Ana səhifə / Gündəm / İnstitut rəhbəri işdən çıxarıldı: tələbə yoldaşını və fırıldaqçını müdir təyin etdiyi üçün

İnstitut rəhbəri işdən çıxarıldı: tələbə yoldaşını və fırıldaqçını müdir təyin etdiyi üçün

Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı kollegiya iclası keçirilib.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, iclasda nazirliyin tabeliyindəki Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Famil Nəsibov tənqid edilib. Nazir Heydər Əsədov institutda kadr seçimi edərkən yanlışlığa yol verildiyini deyib. “Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda, eləcə də elmi-tədqiqat institutlarında kadr seçimində yalnız yüksək peşəkarlıq, idarəetmə təcrübəsi əsas meyar kimi götürüləcək. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda kadrların seçilb-yerləşdirilməsində peşəkarlığın nəzərə alınmadığı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlaraına çoxsaylı müraciətlər daxil olur”, – deyə nazir əlavə edib.

İclasda o da qeyd edilib ki, direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun kadrların seçilib yerləşdirilməsində yol verdiyi nöqsanlarla elmi-tədqiqat institutunun nüfuzuna ciddi zərər vurub. İnstitutun stuktur vahidləri arasında təkrarçılığın aradan qaldırılması, elmi-tədqiqatların aparılmasında çevik idarəetmə və nəzarət mexanizminin formalaşdırılması, habelə gənc və perspektivli kadrların cəlb edilməsi məqsədi ilə yeni struktur müəyyən edilib. Lakin direktor vəzifəsini müvəqqəti icra edən F.Nəsibov ona göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməyib, kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə üstünlük verib, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi imici ilə tanınan şəxsləri işə götürüb. Məsələn, əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən azad edilmiş Süleyman Abdullayevi tələbə yoldaşı olduğuna görə Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin edib. Nazirlik işə qarışdıqdan sonra isə onu tutduğu vəzifədən azad edərək, İribuynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının elmi işçi vəzifəsinə təyin edib. Yaxud dələduzluq əməllərinə görə iki dəfə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxsi Elmi-Tədqiqat İnstitutunun Yemləmə, yem istehsalı və məhsulların elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə işə götürüb. N. Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri institutda və digər təşkilatlarda “işə düzəlmələrinə kömək” edəcəyi vədi ilə aldadıb.

Famil Nəsibov Nizami Qəhrəmanova xüsusi səlahiyyətlər verib, institutda baş verən qanunsuzluqların bir çoxunu onun vasitəçiliyi ilə həyata keçirib. (F. Nəsibov məsuliyyəti üzərindən atmaq üçün Nizami Qəhrəmanovu bir müddət əvvəl işdən azad edib).

Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara və qeyri-səmimi davranışa görə Famil Nəsibov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktorunun vəzifəsini icra etməkdən azad edilib.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsi barədə kollegiyada müvafiq qərar qəbul edilib.

Həmçinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə xəbərdarlıq edilib.

Nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinə, hüquq, kadr və yerli orqanlarla iş şöbəsinə tapşırılıb ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birlikdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda maliyyə, əmək və icra intizamına əməl olunması sahəsində vəziyyəti yerində araşdırıb kənd təsərrüfatı nazirinə məlumat versinlər.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın