Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Kahramanmaraşda mücadilə verən leytenantın bu gun oglu dünyaya gəlib

Kahramanmaraşda mücadilə verən leytenantın bu gun oglu dünyaya gəlib

Qardaş Türkiyənin bir neçə bölgəsində baş verən dəhşətli zəlzələ, təbii fəlakət xalqımızı çox sarsıtdı. Kimi duası, kimi mal-mülkü, kimi də canı ilə qardaş köməyinə yetişdi.
Bizim qəhrəmanımız da qardaş Türkiyənin harayına yetən oğullarımız sırasındadır, hazırda Kahramaraşda mücadilə verir, zəlzələ nəticəsində dağıtılar altında qalan insanları xilas edir. Leytenant İbrahimov Eldəniz Hilal oğlundan danışırıq. Fövqaladə Hallar Nazirliyinin (FHN) Xususi Riskli Xilasetmə Xidmətinin Kinoloji Mərkəzində işləyən və hazırda Kahramanmaraşda axtarış xilasetmə işlərinə cəlb edilən xüsusi riskli xilasedici qrupun tərkibində fəaliyyət göstərən E.İbrahimov oğul atası olub. Redaksiyamıza daxil olan məlumata görə, fevralın 18-də oğlu Hilal dünyaya gəlib.
E.İbrahimov və dostları gecə-gündüz demədən çalışırlar, hər gecə həyata keçirdikləri xüsusi əməliyyatlarla mözüzələrə şahidlik edirlər. O insanları xilas etməklə onlara sanki yenidən həyat bəxş edirlər. Təbii ki, dağıntılar altından insanların sağ çıxmasında xilasedicilərimizə xüsusi təlim görmüş itlər yardım edir.


E.İbrahimov zəlzələ faciəsi baş verən günün səhərisi prosesə qoşulub. Onun xüsusi təlim görmüş iti isə canlı insan axtarışı itidir. Bir neçə gün əvvəl E.İbrahimov telekanallardan birinə müsahibəsində qeyd edirdi ki, onun Paşa adlı iti dağıntılar altında olan iki nəfəri aşkar edib və həmin insanlar sağ xilas olub.
Bu günə qədər isə xilasedicilərimizin bir neçə insanı sağ olaraq xilas etdiyi məlumdur.
Yeni ata olan Eldəniz İbrahimov qardaş ölkədə bütün gəncliyə və öz oğul balasına örnək olan fəaliyyət sərgiləyir. Sözsüz ki, bütün xilasedicilərimiz, onların axtarış xilasetmə işləri üçün yetişdirilmiş itləri qardaşlarımızın bu ağır günündə mücadilə verirlər.
Eldəniz Hilal oğlu İbrahimov 6 fevral 1988-ci ildə Füzuli ryonun Hordiz kəndində doğulub. Milli Qəhrəman Məzahir Rüstəmov adın 32 saylı orta məktəbi bitirib.


Eldəniz 44 günlük Vətən Müharibəsindən sonra şəhidlərimizin nəşinin axtarışında iştirak edib. Laçında, Kəlbəcərdə insan axtarış xilasetmə işlərinə cəlb edilib. Bundan başqa beynəlxalq və respublika səviyyəsində keçirilən bir sıra tədbirlərdə iştirak edib.
Türkiyədə meşə yanğınları zamanı axtarış xilasetmə qrupunun daxilində Eldəniz yanğınların aradanqaldırılması işində iştirak edib. Meşə yanğınlarına qarşı mübarizədə Prezident İlham Əliyev tərəfindən medalla təltif edilib.


Türkiyədə öz sahəsi üzrə kurs, təlim keçib. Bununla yanaşı Müdafiə Nazirliyində də dəfələrlə xidmətinə görə seçilib.
Qeyd etdiyimiz kimi, Eldəniz İbrahimov bu gün də xidmətdədir. Hazırda Kahramanmaraşda Paşa adlı iti canlı insan axtarışını davam etdirir. Türkiyənin Kahramanmaraş şəhərində xidmət etdiyi günlərdə Bakıda oğlunun dünyaya gəlməsi Eldənizə başqa bir möcüzə yaşatdı. İnanırıq ki, balaca Hilal atası kimi Vətənə, torpağa, xalqa bağlı bir oğul olacaq və bütün türk dünyası onun adı ilə öyünəcək!

Yeni doğulmuş aya
Bizdə hilal deyilir.
Ay kimi bəxtin olsun
Gün kimi taxtın olsun
Görməyəsən heç zaval
Xoş gəlmisən dünyaya!

Sən qəhrəman oğlusan
Atan xalqın dayağı
Böyü, boy at çat ona
Dünya duysun adını
Qoy qəlbində ucalsın
Azərbaycan bayrağı!

Oğlunun dünyaya gəlməsi münasibəti ilə hazırda qardaş ölkədə xidmətdə olan Eldəniz İbrahimovu və onun doğmalarını təbrik edirik. İnanırıq ki, tezliklə Türkiyədə zəlzələnin bütün zərərləri aradan qaldırılacaq və dağıntı altında qalan insanlar Tanrının möcüzəsi və xilasedicilərimizin əməyi ilə gün üzünə çıxacaqlar.
İradə SARIYEVA

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …