Ana səhifə / Gündəm / İstanbul terroçusunun təlim keçdiyi ünvan barədə sensasion iddialar – Həmid Herisçi yazır

İstanbul terroçusunun təlim keçdiyi ünvan barədə sensasion iddialar – Həmid Herisçi yazır

Yeni il gecəsi İstanbulda, “Reina” gecə klubunda baş verən terror hadisəsi ilə bağlı istintaq bütün ciddiyyatı ilə davam edir. 
Ağ saçlı təcrübəli müstəntiqlər, Türkiyənin bir nömrəli kriminalistləri artıq ilk iddialarını irəli sürüblər. Yanvarın 5-də mətbuat konfransı keçirən baş nazirin müavini Veysi Konak deyib ki, İstanbul terrorçusunun kimliyi, gedə biləcəyi yerlər, əlaqələri artıq müəyyən olunub. O, deyib ki, terrorçunun xaricə qaçması ehtimalı azdır, artıq ölkə içərisində terrorçunun yaxalanması üçün əməliyyatlar davam edir. Veysi Kaynak “Reina” terrorçusunun milliyyətinin böyük ehtimalla uyğur olduğu, ancaq hansı ölkə vətəndaşı olması faktının hələlik dəqiqləşmədiyini də bildirib.
***
İpucları, kələfin bir ucu beləliklə gedib çıxır Çinə. Şərqi Türküstana. Burdan keçir Qırğızıstan ərazisinə. Gəlib dirənir Bişkekdəki “Manas” bazasının dəmir qapılarına. Hazırda baza, amerikalılardan geri təhvil alınaraq öz təyinatını, profilini dəyişib, dinc həyata qayıtmağa tələsir. Ancaq vaxtı ilə burdan yönləndirilən gizli casus müharibələri hələ uzun zaman bu, yaxud digər şəkildə davam edəcək. Həəəə… Manas hərbi-hava bazasından qalan miras, o qədər də ürəkaçan deyil indi.
 
Cinayətkarın bir şəxsi əşyasını tapıb onu izgötürən itlərə iylətsək, nəticələrinə özümüz mat-məəttəl qalarıq, vallah. İtimiz, bilirsiz ən çox kimin üstünə hürəcək bu vaxt? Bilirsiz kimin qoxusunu duyunca zəncirdən qırılıb irəli cumacaq? Arxa pəncələrindən bircə təkan götürərək gedib kimin boğazından sallanacaq bir müddət?
Deyim də bu qurbanımızın adını – bu şəxs, ABŞ Dövlət Departamentinin Əfqanıstan, Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbrukdur.
Bəli. Düz eşitdiniz bu adı. Riçard Holbruk. Yadda saxlayın, 2010-cu ildə vəfat edən bu dövlət rəsmisi, özü ilə məzara çox, lap çox sirlər dartıb aparıb. Orta Şərqdəki müxtəlif əliqanlı terror dəstələrini, o cümlədən bədnam “Əl-Qaida”-nı öz məkrli əməliyyatlarına cəlb edən Riçard Holbruk, hərdən kəşfiyyatçılara yaraşmayan ehtiyatsız addımlarıyla da yadda qalıb. Hadisə, 2010-cu ildə, fevralın sonunda tanış ünvanda – Qırğızıstanın Manas hərbi bazasında baş tutmalıymış. Həmin tarixdə ABŞ Dövlət Departamentinin xüsusi təmsilçisi Riçard Holbruk xüsusi təyyarə reysi ilə Manas bazasına gələrək orda çox məxfi, son dərəcə qəddar bir terrorçu ilə görüşməli imiş. Holbruk, Bişkekə sağ-salamat yetişir. Ancaq Holbrukla görüşə tələsən qatı terrorçu, “Cundulla” təşkilatının əliqanlı rəhbəri Əbdülmalik Riqinin Bişkek arzusu elə gözündəcə qalır. Həmin gün bütün dünya mətbuatı xəbər verir ki, bəs “Dubay-Bişkek” reysi ilə uçan “Boinq-737” təyyarəsinin başına xoşagəlməz bir iş gəlib. Təyyarə, İran hava ərazisindən keçərkən qəfil böyür-başında qırıcı təyyarələr peyda olub. Hava şahinləri, bir müddət “Boinqi” havada müşayiət edib, sonra ona İran ərazisində enməyə məcbur ediblər. Saxta Əfqan pasportu ilə ələ keçirilən Əbdülmalik Riqinin başına anında qara torba keçirilib. Dindirmələrdə zora ehtiyac qalmayıb – Riqi, açıb sandığı, töküb pambığı. İranın Sistan vilayətində törətdiyi qanlı partlayışları, Pentaqon hərbi kəşfiyyatının köməyi ilə həyata keçirtdiyini boynuna alıb. Diz çökməyi-zad nəzərə alınmayıb. Riqini, 2010-cu ilin iyun ayında Tehranın “Evin” zindanında edam ediblər.
***
Beləliklə, İstanbuldakı yeni il terrorunun bütün izləri gedib çıxır bir ünvana – Qırğızıstanın Manas bazasına. Pentaqon Hərbi Kəşfiyyatı, o vaxtlar bu bazaya anasının əmcəyini kəsmiş yüzlərlə uyğur, bəluc, əfqan terrorçusunu yığır. Başlayır onlara təlim-tədris dərsləri öyrətməyə. İstanbulu yeni il ərəfəsində al qana boyamış uyğur terrorçularının mənşəyini, izlərini, dəst-xətlərini öyrənmək istəyiriksə, biz gərək öncə mütləq bu bazada təlim görmüş digərləri barədə geniş biliklərə yiyələnək.
Gərək, itlərimiz əvvəlcə bu mövzunun qoxusuna, ətrinə bələd olsun. İtin boynundan zənciri açmaq, hədəfə doğru qısqırtmaq isə, artıq sonrakı mərhələnin işidir.
Beləliklə, tanış olun – Əbdülmalik Riqi, uyğur terrorçularıyla birgə Manas bazasında təlimlərdən keçmiş əliqanlı terrorçu. Diqqətlə izləyin aşağıda onun nəql edəcəyimiz bioqrafiyasını.
İpucu ordadır.
***
2009-cu ildə Barak Obamanın İran xalqını Novruz bayramı münasibəti ilə təbrik etməyi, hamımızın hələ də yaddaşındadır. Bu, ayın görünən tərəfiydi ancaq. Obamaya bir parça kağız vermişdilər ki, bəs öz təbrikini oxu, vəssalam. Mənzərənin görünməyən tərəfində isə, təbrik-zad yoxdu. Orda, terror vardı, qan vardı, bir də saysız qurbanlar. Orda Riqi vardı, bir də onu məxfi təşkilatı – “Cundulla”.
Manas meydançasında hazırlanmış terrorçuları ələ verən, aşkarlayan bir nüansa, xahiş edərdim, indi diqqət edəsiz. Bu terrorçular adətən, işin sırf texniki tərəfləri ilə kifayətlənmirlər. Həmişə bölgədəki “CNN”, yaxud “Əl-Cəzirə” müxbirləri ilə sıx təmasda, sinxron çalışırlar. Manasda yaradılmış “Cundulla” təşkilatı beləydi – törətdiklərini, həmişə özü lentə alıb CNN-ə göndərərdi.
İrandakı bəluc azlığının haqlarını qorumaq naminə 2003-cü ildə yaradılmış bu təşkilat elə ilk qanlı addımlarıyla yadda qalır. Sistan, Bəlucistan qədimlərdən bəri İranın ən mürəkkəb, vəhşi vilayəti sayılar. Burda, qaçaqçılıq, adam oğurlamaq, narkotik əkib-becərmək hava udmaq kimi adi məsələdi. Pentaqon Hərbi Kəşfiyyatının öz dəst-xətti var – əvvəlcə onlar, düşmən ölkənin ərazisində Çeçenistana, Əfqanıstana oxşar bir narahat bölgə aşkarlayıb sonra başlarlar onu tədricən silkələməyə. İran Bəlucistanında bu yeni Çeçenistanı, Əfqanıstanı tapan Pentaqon kəşfiyyatı bəli, inkar etmirəm, bu birinci arzusuna çatır. İkinci arzu, burda bir münasib terror, fərqi yoxdu, quldur dəstəsi  tapmaq olur. Pentaqon şahinləri burda öz taylarını Əbdülmalik Riqinin quldur çetesində tapıb, başlayırlar onları siyasi cəhətdən maarifləndirməyə.
 
Tezliklə, bu quldurlar “Candulla” adıyla ortada peyda olub öz qanlı əməllərinin ilk səhifəsini açırlar.
2005-ci il. Bəlucistana gəlmiş Əhmədnejatın avtomobil kortejinə hücum, təşkilata elə ilk günlərindən böyük uğur qazandırır. Nəticədə cangüdənlərdən biri həlak olur. Digərləri bərk yaralanırlar. 16 mart 2006. Candulla yaraqlıları yolu kəsib, 21 nəfər dinc sakini qətlə yetirirlər. 14 fevral 2007-ci il. 17 yaşlı bir gənc, güc strukturları əməkdaşlarını daşıyan avtobusu partladıb gülləbaran edir. 18 nəfər qurban. 13 iyun 2008. İran polisinin 16 zabiti girov götürüldükdən sonra Pakistana aparılıb. Orda amansızlıqla edam edilib. 29 may 2009. Zahedanda Aşura mərasiminə hücum zamanı 25 nəfər ölüb, 125 nəfər yaralanıb.
Ən qanlı, hay-küylü terror aktını Əbdülmalik Riqi ardıcılları 18 oktyabr 2009-da Pişin qəsəbəsində həyata keçirib 42 nəfər İran rəsmisini, o cümlədən “Sepah”ın 6 üst zabitini qətlə yetirməyə müyəssər olurlar. Həmin tarixdə terror dalğası gəlib Tehrana çatır. Silsilə partlayışlar nəticəsində toplam 57 nəfər həlak olan vaxt, həəə, ölkə rəhbərliyi həyəcan təbili çalıb bütün imkanlarını bir nöqtədə cəlb edir – Riqinin ölüsü-dirisi tapılmalıdır, vəssalam! Yoxsa, belə getsə, ölkədə sabitlik pozulacaq.
Fikir verin, aşağıdakı nadir fotolara – şəkildəki yeniyetmələr az sonra ölkə məscidlərindən birini havaya sovurub yüzlərlə zavallının həyatına son qoymağa tam hazırdılar. Gülürlər. Sevinirlər. Türkiyədəki, Uyğurustandakı, Rusiyadakı, İrandakı, Suriyadakı, İrakdakı bu cür başdanxarabların dəsti-xətti, müəllimləri həmişə eyni olub – Pentaqon Hərbi Kəşfiyyatı. Bu kəşfiyyat həmişə öz əməliyyatlarını öz əliylə deyil, “Seyid Əhməd” vasitəsi ilə görür. Belə əməliyyatlar kəşfiyyatçılar arasında “falshe flaq operition”, yəni “yalançı bayraq əməliyyatı” adlanır. Bu tip əməliyyatlarda adətən ortaya yalançı bir iz atılır… Sadəlövhlər də bu izi götürüb gedib çıxırlar bir Allah bilir hara…
“Candulla” ilə mübarizədə Rusiya, nəhayət, İranın köməyinə gəlib Tehrana çatdırır ki, “Dubay-Bişkek” hava xəttinə minən sərnişinlərə xüsusi diqqət yetirmək lazımdır. Ruslarla, iranlılar Bişkekə uçan sərnişinlərin uzun siyahısını vaxtaşırı əldə edib sıralarında onlarla Çeçenistan, Dağıstan vətəndaşlarını, nəhayət, ən vacibi – “Candulla” üzvlərini, o cümlədən Əbdülmalik Riqinin özünü aşkarlayırlar. Bəxt quşu, necə deyərlər, qonur rus əks-kəşfiyyatçılarının başına. Moskvadan Tehrana ötürülən siqnal anında öz təsdiqini tapır. İran qırıcı təyyarələri sağdan-soldan, altdan-üstdən Qırğızıstan hava laynerini əhatəyə alaraq onu Bəndər-Abbas aeroportunda yerə endirirlər.
Həbs prosesinə Qırğızıstan güc strukturların maneçiliyi alınmır. Gülməli çıxır. Sonralar, rəsmi Tehran Bişkekin bu müdaxiləsinə sərt reaksiya verir. Qırğızıstan rəhbərliyini beynəlxalq terrorizmlə əməkdaşlıqda ittiham edib, bir gözü ilə Haaqa Tribunalına tərəf baxır. Bunu görən rəsmi Bişkek necə deyərlər, “salır içinə”…
Köməkçisi ilə birgə həbsə alınan Riqi gözlərini yumub, ağzını açır. Üzünə tuşlanmış videokameraya baxıb öz xatirələrini danışır. Bəlli olur ki, daşıdığı saxta Əfqan pasportunu ona məhz Pentaqon kəşfiyyatı verib. Məlum olur Barak Obama iranlıları 2009-cu il Novruz bayramı münasibəti ilə elə-belə, quru-quru təbrik edib. Əsl Novruz hədiyyələrini – 40 milyon pulu, saysız hərbi ləvazimatı, sursatı bədbəxt iranlılara deyil, “Candulla” yaraqlılarına, bilavasitə Əbdülmalik Riqiyə ünvanlayıb.
Rus kəşfiyyatçıları Riqidən çeçen, dağıstan yaraqlıları barədə nə bildiyini soruşduqda, o, deyir, belələri “Manas”da az deyil. Gecə-gündüz təlim keçib gələcək qələbələrinə hazırlaşırlar. Bazadakı uyğur yaraqlıları haqdakı informasiya da həmin vaxtlar ruslar tərəfindən götürülüb indi faş olacağı tarixi səbirsizliklə gözləyir.
Ola bilsin İstanbulu yeni il gecəsi al qana boyayan uyğur balasının fotosu da hələ o vaxtdan Rusiya Federal Təhlükəsizlik Xidməti arxivlərindədir. Şəkilin gündəmə gəlməyi indi ancaq siyasi sifarişlərdən asılıdır.
***
Qeyd edim ki, uyğur yaraqlılarının Türküstandan Türkiyəyə, sonra Suriyaya gətirilib paylanması prosesi, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) sıx nəzarəti altında lap elə son illərdə həyata keçirilib.
Dövrü mətbuatda deyilir: “Türkiyə kəşfiyyatının dəstəyi, “ən-Nusra Cəbhəsi” terror qruplaşmasının icrası ilə 3500 türküstanlı uyğur Suriyanın İdlib vilayətinə gəlib. Əyalətinin Cisr Şuğur şəhərindən yerli əhali qovulduqdan sonra uyğurlar Zənbəqi kəndinə yerləşdiriliblər.
İdlib əyaləti, strateji əhəmiyyətli Cisr Şuğur şəhərinin radikal qruplaşmaların nəzarətinə keçməsində Uyğur Türküstan İslam Partiyasının böyük rolu olub”.
Yəni, türklər özləri əvvəlcə bu Pentaqon oyunlarında iştirakçı olublar. Ancaq, özləri də bilməyiblər şüşədən hansı divi havaya buraxıblar. Bir də görüblər bu div day geri qayıtmaq istəmir.
Şaxta babaya dönüb İstanbul küçələrində özünə təzə-təzə qurbanlar axtarır.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın