditlərini ödəməkdə çətinliyi olanlar var. Əsasən ipoteka krediti ilə ev götürənlər daha çox əziyyət çəkirlər. Düzdür, ipoteka kreditləri əsasən manatla aparılıb. Amma ölkədə gedən inflyasiya ödənişə istər-istəməz təsir edir. Məsələn, mən ayda 265 manat ödəyirəm. Bu da indiki vaxtda çox böyük rəqəmdir. Əvvəl bu məbləği çox rahat ödəyə bilirdim. Ancaq indi hər ay ödəmə edəndə bunu büdcəmdə hiss edirəm”.
Publika.az saytının fotoreportyoru Elçin Murad isə bəzi vətəndaşları gəlir və xərclərini düzgün idarə edə bilməməkdə və lüzumsuz kreditlər götürməkdə qınadı: “Şəxsən mənim kredit borcum yoxdur. Kredit sözünün özündən belə xoşum gəlmir. Azərbaycan reallığında kredit aztəminatlı vətəndaşın problemini həll etmir, əksinə, onun yanan ocağını da söndürür. Bu da aydın məsələdir ki, kredit faizləri həddindən artıq çoxdur. Məncə, dövlət öncə bank sisteminə əl gəzdirməlidir. Kredit faizləri və şərtləri nəzarətə götürülərək sadələşdirilərsə, bundan irəli gələn törəmə problemlər də xeyli dərəcədə həllini tapmış olar. Suala bir başqa yanaşma da odur ki, heç də dövlətin hamının kredit borcunu ödəməklə bağlı bir öhdəliyi yoxdur. Bu addım atılacaqsa da xüsusi komissiya yaradılmalı və alınan pulun hara sərf edildiyi araşdırılmalıdır. Bu gün kredit zərbəsi altında əzilən bir qism vətəndaş var ki, onlar, sadəcə olaraq, gəlirlərini və xərclərini düzgün idarə edə bilmirlər.
Ən sadə nümunə olaraq onu deyim ki, günü 20 AZN-ə işləyən fəhlənin bankdan 1000-1500 AZN kredit götürərək brend marka telefon almasına nə lüzum var. Yaxud da evlərini banklara girov qoyub mərc oyunlarında uduzanlara nə deyə dövlət dəstək verməlidir? Mövcud vəziyyətdə isə dövlət peşə mənsubluğundan asılı olmayaraq kredit borcunu ödəyə bilməyən vətəndaşın dadına çatacaqsa, bu yalnız bəyənilən bir addım olar. Ən azından bu kredit bəlası ucbatından dağılmaqda olan ailələri xilas edər, son çıxış yolunu intiharda görənlər canlarına qıymazlar”.
 
APA TV-nin müxbiri Fərahim Qasımov isə kreditlərin bağışlanmasını deyil, kredit faizlərinin aşağı salınmasını daha vacib addım hesab etdiyini bildirdi: “Bu real deyil. Ona görə ki, əhalinin 80-90 faizinin banklarda istehlak, bu və ya digər kreditləri var. Devalvasiyadan sonra dövlət büdcəsində olan çatışmazlıq bizim cibimizə də təsir etdi. Xüsusilə dollarla kredit götürən mənim kimi vətəndaşlar hələ də əziyyət çəkirlər. Deyilənə görə, ikinci devalvasiya dalğası gözlənilir. Deməli, bizim vəziyyətimiz daha da pis olacaq. Yaxşı olardı ki, dövlətimiz bankların faiz məsələsinə bir əncam çəksin. Çünki dövlət başçısı ötən müşavirələrdə bankların yüksək faizlə vətəndaşlara kredit verdiyini kəskin şəkildə tənqid etmişdi. Bu barədə dərhal ölçü götürülməsini tələb etmişdi”.
Media təmsilçiləri qeyd edirlər ki, sağlam jurnalistika ilə məşğul olan media təmsilçilərinin problemlərinin KİVDF xətti ilə həll olunması da mümkün ola bilər: “Bu qurum yaradılanda prioritetlərdən biri də fondun vəsaitləri hesabına jurnalistlərə güzəştli, cüzi faizli kreditlərin verilməsi idi. Arzuolunandır ki, bu baş versin, jurnalistlər ən azı oradan kredit götürə bilsinlər”.(musavat.com)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın