Ana səhifə / Gündəm / KQB-nin qəddar intiqamı necə nəticələndi? – Əfqanıstan SİRLƏRİ, FOTOLAR

KQB-nin qəddar intiqamı necə nəticələndi? – Əfqanıstan SİRLƏRİ, FOTOLAR

1985-ci il aprelin 26-27-də Pakistanın Pişəvər yaxınlığında baş verən hadisələri SSRİ əhalisindən başqa, bütün dünya bildi. Amma Badaber gizli həbsxanasında qiyam edən sovet hərbiçilərinin ölümünə görə, DTK ən amansız şəkildə qisas aldı. Analitik.az indiyədək məxfi saxlanılan həmin hadisələri təqdim edir.
Badaber kəndi soyuq müharibə illərində Mərkəzi Kəşfiyyat İdarəsinin Pakistan rezidenturasının şöbəsi kimi amerikalılar tərəfindən tikilib. Əfqanıstan müharibəsi zamanı Badaberdə humanitar yardım mərkəzi yerləşirdi. Bu mərkəzin məqsədi guya qaçqınlar arasında aclıqdan ölüm faktlarının qarşısını almaq olub.
Amma əslində o, Əfqanıstan İslam Cəmiyyəti partiyasının əksinqilabi yaraqlılarının təlim məktəbi üçün gizli sığınacaq idi. Burada vətənində itkin düşmüş hesab edilən sovet hərbi əsirləri saxlanılırdı.

Həbsxanada üsyan

30 il əvvəl, 26 aprel 1985 il, bütün Sovet İttifaqı Qələbə Gününün 40 illiyini qeyd etməyə hazırlaşarkən, təqribən saat 18:00-da Badaber qalasında atəş səsləri eşidilir. Hamının axşam namazına getməsindən istifadə edərək, bir qrup sovet hərbi əsirləri artilleriya silahları anbarlarının iki gözətçisini “aradan” götürərək, silahlanır və əsirləri azad edib gizlənməyə çalışırlar.
Sonralar Əfqanıstan İslam Cəmiyyətinin lideri, Əfqanıstanın eks-prezidenti Rəbbani xatırlayır ki, üsyan bir sovet əsgərinin hərəkətindən sonra başlamışdı. O, dustaqlara şorba gətirən mühafizəçinin silahını ala bilmişdi. Bundan sonra versiyalar haçalanır: bir məlumata görə, əsirlər qapıya doğru qaçaraq, gizlənməyə çalışıblar, digər versiyaya görə isə onların məqsədi radioqülləni ələ keçirib, SSRİ səfiri ilə əlaqə saxlamaq olub.
Pakistan ərazisində sovet hərbiçilərinin saxlanma faktı sonuncunun əfqan işinə müdaxiləsinə mühüm sübut ola bilərdi. Hər halda, üsyan edən hərbiçilər, mühafizə bölmələrinin məhv edilməsi üçün əlverişli mövqe tutmağa və arsenalı ələ keçirməyə nail olurlar. Sovet əsgərlərinin əlində böyük çaplı pulemyotlar, М-62 minaatanları, tank əleyhinə əl qumbaraatanı olub.
Həyəcan siqnalı üzrə bazanın bütün şəxsi heyəti – Pakistan, Misir və ABŞ təlimatçıları ilə birlikdə 3000 nəfər ayağa qaldırılır. Lakin onların etirazçıların mövqelərini ələ almaq üçün etdikləri bütün cəhdləri boşa çıxır.
Saat 23.00-da Əfqanıstan İslam cəmiyyətinin lideri Rəbbani Burhanuddin mücahid Xalid- ibn- Validin alayını ayağa qaldırır, qala mühasirəyə alınır və həyatı müqabilində qiyamçılara təslim olmaq təklifi edilir. Üsyançılar cavab tələbi irəli sürürlər: SSRİ, Qırmızı Xaç və BMT səfirliklərinin nümayəndələri ilə əlaqə imkanının təmin edilməsi.
Rəbbani bu təkliflə razılaşmayıb həbsxanaya hücum barədə əmr verir. Bütün gecəni davam edən şiddətli döyüşlər və mücahidlər arasında itkilər göstərdi ki, ruslar təslim olmaq niyyətində deyil.
Üstəlik, İslam partiyasının lideri Rəbbani Burhanuddin bu atışmada az qala həyatını itirəcəkdi. Bütün mövcud qüvvələrlə – “Qrad” yaylım atəşləri, tanklar və hətta Pakistanın bütün hərbi qüvvələri üsyançılara qarşı mübarizə aparırdı…

“Rusları əsir götürməyin”

Bundan sonra həqiqətdə nələrin baş verdiyi isə görünür, həmişəlik sirr olaraq qalacaq. 40-ci radiokəşfiyyat ordusunun arxivinin məxfilikdən azad edilmiş kiçik bir hissəsindəki məlumatlara əsasən, Pakistan pilotlarının birinin məruzəsində deyilir ki, üsyançılara havadan zərbə endirilib. Bomba zərbəsi, içərisində müasir raket və patron saxlanılan hərbi silah anbarına düşür.
Əməliyyat iştirakçılarından biri sonralar bunu belə təsvir edir: “Rəbbani harasa getdi və bir müddət sonra top peyda oldu. O, atəş əmri verdi. Mərmi düz silah anbarına düşdü və güclü partlayış baş verdi. Hər şey havaya sovruldu. Ətrafda nə bina, nə insan – heç nə qalmadı. Hər şey yerlə yeksan oldu və qara tüstü çıxmağa başladı”.
“Güclü partlayış baş verdi. Raketlər müxtəlif istiqamətlərdə uçurdu. Mən nələr gördüm? Bir tərəfdə qollar, o biri tərəfdə qulaqlar, partlayışın baş verdiyi üçüncü bir tərəfdə əl barmaqları… Biz yalnız Кinetin cəsədini tam olaraq və daha bir əsirin bədəninin yarısını salamat tapa bildik. Qalan hər şey tikələrə parçalanmış halda idi…” – deyə Badaber düşərgəsində 1985-cı ildə təlim bölüyünün komandiri olmuş Rəsul Каrluk Qulam xatırlayır.
Sağ qalan olmadı, deyilənlərə görə, partlayış zamanı ölməyənləri isə güllələdilər.
Düzdür, Pişəvər şəhərində ABŞ konsulluğundan ABŞ Dövlət Departamentinin aldığı məlumata inansaq, üsyan yatırıldıqdan sonra 3 sovet əsgəri sağ qalır. Mücahidlərin itkisi isə əldə olunan məlumata görə, 90 pakistanlı əsgər, 28 zabit və 6 amerikalı təlimatçı, Pakistan hökumətinin 13 üzvü, o cümlədən 100 mücahid təşkil edib.
Partlayış həmçinin əsirlər haqqında məlumatlar saxlanılan həbsxana arxivini məhv edir. Hadisənin bir daha təkrarlanmasının qarşısını almaq üçün bir neçə gündən sonra Əfqanıstan İslam Partiyasının lideri belə bir əmr verir:“Rusları əsir götürməyin! Onları elə yerindəcə güllələyin!”

SSRİ-nin əlacsız etiraz notası

Pakistan tərəfindən bu hadisəni ört-basdır etmək üçün bütün zəruri tədbirlər görülür: əraziyə kənar şəxslərin daxil olması qadağan edilir, ölüm qorxusu altında şahidlərə susmaq əmri verilir. Lakin bütün ciddi-cəhdlərə baxmayaraq, sovet hərbiçilərinin üsyanının amansızcasına yatırılması haqqında məlumat mətbuata sızır. İlk olaraq bunu yerli “Yaqut” jurnalı yazır, amma nəşr müsadirə olunaraq məhv edilir. Bundan az sonra Pakistanın “Müsəlman Qəzeti” bu haqda xəbəri çap edə bilir.
Xəbər tez bir zamanda aparıcı qərb KİV-ləri tərəfindən yayımlanır. O dövrdə müxtəlif mətbu mənbələri bu hadisəni müxtəlif cür izah etdi. Avropalılar öz azadlığı uğrunda rus əsirinin qeyri-bərabər döyüşü haqqında yazarkən, “Amerikanın Səsi” güclü partlayış nəticəsində rus əsirlərinin və bir o qədər də əfqan hökumət əsgərinin həlak olduğundan danışırdı.
Bütün bu məsələlərə nöqtə qoymaq üçün ABŞ Dövlət Departamenti 1985-ci il aprelin 28-dən aşağıdakı məzmunda “tam” məlumat dərc etdi: “Sahəsi təxminən bir kvadrat mil olan humanitar düşərgə ərazisi mərmi, raket və mina qəlpələri, həmçinin insan meyitlərindən ibarət qalın qatla örtülmüşdür. Partlayış o qədər güclü olmuşdur ki, yerli sakinlər düşərgədən 4 mil uzaqda qəlpələri tapıblar. Orada 14 Rusiya desantı saxlanılırdı. Bu əsirlərdən üsyanın yatırılmasından sonra iki nəfəri sağ qalıb”. Amma Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Devid Delanrants 1985-ci il mayın 9-də sovet səfirliyinə gələrək, üsyan faktını təsdiqləyir. Lakin SSRİ Pakistan hökumətinə etiraz notası verməklə kifayətlənir. Bu notadan başqa sovetlər rəsmi olaraq, heç nə edə bilmirlər. Çünki sovet hərbi əsirləri Əfqanıstan ərazisində “ola bilməzdi”…

“KQB”-nin qisası

Lakin baş verənlərə SSRİ-nin qeyri-rəsmi reaksiyası da olur. Əldə olunan məlumatlara görə sovet xüsusi xidmət orqanları qisas məqsədilə bir sıra əməliyyatlar keçirir. 1985-ci il mayın 11-də Sovet İttifaqının Pakistandakı səfiri Vitali Smirnov bəyan edir ki, SSRİ bu işi cavabsız qoymayacaq: “Baş verənlərə görə, İslamabad tam məsuliyyət daşıyır “, – Smirnov Pakistan prezidenti Məhəmməd Ziya ul-Haqa xəbərdarlıq edir.
1987-ci ildə Pakistan ərazisinə sovet reydləri nəticəsində 234 mücahid və pakistanlı əsgər həlak olub. 1988-ci il aprelin 10-da İslamabad və Ravalpindi arasında yerləşən Ochri düşərgəsində silah- sursat anbarında təxminən 1300 nəfərin ölümü ilə nəticələnən güclü partlayış baş verir. Müstəntiqlər bu qənaətə gəlirlər ki, partlayış təxribat səbəbindən törədilib. Bir müddət sonra 1988-ci il avqustun 17-də prezident Ziya -ul Haqqın təyyarəsi qəzaya uğrayır.
Bu insidenti Pakistan xüsusi xidmət orqanları Badaberdə olanların qisası kimi DTK-nın fəaliyyəti ilə birbaşa əlaqələndiriblər. Bu zaman isə baş verənlər SSRİ-də ictimaiyyət üçün gizli olaraq qalır. Faciəvi hadisə haqqında ilk dəfə, artıq dağılmaqda olan sovet imperiyasının ictimaiyyəti 1991-ci ildə xəbər tutur.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın